Month: May 2025

  • Azərbaycanla Misir arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    Azərbaycanın Baş naziri Əli Əsədov mayın 27-də ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, görüşdə Azərbaycanla Misir arasında əlaqələrin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin ikitərəfli münasibətlərin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin tarixində yeni mərhələnin əsasını qoyduğu xüsusi vurğulanıb.

    Həmçinin parlamentlərarası münasibətlərə toxunulub, ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların vacib rolu qeyd edilib.

    Görüşdə Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Babək prospekti, mərkəz istiqamətində;

    2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    6. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    7. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. “20 Yanvar” dairəsində;

    10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    11. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    13. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

    14. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;

    15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    17. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    18. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    19. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.

  • Şəhid anası yeni video yaydı

    Füzuli rayonunda şəhid Vüqar Zamanovun anası Lətifə Zamanovanın kişiyə qarşı təhqiredici hərəkətlər etməsi və buna dair görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.

    “Qafqazinfo” xəbər verir ki, L.Zamanova bu gün video yayaraq hadisə barədə danışıb və baş verənlərə aydınlıq gətirməyə çalışıb.

    O bildirib ki, həyat yoldaşı vəfat etdiyi üçün oğlunun lövhəsinə qarşı nalayiq hərəkətlər etmiş şəxsi özü cəzalandırmaq qərarına gəlib:

    “Oğlumun xatirə lövhəsi qarşısında nalayiq hərəkət etdiyi üçün bu addımı atmışam. Daha sonra oğlumun ünvanına nalayiq sözlər dediyi üçün mən də şəhid anası kimi buna dözməyib, o sözləri demişəm. Hansı şəhid anasına o sözlər deyilsə, buna sakit dayanmaz. Daha sonra o, məndən üzr istədi, əl-ayağıma düşüb yalvardı, içkili olduğunu dedi, mən də onu bağışladım”.

    L.Zamanova oğlu və özü barəsində deyilən bəzi fikirlərlə razı olmadığını deyib. Həmçinin media və sosial şəbəkələrdən hadisəni əks etdirən görüntülərin silinməsini xahiş edib.

    Xatırladaq ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov Vətən müharibəsində müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi iştirak edib. 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, Horadizdə dəfn edilib. Ölümündən sonra müxtəlif medallarla təltif edilib.

  • Naxçıvan xəstəxanasına yeni direktor təyin edildi

    Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yeni direktor təyin edilib.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov əmr imzalayıb.

    Əmrə əsasən, Rəşadət Nabatov MR Xəstəxanasına direktor təyin olunub.

  • Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

    “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycana səfər edəcək”.

    Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında paylaşım edib.

    Onun sözlərinə görə, səfər çərçivəsində Prezident İlham Əliyevlə keçiriləcək görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

    “Bununla yanaşı, Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü”nün ikinci iclası da keçiriləcək. Prezident, həmçinin Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək”, – deyə F.Altun qeyd edib.

    Xatırladaq ki, bundan əvvəl “TRT Haber” mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışı olacağını, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin də iştirak edəcəyini yazıb.

  • İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, həbsə getdi

    Ağsu Rayon İcra Hakimiyyətinə məxsus optik kabelləri oğurlamaq istəyən şəxs saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, 2003-cü ildə Ağsu rayonunda anadan olan Orxan Əkbərovun (şərti) icra hakimiyyətinə məxsus optik kabelləri kəsib, oğurlamaq istəyi baş tutmayıb.

    O, kabelləri kəsən zaman adam gəldiyi üçün oradan uzaqlaşıb, yaşadığı evı gedib. Səhər tezdən yaşadığı Nizami küçəsinə çıxıb siqaret çəkən zaman polis əməkdaşları yaxınlaşaraq özülərini təqdim ediblər və onu polis şöbəsinə dəvət ediblər. Oğurluq cəhdinə görə polisə dəvət olunduğunu başa düşdüyü üçün bundan imtina edib və küçədə səs-küy salaraq, nalayiq ifadələr işlədib.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, öz səhvini başa düşür, bir daha belə hallara yol verməyəcək.

