Month: İyun 2025

  • Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı HƏBS OLUNDU

    Rusiyanın Yamal-Nenets Muxtar Dairəsinin Labıtnanqi şəhərində 2006-cı ildə törədilmiş qətllə bağlı cinayət işinin istintaqı yekunlaşıb. İş üzrə təqsirləndirilən şəxs uzun illər beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşıdır.

    Bu barədə ura.ru məlumat yayıb.

    İstintaqın materiallarına görə, faciəli hadisə 2006-cı il mayın 3-nə keçən gecə baş verib. Təqsirləndirilən şəxslə tanışı arasında münaqişə baş verib və şübhəli şəxs zərərçəkənə tərəf odlu silahdan beş dəfə atəş açaraq, onu qətlə yetirib.

    Qətldən sonra təqsirləndirilən şəxs hadisə yerindən qaçıb və Rusiyanı tərk edib.

    Qeyd olunub ki, cinayətin üstünün açılması üçün bütün bu illər ərzində işlər davam etdirilib.

    İş üzrə müttəhimə Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qətl) ilə 6 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan qiyabi ittiham irəli sürülüb.

  • Vətəndaşlara ŞAD XƏBƏR: Sabahdan bəzi ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

    “Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin və eləcə də qiymətin azalmasına səbəb ola bilər”.

    Bu fikirləri iqtisadçı-deputat Vüqar Bayramov bildirib.

    O bildirib ki, artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən əlavə dəyər vergisinin 50 faizi (“ƏDV cashback”) geri qaytarılacaq:

    “Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq olunacaq”.

    Deputat qeyd edib ki, digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir:

    “Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib”.

  • Fəxri adlara görə aylıq təqaüdün məbləği ARTIRILIR

    2025-ci il iyulun 1-dən fəxri adlara görə aylıq təqaüdün məbləği artırılır.

    Bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

    Belə ki, fərmanla növbəti aydan xalq yazıçısı, Xalq şairi, Xalq artisti və Xalq rəssamı üçün 300 manat, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim, Əməkdar həkim, Əməkdar memar, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar dövlət qulluqçusu, Əməkdar jurnalist, Əməkdar mühəndis, Əməkdar hüquqşünas, Əməkdar kənd təsərrüfatı işçisi, Əməkdar pilot, Əməkdar tibb işçisi üçün 200 manat aylıq təqaüd müəyyən edilir.

  • XİN-də yeni struktur DƏYİŞİKLİYİ

    Azərbaycan Xarici İşlər Nazirliyinin yeni strukturu təsdiqlənib.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, struktur cədvəli 2025-ci il iyunun 18-də rəsmiləşdirilib.

    Yeni struktura görə, XİN-in nəzdində İqlim Diplomatiyası İdarəsi yaradılıb. Bu idarə nazir müavini Yalçın Rəfiyevin tabeliyində fəaliyyət göstərəcək. İdarənin əsas funksiyalarının Azərbaycan Respublikasının iqlim siyasətinin beynəlxalq arenada təmsil olunması və əlaqədar diplomatik təşəbbüslərin əlaqələndirilməsi olduğu ehtimal edilir.

    Qeyd edək ki, Xarici İşlər Nazirliyinin hazırkı strukturu nazir Ceyhun Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərir. Nazirlikdə xüsusi tapşırıqlar üzrə səfirlər, müxtəlif nazir müavinləri, eləcə də regional və funksional idarələr yer alır.

  • Sabahdan sosial müavinətlərin artırılması ilə bağlı qanun QÜVVƏYƏ MİNİR

    Prezident İlham Əliyevin sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında imzaladığı Fərman 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

    Fərmanla sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

    1.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat;

    1.2. ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat;

    1.3. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat;

    1.4. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat;

    1.5. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 (yüz qırx) manat;

    1.6. beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat;

    1.7. övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 (iki yüz qırx) manat;

    1.8. himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0-6 yaş arası uşağa görə 500 (beş yüz) manat, 7-13 yaş arası uşağa görə 600 (altı yüz) manat, 14-18 yaş arası uşağa görə 650 (altı yüz əlli) manat;

    1.9. uşağın anadan olmasına görə 600 (altı yüz) manat;

    1.10. dəfn üçün 600 (altı yüz) manat.

    2. 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən edilsin:

    2.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat;

    2.2. “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat;

    2.3. şəhid ailəsi üçün 700 (yeddi yüz) manat;

    2.4. 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat;

    2.5. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 (yeddi yüz) manat;

    2.6. müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

    2.6.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat;

    2.6.2. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;

    2.6.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;

    2.7. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 (yüz iyirmi) manat;

    2.8. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat;

    2.9. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat.

    3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2025-ci il iyulun 1-dən 1700 (min yeddi yüz) manat müəyyən edilsin.

    4. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat müəyyən edilsin.

    5. “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329 (Cild I) 2-ci hissəsində “1500 (min beş yüz)” sözləri “1700 (min yeddi yüz)” sözləri ilə əvəz edilsin.

    6. “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594 (Cild I) 1-ci hissəsində “1800 (min səkkiz yüz)” sözləri “2000 (iki min)” sözləri ilə əvəz edilsin.

    7. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 5 (Cild I) 1-ci hissəsində “600 (altı yüz)” sözləri “700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.

    8. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040 (Cild I) 1-ci hissəsində “600 (altı yüz)” sözləri “700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.

    9. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

    9.1. 1.1-ci bənddə “500 (beş yüz)” sözləri “600 (altı yüz)” sözləri ilə əvəz edilsin;

    9.2. 1.2-ci bənddə “400 (dörd yüz)” sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin;

    9.3. 1.3-cü bənddə “330 (üç yüz otuz)” sözləri “400 (dörd yüz)” sözləri ilə əvəz edilsin.

    10. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

    10.1. 1.1.2-ci yarımbənd üzrə:

    10.1.1. ikinci abzasda “270 (iki yüz yetmiş)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

    10.1.2. üçüncü abzasda “220 (iki yüz iyirmi)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;

    10.1.3. dördüncü abzasda “150 (yüz əlli)” sözləri “180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;

    10.2. 1.1.3-cü yarımbənd üzrə:

    10.2.1. ikinci abzasda “270 (iki yüz yetmiş)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

    10.2.2. üçüncü abzasda “220 (iki yüz iyirmi)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;

    10.2.3. dördüncü abzasda “150 (yüz əlli)” sözləri “180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;

    10.3. 1.1.4-cü yarımbənd üzrə:

    10.3.1. ikinci abzasda “270 (iki yüz yetmiş)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

    10.3.2. üçüncü abzasda “220 (iki yüz iyirmi)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;

    10.3.3. dördüncü abzasda “150 (yüz əlli)” sözləri “180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;

    10.4. 1.1.6-cı yarımbənddə “120 (yüz iyirmi)” sözləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;

    10.5. 1.1.8-ci və 1.1.9-cu yarımbəndlərdə “120” rəqəmləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;

    10.6. 1.1.10-cu yarımbənddə “100 (bir yüz)” sözləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;

    10.7. 1.1.12-ci yarımbəndin 1-ci abzasında “200” rəqəmləri “240 (iki yüz qırx)” sözləri ilə əvəz edilsin;

    10.8. 1.1.13-cü yarımbəndin 2-ci abzasında “395” rəqəmləri “500 (beş yüz)” sözləri ilə, “415” rəqəmləri “600 (altı yüz)” sözləri ilə, “435” rəqəmləri “650 (altı yüz əlli)” sözləri ilə əvəz edilsin;

    10.9. 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərdə “500 (beş yüz)” sözləri “600 (altı yüz)” sözləri ilə əvəz edilsin.

    11. “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539 (Cild I) 1-ci hissəsində “105 (yüz beş)” sözləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin.

    12. “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 249 (Cild I) 1-ci hissəsində “200 (iki yüz)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin.

    13. “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 962 (Cild I) 1-ci hissəsində “600 (altı yüz)” sözləri “700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.

    14. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643 (Cild I) 1-ci hissəsində “100 (bir yüz)” sözləri “120 (yüz iyirmi)” sözləri ilə əvəz edilsin.

    15. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1488 (Cild I) 1-ci hissəsində “2000 (iki min)” sözləri “2200 (iki min iki yüz)” sözləri ilə əvəz edilsin.

    16. “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1494 (Cild I) 1-ci hissəsində “300 (üç yüz)” sözləri “350 (üç yüz əlli)” sözləri ilə əvəz edilsin.

    17. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609 (Cild I) 1-ci hissəsinin birinci abzasında “200 (iki yüz)” sözləri “300 (üç yüz)” sözləri ilə, “150 (yüz əlli)” sözləri “200 (iki yüz)” sözləri ilə əvəz edilsin.

    Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

  • Ararat Mirzoyan yenə KTMT-nin iclasında iştirak etmədi

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    Təşkilata üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin görüşü Çolpon-Atada keçirilir.

    2024-cü ildə Ermənistan KTMT-nin Qırğızıstandakı təlimlərində də iştirakdan imtina edib.

    Daha sonra, 2025-ci ilin martında Ermənistan hökuməti KTMT katibliyini təşkilatın maliyyələşdirilməsində iştirakını dayandırmaq qərarı barədə xəbərdar edib.

  • Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşləri bu gün Azərbaycana gətiriləcək

    “Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşləri bu gün Azərbaycana gətiriləcək”.

    Bu barədə “Report”a onların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

    Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir.

    Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

    Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

    Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

  • Təmir işləri Bakının bir hissəsini qazsız qoydu

    Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

    A.Abbasov, A.Şərifzadə küçələrinin tam olaraq, M.Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

  • Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı QƏRAR VERİLDİ

    Keçmiş deputat Hüseyn Abdullayevin barəsində olan hökmdən verilən şikayətə baxılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, Hüseyn Abdullayevin şikayəti təmin olmayıb, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

    Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli hökmü ilə “Quska” cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək yenidən 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb.Bu əməllərinə görə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

  • Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır – BƏYANAT

    “Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb.

    Median.Az “Report”a istinadən bəyanatın tam mətnini təqdim edir:

    “Biz – “Environmental Protection First (EPF)” Koalisiyasının üzvləri Fransanın nüvə yanacağı nəhəngi – “Orano” dövlət şirkətinin urantərkibli radioaktiv tullantıların bir hissəsini Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsini Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk.

    Fransa mediasının məlumatlarına (https://courrierfrance24.fr/orano-envoie-secretement-des-dechets-dangereux-en-armenie-et-fait-des-dons-mysterieux-a-une-fondation-liee-au-premier-ministre-armenien) görə, bu prosesə 2025-ci ilin iyunundan başlanılıb, nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib. Göyçə gölünün şimalında olan bu park bütünlüklə Ağstafa çayının hövzəsində 1100-2800 metr yüksəklikdə yerləşir, su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanda biomüxtəliflik təhdid altındadır.

    Fransa mediasının araşdırmaları göstərir ki, urantərkibli radioaktiv tullantıların Ermənistana ixrac edilməsi bu ilin fevralında Parisdə Makron-Paşinyan görüşündə razılaşdırılıb, ardınca Paşinyanın arvadı Anna Ankopyanın “Mənim Addımım” Fondunun hesabına bu sövdələşmənin mükafatı olaraq, fransız şirkətindən böyük məbləğdə şübhəli ianələr daxil olub.

    Nüvə tullantılarının Ermənistanda seysmik cəhətdən aktiv bölgəyə yerləşdirilməsi təhlükənin miqyasını daha da böyüdür.

    18 atom elektrik stansiyasında 56 nüvə reaktoruna malik Fransanın nüvə tullantılarını müstəmləkə regionlarındakı dənizlərə axıtmasının ardınca indi də Ermənistana daşıması bütün dünyanı, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi narahat etməlidir.

    Biz Ermənistanın ekoloji təşkilatlarını da bu ekoloji terroru dayandırmaq üçün ayağa qalxmağa çağırırıq. Fransa-Ermənistan cütlüyünün Espoo Konvensiyasının, Biomüxtəlifliyin Qorunması haqqında Konvensiyanın, Transsərhəd Su Resurslarının İstifadəsi və Qorunması haqqında Helsinki Konvensiyasının tələblərinə meydan oxumasına son qoyulmalıdır.

    Ermənistan hakimiyyəti Fransa mediasında yayılmış məlumatları guya “dezinformasiya” adlandırsa da, faktı yerində yoxlamağa imkan vermir.

    Biz – “Environmental Protection First (EPF)” Koalisiyası olaraq, baş nazir Nikol Paşinyanı Azərbaycan QHT-lərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və digər beynəlxalq təşkilatların nümayəndələri ilə birgə Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərdə radioaktiv tullantılarla əlaqədar monitorinq aparmağa şərait yaratmağa çağırırıq”.