Month: June 2025

  • Bayramda bölgələrə səfər edəcək sürücülərə – Müraciət

    Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən, həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
    Yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə sürücüləri aşağıdakı vacib qaydalara əməl etməyə çağırır:
    – Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin;
    – Nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın;
    – Mümkün olduqda səhər saatlarında yola çıxın;
    – Nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq uşaqlar da daxil olmaqla sərnişin daşımayın;
    – Sürət həddini aşmayın, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirin;
    – Sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşməyin;
    “Polis əməkdaşları bayram günlərində də respublika yollarında və şəhər ərazilərində fasiləsiz xidmət göstərir, sizin təhlükəsiz və rahat istirahətiniz üçün çalışırlar”, – məlumatda vurğulanıb.

  • Güclü sel Bakı-Şamaxı yolunda avtomobillərin hərəkəti üçün çətinlik yaradıb

    Güclü yağışlar nəticəsində dağlardan gələn sel Bakı-Şamaxı yolunu iflic vəziyyətinə salıb.

    Apa-nin Şirvan bürosu xəbər verir ki, Qobustan dağlarına yağan leysan nəticəsində yaranan selin gətirdiyi daş və torpaq kütləsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 78-ci kilometrliyində hərəkəti iflic edib.

    Təmizləyici qurğular selin ağırlığına tab gətirməyib, sel suları yolun hərəkət hissəsinə yayılıb.

    Nəticədə avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.
    Hazırda yolda ciddi maneə olmasa da, vəziyyətin yenidən pisləşməsi istisna deyil.

    Qeyd edək ki, yağışlı hava davam edir.

  • Alimlər təşviş içində: Tarixin ən isti ili nə vaxt olacaq?

    Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş ildən birinin 80% ehtimalla dünyanın ən isti ili olacağı proqnozunu açıqlayıb.

     
    Median.Az “Interfax.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.
     
    “Ümumdünya Meteorologiya Təşkilatının hesabatı yeni dərc olunub və bu sənəd narahatlıq doğurur. Proqnoza əsasən, 80% ehtimalla növbəti beş ilin ən azı biri tarixdə ən isti il olacaq və indiyə qədər rekord qeydə alınmış 2024-cü ilin temperaturunu ötəcək”, – deyə Vilfand mətbuat konfransında bildirib.

    Bundan əlavə, o qeyd edib ki, 70% ehtimalla 2025-2029-cu illəri əhatə edən beşillik dövrdə orta temperatur artımı 1.5°C-dən yüksək olacaq.
     
    Bu isə Paris İqlim Sazişinin hədəflərinə uyğun deyil və daha ciddi təhlükə yaradır. (oxu.az)

  • Regionların sosial-iqtisadi inkişafında İsmayıllı modeli – Müasirləşən qədim yurd

    Azərbaycanın ən sürətlə inkişaf edən bölgələrindən biri olan İsmayıllı rayonu, paytaxt Bakıdan təxminən 185–200 km məsafədə yerləşir. Rayonun tərkibinə 1 şəhər (İsmayıllı), 2 şəhər tipli qəsəbə (Lahıc və Basqal) və 105 kənd daxildir. 
     
    Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqlarda, Acınohur alçaq dağlığında və Alazan-Həftəran vadisində yerləşən İsmayıllı, həmçinin Şirvan düzünün şimal hissəsini də əhatə edir. Zəngin təbiəti və turizm potensialı ilə seçilən bu bölgə, son illərdə həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində daha da inkişaf edib.
     
    Bütün görülən kompleks tədbirlər İsmayıllının inkişafına təsir göstərən bariz nümunədir.
     
    Təhsil sahəsində mühüm addımlar
     
    İsmayıllı rayonunda təhsilin inkişafına xüsusi diqqət yetirilir. Buna nümunə olaraq, 2025-ci il mayın 26-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən internat tipli “Talıstan” liseyini göstərmək olar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan bu lisey, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilib. Dörd mərtəbəli və beş korpusdan ibarət olan binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika və texnologiya kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.
     
