Month: May 2025

  • Stomatoloqlardan 1200-1800 manat tələbinə TƏBİB-dən REAKSİYA

    Bir neçə gün öncə Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlar arasında narazılıq yaranmışdı.

    Narazılığın səbəbi rayon və şəhər tibb mərkəzləri tərəfindən stomatoloqlardan aylıq icarə haqqının tələb edilməsi idi.

    Stomatoloqlar bildirirdilər ki, TƏBİB tərəfindən onlardan Bakı üzrə 1800 manat, regionlar üzrə isə 1200 manat pul vəsaiti tələb olunub.

    Oxu.az mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.

    Sorğumuza cavab olaraq qeyd edilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılıb:

    “Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılıb. Ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib”.

    Bildirilib ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir:

    “Say etibarilə 149 sayda tibbi xidmət olub, tarifləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən TƏBİB-in Müşahidə Şurasının “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli Qərarı ilə təsdiqlənib. Hazırda tərəfimizdən təhlillərin məqsədi stomatoloji xidmətlərin daha keyfiyyətli təşkili, ədalətli resurs bölüşdürülməsi və tibbi infrastrukturun dayanıqlı maliyyələşdirilməsi yollarını araşdırmaqdır”.

    “Narahatlıqları anlayışla qarşılayırıq və bildirmək istəyirik ki, istənilən qərar hüquqi əsaslandırma və mərhələli tətbiq prinsipi ilə həyata keçiriləcək. TƏBİB olaraq qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcəyik. Bununla belə, konkret plan və ya öhdəliklərin rəsmi şəkildə tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməmişdir. Hazırda məsələ yalnız müzakirə və təklif mərhələsindədir. TƏBİB rəhbərliyinin iştirakı ilə bu gün bir qrup həkim-stomatoloqla müzakirələr aparılıb”, – deyə məlumatda qeyd edilib.

  • Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 20-də davam etdirilib.

    Təqsirləndirilən şəxsə tərcüməçi və vəkil təmin olunub

    APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Ruben Vardanyan hakimlər kollegiyasına etiraz etdi

    Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

    Məhkəmə etirazı baxılmamış saxladı

    Dövlət ittihamını müdafiə edən prokurorlar etiraza münasibət bildirərək təqsirləndirilən Ruben Vardanyanın cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan hüquqlarının ibtidai istintaq və məhkəmə icraatı zamanı təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini qeyd edərək etirazın baxılmamış saxlanılmasını xahiş edib.

    Zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

    Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.
    Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

    Sədrlik edən hakim Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.
    Ardınca zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin məhkəmədə ifadələri dinlənilib.

    Kəlbəcər, Ağdam, Xocavənd və digər bölgələrdə törədilən təxribatlar açıqlanıb

    Zərərçəkmiş Ümid Həsənovun hüquqi varisi qismində tanınaraq dindirilən Məxfurə Həsənova bildirib ki, övladı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Kəlbəcərdə törədilmiş genişmiqyaslı təxribat nəticəsində həlak olub.

    Digər zərərçəkmiş şəxsin – Niyazi Məmmədəliyevin hüquqi varisi qismində tanınaraq dindirilən Şadman Məmmədəliyev ifadəsində bildirib ki, qardaşı Ağdam-Ağdərə-Sırxavənd istiqamətində düşmən tərəfinin odlu silahdan açdığı atəşlər nəticəsində həlak olub.

    Zərərçəkmiş şəxslər – Zaur Sadıqov, Əli Şıxəliyev, Peyman Cabbarov, Zahid Qocayev bildiriblər ki, Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin genişmiqyaslı təxribatı zamanı güllə yarası alıblar. Həmin vaxt onlarla bərabər olan başqa bir neçə nəfər də xəsarət alıb və həlak olub.

