Month: İyun 2025

  • Bakıda məşhur ət bazarı bağlanır

    “Baku Food Center” QSC ləğv olunur.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ləğv olunduğunu elan edən QSC kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər.

    Qeyd edək ki, “Baku Food Center” QSC Nərimanov rayonu, Ə.Əliyev küçəsi 36 ünvanında (Keşlə Bazarı) kəsim-satış məntəqəsinə sahibdir. QSC-nin qanuni təmsilçisi Zahid Həsənov Zakir oğludur. O, həm də “Green Food Group” QSC-nin sahibidir. Z.Həsənovun rəhbərlik etdiyi daha bir şirkət “House Rent Company” MMC olub. 2022-ci ildə bu şirkətin fəaliyyətinə xitam verilərək “Green Food Group” QSC-yə qoşulub. İş adamı sözügedən şirkətləri 2004-cü ildə təsis edib.

  • Tətil sonrası işə qayıdış – Necə adaptasiya olaq?

    Tətildən sonra işə qayıtmaq heç də asan deyil. Aylarla səbirsizliklə gözlənilən istirahət bir anda başa çatır və bizi e-mail yığını, gecikmiş tapşırıqlar və yenidən qurulmalı olan gündəlik rejim qarşılayır. Bu vəziyyət, psixoloqlar tərəfindən “tətil sonrası sindrom” kimi xarakterizə olunur.
    Araşdırmalara əsasən, işçilərin 87 faizi tətildən sonra işə qayıdış zamanı narahatlıq, sıxıntı və motivasiya itkisi yaşayır. Səbəblər arasında ən çox qeyd olunanlar yenidən gündəlik rejimə alışmaq (37%), toplu şəkildə yığılmış tapşırıqları yerinə yetirmək (31%) və çoxsaylı e-mailləri cavablandırmaq məcburiyyəti (26%) olur.

    Valyuta.az bu halların qarşısını almaq və işə daha asan uyğunlaşmaq üçün sizə altı effektiv məsləhətlər təqdim edir

    1. Tətilə getməzdən əvvəl status hesabatı hazırlayın

    İşə qayıdanda çaşqınlıq və stres yaşamamaq üçün istirahətə çıxmazdan əvvəl özünüz üçün sadə bir status hesabatı tərtib edin. Hazırda işlədiyiniz layihələr, təxirə salınmış tapşırıqlar və ya gözləmə mövqeyində olan məsələlər bu hesabatda qeyd olunmalıdır. Bu addım, geri döndükdə nədən başlamağınızla bağlı aydın istiqamət təqdim edəcək.

    2. Qayıdış gününüzü iş görüşlərindən azad edin

    Tətil sonrası ilk iş günündə müntəzəm və məhsuldar işləyə bilməniz üçün görüşlərdən uzaq durmaq vacibdir. Əvvəlcədən təqviminizi bloklayın və bu günü ancaq daxili bərpa və uyğunlaşma üçün ayırın. Beləliklə, özünüzü əlavə təzyiqlərdən qoruyarsınız.

    3. E-mail və mesajlara sistemli yanaşın

    Tətildən sonra gələn yüzlərlə mesajı bir-bir oxumağa çalışmaq əvəzinə, onları əhəmiyyət dərəcəsinə görə qruplaşdırın. “Təcili”, “önəmlidir” və “gözləyə bilər” kimi kateqoriyalar yaradaraq cavablandırma ardıcıllığını təyin edin. Bu metod sizə vaxt qazandıracaq və panika vəziyyətini önləyəcək.

    4. Etibarlı həmkarla qısa brifinq keçirin

    İşdən uzaqda olduğunuz müddətdə nələrin baş verdiyini öyrənmək üçün etibar etdiyiniz bir həmkarla qısa bir söhbət çox faydalı ola bilər. Bu danışıq sizə həm ümumi mənzərəni təqdim edəcək, həm də təcili məsələlərə yönəlmənizə yardım edəcək. Beləliklə, gözlənilməz sürprizlərdən sığortalanmış olacaqsınız.

