Month: İyul 2025

  • Bu ildırım dünya rekordu qırdı

    2017-ci ildə ABŞ-də meydana gələn şimşək çaxması dünya rekordu qırıb.

    Bu haqda Ümumdünya Meteorologiya Təşkilatı (WMO) hesabat dərc edib.

    Hesabatda qeyd edilib ki, 2017-ci ilin oktyabrında ABŞ-də müşahidə edilən 829 kilometrlik təbiət hadisəsi ən uzun ildırım təyin edilib.

    Bildirilir ki, sözügedən ildırım həmin ilin araşdırmalarına daxil edilməyib, lakin sonradan o aşkarlanıb və bu qənaətə gəlinib.

    İldırım Texasın şərqindən Missuri ştatının Kanzas Siti şəhərinə qədər uzanıb.

    Açıqlamada qeyd olunub ki, bu uzunluq Fransanın Parisi ilə İtaliyanın Venesiya şəhərləri arasındakı məsafəyə uyğundur.

    Qeyd edək ki, bundan öncəki rekord 2020-ci ilin aprelində ABŞ-də görülən 768 kilometrlik ildırım olub.
    //qafqazinfo

  • Kiyevdə matəm elan olundu

    Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

    Bu barədə öz Teleqram kanalında Kiyev meri Vitali Kliçko bildirib.

    Qeyd edək ki, iyulun 31-nə keçən gecə Rusiya Kiyevə iri pilotsuz təyyarə hücumu edib, səhər isə raket zərbələri endirib. Rusiyanın hücumu nəticəsində 11 nəfər (o cümlədən biri uşaq) həlak olub, 135 nəfər yaralanıb.

  • “Euronews”da III Şuşa Qlobal Forumu haqqında material dərc edilib – VİDEO

    52 ölkənin təmsil olunduğu III Şuşa Qlobal Media Forumu süni intellektin jurnalistikaya təsirini araşdıraraq etika, media savadlılığı və qlobal əməkdaşlığa ehtiyacı önə çəkib.

    Bu barədə “Euronews” nəşrinin III Şuşa Qlobal Media Forumu haqqında dərc etdiyi “III Şuşa Qlobal Media Forumunda Süni İntellekt diqqət mərkəzindədir” sərlövhəli materialda qeyd olunub.

    Bildirilib ki, III Şuşa Qlobal Media Forumu süni intellektin jurnalistikaya artan təsirini araşdırmaq üçün 52 ölkədən 140-dan çox nümayəndəni bir araya gətirib:

    “Müzakirələr zamanı dezinformasiya, süni intellektin məsuliyyətli inkişafı və bütün dünyada media savadlılığının artırılması zərurəti də daxil olmaqla problemlər müzakirə olunub.

    Aparıcı xəbər agentliklərinin, texnoloji firmaların və akademik qurumların məruzəçiləri bu günün sürətlə dəyişən informasiya mühitində dayanıqlılığı artırmaq üçün daha güclü transsərhəd əməkdaşlığa çağırıblar.

    Ev sahibi ölkə Azərbaycan üçün Forum həmçinin qlobal tendensiyaların formalaşmasında regionun genişlənən rolunu, süni intellektə uyğunlaşma və media bütövlüyünü möhkəmləndirmək öhdəliyini nümayiş etdirdi”.

  • Sabit tarifin tətbiq olunması nə vəd edir? – ARAŞDIRMA

    İyulun 28-də “Elektroenergetika haqqında” Qanuna dəyişiklik təsdiqlənib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi – sabit tarif mexanizmi əlavə edilib. Sabit tarif (məsələn, 1 manat) hamı üçün eynidir. Məqsəd elektroenergetika sisteminin sabit və dəyişməyən xərclərinin bütün məişət istehlakçıları arasında ədalətli şəkildə bölüşdürülməsidir.

    Sabit tarif mövcud tarifi artıracaq?

    “Elektroenergetika haqqında” Qanuna dəyişikliklər müəyyən sualların meydana çıxmasına səbəb olub.

    Ən çox verilən suallardan biri budur: “Sabit tarif tətbiq olunması mövcud tarifi artıracaqmı?”

    Xeyr, sabit tarifin tətbiq olunması elektrik və qaz tariflərinin artımı demək deyil. Mövcud tarifin daxilində strukturlaşdırma aparılması və istehlakından asılı olmayaraq hər bir abonentin sabit tarifi ödəməsi nəzərdə tutulur. Ümumiyyətlə “Sabit tarif” xərc əsaslı tarif elementlərindən biridir. Sabit tarifin tətbiqində əsas məqsəd xidmət keyfiyyətinin artırılmasıdır, lakin tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinin çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması və təchizat sahələri üzrə stabil pul axınlarının formalaşdırılması hesabına əldə olunmasıdır.

    Vətəndaşları ən çox maraqlandırdan suallardan biri isə belədir: “Elektrik enerjisi və qaz istehlak edən vətəndaş bunun ödənişindən əlavə sabit tarif də ödəməli olacaq?”

    Sabit tarifin tətbiqi ilə normativ səviyyədə elektrik enerjisi və qaz istehlak edən vətəndaş üçün əlavə ödəmə nəzərdə tutulmur. Sadə dildə desək, sabit tarif hal-hazırda mövcud tarifinin daxilində istehlakçılar tərəfindən ödənilir. Bu baxımdan, sabit tarifin tətbiqinə mövcud tarifin tərkibində strukturlaşdırılma kimi baxılması daha doğru olar.

    Sabit tarif nə vaxtdan tətbiq olunacaq?

    Sabit tarifin nə vaxtdan tətbiq olunacağına gəlincə, qanunun qəbulu bilavasitə sabit tarifin tətbiqi mənasına gəlmir, tətbiqi üçün hüquqi zəmin yaranır. Sabit tarifin tətbiqi üçün Tarif Şurasının qərarı olmalıdır. Hal-hazırda bununla bağlı hər hansı müzakirə aparılmır.

    Vətəndaş yaşamadığı evinə görə sabit tarif ödəyəcəkmi?

    Başqa bir sual birdən çox mənzili olan vətəndaşların yaşamadıqları evlərində elektrik enerjisi və qaz üçün ödəniş edib-etməyəcəkləri ilə bağlıdır. Qeyd olunmalıdır ki, sabit tarif elementinin tətbiqində əsas məqsədlərdən biri sabit xərclərin ədalətli ödənişinə nail olmaqdır. İstifadə olunmayan (istehlak baş verməyən) mənzillərə sahib abonentlər sabit tarif üçün ödəniş edəcəklər. Çünki hal-hazırda bu tipli mənzillərlə bağlı faktiki sabit xərclər digər abonentlər tərəfindən ödənilir. Ümumiyyətlə, hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki proses olmaqla istehsaldan başlamış ötürmə və paylama şəbəkəsi üçün güc tələbi, əlavə infrastruktur və maliyyə yükü yaradır. Yəni, abonentin şəbəkəyə qoşulması onun enerji istehlak edib-etməməsindən asılı olmayaraq, müəyyən xərclərin yaranmasına səbəb olur. Belə olduğu təqdirdə, başqa bir haqlı sual da meydana çıxır: Niyə istehlak etməyən passiv abonentlərin xərclərini digər vətəndaşlar ödəməlidir?

    Sabit tarif necə tətbiq ediləcək?

    Sabit tarifin vahid formada tətbiq ediləcəyi, yoxsa qiymətləri dəyişən paketlər şəklində olacağı ilə bağlı (yəni, 10, 15, 25, 50 AZN-lik paketlər və s.) qeyd edək ki, beynəlxalq təcrübədə olduğu kimi, sabit tarifin tarif dövrünə aid sabit xərclərin həcmindən asılı olaraq aylıq sabit ödəniş formasında tətbiqi nəzərdə tutulur.

    Sabit tarifi hansı orqan müəyyən edəcək?

    Bəs, “Tənzimləyici orqan müəyyənləşdirilibmi?

    Sabit tarifi hansı orqan müəyyən edəcək və ya tənzimləyəcək?”

    “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə və həmin Qanunun tətbiqi barədə ölkə Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanına əsasən, 2028-ci il 1 iyul tarixinədək elektroenergetika sahəsində tariflərin tənzimlənməsi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir.

    Sabit tarifin tətbiqinin hansı müsbət nəticələri ola bilər?

    “Sabit tarifin tətbiqinin dividendləri nələrdir?”

    Sabit tarifin tətbiqi nəticəsində kommunal sahədə bəzi müsbət nəticələrin əldə olunması düşünülür. Sabit tarifin tətbiqi nəticəsində təchizat xərclərinin daha təkmil iqtisadi yanaşmalar əsasında tariflərə ötürülməsinin təmin edilməsi, daha ədalətli tarif strukturunun formalaşdırılması, təchizat şəbəkələri üzrə dayanıqlığının təmin olunması baxımından təchizat subyektlərinə tarif daxilolmaları üzrə pul axınlarında stabilliyinin təmin edilməsi, təchizat xidmətləri üzrə gəlir və xərclərin daha effektiv proqnozlaşdırılması və dövri subsidiya tələblərinin tədricən aradan qaldırılması gözlənilir.

  • Bakıda nənə qəzada öldü, nəvəsi cəza aldı

    Bakıda 70 yaşlı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təsirləndirilən Sərxan Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az-ın Oxu.az-a istinadən məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Rüstəmov iki il nəqliyyat vasitələrini idarə etmək hüququndan və 4 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində baş verib.

    “Mercedes Vito” mikroavtobusu dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşub. Hadisə nəticəsində mikroavtobusun sürücüsü 2001-ci il təvəllüdlü Sərxan Taleh oğlu Rüstəmov və nənəsi, 1954-cü il təvəllüdlü Püstəxanım Baba qızı Məmmədova ağır xəsarətlər alıblar. Onlar xəstəxanaya çatdırılsalar da, P.Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

  • Elektromobillərə maraq azalır – STATİSTİKA

    Avropa İttifaqında (Aİ) 2024-cü ildə elektromobillərin yeni avtomobillər sırasında payı azalaraq 13,6 faiz təşkil edib. Bu, 2015-ci ildən bəri ilk dəfə qeydə alınan azalmadır.

    Bu barədə “AZƏRTAC” Avropa Statistika İdarəsinin (Eurostat) təqdim etdiyi son hesabata istinadən xəbər verir ki, ötən il Aİ-də yalnız batareya ilə işləyən 1,45 milyon yeni elektromobil qeydiyyatdan keçib ki, bu da 2023-cü illə müqayisədə 6,1 faiz azdır.

    Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 1,55 milyon təşkil etmişdi. Mütəxəssislər bunu Aİ-də elektromobillərə olan ictimai marağın azalması ilə izah edirlər. Halbuki 2015–2023-cü illər ərzində elektromobillərin sayı orta hesabla hər il 58 faiz artmaqda idi. Ümumilikdə, 2024-cü ilin sonuna Aİ-də istifadə edilən yalnız batareya ilə işləyən elektromobillərin sayı 5,87 milyona çatıb ki, bu da əvvəlki illə müqayisədə 32,4 faiz artım deməkdir (2023-cü ildə – 4,43 milyon).

    Ölkələr üzrə müqayisəyə gəlincə, ən yüksək göstəricilər Danimarka (51,3 faiz), Malta (37,7 faiz) və İsveçdə (34,9 faiz), ən aşağı göstəricilər isə Cənubi və Mərkəzi Avropa ölkələrində qeydə alınıb. Xüsusilə Xorvatiya cəmi 1,8 faiz göstərici ilə Aİ ölkələri arasında sonuncu yerdə qərarlaşıb. Slovakiya (2,4 faiz) və Polşa (3 faiz) da elektromobillərin alışında geridə qalan ölkələr sırasındadır.

    Qeyd edək ki, 2018-ci ilə qədər yeni elektromobillərin qeydiyyatda payı 1 faizdən aşağı olsa da, son illərdə bu göstərici sabit şəkildə artmaqda idi: 2020-ci ildə – 5,3 faiz, 2021-ci ildə – 9 faiz, 2022-ci ildə – 12,1 faiz və 2023-cü ildə – 14,6 faiz.

    Avropa Statistika İdarəsi bu tendensiyanın gələcək illərdə dəyişib-dəyişməyəcəyini bazar və texnoloji faktorların müəyyən edəcəyini bildirib.

  • Bayden prezidentlikdən sonra necə yaşayır?

    ABŞ-ın keçmiş prezidenti Co Bayden prezidentlikdən sonra sadə həyat tərzi sürür, dəbdəbədən uzaq durur və kommersiya reyslərindən istifadə edir.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” nəşri məlumatlı mənbələrə istinadla xəbər verib.

    Nəşrin məlumatına görə, hazırda onun ixtiyarında iki nəfərdən çox olmayan köməkçi heyəti və ABŞ Gizli Xidmətinin kiçik bir mühafizə qrupu var.

    Məqalədə qeyd olunur ki, o, lüksə və keçmiş dövlət başçıları ilə tez-tez əlaqələndirilən imtiyazlı şəraitə üstünlük vermədən kommersiya reysləri ilə səyahət edir.

    Bu ilin may ayında “Əsli günah: prezident Baydenin zəifləməsi, onun gizlədilməsi və yenidən namizəd olmaq barədə fəlakətli qərar” adlı kitab nəşr olunub. Kitabın müəllifləri jurnalistlər Ceyk Təpper və Aleks Tompsondur.

    Onlar əvvəlki administrasiyada Ağ evdə çalışan mənbələrə istinad edərək iddia ediblər ki, Bayden 2024-cü ilə qədər fövqəladə vəziyyətlərdə öz vəzifələrini yerinə yetirmək qabiliyyətini itirib və hətta kabinetin qapalı iclaslarında belə qeyd kağızlarından istifadə edib.

    İyulun 20-də konqresmen Bayron Donalds açıqlamasında bildirib ki, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris və sabiq prezidentin həyat yoldaşı Cill Bayden konqresə çağırılmalı və keçmiş dövlət başçısının iddia edilən kognitiv sağlamlıq problemləri ilə bağlı istintaq çərçivəsində ifadə verməlidirlər.

  • Bakının bu ərazilərində qaz təchizatı dayandırılacaq

    Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq

    Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən “Yeni Zabrat” ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun II Zabrat qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Putin azərbaycanlı qəhrəmanı ölümündən sonra təltif etdi – FOTO

    Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall” konsert zalında baş verən terror aktı zamanı insanları qorumaq üçün canından keçən Vüqar Hüseynovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.

    Bu barədə müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

    Fərmanda qeyd olunur ki, Hüseynov vətəndaşlıq borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə təltif olunub.

    Daha əvvəl verilmiş məlumatda bildirilir ki, o, digər insanları qorumaq üçün özünü sipər edib və terrorçuların atəşi altına düşən bir qadını xilas edib.

    Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı – Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

  • “PulPal” və “Mpay” qaydaları pozdu – Mərkəzi Bank icrası məcburi göstəriş verdi

    Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC və “Mpay” QSC elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, qurumun apardığı yoxlamalar nəticəsində hər iki şirkətdə qanunvericilik və normativ aktların tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən, “PulPal”a daxili nəzarət funksiyasının təkmilləşdirilməsi, risklərin idarə edilməsi sisteminin qurulması, kadr potensialını gücləndirilməsi, “Mpay”ə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, nağd pulla işin təşkili və daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.