Month: June 2025

  • “Qalatasaray”ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb

    İspaniya millisinin və Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Alvaro Moratanı təhdid edən azarkeş saxlanılıb.

    19 yaşlı gənc sosial şəbəkə hesabına müdaxilələr olduğunu əsas gətirərək polisə müraciət edib.

    Lakin istintaq zamanı onun ifadəsində uyğunsuzluq aşkarlanıb. Araşdırmalar nəticəsində fanatın özünün futbolçunu təhdid etdiyi üzə çıxıb.

    Qeyd edək ki, Alvaro Morato Millətlər Liqasında Portuqaliyaya uduzduqları final oyunundan sonra ölümlə hədələnib. İspanlar penaltilər seriyasında (əsas vaxt – 2:2) rəqibə 3:5 hesabı ilə məğlub olublar. Morata da 11 metrlik zərbədən yararlana bilməyib.

    ///report

  • MÜTDA: Sertifikasiya imtahanında az sayda neqativ hallar olub, 7 müəllimin nəticəsi ləğv ediləcək

    18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.

    Bu barədə Report-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı bildirib.

    O deyib ki, ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22 383 müəllim iştirak edib: “Sertifikatlaşdırma prosesindən uğurla keçən bütün müəllimlərimizi təbrik edir, biliyi, məsuliyyəti, zəhməti və əzmini minnətdarlıqla qiymətləndirir, gələcək əmək fəaliyyətinlərində-öyrənmə və öyrətmə yolunda hər birinə uğurlar arzulayırıq”.
    “İmtahan təşkilindən öncə imtahan qaydaları, təlimatlar müəllimlərlə bölüşülsə də, çoxsaylı görüşlər keçirilib müəyyən xəbərdarlıqlar edilsə də təəssüflə bildiririk ki, az sayda neqativ hallara da rast gəlinib. Belə ki, 7 nəfər müəllimin nəticəsinin imtahan qaydalarını pozması (imtahan zamanı telefondan istifadə, imtahan suallarının şəkillərinin çəkilməsi və s.) səbəbi ilə ləğv edilməsi nəzərdə tutulub. Bu cür hallar prosesə kölgə salmaqla yanaşı, müəllim adının daşıdığı yüksək ictimai etimadla ziddiyyət təşkil edir.

    Ona görə də hər bir iştirakçının bu mərhələyə dürüstlük, məsuliyyət və daxili intizamla yanaşmasının vacibliyini bir daha vurğulayırıq”, – Z.Sevdimalı qeyd edib.

  • Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş – VİDEO

    Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində “dollar yağışı”na tutulması ilə bağlı görüntülər yayılıb.

    Həmin video sosial mediada yüz minlərlə baxış toplamışdı.

    Median.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, Şəbnəm Tovuzunu “dollar yağışı”na tutan həmin ailə, Ofeliya xanım və “Luka” ləqəbli oğlu narkotik alverçisi imiş.

    Gürcüstanını Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.

    Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür.

    Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.

    Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.

    Həmin görüntüləri təqdim edirik:

  • Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ

    Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinə yeni direktor təyin edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Naxçıvan səhiyyə naziri Samiq Sadıxovun müvafiq əmri ilə sözügedən vəzifəyə Məhsəti Abdultalıb qızı Allahyarova təyin olunub.

    O, daha əvvəl Naxçıvan Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

  • İtaliyada qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı

    İtaliyada, Roma yaxınlığında yerləşən Trevinyano-Romano şəhərində qan ağladığı iddia edilən Məryəm Ana heykəlinin əslində saxtalaşdırıldığı məlum olub.

    Bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.

    Qəzetin yazdığına görə, “möcüzə” iddialarını irəli sürən və özünü “öncəgörən” adlandıran Cizella Kardia adlı qadın heykəlin gözlərindən axan qanı öz qanı ilə saxtalaşdırıb. Aparılan DNT analizləri nəticəsində qan nümunəsinin ona məxsus olduğu təsdiqlənib.

    Xatırladaq ki, bu hadisə ilk dəfə 2016-cı ildə gündəmə gəlmişdi. Həmin vaxt Kardia, heykəlin qan ağladığını və Məryəmdən vəhylər aldığını iddia etmişdi. Vatikana təqdim edilən iddialar ötən il rəsmi şəkildə təkzib edilmiş, Kardianın söylədiklərinin fövqəltəbii mahiyyət daşımadığı bildirilmişdi.

    “Le Figaro” yazır ki, Cizella Kardia bu iddialar əsasında gəlir gətirən fəaliyyət qurub, fərdi ianələr hesabına qazanc əldə etdiyi bir assosiasiya yaradıb. Bu səbəbdən saxtakarlıq faktı aşkar edildikdən sonra İtaliya prokurorluğu tərəfindən istintaq başladılıb.

    Hazırda Kardianın harada olduğu bilinmir. O, hüquq-mühafizə orqanlarının maraq dairəsinə düşdükdən sonra yaşadığı evi tərk edib.

    Qeyd edək ki, 1953-cü ildə Siciliyanın Sirakuza şəhərində qeydə alınmış və Papa tərəfindən rəsmi şəkildə möcüzə kimi tanınmış bir hadisədən sonra İtaliyada Məryəm Ana, İsa Məsih və müxtəlif müqəddəslərin heykəlləri ilə bağlı saysız-hesabsız oxşar iddialar irəli sürülüb. Hazırda ölkə əhalisinin 74,5 faizi katoliklərdən ibarətdir.
    //qaynar.az

  • AQTA: Tovuzdakı kütləvi zəhərlənmə dönərdən olub

    Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

    Bu barədə AQTA-dan məlumat verilib

    İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.
    Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
    Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcəkdir.

  • Azər Qasımlı ev dustaqlığına buraxılmadı

    Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkillər Azər Qasımlının ev dustaqlığına buraxılmasını istəyib.

    Vəsatət təmin edilməyib. Hazırlıq iclasının davamı iyulun 2-nə təyin edilib.

    Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.

    O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində həbs qətimkan tədbiri seçilib.

  • “Qabil Məmmədov mənim şəkillərimi yayıb, şərəfimi təhqir edib” – MƏHKƏMƏ

    Bakıda qanunsuz sahibkarlıq və hədə-qorxu ilə tələb etmə cinayətlərində təqsirli bilinən və sələmçiliklə məşğul olan Qönçə Məmmədovanın cinayət işinin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənin xalası qızının şahid ifadəsi dinlənilib.

    Günel Kazımova təqsirləndiriləni yaxından tanımadığını deyib. Zərərçəkən Gülay Quliyevanın onun evində kirayə qaldığını deyib.

    “Onu xalam qızının yanında görmüşəm. Bir iki dəfə evimizə basqın edib. Gülayın aldığı pulu məndən tələb edirdi. Mənim yoldaşımın da, qızımın da şəkillərini Qabilə atmışdı. Heç bir günahım olmaya-olmaya mənə mənəvi ziyan vurub. Xalamın qızı ondan pul götürmüşdü. Onunla mübahisəsi var idi. Qönçə də bununla bağlı məni narahat edirdi. Sosial şəbəkələrdən fotoları götürüb Qabilə atıb. O da o şəkillərlə mənim şərəf və ləyaqətimi pis formada təhqir edib”.

    Şahidin bu ifadəsinə etirazını bildirən Qönçə Məmmədova onun yalan danışdığını deyib.

    Növbəti proses iyulun 7-nə təyin edilib.

    Qeyd edək ki, istintaq zamani məlum olub ki Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək, göstərdiyi xidmət qarşılığında müştərilərindən faizlər alıb.

    Q.Məmmədova 13 nəfərə 92 min 760 manat sələm verərək, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisi onun vasitəsilə şantaj olunmaları barədə polisə şikayətindən sonra açılıb.

    Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən xanım ondan pul götürən G.Quliyeva və F.Fərzəliyevaya borclarından əlavə pul hesablayaraq ödənilməsini tələb edib.

    Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantajla üz-üzə qalıblar.

    Q.Məmmədova həmcinslərini şantaj etmək üçün zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı və hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.

    Zərərçəkmiş xanımlar şikayətlərində vurğulayırlar ki, Qönçə Məmmədova onları “YouTube” və digər sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib.

    Təqsirləndirilən şəxs planlaşdırdığı kimi də edərək, həmin xanımların özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videoları Qabil Məmmədova göndərib. Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən hesablar vasitəsilə G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyərək, onlar haqqında rüsvayedici ifadələr işlədib.

    Zərərçəkənlərin dediyinə görə, Qönçə Qabil Məmmədovu xalası oğlu kimi təqdim edib.

    Zərərçəkənlər onun bu şantaj əməllərindən qorxaraq, tələbləri ilə razılaşsalar da, sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

    Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb.

    Qönçə Məmmədova özünü qismən təqsirli hesab edib. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib. G.Quliyeva haqqında məlumatları da Qabilə ona görə göndərib ki, bu yolla təsir etsin.

    Qeyd edək ki, Qönçə Məmmədova ilə yanaşı bu işə görə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan olunmayıb. Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.

    Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı, 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ilə ittiham irəli sürülüb.

  • Tovuzda qidadan zəhərlənənlərin sayı 21-ə çatdı (YENİLƏNİB)

    Bu gün saat 16:56 radələrində 21 nəfər (10-ü kişi, 11-ü qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

    “Report”un Qərb bürosu xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir.

    * * * * *

    Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

    Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

    Qidadan zəhərlənənlər 2022-ci il təvəllüdlü Ə.Əliyev, 2007-ci il təvəllüdlü A.Cəfərova, 1979-cu il təvəllüdlü X.Musayeva, 2008-ci il təvəllüdlü R.Əmiraslanov, 2017-ci il təvəllüdlü R.Eyvazov, 2013-cü il təvəllüdlü R.Eyvazov, 1983-cü il təvəllüdlü D.Eyvazov, 2019-cü il təvəllüdlü P.Ələkbərli, 2016-ci il təvəllüdlü E.Kərimli, 2018-ci il təvəllüdlü E.Kərimli, 1997-ci il təvəllüdlü Ş.Əliyeva, 2006-cı il təvəllüdlü A.Hüseynovadır.

    Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləri və onların qohumlarıdırlar.

  • Kəmaləddin Heydərov generalın təqaüdə göndərilməsi ilə bağlı əmr imzaladı

    Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin sabiq rəisi general-mayor Məhərrəm Həsənov təqaüdə göndərilib.

    Median.Az “Qaynarinfo” ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, bu ilin may ayında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi Məhərrəm Həsənov vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü. Generalın FHN-də başqa bir quruma təyin olunma ehtimalı var idi. Amma Məhərrəm Həsənov öz istəyi ilə təqaüdə çıxıb.