    5. Həftəlik fəaliyyət planı hazırlayın

    İlk iş gününün sonunda qarşıdakı günlər üçün praktik və real fəaliyyət planı tərtib edin. Bu plan sadə, anlaşılan və həyata keçirilməsi mümkün tapşırıqları əhatə etməlidir. Məqsəd tətil sonrası adaptasiyanı mərhələli şəkildə, sıxıntı yaratmadan həyata keçirməkdir.

    6. Özünüzə mükafat verin

    Tətildən sonra işə qayıtmaq əhvalınızı aşağı sala bilər. Bu psixoloji vəziyyəti tarazlamaq üçün özünüzə kiçik bir mükafat planlaşdırın. Filmə getmək, sevdiyiniz restoranı ziyarət etmək, qısa yürüş və ya kitab oxuma seansı sizi ruhlandıracaq və işə qayıdışı daha müsbət qarşılamanıza səbəb olacaq.

    Mütəxəssislər qeyd edirlər ki, “tətil sonrası sindrom” qısamüddətlidir və düzgün yanaşma ilə onun öhdəsindən gəlmək mümkündür. Yuxarıda qeyd olunan strategiyalarla siz yalnız işə daha rahat adaptasiya olmaqla kifayətlənməyəcək, həm də öz iş-həyat balansınızı qorumağı bacaracaqsınız.

  • ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb

    2022-ci ilin noyabrında ChatGPT istifadəyə verildikdən sonra əmək bazarında yeni başlayanlar üçün nəzərdə tutulan vakansiyaların sayı demək olar ki, üçdə bir azalıb. Şirkətlər süni intellekt texnologiyalarını işçi sayını azaltmaq məqsədilə getdikcə daha çox tətbiq etdikləri bir vaxtda, bu azalma narahatlıq doğurur.

    Bu barədə “The Times” nəşri məlumat yayıb.

    İş axtarışı platforması “Adzuna”nın apardığı araşdırmaya əsasən, təcrübəsiz işçilər – stajçılar, yeni məzunlar və diplom tələb olunmayan sahələr üzrə mütəxəssislər üçün vakansiyaların sayı 31,9% azalıb. Bu tip iş elanlarının ümumi əmək bazarındakı payı 2022-ci illə müqayisədə təxminən 4% azalaraq hazırda cəmi dörddə birini təşkil edir.

    Məqalədə qeyd olunur ki, Britaniyanın iri telekommunikasiya şirkəti “BT” 2023-cü ilin may ayında 2030-cu ilə qədər 10 minə yaxın işçini süni intellektlə əvəz etməyi planlaşdırdığını açıqlayıb. Ən çox ixtisar ediləcək sahələrə zəng mərkəzləri və şəbəkə diaqnostikası üzrə vəzifələr daxildir. Şirkətin baş direktoru Elliсон Kirkbi qeyd edib ki, süni intellektin inkişafı gələcəkdə daha genişmiqyaslı ixtisarlara səbəb ola bilər.

    Süni intellekt startapı “Anthropic”in rəhbəri Dario Amodei isə daha pessimist ssenarini irəli sürüb. Onun sözlərinə görə, yaxın 5 il ərzində süni intellekt texnologiyaları bütün dünyada yeni başlayanlar üçün nəzərdə tutulmuş ofis vəzifələrinin yarısını əvəz edə bilər. Bu isə qlobal miqyasda işsizlik səviyyəsinin 20% artmasına səbəb ola bilər.
    //valyuta.az

  • Azərbaycan Çinə toyuq əti ixrac edəcək

    Azərbaycandan Çinə toyuq əti ixracı üçün sənədləşmə işləri aparılır.

    Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatına görə, bunu İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.

    Onun sözlərinə görə, Çin tərəfi ölkəmizdən toyuq ayağı idxalına icazə verib və hazırda akkreditasiya işləri gedir. “Yaxın bir-iki həftə ərzində sənədləşmə bitdikdən sonra ixraca başlayacağıq. Bu, bizim üçün yeni bazardır”, – Mürvət Həsənli qeyd edib.