    İfadə verən zərərçəkmiş İlkin Musazadə və Salman İmranzadə bildirib ki, düşmən tərəfinin Xocavənddə törətdiyi təxribat zamanı açılmış atəş nəticəsində güllə yarası alıblar. Onlar dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarına cavabında qeyd ediblər ki, həmin vaxt olduqları ərazilərə iriçaplı silahlardan atəş açılıb, nəticədə bir neçə nəfər həlak olub.

    Zərərçəkən Süleyman Əsədullayev dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda Ağdərənin Canyataq kəndində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan “Kornet” tipli raket mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını bildirib.

    Laçın və Xocalıda ağır nəticələr doğuran atəşlərdən bəhs olundu

    Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Ramin Balaxanlı Xocalının Xanabad kəndinə atılan minaatan mərmilərinin onun yaxınlığına düşüb partlaması nəticəsində yaralandığını bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında deyib ki, həmin vaxt onunla birgə Pünhan Kazımov və Babək Əhmədli də müxtəlif növ bədən xəsarətləri alıb.

    Digər zərərçəkmiş şəxs Vüsal Məmiyev isə deyib ki, Xocalıda yaralanıb. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində Sahil Aslanov və Rəşid Zeynallı həlak olub. Onunla bərabər olan Nurlan Quliyev və Rövşən Əzimli isə yaralanıblar.

    Düşmən tərəfindən törədilən təxribatın qurbanlarından biri də Tale Zabitov olub. Zərərçəkmiş şəxs ifadəsində deyib ki, Xocalıda olan zaman açılmış atəşlər nəticəsində o, Gülverdi Mehtiyev və Müslüm Əliyev yaralanıb.

    Digər zərərçəkmiş şəxs Samir Baxışov Xankəndidən açılmış atəş nəticəsində yaralandığını deyib.

    Zərərçəkmiş Vüsal Alıyev ifadəsində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsi nəticəsində Laçında yaralandığını bildirib. O bildirib ki, hadisə zamanı Coşqun Zülfüzadə və Mirtalıb Ağazadə həlak olub.
    İfadə verən zərərçəkmiş şəxs Fərhad İsmayıllı da Laçın rayonu ərazisində düşmənin təxribatı nəticəsində yaralandığını deyib. Bildirib ki, düşmən izburaxan alışdırıcı güllələrdən, minaatanlardan və tank əleyhinə mərmilərdən istifadə etməklə onun olduğu yeri atəşə tutub. Atılan mərmilərdən biri onun təxminən 7-8 metr yaxınlığına düşüb partlayıb. Partlayışın təsiri onu kənara tullayıb.

    Zərərçəkmiş şəxslər- Mirsadiq Mirsadiqov və Ceyhun Bayramov da Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı dəstələrinin təxribatı zamanı yaralandıqlarını bildiriblər.

    Məhkəmə-tibbi ekspertiza rəyləri elan olundu

    Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
    Məhkəmənin növbəti iclası mayın 27-nə təyin olunub.

    Ruben Vardanyana qarşı irəli sürülən çoxsaylı ağır ittihamlar irəli sürülüb

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

  • Elgün nədən ölüb? – Sabiq müstəntiq versiyaları açıqladı

    Yaralı vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılan və bir gün sonra xəstəxanada vəfat edən 11-ci sinif şagirdi Elgün İbrahimovun ölümü cəmiyyətdə böyük rezonansa səbəb oldu. Hadisə ilə bağlı müzakirələr hələ də davam edir. Valideynləri onun qətlə yetirildiyindən şübhələnirlər. Araşdırılan digər bir versiya isə Elgünün qəsd etməsi ilə bağlıdır. Lakin hələlik istintaq yekun nəticəyə gələmyib.
    Bəs, indiyə qədər bəlli olan fakt və əlamətlərə əsasən, nə demək mümkündür? Sadalanan versiyalardan hansı həqiqətə yaxındır?