    Məhkəmənin qərarı ilə Orxan Əkbərov 15 gün müddətinə həbs edilib.

  • AzTU-nun dosenti VƏFAT ETDİ – FOTO

    Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının dosenti Natiq Əhmədov vəfat edib.

    Bu barədə AzTU məlumat yayıb.

    Bildirilib ki, o, uzunsürən xəstəlikdən sonra vəfat edib.

  • Bakıda müəllim 1-ci sinif şagirdinin ağzına skoç vurdu – ARAŞDIRMA APARILIR (VİDEO)

    May ayının 27-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən məktəblərin birində qeydə alınan və sosial şəbəkələrdə yayılan məsələ ilə bağlı ərazi üzrə polis orqanına şagirdin valideyni vətəndaş İ.Yusiflinin müraciəti daxil olub.

    DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillibildirib ki, şikayətlə bağlı valideyn, eləcə də məktəbin ibtidai sinif müəllimi S.Bəndəliyevanın ərizə və izahatları alınıb. Hazırda məsələ ilə bağlı Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.

    * * * * *

    Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə qalmaqallı hadisə baş verib.

    Ibtidai sinif müəllimi 1-ci sinif şagirdinin ağzına skoç yapışdırıb. Hadisə ilə bağlı şagirdin atası redaksiyamıza şikayət edib.

    Valideynin sözlərinə görə, hadisənin görüntüləri mövcuddur və həmin videoda müəllimin uşağın ağzına skoç vurduğu aydın görünür.

    Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə BAKU.WS-ə bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

    Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
    //Baku.ws

  • Türkiyədə Azərbaycan nömrə nişanlı avtomobil aşıb – Ölən və yaralananlar var

    Türkiyədə Azərbaycan nömrə nişanlı avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Iğdırda baş verib.

    Belə ki, qəza yerli vaxtla səhər saat 06:30 radələrində Qaraqoyunlu rayonu, Taşburun qəsəbəsi yaxınlığında baş verib. Dilucu Sərhəd Qapısına gedən Azərbaycan dövlət nömrə nişanlı avtomobil sürücünün sükanın idarəetməsini itirməsi nəticəsində aşıb.

    Hadisə yerinə jandarma, xilasetmə və sağlamlıq qrupları sövq edilib. Araşdırma zamanı bir Azərbaycan vətəndaşının həyatını itirdiyini müəyyən edilib. Biri ağır yaralanan 4 nəfər ilkin tibbi yardımdan sonra Iğdır Dövlət Xəstəxanasına aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

  • Bacısı qızını döydü, burnunu sındırdı, qaş nahiyələrini kəsdi – MƏHKƏMƏ

    Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən M.M.-in cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.

    İttihama görə, hadisə 23 aprel 2025-ci il tarixdə, saat 13:20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

    Belə ki, M.M.-in bacısı qızı, zərərçəkmiş Z.Z. yaşadığı mənzilinə qonaq qismində gəlib. Onların arasında narazılıqla əlaqədar mübahisə yaranıb və təqsirləndirilən şəxs bacısı qızından mənzildən getməsini tələb edib. Zərərçəkmiş şəxs də etiraz edərək onu təhqir edib. Bu zaman M.M. qəsdən əli ilə Z.Z.-nin başından bir dəfə vurub, sonra masanın üzərində olan şüşə bankanı götürüb onun üzünə atıb. Banka isə zərərçəkmiş şəxsin sifət və əl nahiyələrinə zərblə dəyib sınıb. Nəticədə Z.Z.-nin burnu sınıb, hər iki qaş nahiyəsi kəsilib.

    Hadisədən sonra M.M. saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

    Məhkəmədə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını bildirib.