Month: İyun 2025

  • Su davası qanla nəticələndi – 9 yaşlı uşaq əmisinə xəsarət yetirdi

    Saatlı sakini əmisinə xəsarət yetirib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb.

    Kənd sakini, 2016-cı il təvəllüdlü A.S. əmisinə – 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. Səttar Ağayev Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

    Hadisənin su üstündə yaranan mübahisə zəminində baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • KTM: Son beş ayda 21 nəfər zəhərlənmədən ölüb

    Bu ilin ilk beş ayı ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 526 nəfər qəbul edilib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

    Onun sözlərinə görə, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

    Həkimlərin səylərinə baxmayaraq onlardan 21 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

  • İsrailin hücumları nəticəsində İranda ölənlərin sayı 935 nəfərə çatıb

    İsrail Silahlı Qüvvələrinin İran ərazisinə zərbələri nəticəsində ölənlərin sayı 935 nəfərə çatıb.

    Median.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə orqanının rəsmi nümayəndəsi Əsgər Cahangir bildirib.

    “İsrailin ABŞ ilə birlikdə hücumları nəticəsində İranda təxminən min nəfər həlak olub. Məhkəmə ekspertizasının son məlumatlarına görə, 935 qurban qeydə alınıb”, – o qeyd edib.

    Onların 38 nəfərini uşaqlar, 102 nəfərini isə qadınlar təşkil edib.

  • Aİ Rusiyaya qarşı sanksiyaları 6 ay müddətinə uzadıb

    Bu gün Aİ rəsmi olaraq Rusiyaya qarşı sektoral sanksiyaların 6 ay – 31 yanvar 2026-cı ilə qədər uzadılmasına razılıq verib.

    Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

    Onun sözlərinə görə, bu sanksiyalar Ukraynada müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə yönəlib.

    Aİ-nin məlumatına görə, sanksiyalar ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks əşyalar da daxil olmaqla geniş spektrli sektoral tədbirlərdən ibarətdir.

    Sanksiyalar həmçinin Rusiyadan Aİ-yə neft və bəzi neft məhsullarının idxalı və ya daşınmasına qadağa qoyulmasını, Avropa İttifaqında bir neçə Rusiya KİV-nin yayım fəaliyyətinin və lisenziyalarının dayandırılmasını və s. əhatə edir.

    “Bundan əlavə, konkret tədbirlər Aİ-yə sanksiyaların pozulmasına qarşı mübarizə aparmağa imkan verir”, – məlumatda deyilir.

    Avropa İttifaqı Şurasının qiymətləndirməsinə görə, “Aİ-nin tətbiq etdiyi bütün tədbirləri qüvvədə saxlamaq və lazım gəldikdə əlavə tədbirlər görmək məqsədəuyğundur”.

    Rusiyaya qarşı bu iqtisadi tədbirlər ilk dəfə 2014-cü ildə tətbiq edilib və 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.

  • “Formula 1”: 2026-cı ildəki Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib (FOTO)

    2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.

    Bu barədə “Formula 1″in mətbuat xidməti məlumat yayıb.

    Bakıdakı mərhələ sentyabrın 24-26-sı aralığında təşkil olunacaq.

    Qurum daha əvvəl yarışın sentyabrın 25-27-si aralığında gerçəkləşəcəyini açıqlamışdı.

    Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürəcək və 3 gün davam edəcək.

  • Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib

    Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib.

    Bununla bağlı qərar Tarif Şurasının bugünkü növbəti iclasında qəbul edilib.

    İclasda yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

    Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

    Qərar iyulun 7-dən qüvvəyə minir.

  • Qohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq

    Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sözügedən məsələ qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq.

    Bildirilib ki, əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir:

    “Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq”.

    Xatırladaq ki, Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək.

  • Oğuzda 4,5 ton çətənə kolu məhv edilib

    Oğuzda 4,5 ton çətənə kolu məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Məlumata əsasən, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

    Ümumi çəkisi 4,5 ton olan 3200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

  • Kallas: Bakı-İrəvan münasibətlərinin normallaşması regionda davamlı sülhə yol aça bilər

    Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionunda davamlı sülhə yol aça bilər.

    Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

    O vurğulayıb ki, Aİ Bakı və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişi yüksək qiymətləndirir.

    “Bu gün biz nazir Mirzoyanla Ermənistan-Azərbaycan münasibətlərini də müzakirə etdik. Aİ iki ölkə arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləməyə davam edir. Bu üç prinsipə alternativ yoxdur. Biz ikitərəfli münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyiş bizi sevindirir və ruhlandırır, çünki Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşması regionda davamlı sülhə yol aça bilər”, – K.Kallas qeyd edib.

  • Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək

    Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.07.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

    Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.