    Median.Az xəbər verir  ki, mövzu ilə bağlı Bakupost.az -a danışan Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov bildirib ki, dəqiq nəticəyə gəlmək üçün istintaq materiallarının araşdırılması vacibdir:

    “Amma mən ilkin olaraq onu deyə bilərəm ki, əgər meyit o vəziyyətdə 5 mərtəbəli binanın həyətində aşkarlanıbsa, qəsd versiyası da, binadan ehtiyatsızlıqdan yıxılma versiyası da mümkündür.”
    M.Abbasovun sözlərinə görə, hadisə yerindəki görüntülər və meyitin aşkarlanma forması hündürlükdən yıxılma ehtimalına əsas verir:

  • Президент Азербайджана и премьер-министр Венгрии выступили с заявлениями для прессы

    20 мая Президент Азербайджанской Республики Ильхам Алиев и премьер-министр Венгрии Виктор Орбан выступили с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər

    Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Macarıstanın Baş naziri bəyanatla çıxış etdi.

    Baş nazir Viktor Orbanın bəyanatı

    – Mən hər birinizi salamlayıram və Prezident Əliyevi Budapeştdə xüsusilə səmimiyyətlə salamlayıram.

    Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub.

    Tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilir. Biz bu təşkilata tamhüquqlu üzv deyilik, biz müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik. Bizi sevindirən digər bir amil odur ki, bu gün beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər.

    Macarıstanın qonşusu olan ölkədə artıq üç ildir ki, müharibə gedir. Bu günədək Macarıstanın iqtisadiyyatının itkisi 20 milyard avrodan artıqdır. Hər kəsə məlumdur ki, müharibə başlayan gündən bəri Avropa İttifaqı müharibəni genişləndirmək seçimini etmişdir, nəinki sülhü bərqərar etmək. Bundan əlavə, Avropa iqtisadiyyatı olduqca mürəkkəb vəziyyətdədir. Çünki sanksiyalar bazar iqtisadiyyatını və Avropanın inkişafının təməlini sarsıtmışdır. Bazar iqtisadiyyatı, əlbəttə ki, Avropa iqtisadiyyatının təməl prinsipləri idi və bunlar artıq sarsılmış vəziyyətdədir. Deyə bilərəm ki, bu gün Avropa iqtisadiyyatının gəmisi kompas olmadan səyahət edir. Onu da qeyd etmək istəyirəm ki, biz mütəmadi olaraq enerji böhranı şəraitində yaşayırıq. Biz Amerikadan fərqli olaraq, Avropada qaza 3-4 dəfə daha çox pul ödəyirik və bu şəraitdə rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq çətindir.

    Biz dənizə çıxışı olmayan bir ölkəyik. Bizim nailiyyətimiz ondan ibarətdir ki, biz Rusiya ilə enerji münasibətlərini qoruyub saxladıq. Bizim üçün istisna tətbiq edilmişdir. Ancaq Ukrayna bizə məhdudiyyətlər tətbiq edir. Türkdilli dövlətlərin dəstəyi olmasaydı, bu gün bizim enerji təhlükəsizliyini təmin etməyimiz çox çətin olardı. Ancaq biz əlimizdən gələni edəcəyik ki, iqtisadiyyatımızın dayanıqlılığı təmin olunsun.

    Xanımlar və cənablar, beləliklə etibarlı tərəfdaşın dəyəri məhz bu cür ölçülür. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir. Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır. Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil. Ancaq bizim üçün bu, çox vacib bir məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik.

    Eyni zamanda, iqtisadiyyat məsələlərindən başqa, biz Azərbaycana yatırılan Macarıstan sərmayələri haqqında danışdıq. Biz sülh haqqında da danışdıq. Çünki sülh təkcə müharibə şəraiti üçün vacib deyil, iqtisadi baxımdan da vacibdir. Biz razılığa gəldik ki, bu müharibənin döyüş meydanında həlli yoxdur. Bu, yalnız danışıqlar masasında olmalıdır. Bu, təkcə Rusiya-Ukrayna müharibəsinə deyil, digər münaqişələrə də şamil edilə bilər.