    Ölkədə quşçuluq sahəsinin dinamik inkişaf etdiyini bildirən İdarə Heyətinin sədri təsərrüfatların damazlıq və süfrə yumurtası istehsalında daxili tələbatı aşaraq, xarici ölkələrə ixraca və ölkəyə valyuta axınının təmin olunmasına töhfə verməyə başladıqlarını əlavə edib.

    Qeyd edək ki, bu ilin mart ayından Azərbaycandan ABŞ-yə toyuq yumurtasının ixracına başlanıb. Rəsmi statistikaya əsasən, yanvar-aprel aylarında bu ölkəyə 1,45 milyon ABŞ dolları dəyərində 15,8 milyondan çox süfrə yumurtası ixrac olunub. Hesabat dövründə bu məhsul kateqoriyası üzrə Birləşmiş Ərəb Əmirliklərinə 2,39 milyon dollarlıq 38,1 milyon ədəd, Syerra-Leoneyə isə 50,6 min dollar dəyərində 792 min yumurta ixrac edilib.

  • Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər – TOP-5

    Bəzi avtomobillər yüksək texniki xidmət xərcləri və tez-tez baş verən nasazlıqları ilə seçilir. Lakin bu avtomobillərin hansı modellər olduğunu müəyyənləşdirmək bəzən çətin olur.

    “German Car Depot”un sahibi və təcrübəli mexanik olan Alan Gelfand “GOBankingRates” nəşrinə verdiyi müsahibədə 2025-ci ildə alınmaması lazım olan beş avtomobil modelini açıqlayıb. Onun sözlərinə görə, bu avtomobillər bir sıra texniki problemlərlə tez-tez üzləşir.

    2025-ci ildə alınmaması tövsiyə olunan avtomobillər:

    1. Chrysler 200

    Bu sedan 2017-ci ildən bəri istehsal olunmur və hazırda ikinci əl bazarda münasib qiymətə tapmaq mümkündür. Lakin Gelfand bu modeldən uzaq durmağı məsləhət görür.

    “Chrysler 200″un texniki xidməti bahalıdır”, deyə o bildirib.

    Onun sözlərinə görə, bu avtomobildə tez-tez ötürücü sistem və elektrik komponentləri ilə bağlı problemlər baş verir. Bundan əlavə, modelin idarəetməsi də çox da xoş deyil.

    2. Nissan Altima (2013–2020-ci il modelləri)

    “Nissan Altima” müasir təchizatı və cəlbedici dizaynı ilə diqqət çəksə də, ciddi texniki çatışmazlıqları da var. Xüsusilə bu modeldə tez-tez dəyişən ötürücü (CVT) qutusu sıradan çıxır.

    “Bu avtomobili heç vaxt almazdım. CVT onun əsas zəif yeridir. Biz “Altima” modellərində saysız-hesabsız ötürücü qutusunu dəyişdirmişik. Onlar adətən 95.000 km-dən sonra sıradan çıxır”, deyə Gelfand vurğulayıb.

    3. Jeep Renegade

    Kompakt krossover olan “Jeep Renegade” cəlbedici dizaynı və nisbətən aşağı qiyməti ilə seçilir. Lakin mexanik bu avtomobili “ən etibarsız modellərdən biri” kimi xarakterizə edir.

    “Avtomobil müasir görünsə də, elektrik nasazlıqları ilə tez-tez üzləşir və komfort səviyyəsi də çox aşağıdır”, deyə o xəbərdarlıq edib.

    4. Range Rover Evoque

    Stil və lüks görünüşü ilə tanınan “Range Rover Evoque” etibar baxımından geridə qalır.

    “Şık görünür, lakin etibarlılığı ilə seçilmir. Biz bu modeldə tez-tez mühərrik yağı sızıntısı, ötürücü problemləri və elektrik sisteminin tam sıradan çıxması hallarını müşahidə etmişik. Bütün bunlar 125.000 km-dən az yürüşdə baş verir”, deyə Gelfand qeyd edib.

    5. Chevrolet Spark

    Şəhər içi gedişlər üçün münasib və kompakt avtomobil olan “Chevrolet Spark” tez-tez təmirə ehtiyac duyur.

