Month: June 2025

  • Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi – TƏFƏRRÜAT

    Bakının Qaradağ rayonunda 27 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla ailə qurduğu üçün məsuliyyətə cəlb olunub.

    Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1998-ci il təvəllüdlü Bakı sakini Asim ötən il oktyabrın 14-də yetkinlik yaşına çatmayan Könül (adlar şərti verilib – red.) ilə qeyri-rəsmi nikaha daxil olub. Rayon ərazisindəki şadlıq evlərindən birində toy mərasimi keçirilib.

    İstintaq orqanı tərəfindən Asimin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailəsinin və özünün istəyi, qonşuluqda yaşayan Könülün və anasının razılığı ilə ailə həyatı qurublar: “Könül ağıllı və tərbiyəli qız olduğu üçün onunla ciddi münasibətlər qurmuşam. Ailə üzvlərimin xəstə olması səbəbi ilə qərara gəldik ki, toyu tez edək”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 14-də qohumların iştirakı ilə şadlıq sarayında toy məclisi təşkil ediblər: “Könül yaşadığımız evə gəlin köçdü. Könüllə cinsi əlaqədə oldum və birlikdə yaşamağa başladıq. Bir neçə gün sonra polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslə evləndiyim üçün məni bölməyə dəvət etdilər”.

    İş üzrə ifadə verən Könülün sözlərinə görə, anası Sona ilə birlikdə yaşayıb: “Mən 9-cu sinfi bitirmişəm, işləmirəm və heç bir fərdi əmək fəaliyyəti ilə məşğul olmuram. Oktyabrın 14-də anamın və öz istəyimlə qonşuluqda yaşayan Asimlə ailə həyatı qurduq”.

    Onun sözlərinə görə, bir müddət nişanlı olublar: “Biz bir-birimizi tanımışıq və sevmişik. Bir müddət nişanlı qaldıqdan sonra ailə qurmağa qərar verdik. Asimin valideynləri xəstə olduğundan düşündük ki, qeyri-rəsmi nikaha daxil olaq və ailə kimi yaşayaq. Asimin anası bizə elçi gəldi. Anam onları tanıdığından etiraz etmədi”.

    Könülün bildirdiyinə görə, toydan bir neçə gün sonra ona yetkinlik yaşına çatmadığı üçün ailə qurmasının cinayət məsuliyyəti yaratdığı məlum olub: “Mən də Asimin tutulmasından qorxdum. Buna görə qərara gəldik ki, 18 yaşım tamam olanadək anamlabirlikdə yaşayım. Hazırda anamla qalıram”.

    İş üzrə şahid qismində ifadə verən şəxslərdən biri də yetkinlik yaşına çatmayan Könülün atası Sabirdir. Sabirin ifadəsindən məlum olur ki, qızının ərə verilməsindən xəbəri olmayıb.

    Sabir ifadəsində göstərib ki, Könül onun Sona ilə rəsmi nikahlarından 3-cü övladıdır: “Sona ilə 5 ilə yaxındır rəsmi qaydada boşanmışıq, mən hazırda Astara rayonunun kəndində tək yaşayıram, 2-ci qrup əliləm. Övladlarım, keçmiş həyat yoldaşım Sona ilə birlikdə Qaradağ rayonunun Qobustan qəsəbəsində qalırlar.

    Yetkinik yaşına çatmayan uşağımın ailə qurmasına qarşıyam, qızımın evlilik xəbərini eşidən kimi dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə saxladım, bu barədə məlumat verdim”.

    Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Asimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.

  • Bu toy İtaliya büdcəsinə bir milyard dollar qazandıracaq

    Milyarder Ceff Bezos və Lauren Sançesin Venesiyada toyu İtaliya büdcəsinə 1,12 milyard dollar gəlir gətirəcək.

    Qaynarinfo bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

    Rəsmi olaraq toy yeni evlənənlərə təxminən 47-56 milyon dollara başa gəlib. Bununla belə, İtaliya Turizm Nazirliyinin məlumatına görə, toyun mediada işıqlandırılması, eləcə də toy üçün dolayı xərclər büdcəyə daha bir milyard dollara yaxın gəlir gətirəcək. Təxminən 33,3 milyon dollar toya gələn qonaqlar üçün otel nömrələrinə, daha 20,6 milyon dollar isə nəqliyyat xərclərinə xərclənəcək.