    Mən Prezident Əliyevi təbrik etmək istəyirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni üzərində razılıq əldə olunub. Ümid edirəm ki, sülh müqaviləsinin imzalanması tezliklə baş tutacaq. Bu, olduqca vacib bir məsələdir.

    Cənab Prezident, Sizi burada bir daha salamlayırıq.

    Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

    Prezident İlham Əliyevin bəyanatı

    – Hörmətli cənab Baş nazir, əziz dost.

    Hörmətli xanımlar və cənablar.

    Cənab Baş nazir, ilk növbədə dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən Macarıstana tez-tez gəlirəm. Son dəfə 2023-cü ildə gəlmişəm. Siz də Azərbaycana tez-tez gəlirsiniz. Sizin son səfəriniz keçən ilin noyabr ayında olmuşdur. Yəni bu, onu göstərir ki, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir.

    Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.

    Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.

    İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində – BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.

    Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur.

    Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.

    Bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Bildiyiniz kimi, Macarıstanın təşəbbüsü ilə sabah ikinci qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.

    Çıxışımın sonunda Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə və bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq.

    Sağ olun.

  • Azərbaycanda erkən nikah qurbanları ən çox bu RAYONLARDADIR

    Azərbaycanda “Ailə Məcəlləsi”nə edilən dəyişikliyə əsasən bu ildən etibarən 18 yaş nikah yaşı olaraq müəyyən edilib və bundan əvvəlki istisnalar ləğv olunub.

    Statistikalar isə hələ də erkən nikahla bağlı vəziyyətin ürəkaçan olmadığını göstərir.
    Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir.
    Modern.az-ın məlumatına görə, 2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.

    2024-cü il ərzində Azərbaycanda 18 yaşadək qadınlar tərəfindən 1279 uşaq dünyaya gətirilib. Bu göstərici 2023-cü illə nisbətən azalıb. Belə ki, 2023-cü ildə erkən nikah nəticəsində doğulan uşaqların sayı 1742 idi.  

    Ən çox hansı rayonlardadır?
    Mərkəzi Aran iqtisadi rayonu 167 uşaqla siyahıya başçılıq edir. Bu rayona daxil olan Yevlaxda 18 yaşına çatmayan qadınlar tərəfindən 71 uşaq, Kürdəmir və Ucarda isə hər biri 24 uşaq dünyaya gəlib.
    Qarabağ iqtisadi rayonu 164 uşaqla ikinci sıradadır. Ən çox göstəricilər Ağcabədi (55 uşaq) və Bərdə (43 uşaq) rayonlarında müşahidə olunur.

    Qazax-Tovuz iqtisadi rayonu üzrə 18 yaşadək analar tərəfindən doğulan 163 uşaq qeydə alınıb. Şəmkir rayonu burada 69 uşaqla fərqlənir. Bundan başqa Gədəbəydə 37, Tovuzda 30 uşağın anasının yaşı 18-dən aşağıdır.
    Lənkəran-Astara iqtisadi rayonu 160 uşaqla dördüncü sırada yer alır. Bu rayonda ən çox doğum 80 uşaqla Cəlilabad və 30 uşaqla Masallı rayonlarında olub.
    Mil-Muğan iqtisadi rayonu isə 141 erkən doğumla ilk beşliyi tamamlayır. Sabirabad rayonunda erkən nikah nəticəsində doğulan uşaqların sayı 61, İmişlidə isə 37-dir.

