Month: İyul 2025

  • “Lake” otelində 4183 manatlıq oğurluq – Ofisiant həbs edildi

    Binəqədi rayonunda fəaliyyət göstərən “Lake” otelində oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun məlumatına görə, otelin 1, 2, 3, 4 və 5 saylı kotteclərində istirahət edən müştərilərin pulları oğurlanıb. Onlara dəymiş ziyan ümumilikdə 4183 manat təşkil edir.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisə ilə bağlı otelin ofisiantlarından biri şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq – təkrar törədildikdə ) və 177.2.3-cü (Oğurluq -yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilən şəxs məhkəmə baxışında əvvəlcə özünü təqsirli bilməyib. Lakin sonrakı prosesində əməlini etiraf edib.

    Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

  • Sevgi qısqanclığı davaya çevrildi: Vəzifəli qadını döyən şəxsə hökm oxundu

    Oğuz rayonunda qadınlar arasında şəxsi münasibətlər zəminində baş vermiş insident məhkəməlik olub.

    Qaynarinfo-nun məlumatına görə, Günay Bədəlova (soyad şərti) iki ilə yaxın münasibətdə olduğu O.V.-nin Fidan adlı qadınla yazışmalarını görüb. O, O.V. ilə əlaqəsi olduğunu düşündüyü Fidanla görüşmək qərarına gəlib.

    Araşdırmaları nəticəsində Fidanın dövlət qurumlarının birində işlədiyini öyrənən Günay həmin idarəyə gedərək qadını şəxsi söhbət adı ilə çölə çağırıb. Fidan iş vaxtı olduğunu bildirərək çölə çıxmaqdan imtina edib. Günay isə saat 18:00-a qədər gözləyib və qadın işdən çıxarkən onunla danışmağa çalışıb.

    Görüş zamanı Günay Fidanın Orxanla olan yazışmalarını göstərməsini tələb edib. Fidan bu tələbdən imtina etdikdə, Günay onun saçından tutaraq dartıb, yerə yıxıb və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Ətrafdakı şəxslərin müdaxiləsindən sonra hadisə ilə bağlı polisə məlumat verilib.

    Zərərçəkmişin hər iki dirsək oynağında sıyrıqlar və sağ said nahiyəsində qançır müşahidə olunub. Hadisə ilə bağlı Günay Bədəlova barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

    Məhkəmə qərarına əsasən, onun 17 gün həbsdə saxlanılması nəzərə alınaraq, təqsirləndirilən şəxsə 1000 manat cərimə cəzası verilib.

  • Məsciddə namaz qılıb yatdı, pulları oğurlandı (TƏFƏRRÜAT)

    Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində yerləşən İlahiyyat məscidinin ikinci mərtəbəsində yatan vətəndaşın pullarını oğurlayan şəxsə hökm oxunub.

    1977-ci il təvəllüdlü, Sabirabad rayonunda anadan olmuş N.F.-nin Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə açıq məhkəmə iclası keçirilib.

    Məhkəmə araşdırması zamanı məlum olub ki, N.F. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən İlahiyyat məscidinin ikinci mərtəbəsində yatan 30 yaşlı S.H.-nın cibindən pul qabını oğurlayıb. Pul qabının içində 655 manat olduğunu görən təqsirləndirilən şəxs həmin məbləği götürərək məscidi tərk edib və şəxsi ehtiyaclarına xərcləyib.

    Zərərçəkmiş ifadəsində bildirib ki, məscidə camaatla birlikdə sübh namazı qılmaq üçün gedib. Oraya çatdıqda namaz artıq başa çatıbmış. Buna görə də o, ikinci mərtəbəyə qalxaraq namazını təkbaşına qılıb və sonra həmin yerdə uzanaraq təxminən iki saat yatıb. Elə bu müddət ərzində oğurluq hadisəsi baş verib.

    Araşdırmalar nəticəsində N.F.-nin daha bir cinayət əməli törətdiyi də üzə çıxıb. Belə ki, E.V. adlı xanım kredit götürmək məqsədilə qızıl-zinət əşyalarını banka girov qoymaq üçün əl çantasına yığıb və 194 nömrəli marşrut avtobusu ilə banka yollanıb. Lakin avtobusda əl çantasını oturacaqda unudub. N.F. isə həmin çantanı oğurlayıb.