    2024-cü ildə isə rayonda 6 yeni təhsil müəssisəsi inşa edilərək, 3 məktəb isə əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Bu məktəblərdə yaradılan şərait, şagirdlərin keyfiyyətli təhsil almasına və
    müəllimlərin daha səmərəli işləməsinə imkan yaradılıb

    İnfrastruktur layihələri və yol tikintisi
     
    İsmayıllı rayonunda yol infrastrukturunun inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyev bölgəyə son səfəri zamanı Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı–İsmayıllı–Qəbələ hissəsində görülən işlərlə tanış olub. Layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilmiş, ikinci texniki dərəcəyə uyğun 85,6 kilometr yol qurulub. Yolboyu Ağsuçay üzərində asma körpü inşa olunur və bu körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.
     
    Bundan əlavə, 2025-ci il iyunun 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuz rayonunun altı kəndi ilə birləşdirən avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb.


    Sosial rifah və iqtisadi inkişaf
     
    Rayonda əhalinin işlə təmin olunması üçün müxtəlif layihələr həyata keçirilir. İsmayıllı rayonunun Tircan kəndində illik istehsal gücü 25 milyon litr olan su istehsal müəssisəsi tikilir ki, burada da 80 nəfər işlə təmin ediləcək. Bununla bağlı Prezidentin bölgəyə son səfəri zamanı məlumat verilib.
    Sosial sahədə də ciddi addımlar atılır. Yeni salınan parklar, idman meydançaları, uşaq bağçaları və tibb müəssisələri rayon sakinlərinin gündəlik həyat keyfiyyətini yüksəldir. Xüsusilə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait diqqətəlayiqdir.
     
    Rayonda abadlıq-quruculuq işləri geniş vüsət almış, aqrar sənayenin prioritet istiqamətləri müəyyənləşdirilib. Müxtəlif illərdə əhalinin içməli su ilə təmin edilməsi ilə bağlı həyata keçirilən layihələr, “Dost evi” mərkəzinin açılması, dövlət dəstəyi ilə 15 kənd qonaq evinin yaradılması və s. kimi böyük layihələr bu regiona olan böyük diqqətin bir neçə nümunəsidir.


    Nahid Bağırovun rəhbərliyi dövründə İsmayıllının inkişafı
     
    İsmayıllı rayonunun inkişafına rayon icra hakimiyyətinin, icra başçısı Nahid Bağırovun da xüsusi diqqəti və qayğısı sürətlə görülən işlər fonunda hiss olunur.
     
    Belə ki, Nahid Bağırovun 2020-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə rayonun sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələyə qədəm qoyulub. Onun rəhbərliyi ilə rayonda kompleks və davamlı inkişaf strategiyası həyata keçirilməyə başlanıb.


    Nahid Bağırovun icra başçısı təyin olunduğu dövrdən keçən müddət ərzində şəhərin inkişafında, əhalinin sosial rifahının yaxşılaşdırılmasında, turizm potensialının artırılmasında böyük işlər görülüb, iri layihələr həyata keçirilib. Onun rəhbərliyi ilə bir sıra kənd və qəsəbələrdə yeni məktəb binaları tikilərək istifadəyə verilib, yollar təmir olunub, sosial obyektlər inşa edilib. 
     
    Rayonda turizm sahəsinin inkişafına da xüsusi önəm verilir. Rayonun tarixi qəsəbələri hesab olunan Lahıc və Basqalda aparılan restavrasiya və abadlıq işləri, ekoturizm və kənd turizmi üçün yaradılan şərait regiona turist axınını artırıb. Xüsusilə “Kənd qonaq evləri” layihəsi çərçivəsində dövlət dəstəyi ilə yerli ailələrə biznes qurmaq imkanı verilib, bu da həm məşğulluğun artmasına, həm də yerli iqtisadiyyatın canlanmasına səbəb olub.