    Ən aşağı göstəricilər
    Şərqi Zəngəzur iqtisadi rayonu ümumilikdə 28 uşaqla ən aşağı göstəriciyə sahibdir. Burada ən yüksək rəqəm Kəlbəcərdədir. Belə ki, Kəlbəcərdə 14 uşaq 18 yaşına çatmamış ana olub, digər rayonlarda isə rəqəmlər 2-5 arasında dəyişir.
    Abşeron-Xızı iqtisadi rayonu 30 uşaqla ən aşağı göstəriciyə sahib olan ikinci regiondur. Regiona daxil olan Abşeron rayonunda 18, Sumqayıtda 8, Xızıda isə 4 uşaq erkən nikah sonrası dünyaya gəlib.
    Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında da göstəricilər nisbətən aşağı səviyyədədir. 18 yaşına çatmamış uşaq dünyaya gətirən qadınların sayı müvafiq olaraq 40 və 39 uşaq olaraq dəyərləndirilir.

    Naxçıvan Muxtar Respublikası
    Naxçıvan MR-də ümumilikdə 49 uşaq 18 yaşına çatmayan valideynlər tərəfindən dünyaya gətirilib.
    Naxçıvan, Culfa və Şahbuzda erən nikah halı qeydə alınmayıb. Region üzrə ən yüksək göstərici 24 uşaqla Şərur, ən az göstərici isə 4 uşaqla Babəkdir. Bundan başqa Ordubad və Sədərəkdə 6, Kəngərli rayonunda isə 9 uşaq erkən evlilikdən dünyaya gəlib. 

    Bakı şəhəri
    2024-cü ildə 20 448 paytaxt sakini dünyaya gəlib ki, onların 78-i erkən doğum faktı olaraq qeydə alınıb. Əhalisinə görə ən böyük şəhərlərimizdən hesab edilən Gəncədə isə bu göstərici 17-dir. 

  • Dördqat Rusiya çempionu xəstəlikdən vəfat edib

    Dördqat Rusiya çempionu olan boksçu Aleksandr Şkalikov vəfat edib.

    Bu barədə Kopeysk Boks Federasiyası məlumat yayıb.

    Keçmiş döyüşçünün 54 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib.

    Qeyd edək ki, Aleksandr Şkalikov 1992, 1993, 1994 və 1995-ci illərdə Rusiya çempionu olub.

  • Kimlər əfvə düşə bilməz? (SİYAHI)

    Azərbaycanda yeni əfv sərəncamının imzalanması gözlənilir. Prezident yanında Əfv Məsələləri Komissiyası artıq iclasları başa çatdırıb.

    Hazırlanan siyahılar Prezident İlham Əliyevə təqdim ediləcək. Qeyd edək ki, komissiya bu il 7 iclas keçirib və 700-dən artıq müraciətə baxılıb.

    Əfv sərəncamının nə vaxt imzalanacağı məlum deyil. Ancaq mayın 28-də – Müstəqillik Günü ərəfəsində sərəncamın imzalanması gözlənilir.

    Mətbuatda və sosial şəbəkələrdə kimlərin əfv sərəncamına düşə biləcəyi barədə müzakirələr aparılır.

    Modern.az-ın məlumatına görə, indiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Sözügedən humanist addımların nəticəsində minlərlə şəxs azadlığıa qovuşub.

    Azərbaycanda əfv məsələləri “Əfvetmə haqqında Əsasnamə” ilə tənzimlənir.

    Əsasnaməyə görə, Azərbaycanda əfv yerli məhkəmələr tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən vətəndaşlara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

    Əsasnamədə kimlərin əfv oluna biləcəyi barədə müddəalar da yer alıb.

    Belə ki, islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra əfv oluna bilər.

    Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə əfv edilmək üçün cəza müddətinin ən azı üçdə bir hissəsini çəkməlidir.

    Ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs cəza müddətinin ən azı yarısını çəkdikdən sonra əfv oluna bilər.

    Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs cəzanın on il müddətini çəkdikdən sonra əfv üçün müraciət edə bilər.

    Həmçinin, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə müraciət edə bilər.

    Beləliklə, əfv üçün tutulan şəxs barəsində məhkəmə hökmü qüvvəyə minməlidir. Əgər minməyibsə, əfv oluna bilməz.

