Month: İyun 2025

  • İranda zəlzələ oldu

    İranda zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Heydərabad stansiyasından 38 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ Heydərabad ərazisində yüksək mərtəbəli binalarda 3 bala qədər hiss olunub.

  • İş adamının oğlunun ölüm səbəbi məlum oldu

    Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Ebrar Büyükfıratın ölüm səbəbi məlum olub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, o, yaşadığı binanın altıncı mərtəbəsindən yıxılıb.

    Hadisə iyunun 28-də saat 12 radələrində Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 104, mənzil 35-də baş verib.

    Türkiyə vətəndaşı, 1998-ci il təvəllüdlü Ebrar Abdurrahim Hüseyn oğlu Büyükfırat yaşadığı binanın eyvanından yıxılıb və vəfat edib.

    Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

    Qeyd edək ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin rəhbəri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu vəfat edib. O, Qurd Qapısı qəbiristanlığında dəfn edilib.

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • “Sputnik Azərbaycan”da əməliyyat keçirilir

    Hazırda “Sputnik Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.

    Qeyd edək ki, bir müddət əvvəl “Sputnik Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.

    Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Sabirabad və Şirvan şəhərinin bir sıra ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

    Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, “Azadkənd Əhali” ölçü qovşağında quraşdırılmış diametri 200 mm-lik “RDO-1-16/200″ tipli qaz tənzimləyicidə yaranmış nasazlıqla əlaqədar təxirəsalınmaz olaraq qaz tənzimləyicinin yenisi ilə əvəzlənməsi məqsədilə 30.06.2025-ci il saat 11:25-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Azadkənd, Poladtoğay, Yaxadəllək, Beşdəli, Qarağac, Dadaşbəyli, Minbaşı, Əliləmbəyli, Çığırğan, Xankeçən, Cəngən, Çiçəkli, Muğangəncəli, Salmanlı kəndləri və Şirvan şəhəri Bayramlı qəsəbəsi H.Cavid və M.Ə.Sabir küçələrində (ümumi 4 541 abonent) Azadkənd” QPS-dən qidalanan “Azadkənd Əhali” ölçü qovşağından qaz təchizatı dayandırıldı.

  • KİV: “Kadırovun oğlu toyunda qoluna 28 milyon dollarlıq saat taxıb” – FOTO

    Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun böyük oğlu Adam Kadırov öz toyunda qoluna 320 brilyantla bəzədilmiş “Jacob&Co” şirkətinin istehsal etdiyi “Billionaire Ashoka” saatını taxıb.

    Bu barədə Rusiya “Telegram” kanalları məlumat verib.

    “Billionaire Ashoka” modelinin dəyərinin 27.7 milyon dollar olduğu bildirilir.

    Bundan əlavə bildirilir ki, 17 yaşlı Adam Kadırov toyunda Rusiyaya tədarükü qadağan edilən “Mercedes” avtomobillərindən birini idarə edib.

    Xatırladaq ki, mətbuata Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırovun ailə qurduğu iyunun 27-də məlum olub. Toy qapalı olub. Adam Kadırovun Medni adlı xanımla nikaha daxil olduğu bildirilir. Rusiya Prezidenti Vladimir Putin Adam Kadırovu şəxsən təbrik edib.



  • Vətən Müharibəsi Qəhrəmanlarının təqaüdləri ARTIRILIR

    2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri artırılır.

    Bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

    Belə ki, növbəti aydan Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 200 manat, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər bir şəxsə 2 000 manat veriləcək.

    Həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1 700 manat müəyyən edilib.

  • Qadınların pensiya yaşı daha altı ay qaldırılır

    İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay olacaq.

    1 iyul 2025 – 30 iyun 2026-ci il tarixində pensiya yaşı kişilər üzrə 65 il, qadınlar üzrə 64 il 6 ay olacaq.

    Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

    Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulub.

    Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq.

  • Şəhid ailələri üçün verilən müavinətin məbləği ARTIR

    Şəhid ailələri üçün aylıq müavinət 2025-ci il iyulun 1-dən 700 manat həddində müəyyən olunub.

    Bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

    Fərmanla şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, eləcə də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə iyulun 1-dən ayda 700 manat müavinət veriləcək.

    Xatırladaq ki, sözügedən müavinətin məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilmişdi.

  • Zərərçəkmiş: “Moon Kids” uşaq bağçasının direktoru gəlinimi işə düzəltmək üçün 5 min manat istədi”

    Dələduzluqda ittiham olunan, “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam edib.

    Zərərçəkən Vüqar İsmayılov ona dəyən zərərin ödənilməsini deyib:

    “Mən qızımı işə düzəltmək məqsədilə internetdə gördüyüm elandakı bağçaya müraciət etdim. Elanda yazılmışdı ki, uşaq bağçasına musiqi müəllimi axtarılır. Havvaxanımın qəbuluna gedəndə qızım bayırda gözlədi. Mən gedib onunla danışdım. Dedi ki, qızımı işə düzəlmək üçün 3-4 min pul verməliyəm. Razılaşdıq. Qızım işə düzəldi və növbəti 2 ay 300 manat maaş aldı. Sonra maaş verilmədi. Prokurorluğa müraciət etdik. Havvaxanımın atası 3 min manatını qaytardı, qalan 1000 manatını da onlara bağışladım”.

    Digər zərərçəkən Tarverdi Həsənov isə bildirib ki, bağçadakı iş elanını ilk dəfə gəlini görüb:

    “Gəlinim bağçada işlə bağlı elan gördü. Müraciət edib Havvaxanımın qəbuluna getdik. Dedilər ki, 5 min manat pul lazımdır. Gəlinimə zəng edib təcili gətirməli olduğumuzu dedilər. Mən onlara 5 min verə bilməyəcəyimi, 4 min manat verəcəyimi bildirdim. Dedim ki, qalanını maaşda çıxarsınız. Lakin, ona iki ay işləməsinə baxmayaraq, maaş verilmədi. Havvaxımın yanına gedib nə məsələ olduğunu soruşdum. Narahat olacaq səbəb olmadığını bildirdi. Sonra köməkçisindən öyrəndim ki, Havvaxanımı tutublar. Atasının nömrəsini tapıb danışdım. Xahiş etdim ki, banka olan borcumuzu ödəyəcək qədər pul qaytarsınlar. Mənə 2 min manat verib sənədə qol çəkdirdilər. İstintaq zamanı çağırılanda dedim ki, mən razı deyiləm, pulumu qaytarsınlar. Atası 1100 manat da verib xahiş etdi ki, məsələni bağlayaq”.

    Havvaxanım Rüstəmova zərərçəkəni tanıdığını bildirib. O, zərərçəkənin gəlinindən təcrübə üçün 4 min manat pul alıb. Həmin qadının əmək müqaviləsi də olub. Təqsirləndirilən dəymiş ziyanın qalanını da ödəniləcəyinə söz verib.

    Növbəti proses avqustun 4-nə təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın bir qismini ödəyib.

    Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

    Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

    “Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

    Qeyd edək ki, iş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş şəxs kimi tanınıb.

    Təqsirləndirilən şəxs zərərçəkmişlərə vurulan 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.
    //oxu.az