    Milyarder Ceff Bezos iyunun 26-da telejurnalist Lauren Sançeslə evlənib. “Page Six” tabloidində iddia olunur ki, Bezos və Sançes İtaliyaya getməzdən əvvəl ABŞ-da evləniblər.

    Tədbirə ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Cared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo Di Kaprio da daxil olmaqla 200-ə yaxın məşhur və biznes elitası dəvət olunub.

  • Yaxın Şərqdə gərginlik aviabilet qiymətlərinin artmasına səbəb ola bilər

    Yaxın Şərqdəki silahlı qarşıdurmalar təyyarə yanacağının qiymətinin yüksəlməsinə və bunun nəticəsi olaraq aviabiletlərin bahalaşmasına səbəb ola bilər.

    Bu barədə Britaniyanın “The Telegraph” nəşri yazır.

    Məlumata görə, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəhbəri, “British Airways”in sabiq rəhbəri Villi Volş bildirib ki, neft qiymətləri ilə aviabiletlərin dəyəri arasında birbaşa əlaqə mövcuddur. O, ayın əvvəlində verdiyi açıqlamada neft qiymətlərinin düşməsi fonunda aviaşirkətlərin yay mövsümündə qiymətləri endirərək tələbi stimullaşdırmağa hazırlaşdıqlarını söyləmişdi.

    Lakin son gərginlik fonunda vəziyyət dəyişib – bu hücum neft qiymətlərində təxminən 8%-lik artıma səbəb olub. Sonradan ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə İran və İsrail arasında atəşkəs elan edilsə də, bazarlar bu regiondakı vəziyyətə həssas reaksiya verməkdə davam edir.

    “Goldman Sachs” analitikləri qeyd edirlər ki, İranın Hörmüz boğazını – dünya üzrə neft tədarükünün 20%-nin keçdiyi strateji su yolunu – bağlaması qiymətlərin 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi dövründəki səviyyələrə qədər yüksəlməsinə səbəb ola bilər.

    Monreal şəhərindəki Makqil Universitetinin aviasiya idarəçiliyi üzrə eksperti Con Qradek deyib: “Reaktiv yanacağın qiymətində 10–20%-lik artım aviaşirkətlərə ciddi təsir göstərəcək”.

    IATA-nın hesablamalarına görə, aviasiya sektoru ümumi gəlirlərinin təqribən üçdə birini yanacağa sərf edir. Məqalədə qeyd olunur ki, hazırda aviasiya yanacağının bazar qiyməti İsrailin raket zərbələrindən on gün əvvəlki dövrlə müqayisədə 10% yüksəkdir. Bununla belə, enerjidaşıyıcılarının qısa müddətli bahalaşması bu günlərdə nadir hal sayılmır və əksər aviaşirkətlər bu tip risklərə qarşı qabaqlayıcı planlar hazırlayır.

    Ekspertlər bildirirlər ki, qiymət dəyişkənliyinə qarşı mübarizə üsullarından biri “hedcləmə” – yəni bazarda sabit qiymətə öncədən alış razılaşmaları bağlamaqdır. Bu üsul riskləri tam aradan qaldırmasa da, fövqəladə vəziyyətlərdə yüksək xərcdən yayınmağa yardım edə bilər. CTAIRA aviasiya məsləhət şirkətinin təsisçisi Kris Tarri qeyd edir ki, “Ryanair” yazda neftin ucuzlaşmasından istifadə edərək qarşıdakı üç il üçün yanacaq tələbatının böyük hissəsini sabit qiymətlərlə təmin edib. Məhz bu cür maliyyə planlaması əvvəlki qiymət artımlarının sistemli böhran yaratmasının qarşısını alıb.