    Az ağır cinayətə görə həbs edilən şəxslər cəzanın üçdə birini, ağır və xüsusilə ağır cinayət görə tutulanlar cəzalarının yarısını çəkməyibsə əfv üçün müraciət edə bilməzlər. Ömürlük həbs olunanlar isə 10 ildən az həbsdə olublarsa, əfv oluna bilmzələr…

  • Hava limanında xadimə ayaqyolundan qızıl külçə tapıb?

    Külli miqdarda qızılı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirməkdə təqsirləndirilən Əfsər Mirzəliyevin və Səfər Səfərovun cinayət işinin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənlərə ittiham aktını elan edib.

    Ə.Mirzəliyev və S.Səfərov özlərini təqsirli bilməyiblər.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı Əfsər Mirzəliyev qaçaqmalçılıqla qızılları gömrük nəzarətindən kənar ölkəyə keçirməkdə Səfər Səfərova yardım etməkdə təqsirləndirilir.

    İstintaq materiallarından bəlli olub ki, S.Səfərov gömrük nəzarət-buraxılış məntəqəsindəki yoxlamadan yayınaraq, hava limanındakı sanitar qovşaqlarından birinə daxil olub və üzərindəki zinət əşyaları olan bağlamanı zibil qutusuna atıb. Onun bu əməli gömrük nəzarətçiləri tərəfindən aşkar olunaraq sənədləşdirilib.

    İstintaqla o da müəyyən edilib ki, Səfər Səfərova qaçaqmalçılıqla qızılı gömrük nəzarətindən kənar keçirməyə yardım edən DGK-nın sabiq məmuru Əfsər Mirzəliyev olub.

    Məhkəmədə sərbəst ifadə verən şahid DGK-nın əməkdaşı olduğunu deyərək, hadisə baş verən gün xidmətdə olduğunu bildirib:

    “Səfər Səfərovu biz saxlayaraq idarəyə apardıq. Daha sonra mənə bildirdilər ki, hava limanında ayaqyoluna yaxınlaşaraq zibil qutusuna baxış keçirim. Mən həmin zibil qutusuna baxanda qara bükülü sellofan torba aşkar edərək təhvil verdim. Sonra məlum oldu ki, qızılları xadimə görübmüş”.

    Digər şahid, DGK-da mühafizəçi vəzifəsində çalışan şəxs ifadəsində bildirib ki, təqsirləndirilən Səfər Səfərovu əvvəllər də tanıyıb. Hava limanında çalışdığını bildirən şahid onun qızıl gətirməyi ilə bağlı hər hansı bir məlumatının olmadığını deyib. Ona telefon gətirməyi sifariş etdiyini bildirib.

    Şahidin ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib.

    Şahidin istintaqdakı ifadəsindən bəlli olub ki, Səfər Səfərov telefon vasitəsilə onunla danışaraq qızıl gətirmək istədiyini bildirib və buna görə də ondan hava limanındakı müəyyən maneələrdən keçməyə yardım istəyib. Şahidin ifadəsindən o da bəlli olub ki, o bu sövdələşməyə razı olmayıb.

    Şahid bu ifadəsini danaraq istintaqda belə bir ifadə vermədiyini deyib.

    “Mən onunla heç bir qızıl söhbətini etməmişəm, o mənə telefon gətirməli idi, bu barədə danışmışıq”.

    Qeyd edək ki, Səfər Səfərov 22 dekabr 2024-cü ildə İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərkən saxlanılıb.

    Təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.
    //oxu.az

  • Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadının işi yenidən araşdırılacaq

    Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət isinin məhkəmə istintaqı yenidən aparılacaq.

    Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən proseslərdə araşdırılacaq.

    Növbəti iclas noyabrın 5-ə təyin edilib.

    Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

    İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə siçan əleyhinə dərman qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

    Onu da qeyd edək ki, daha öncəki məhkəmə prosesləri zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.
    //oxu.az