    İcra başçısının xüsusi ilə insanyönümlü fəaliyyəti rayonun sakinləri tərəfindən xüsusi rəğbətlə qarşılanır. Tez-tez sakinlərlə görüş keçirən icra başçı onların problemini dinləyərək, suallarına cavab verir. Rayonda xüsusi ilə şəhid ailələri və qazilərə, aztəminatlı ailələrə göstərilən qayğı icra başçısının əhaliyə olan diqqətinin əsas nümunələrindəndir.
     
    Son olaraq qeyd edək ki, İsmayıllı rayonunda həyata keçirilən genişmiqyaslı layihələr və islahatlar əhalinin rifahının yüksəldilməsinə, infrastrukturun müasirləşdirilməsinə və sosial xidmətlərin genişləndirilməsinə yönəlib. Bu tədbirlər rayonun davamlı inkişafını təmin edir və sakinlərin həyat keyfiyyətini artırır

  • Müsəlmanları təhqir edən erməni “bloger”ə cinayət işi açıldı

    İstintaq Komitəsi Moskvadakı Yaroslavski dəmir yolu vağzalında saxlanmış erməni bloger Areq Şepixinə qarşı cinayət işi açıb.
     
    Median.Az xəbər verir ki, komitənin mətbuat xidmətinin məlumatına görə, linqvistik araşdırmalar zamanı onun ifadələrində milli/etnik əlamətlərə görə müəyyən edilmiş bir qrup şəxsə qarşı zorakılıq hərəkətləri etməyə təhrik əlamətləri, habelə onların alçaldılması aşkarlanıb.
     
    Cinayət işi internet vasitəsilə ekstremizmə açıq çağırışlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi) və nifrətə çağırış (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi) maddələri ilə açılıb.
     
    “Yaxın vaxtlarda onun barəsində həbs qətimkan tədbiri seçiləcək”, – İstintaq Komitəsidnən əlavə ediblər.
     
    Şepixin özü bildirib ki, onu şəhərdən çıxarıblar və “qulaqları tapança qundağı ilə sındırılıb”, amma “ona ağır işgəncə verməyiblər, daha çox dindiriblər”, xüsusən də Ukrayna ilə əlaqəsinin olub-olmadığı soruşulub.
     
    Çeçenistan hakimiyyəti bildirib ki, Şepixin oğurlanmayıb, saxlanılıb. Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev xatırladıb ki, “bloger” öz videolarında çeçenləri və İslamı təhqir edib.
     
    “Həbsi həyata keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları onun həyatını və ya ən azı, sağlamlığını mahiyyət etibarı ilə xilas etdilər. Onun din, Allah, millətlər haqqında qəbuledilməz, təhqiramiz ifadələrini eşidən yüz minlərlə müsəlmanda sözün əsl mənasında hiddət yaranıb. (Modern.az)

  • Dövlət büdcəsinin gəlirləri açıqlandı

    2025-ci ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 550 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.

    Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

    Qeyd olunur ki, cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur.

    Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 843,3 milyon manat təşkil edərək proqnozdan 423 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 589,5 milyon manat təşkil edərək proqnozdan 2,5 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18 milyon manat təşkil edərək proqnozdan 3,7 milyon manat və ya 25,9 faiz, Dövlət Neft Fondundan transfert isə 6 033,8 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz və sair daxilolmalar isə 398,4 milyon manat təşkil edərək proqnozdan 297,2 milyon manat və ya 3,9 dəfə çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 255 milyon manat təşkil edərək proqnoza qarşı 86,7 milyon manat və ya 25,4 faiz az icra edilib. 

    2025-ci ilin 5 ayı üzrə dövlət büdcəsinin xərcləri 14 195 milyon manat proqnoza qarşı 13 691,8 milyon manat, yəni 96,5 faiz icra edilib.

  • DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq

    Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib.

    Median.Az xəbər verir ki, müraciətdə bayram günlərində ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi bildirilib.