    Çantanın içində:
    * 140 manat dəyərində eynək,
    * 185 manatlıq qadın saatı,
    * 750 əyyarlı, 9.5 qramlıq və 1300 manat dəyərində qızıl sırğa,
    * 585 əyyarlı, 6 qramlıq və 600 manatlıq qızıl boyunbağı,
    * 10 manat dəyərində pul kisəsi,
    * 45 manat nağd pul olub.

    Nəticədə zərərçəkmişə ümumilikdə 2330 manat maddi ziyan dəyib. Məhkəmənin hökmü ilə N.F. 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
    //qaynar.az

  • “Microsoft” açıqladı: Süni intellekt səbəbilə bu 40 peşə yoxa çıxa bilər (SİYAHI)

    “Microsoft Research” tədqiqatçıları süni intellektin (Al) əmək bazarına təsirini araşdıraraq, ən çox və ən az risk altında olan peşələrin siyahısını açıqlayıblar.

    Bu araşdırma “Microsoft Copilot” istifadəçiləri ilə aparılmış 200 min anonimləşdirilmiş dialoqun təhlilinə əsaslanıb. Hər peşə üçün “Al tətbiqolunma indeksi” müəyyən edilib.

    Nəticədə, insan əməyinin Al ilə əvəzlənə biləcəyi 40 peşə müəyyən olunub:

    1. Tərcüməçilər və şərhçilər
    2. Tarixçilər
    3. Bortbiletlər və turist müşayiətçiləri
    4. Xidmət sahəsində satış nümayəndələri
    5. Müəlliflər və yazıçılar
    6. Müştəri dəstəyi əməkdaşları
    7. CNC dəzgah proqramçıları
    8. Telefon operatorları
    9. Kassirlər, dəmir yolu və aviaşirkət işçiləri
    10. Radio aparıcıları və diktorlar
    11. Broker köməkçiləri
    12. Ev təsərrüfatı və kənd təsərrüfatı kursları müəllimləri
    13. Teleşop satıcıları
    14. Konsyerjlər
    15. Politoloqlar və siyasi analitiklər
    16. Xəbər analitikləri, jurnalistlər, reportyorlar
    17. Riyaziyyatçılar
    18. Texniki yazarlar
    19. Redaktor köməkçiləri və mətn yığanlar
    20. Müştəri müşayiətçiləri
    21. Redaktorlar
    22. Ali məktəblərdə biznes fənləri üzrə müəllimlər
    23. PR mütəxəssisləri
    24. Məhsul təqdimatçıları və promouterlər
    25. Reklam agentləri
    26. Yeni hesabların açılması üzrə menecerlər
    27. Statistika köməkçiləri
    28. İcarə və kirayə menecerləri
    29. Data scientistlər
    30. Şəxsi maliyyə məsləhətçiləri
    31. Arxivçilər
    32. Ali məktəblərdə iqtisadiyyat müəllimləri
    33. Veb-proqramçılar
    34. İdarəetmə analitikləri
    35. Coğrafiyaçılar
    36. Modelləşdiricilər
    37. Bazar analitikləri
    38. Təcili yardım operatorları
    39. Kommutator operatorları
    40. Ali məktəblərdə kitabxanaşünaslıq müəllimləri

    Eyni zamanda Aı-ın hələlik əvəz edə bilmədiyi peşələr də açıqlanıb. “Təhlükəsiz” zonaya daxil olan peşələr arasında ağır texnika operatorları, ev qulluqçuları, dam örtüyü ustaları, masajçılar, qab yuyucular, tibb bacıları və digər fiziki əməyə əsaslanan aşağı maaşlı işlər var.

