Month: May 2025

  • İçərişəhərdə Elmi-Mədəni Mərkəzinin direktoru işdən çıxarılıb – Yeni təyinat

    İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun Elmi-Mədəni Mərkəzinin direktoru Rəşad Qəmbərov vəzifəsindən azad edilib.

    Elmi-Mədəni Mərkəzinin direktoru vəzifəsinə Aytac Əlisultanlı təyin olunub.

    Bu barədə qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, Aytac Əlisultanlı bundan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və memarlıq şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

  • Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

    Mayın 26-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib.

    Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, mayın 19-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.

  • Şirkət rəhbərinin Azərbaycandan çıxışına “stop” qoyuldu

    “Xesatop LL” MMC-nin rəhbərinin ölkədən çıxışına stop qoyulub.

    Valyuta.az xəbər verir ki, Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyeva bu barədə qətnamə çıxarıb.

    Sənəddən məlum olur ki, şirkətin dövlətin büdcəsinə 34 079,19 manat borcu var. Borc ödənilmədiyinəı görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını istəyib.

    Məhkəmə də idarənin ərizəsini təmin edib. “Xesatop LL” MMC 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Musayev İlahim İsmayıl oğludur.

  • “Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?”

    Xəbər verdiyimiz kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Belə ki, əvvəlki illərdə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qaydalara hansı səbəbdən dəyişiklik edildiyinə də rəsmi aydınlıq gətirilməyib.

    Sözügedən qərar valideynlər arasında ciddi narahatlıqlara səbəb olub.

    Artıq bir çox valideyn, o cümlədən təhsil ekspertləri bununla bağlı sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Valideynlər həmin qərarı tənqid edərək, övladlarının təxminən bir ildir, hazırlıqlara getdiklərini, bunun onlara həm maddi, həm də mənəvi təsir etdiyini bildirib.

    Narazı valideynlərdən biri Zahidə Səmədin sözlərinə görə, övladı hazırlıqlarla yanaşı, hər ay 1 və ya 2 dəfə liseylərdə sınağa gedib: “Sınaq çox da minimal büdcə deyil, 12-15 manat olub və hamımız uşaqlarımızı ora göndərmişik. Bəs bu sınaqlar niyə təşkil olunurdu? Hətta mayın 31-nə, iyunun 1-nə sınaqlar var, onlara bilet alan insanlar var. Əgər imtahan olmayacaqdısa, niyə bu sınaqların təşkilinə icazə verilirdi? Niyə bu qərar sentyabrda, ilin ortasında – yanvarda deyil, imtahana 20 gün qalmış açıqlanır? Bu, şagirdlərin hüquqlarının tapdalanmasıdır. Bu qərarın qəbulunda məqsəd nədir?”

    Valideynlər qərara təkrar baxılmasını, onun aradan qaldırılmasını tələb ediblər.

    Təhsil eksperti Elmin Nuri isə həmin qərarı gözlənilməz və bir o qədər də məyusedici adlandırıb: “ARTİ tərəfindən mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul bu il yalnız VI sinif şagirdlərinə şamil edildi. Yəni, yalnız onlar 7-ci sinfi liseydə oxumaq üçün imtahan verəcəklər. Bəs digərləri?! Dünənədək bu proses IV-VIII siniflərə şamil edilmirdimi?! Minlərlə uşaq il boyu hazırlaşıb ki, sonda imtahan verib, lisey-gimnaziyalara qəbul olunsunlar. Valideynləri pul, müəllimləri beyin xərcləyiblər. Özlərinin əziyyətindən isə danışmağa dəyməz. Belə məsələlər durduq yerə, birdən-birə “yalnız bu olmalıdır” prinsipi ilə olmur. Ümumiyyətlə, olmur və olmamalıdır da… Yaxşı, madam ki, qəbul yalnız VI siniflər üçündür, o zaman digər siniflərin qəbulunun dayandırılmasının səbəbi nədir?”

    Problemlə bağlı Təhsil İnstitutuna ünvanladığımız sorğuya belə cavab aldıq: “Sözügedən mövzu qurumun diqqətindədir və müzakirələr aparılır. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək”.

    Qeyd edək ki, Bakıda və bölgələrdə mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyaların sayı 30-dan çoxdur.
    //qafqazinfo

  • Kürütökmə moratoriumunu pozan daha bir şəxs saxlanıldı

    Balıqların kürütökmə dövrü ilə bağlı ölkə ərazisindəki su hövzələrində tətbiq edilən moratoriuma əməl etməyən şəxs tutulub.