    Ancaq neftin bahalaşması uzun müddət davam edərsə, bu, aviaşirkətlər üçün daha çox problem yaradacaq. Hazırda bazarlar ABŞ administrasiyasının barışıq çağırışlarına müsbət reaksiya verib, lakin tarix göstərir ki, Yaxın Şərqdəki vəziyyət tez dəyişə bilər. Təhlilçilər hesab edirlər ki, bu təzyiq aviabiletlərin mütləq bahalaşacağı anlamına gəlmir.

    “The Telegraph” xatırladır ki, 2022-ci ildə “Emirates”, “AirAsia” və “Japan Airlines” kimi aviaşirkətlər Ukrayna müharibəsi fonunda yanacaq qiymətlərinin artmasına cavab olaraq müvəqqəti 10%-lik əlavə haqq tətbiq etmişdilər. Amma digər tərəfdən, bilet bazarı yüksək həssaslıq nümayiş etdirir və şirkətlər müştəriləri itirməmək üçün alternativ yollar axtarırlar. Qradekin sözlərinə görə, şirkətlər qiymətləri artırmaq əvəzinə yeni reyslərin açılmasını təxirə sala və ya xidmətlərin sayını azalda bilərlər.
    //qaynar.az

  • Şimali Koreya liderinin həyat yoldaşı dəbdəbəli çantası ilə gündəm oldu

    Təxminən ilyarımlıq fasilədən sonra Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı Ri Sol Çu yenidən ictimaiyyət qarşısına çıxıb. O, əri və qızları Çu Ye ilə birlikdə Şimali Koreyanın şərq sahilində yerləşən elit kurort – Vonsan-Kalma istirahət mərkəzinin açılış mərasimində iştirak edib. Kim Çen In bu məkanı “dünya səviyyəli turizm kurortu” kimi təqdim edib.

    Qaynarinfo “Newsweek”ə istinadla xəbər verir ki, Ri Sol Çunun çiynindəki çanta medianın xüsusi diqqətini çəkib – söhbət təxminən 2000 dollardan baha başa gələn “Gucci GG Marmont” markalı italyan dəbdəbəli aksessuarından gedir.

    Bu nümayişkaranə jest BMT-nin Şimali Koreyaya qarşı tətbiq etdiyi və lüks əşyaların ölkəyə idxalını qadağan edən sanksiyalar fonunda rezonansa səbəb olub. Lakin bu cür qadağan olunmuş məhsulların ölkəyə diplomatik kanallar vasitəsilə daxil olduğu bildirilir – bu kanallar gömrük nəzarətindən azaddır.

    Ri Sol Çunun belə görünməsi və dəbdəbəli çanta nümayiş etdirməsi Kim Çen Inın lüks həyat tərzinə bağlılığını bir daha göstərir. Xatırladaq ki, 2023-cü ildə Rusiya prezidenti Vladimir Putin ona rus istehsalı olan zirehli limuzin hədiyyə etmişdi və bu avtomobil Şimali Koreya liderini heyran qoymuşdu.

    Bununla belə, ölkədəki iqtisadi vəziyyət olduqca ağırdır. Analitiklərin hesablamalarına görə, 2023-cü ildə maaşlar rəsmi olaraq on dəfə artırılsa da, orta aylıq əməkhaqqı cəmi 4 ABŞ dolları təşkil edir. Bu səbəbdən də əhalinin əksəriyyəti yaşamaq üçün qeyri-rəsmi və qara bazar fəaliyyətlərinə yönəlməli olur.

    Birinci xanımın görünməsi, ehtimal ki, rejimin yeni turizm layihəsinə ictimai dəstəyi gücləndirmək, ölkədə “rifah və modernləşmə” görüntüsü yaratmaq cəhdidir. Lakin hakim elita ilə adi vətəndaşların həyat tərzi arasındakı kəskin ziddiyyət Şimali Koreyadakı dərin sosial ədalətsizliyə diqqəti daha da artırır.

    Qeyd edək ki, BMT-nin nüvə proqramına görə tətbiq etdiyi sanksiyalara baxmayaraq, ölkədə mütəmadi olaraq qadağan olunmuş dəbdəbəli əşyalar müşahidə olunur. Bu əşyalara dizayner geyimləri, çantalar, avtomobillər və saatlar daxildir. Rəsmi şəkildə bu malların idxalı BMT qətnamələri ilə qadağan edilsə də, analitiklər bu məhsulların ölkəyə əsasən diplomatik yollarla daxil olduğunu bildirirlər.

    Bütün bu faktlar Şimali Koreya rəhbərliyi ilə xalq arasında mövcud olan dərin təbəqələşməni və iqtisadi təcrid şəraitində sərgilənən dəbdəbənin beynəlxalq sanksiyaların real təsirinə dair sualları daha da aktuallaşdırır.

  • Şəhid anası vəfat etdi – FOTO

    Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib.

    Şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir şəhərində dünyasını dəyişib.

    Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

    Qeyd edək ki, R.Əhmədov 1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olub. Mingəçevir şəhər 9 saylı tam orta məktəbi bitirib. Orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

    2016-ci ilin aprelin 14-də düşmənin silahlı birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olub.

    İki övladı yadigar qalıb.//Qafqazinfo

  • Zaqatalada təhlükəli vəizyyət: 100-dən çox ev su altında qala bilər

    Zaqatalada beton bəndin uçma təhlükəsi hər gün daha da artır. Ötən əsrin 80-ci illərində salınan beton bəndlər yaz daşqınlarında ciddi zədə görüb və şəhərin bir hissəsini təhlükə altına alıb.

    Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mənbəyini Böyük Qafqazdan götürən Talaçay rayon ərazisindən axan ən təhlükəli çaylardan hesab edilir. Çünki yaz və payız aylarında yağan leysan yağışlarından sonra çayda suyun səviyyəsi bir neçə dəfə artır və nəticədə sel daşqınları əmələ gətirir.

    Talaçayın keçdiyi 8-10 km-lik hissədə 25 minə nəfərə yaxın əhalisi olan Zaqatala şəhəri ilə yanaşı ən iri yaşayış məntəqələrindən olan Yuxarı və Aşağı Tala kəndləri yerləşir.

    Builki yağışlar şəhərin Nizami Gəncəvi küçəsindəki beton bəndlərə xeyli zədə vurub, uçub-dağılma təhlükəsi hər gün artmaqdadır.

    Sakinlərin sözlərinə görə, Zaqatala şəhəri çayın sağ sahilində yerləşir və burada ötən əsrin 80-ci illərindən başlayaraq beton bəndlər inşa olunub. Çay yataqlarının vaxtında təmizlənməməsi selin gətirdiyi qum və çınqıl ehtiyatını artırması səviyyəsinin artması ilə nəticələnir.

    Digər tərəfdən yaz leysanlarında suyun səviyyəsinin artması nəticəsində sel axınının müxtəlif istiqamətlərdə beton bəndlərə yönəlməsi onların alt qatını yuyub aparıb. Nəticədə bəndlərin bünövrəsi ciddi zədələndiyindən dağılma ehtimalı da artmaqdadır.

    Qeyd edilən Nizami Gəncəvi küçəsi boyunca sel-sular beton bəndlərə dorğu istiqamətləndiyindən torpaq-qum layı yuyulub, 80 metr məsəfədə bəndlərin uçma təhlükəsi yaranıb. Eyni zamanda beton bəndlərin alt qatı yuyulduğundan küçə istiqaməti boyunca bir neçə yerdə yarğanlar əmələ gəlib. Bununla yanaşı beton bəndlərin arxa tərəfi boyunca uzanan yüksək gərginlikli elektrik xətləri qəzalı vəziyyətə düşüb.

    Sakinlər onu da bildirir ki, yaxın zamanlarda ilkin tədbirlər görülməzsə, çayın axarı dəyişdirilməyib qalarsa ərazidə yaşayan 100 dən çox ev sel təhlükəsi ilə üzləşə, əhali sel-sular altında qala bilər.

    Zaqatala Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları hadisə yerində olub, çayın yaratdığı fəsadlara baxış keçirilib. İdarədən bildirilib ki, ilk əvvəl planlı şəkildə çayda suyun səviyyəsi enən kimi axarın dəyişdirilməsi, yəni çayın orta məsafədən axmasını təmin etmək vacibdir. Növbəti mərhələdə isə ağır texnika vasitəsi ilə bəndlərin bünövrəsi, yuyulan ərazilər daş və çınqılla doldurulmalıdır. Əlbəttə bu da yetərli deyil, çünki növbəti mərhələdə həmin istiqamətdə yeni beton bəndlərin-mühafizə zolağının tikintisi ilə bağlı müvafiq qaydada məsələ qaldırılıb.

    Qeyd edək ki, son günlər havaların isinməsi ilə Talaçayda suyun səviyyəsi bir qədər azalsa da, təhlükə hələ də qalmaqdadır.

  • Həsən bəy Zərdabinin doğum günüdür

    Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.

    Anadan olmasından 188 il ötsə də, müsəlman Şərqində ilk xeyriyyəçilik hərəkatının, milli teatrımızın və milli mətbuatımızın banisi, ilk təbiətşünas, təkamülçü alimi Həsən bəy Zərdabi böyük hörmət və ehtiramla anılır.

    O, 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundzadənin “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyalarını tamaşaya qoyub.

    1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib.

    1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun çəkmir və 1877-ci il sentyabrın 29-da nəşri dayandırılır.

    1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.

    Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyib.

    1907-ci il noyabrın 28-də vəfat edib və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.

    Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.

  • Çindən Azərbaycana elektromobil ixracında kəskin azalma

    2025-ci ilin ilk dörd ayında Çindən Azərbaycana göndərilən elektromobillərin sayı və dəyəri əhəmiyyətli dərəcədə azalıb.

    Median.Az Dövlət Statistika Komitəsiniə istinadən xəbər verir ki, bu dövrdə 279 ədəd elektromobil, ümumilikdə 7,6 milyon dollar dəyərində ixrac edilib.

    Bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə say baxımından 3 dəfə, dəyər baxımından isə 4,3 dəfə azalma deməkdir.

  • Almaniya yığmasının futbolçuları pivə oğurluğunda ittiham olunur

    Almaniyanın U-21 yığmasının oyunçuları gənclər arasında Avropa çempionatının Fransa ilə keçirilən yarımfinal oyunundan sonra 15 pivə bakal oğurlamaqda ittiham olunub.

    Bu barədə “Bild” nəşri məlumat yayıb.

    Bildirilir ki, oyundan sonra Almaniya yığmasının avtobusuna stadion əməkdaşı – göz yaşları içində olan qadın yaxınlaşıb və telefonla komandanın şəkillərini çəkməyə başlayıb. Stadionun meneceri isə bildirib ki, oyunçular təxminən 15 bakal pivə oğurlayıb.

    “Yəqin elə zənn ediblər ki, bunlar pulsuzdur. Amma belə deyil. Buna görə də əməkdaşımız avtobusa daxil oldu. O, fotoşəkil sübutları əldə etmək istəyirdi”, deyə stadion rəhbəri bildirib.

    Almaniya yığmasının nümayəndələri isə bildiriblər ki, qadın mətbuat zalına bir neçə bakal pivə gətirib və onların ehtimalına görə, bunlar hakimlər üçün nəzərdə tutulub.

    “Daha sonra orada boş bakallar qalmışdı və qəfildən yoxa çıxdılar – yəqin kimsə onları götürüb. Görünür, həmin qadın bizim oyunçuların onları özləri ilə apardıqlarını düşünüb”, deyə alman komandasından bildirilib.

    Qeyd edək ki, qarşılaşma Slovakiyanın Koşitse şəhərindəki stadionda baş tutub və Almaniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.//qaynar.az

  • Məktəblilərimiz Olimpiadada yüksək nəticə göstərdilər

    22-28 iyun tarixlərində Sinqapurda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticə əldə ediblər.

    Komandamız yarışda 2 gümüş və 1 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib.

    Belə ki, Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulla Abdullazadə, Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Sumuraz Mirzəyev gümüş medal, Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin XI sinif şagirdi Əliyyəkbər Şirinli isə bürünc medal qazanıblar.

    Yarışda ümumilikdə 28 ölkədən 136 şagird iştirak edib.