    “Bu modelin yığılma keyfiyyəti aşağıdır, yüksək səs-küyə malikdir və zəif performans göstərir”, deyə mexanik bildirib.

    Gelfand bu avtomobil əvəzinə istifadə olunmuş “Toyota” və ya “Honda” modellərinə üstünlük verilməsini tövsiyə edir.
    //valyuta.az

  • Daha bir şirkət rəhbərinə “stop” qoyuldu

    “Sənan Company” şirkətinin rəhbərinə stop qoyulub.

    Bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin hakimi Ramiq Qələndərzadə qətnamə çıxarıb.

    İş materiallarından aydın olur ki, şirkətin dövlət büdcəsinə ümumilikdə 2060,68 manat borcu olub. Şirkət borcu ödəmədiyinə görə Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ərizə ilə müraciət edib. İdarə məhkəmədən borc ödənilədək şirkətin rəhbərinə “stop” qoyulmasını xahiş edib və ərizə təmin olub.

    “Sənan Company” şirkəti 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Sənan Yolçu oğludur.

    Şirkətin hazırda 9 675,39 manat vergi borcu var.
    //valyuta.az

  • Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı

    “Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi “Miratorq-Zapad” müəssisəsinin istehsalı olan 639 kq soğan halqası məhsulunda bakteriya aşkarlanıb.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, agentliyin götürdüyü nümunələrin müayinəsi nəticəsində məhsullarda patogen bakteriya aşkarlanıb.

    Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

  • Zəngilanla bağlı 1,3 milyonluq layihə

    Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Red Line Studio” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.

    Valyuta.az xəbər verir ki, müqavilədə Zəngilan 5-ci yaşayış məhəlləsinin layihələndirmə xidmətlərinin satın alınması nəzərdə tutulur.

    Müqavilənin maliyyə dəyəri 1 317 127,8 manatdır.

  • Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb

    Pakistan ABŞ və İsrailin İrana qarşı hərbi addımlarını kəskin şəkildə pisləyib və bu hərəkətlərin region üçün ağır nəticələrə səbəb ola biləcəyini bəyan edib.

    APA xəbər verir ki, bu barədə Pakistanın Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar İslamabad Strateji Tədqiqatlar İnstitutunun yaradılmasının 52-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı bildirib.

    “Pakistan Yaxın Şərqdə son vaxtlar baş verən hadisələrlə bağlı dərin narahatlığını ifadə edir. Biz İsrailin İrana qarşı tamamilə əsassız təcavüzünü və ABŞ-ın İranın nüvə obyektlərinə qarşı hücumunu qətiyyətlə pisləyirik. Bu hərəkətlər ciddi təhlükəli eskalasiyadır və BMT Nizamnaməsinin, eləcə də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, – deyə nazir qeyd edib.

  • Tokayev ictimai yerlərdə niqabı qadağan etdi

    Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin geyinilməsini qadağan edən qanunu imzalayıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə NUR.KZ portalı respublika başçısının nümayəndəliyinə istinadən yazıb.

    İstisnalar qanunla nəzərdə tutulmuş hallar, xidməti vəzifələrin icrası, tibbi məqsədlər üçün, hava şəraitində və s. edilir.

    Qeyd edək ki, prezident “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına hüquq-mühafizə xidmətinin, hüquq mühafizə orqanlarının, xüsusi dövlət orqanlarının, mülki müdafiə orqanlarının və hərbi qulluqçuların mənzil-məişət təminatının və sosial müdafiəsinin təkmilləşdirilməsi, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericilik aktlarında həddindən artıq tənzimləmənin aradan qaldırılması ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunu imzalayıb.

    Ölkə parlamenti daha əvvəl ictimai yerlərdə sifətin tanınmasına mane olan geyimlərin geyinilməsinə qadağa qoyulmasını nəzərdə tutan qanunu qəbul edib. Tədbir ictimai təhlükəsizliyin artırılması və hüquq pozuntularının qarşısının alınması məqsədi daşıyır.

    Bu qanuna dəyişikliklərin üçüncü bloku daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib. Polis fəaliyyətinin təşkilini yaxşılaşdırmaq üçün yerli polis xidməti ləğv edilib.