    “İyun ayının 6-dan 10-dək respublika ərazisində – ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq, həyat təminatlı və strateji obyektlərdə təhlükəsizlik tədbirləri diqqətdə saxlanılmaqla polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər”, – məlumatda bildirilib.

    Qeyd olunub ki, vətəndaşların xeyirxah əməllərini təhlükəsiz şəraitdə sanitariya, gigiyena tələblərinə əməl olunmaqla həyata keçirməsi vacibdir:

    “Bu məqsədlə qurbanlıq heyvanların müəyyən olunmuş yerlərdən kənarda satışı və kəsiminə icazə verilməyəcək”.

  • Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

    Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə bundan əvvəl də daxil olmuş vətəndaş müraciəti əsasında “Mayomed” özəl tibb müəssisəsində tibb təhsili olmayan Nihad Aslanov tərəfindən göstərilən kosmetoloji tibbi xidmətlə bağlı araşdırma aparılıb.

    Bu barədə AEM-dən məlumat verilib.

    Bildirilib ki, klinika inzibati qaydada məsuliyyətə cəlb olunub. Aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və cərimələr tətbiq olunub. Daha sonra klinika tərəfindən Nihad Aslanovun həmin müəssisədə əmək fəaliyyətində olmadığı barədə rəsmi məlumat təqdim edilib.

    Yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntusu və Nihad Aslanov barəsində müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

    Qeyd edək ki, iddiaya görə, özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanov Bakıda yerləşən “MayoMed” klinikasında çalışır, amma onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur.

  • Baş prokurorun müavini Heydər Məmmədov beynəlxalq konfransda iştirak edib

    Azərbaycan Respublikasının baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci ilin 4-5 iyun tarixlərində Monqolustanın Ulan-Bator şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 10-cu Regional Konfransında iştirak edib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Mərkəzi Asiya və Avropa ölkələrinin prokurorluqlarını bir araya gətirən mötəbər tədbirin rəsmi açılış mərasimində Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux konfrans iştirakçılarını salamlayıb, tədbirin işinə uğurlar arzulayıb və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

    Konfrans çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafı, sosial medianın müasir çağırışlar fonunda hüquqi aspektləri və kibercinayətkarlıqla mübarizə sahəsinə təsiri kimi aktual məsələlər müzakirə olunub.

    Heydər Məmmədov konfransda təqdimatla çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə dinamik inkişaf yolunda irəlilədiyini, tərəqqiyönümlü islahatların informasiya-kommunikasiya texnologiyaları, süni intellekt və rəqəmsal media sferalarını da əhatə etdiyini vurğulayıb.

    Bu kontekstdə sosial mediadan daha səmərəli istifadə məsələlərinə də toxunan Heydər Məmmədov təhlükəsiz sosial media mühitinə xidmət edən hüquqi tənzimləmə mexanizmlərinin tətbiqi imkanlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Daha sonra Heydər Məmmədov medianın və sosial şəbəkələrin cinayətlərin aşkar olunması, onların qarşısının alınmasında effektiv istifadə edilməsi, Azərbaycanda sosial media sahəsində normativ hüquqi bazanın gücləndirilməsi və bu kontekstdə beynəlxalq tələblərə cavab verən standartların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

    Həmçinin Bakıda uğurla keçirilmiş BPA-nın 29-cu illik konfrans və ümumi yığıncağının beynəlxalq hüquq əməkdaşlığına verdiyi töhfə xüsusi vurğulanıb.

    Tədbirin gedişində Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqınla, habelə Çin, Nepal, Avstriya, Zimbabve, Tacikistan və Qazaxıstan kimi ölkələrin prokurorluq nümayəndələri ilə görüşlər keçirərək hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

  • В Азербайджане произошло землетрясение

    В поселке Пиргулу Шамахинского района в 16:04 по местному времени зарегистрировано землетрясение магнитудой 3.1.

    Об этом сообщили в Бюро по исследованию землетрясений.

    Очаг подземных толчков залегал на глубине 4 км.