    Median.Az DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin keçirdiyi tədbirlərlə qanunsuz balıq ovu ilə məşğul olan R.Əsədov saxlanılıb. Ondan kustar üsulla hazırlanan və elektrik avadanlıqları quraşdırılan balıqovlama alətləri, eləcə də qanunsuz olaraq ovladığı 200-dən artıq müxtəlif növ balıq aşkarlanıb.

    Bildirilib ki, qaydalara riayət etməyən, qanunsuz balıq ovu və brokonyerliklə məşğul olan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

  • Bu mesajlarda təhlükə var!

    Mayın 26-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3926, 3000, 999, 932, 900, 670, 650, 412, 403, 393, 271, 200, 66, 61 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır.

    “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

    Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, – xəbərdarlıqda vurğulanıb.

  • Azərbaycanda bir günə rekord evlilik

    Mayın 25-də, yəni 25.05.2025 tarixində Azərbaycanda qeydə alınan nikahların sayı adi günlərlə müqayisədə kəskin artıb.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, həmin gün ölkə ərazisində ümumilikdə 496 nikah rəsmiləşdirilib.

    Belə ki, bu rəqəm il üzrə orta gündəlik göstəricidən xeyli yüksəkdir. Məsələn, 2025-ci ilin ilk üç ayında Azərbaycanda 11 min 206 nikah qeydə alınıb. Bu isə gündə orta hesabla 124 nikah deməkdir. 25 mayda isə bu göstərici dörd dəfə artaraq 496-ya çatıb.

    Əvvəlki illərin statistikasına baxdıqda da fərq nəzərə çarpır. 2024-cü ildə ölkədə ümumilikdə 49 508 nikah bağlanıb. Bu, gündə orta hesabla 135 nikah deməkdir. 2023-cü ildə isə günə orta hesabla 149 nikah bağlanıb.

    Qeyd edək ki, simvolik tarixlərdə nikahların sayının artması dünyada da müşahidə olunan tendensiyadır. Rəqəmlərin təkrarı və simmetriyası ilə seçilən 25.05.2025 tarixi bəzi cütlüklər tərəfindən uğurlu, eyni zamanda yadda qalan gün kimi qiymətləndirilir.

    Bizi Facebookda izləyin

  • İdxal üzrə qiymət artımı 20 faizə yaxın olub

    2024-cü ildə illik (12 aylıq) inflyasiya 4,9 faiz təşkil etməklə, hədəf diapazonu daxilində formalaşıb, orta illik inflyasiya isə 2,2 faiz olub.

    “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində öz əksini tapıb.

    İnflyasiyanın səviyyəsi bir sıra xarici və daxili amillərin təsirləri altında formalaşıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası, dünya əmtəə qiymətləri indeksinin dəyişməsi, həmçinin manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi illik inflyasiya səviyyəsinə təsir edib.

    İdxal olunan məhsullar üzrə qiymət artımı 2024-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 19,4 faiz təşkil edib. Valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalına məhdudlaşdırıcı təsir göstərib.

  • Stomatoloqlara 1800 manatlıq plan tələbi niyə qoyulub? – TƏBİB rəhbəri açıqladı (VİDEO)

    Bir müddətdir paytaxtda stomatoloqlardan hər iş otağı üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat tələb olunduğu barədə iddia yayılıb.

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Xəzər Xəbər”ə müsahibəsində məsələyə münasibət bildirib.

    “Stomatoloqlar tərəfindən qeyri-rəsmi ödənişlər həddən artıq çox saydadır. Bunun qarşısının alınması üçün TƏBİB tərəfindən artıq müzakirələrə başlanılıb”, – deyə, o söyləyib.

    V. Qurbanovun sözlərinə görə, burada konkret rəqəm və say üzərindən danışmaq düzgün deyil. Hələ rəsmi qərar yoxdur.

    Daha ətraflı süjetdə:

  • İki həftə əvvəl itkin düşən qız tapıldı

    Mayın 11-də Masallıda itkin düşən qız tapılıb.

    DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunda bildirilib ki, həmin şəxsin paytaxt ərazisində olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

    Qeyd edək ki, Masallının Çaxırlı kənd sakini olan 2007-ci il təvəllüdlü Ş. Fətullayeva saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşmüşdü.