Month: İyun 2025

  • Bu gün Milli Sevgililər Günüdür

    Həyat sevgilərdən yaranan sevinc və kədərlərlə doludur. Saf sevgi çox müqəddəs hissdir. Təəssüf ki, sevgi insanı xoşbəxt də edir, bədbəxt də. Elə sevgilər də var ki, həyat onları bir ömür yaşadır. Elə sonsuz eşqlə hüznün vəhdətini özündə birləşdirən Fərizə və İlhamın sevgisi də unudulmayan sevgilərdəndir.

    30 iyun tarixinin Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunması da məhz Fərizə və İlham Allahverdiyevlərin sevgilərini 1989-cu ilin bu günündə rəsmiləşdirmələri ilə bağlıdır.

    1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə sevginin, sədaqətin simvolu kimi hesab edilir.

    Azərbaycanda Sevgililər Günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir.

    Belə ki, İlham və Fərizə cütlüyünün faciəli məhəbbət hekayəti milyonlarla azərbaycanlını kədərə boğub. Bu günün tarixçəsi qəmli olsa da, onların məhəbbətini Leyli və Məcnun, Fərhad və Şirinin məhəbbətləri ilə müqayisə etmək olar.

    1990-cı ilin gəlişi Allahverdiyevlər ailəsinə sevinc yox, kədər gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi oldu. Bu şahidlik onu şəhidlik zirvəsinə qaldırdı.

    Həyat yoldaşının həlak olduğunu eşidən Fərizə onsuz həyatdan imtina edib. İntihara cəhd edən Fərizəyə mane oldular, ilk cəhdinin boşa çıxmasına baxmayaraq, o, fikrindən dönmədi. Fərizə doğmalarına vida məktubu yazıb, İlhamsız yaşaya bilməyəcəyini bildirərək sirkə içib, bətnindəki körpəsi ilə birlikdə əbədiyyən gözlərini yumub.

    İlham və Fərizənin faciəvi talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər Günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir. Bu tarix azərbaycanlılar üçün əsl məhəbbət və sədaqət bayramıdır.

    Qeyd edək ki, İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

    1989-cu ilin 30 iyununda “Vağzalı” sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə hazırkı “20 Yanvar” dairəsində vurulub.

  • Estoniyanın təhsil naziri səkkizi dördə vura bilmədi

    Estoniyanın təhsil naziri Kristina Kallas aparıcının səkkiz dəfə dördün neçə olduğu sualına cavab verə bilməyib.

    Bu barədə Median.Az vesti.ru-ya istinadən xəbər verir.

    Müsahibə zamanı aparıcının sualına nazir “təhsil yalnız riyazi düsturlar deyil”, – deyə cavab verib. Sual təkrarlandıqda isə Kallas “bilmirəm” deyib.

    Qeyd edək ki, Kristina Kallas təhsil və inteqrasiya sahəsində ekspert, siyasətçi və dövlət xadimidir. 2016-cı ildə o, politologiya üzrə doktorluq dissertasiyası müdafiə edib.

  • Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirildi: Daha bir nəfər saxlanıldı – VİDEO

    İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

    Məlumata görə, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi VAZ-2104 markalı avtomobillə “saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

    Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər isə saxlanılıb.

    Avtomobildən 10 kq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri görülür.

  • 8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir – VİDEO

    2017-ci ildə Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə start götürən layihə hələ də sona çatdırılmayıb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Azadlıq prospekti və ətraf küçələrdə yaşayan 213 mülkiyyətçi evlərini tərk edib, “Yeni Ailə” MTK-ilə rəsmi müqavilə bağlayıb.

    Müqaviləyə görə, cəmi 2 ilə ailələrin mənzilləri təhvil verilməli idi. Ancaq bu gün 8 ildir gözləyən sakinlər var.

    Sakinlər sadəcə mənzil deyil, hər ay verilməli olan kirayə haqlarının da ödənmədiyini iddia edirlər. Kommunal xidmətlər demək olar ki, yox səviyyəsindədir. Üstəlik təhvil verilməyən kompleksdə artıq liftlər də işləmir.

    Məsələ ilə bağlı “Yeni Ailə” MTK-nın rəsmisi Ziya Hacıyev bildirib ki, hazırda kompleksin tikilib başa çatdırılması məqsədilə iş gedir. Yaxın bir ay ərzində su, qaz, işıq sayğacları quraşdırılacaq və liftlər bərpa ediləcək. O həmçinin əlavə edib ki, hazırda şirkətdə yoxlama gedir və maliyyə problemləri var.

    Buna görə də kirayə haqları gecikir. Həmin ödənişlərin də 20 gün ərzində həyata keçirilməsi gözlənir.

    Ətraflı süjetdə:

  • Pakistanda güclü musson yağışları nəticəsində 45 nəfər ölüb

    Pakistanda son bir neçə gündə güclü musson yağışları və onların törətdiyi fəsadlar nəticəsində azı 45 nəfər ölüb.

    Bu barədə Geo TV məlumat yayıb.

    Telekanalın məlumatına görə, ölənlərin çoxu – 21 nəfər Heybər-Paxtunxva əyalətində qeydə alınıb. Sind, Bəlucistan və Pəncab əyalətlərindən də ölüm xəbərləri gəlir.

    Bildirilir ki, güclü yağış və mümkün daşqın riski hələ bir həftə davam edəcək. Qeyd edilir ki, qasırğalı küləklər və tufan zəif tikililərə, elektrik xətlərinə, reklam lövhələrinə, nəqliyyat vasitələrinə və günəş panellərinə ziyan vura bilər. Dağlıq ərazilərdə baş verən sürüşmələr müvəqqəti olaraq yol əlaqəsini poza bilər.

  • Həyət evlərində qalanlar həşəratlara qarşı hansı dərmanlardan istifadə etməlidirlər? – VİDEO

    Havaların isinməsi ilə canlı aləmdə də canlanma baş verib.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sürünənlər, həşəratlar çoxalır, bitki və evlərin həyətyanı sahələrində təhlükə artır.

    Baytarlıq aptekləri və zoo-mağazaların sahiblərinin sözlərinə görə, qış aylarında dərmanlamaya bu qədər ehtiyac duyulmur. Ən təhlükəli vaxt isə may ayından başlayır.

    Ətraflı süjetdə:

  • Qızıl bazarında vəziyyət necədir? – VİDEO

    Həm Məhərrəm ayının başlaması, həm də qiymət artımı səbəbindən qızıla tələbat azalıb.

    Median.Az ATV-yə istinadən məlumat verir ki, satıcıların sözlərinə görə, toyların olmaması alıcıların sayına təsir edib.

    Hazırda qızılın qiyməti 110 -115 manatdan başlayır.

    Alıcılar isə, qiymət artımı səbəbindən istədikləri zinət əşyasını ala bilmədiklərini bildiriblər.

    Ətraflı süjetdə:

  • Erkən evliliyə rəvac verənlər cəzalandırılacaqlar – Qərar iyulun 1-dən qüvvəyə MİNİR

    İyulun 1-dən etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik qüvvəyə minir.

    Ötən il iyulun 23-də Prezident İlham Əliyev dəyişikliklə bağlı müvafiq qanunu imzalayıb, bununla da məcəlləyə yeni maddə əlavə edilib.

    176-2-ci maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Bundan başqa, İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

    Qeyd edək ki, bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

    Eyni zamanda, Məcəlləyə 189-2-ci maddə də əlavə olunub.

    Bu maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə edilirlər.

    Bu Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilirlər.

    Qeyd edək ki, bu maddədə “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

    Bununla yanaşı, Məcəlləyə əlavə edilən 189-3.1-ci maddədə bildirilir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər min manat məbləğində cərimə edilir.

    Bu Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

  • Uşaqlarla bağlı sosial müavinətlərin məbləği ARTIRILIR

    2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri artırılır.

    Bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

    Belə ki, fərmanla ailə başçısını itirməyə görə 140 manat;

    – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;

    – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;

    – bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;

    – beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;

    – övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;

    – himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0-6 yaş arası uşağa görə 500 manat, 7-13 yaş arası uşağa görə 600 manat, 14-18 yaş arası uşağa görə 650 manat;

    – uşağın anadan olmasına görə 600 manat aylıq müavinət müəyyən edilib.

  • Bir qrup xarici vətəndaş İrandan Azərbaycan vasitəsilə təxliyə olunub

    Bir qrup xarici vətəndaş növbəti humanitar əməliyyat çərçivəsində Azərbaycan ərazisinə təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə prosesi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində beynəlxalq humanitar normalara uyğun şəkildə təşkil edilib. Vətəndaşlar sənədləşmə, sərhəd və tibbi yoxlamalardan keçdikdən sonra Azərbaycan ərazisinə təhlükəsiz şəkildə daxil olublar.

    Təxliyə iştirakçıları onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlik üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər. Həmin şəxslər üçün ayrılmış nəqliyyat vasitələri ilə Bakı istiqamətində hərəkət təmin olunub. Hazırda digər ölkə vətəndaşlarının da təxliyəsi davam etdirilir.

    Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.