    Mütəxəssislərin gəldiyi nəticəyə görə, aşağı gəlirli və fiziki əməyə əsaslanan işlər, intellektual əmək tələb edən peşələrlə müqayisədə avtomatlaşdırmaya daha az meyllidir.
    //qaynar.az

  • Şəhid xanımını təhqir edən avtobus sürücüsü cərimə edildi

    Bakıda hüquq-mühafizə orqanlarında çalışan xanım sərnişindən ödəniş etmədiyi üçün vəsiqə tələb edən avtobus sürücüsünə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1988-ci il təvəllüdlü Bakı sakini Y.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Hadisə “BakuBus” MMC-yə məxsus 217 nömrəli marşrut xəttində baş verib. Şəhid xanımı N.A. avtobusa minərkən polis vəsiqəsini kameraya göstərərək ödənişsiz keçid hüququndan istifadə edib. Buna baxmayaraq, sürücü Y.R. onun arxasınca gedərək ödəniş tələb edib və mübahisə zamanı xanımı anası və azyaşlı uşaqlarının gözü qarşısında təhqir edib.

    Nəticədə avtobusda səs-küy yaranıb, sərnişinlər avtobusdan endirilib və hadisə yerinə polis əməkdaşları çağırılıb.

    Məhkəmədə sürücü ifadəsində bildirib ki, N.A. vəsiqəni dərhal təqdim etmədiyi üçün ondan sənədini göstərməsini xahiş edib. O, vəsiqənin gec göstərildiyini və buna görə mübahisə yarandığını etiraf edib. Əsəbiləşdiyi üçün avtobusu idarə edə bilmədiyini və sərnişinlərin başqa nəqliyyat vasitəsi ilə daşındığını qeyd edib.

    Məhkəmənin qərarı ilə Y.R. 50 manat məbləğində cərimələnib və məhkəmə zalından azad olunub.

  • Bu universitetdə təhsil haqqı artırıldı – MƏBLƏĞ

    Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2025/2026-cı tədris ilindən etibarən təhsil haqqı artırılıb.

    Bu barədə Metbuat.az-a açıqlamasında universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib.

    Onun sözlərinə görə, bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə illik təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata yüksəlib.

    Qeyd olunub ki, yeni təhsil haqqı yalnız cari ildən etibarən universitetə qəbul olunacaq tələbələrə şamil ediləcək.

  • Son 30 ildə insanların küçədə yerimə sürəti niyə artıb?

    1980-ci illərdən bu yana böyük şəhərlərdə insanlar daha sürətlə yeriyir və ictimai məkanlarda daha az vaxt keçirir. ABŞ və Asiyanın aparıcı universitetlərinin alimləri bu sakit dəyişimi sübut edən genişmiqyaslı tədqiqat aparıblar. 

    Tədqiqat nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

    Sürət artdı, sosiallaşma azaldı

    MIT və digər nüfuzlu universitetlərin dəstəyi ilə aparılan araşdırma göstərib ki, 1980–2010-cu illər arasında Boston, Nyu-York və Filadelfiya kimi metropollarda piyadaların yerimə sürəti 15% artıb, ictimai məkanlarda vaxt keçirənlərin payı isə 14% azalıb. Yəni şəhər sakinləri küçələrdən keçid yolu kimi istifadə etməyə başlayıb, əvvəlki kimi dayanmır və ünsiyyət qurmağa meylli deyillər.

    1980-lərin videoları ilə 2010-cu illər qarşılaşdırılıb

    Bu nəticələr, şəhər həyatını araşdıran sosioloq Uilyam Uaytın 1980-ci illərdə Boston, Nyu-York və Filadelfiyada çəkdiyi videoların MIT, Harvard, Yale, Michigan State və Honkonq Universitetlərinin mütəxəssisləri tərəfindən yenidən həmin məkanlarda çəkilmiş müasir görüntülərlə müqayisə olunması əsasında əldə edilib.

    Karlo Ratti: “İctimai məkanlar yalnız keçid üçün istifadə olunur”

    MIT-dəki Senseable City Lab laboratoriyasının direktoru Karlo Ratti bildirir:

    “Son 40 ildə çox şey dəyişib. İctimai məkanlar artıq qarşılaşma və söhbət məkanları deyil. İndi insanlar bu yerlərdən yalnız keçmək üçün istifadə edirlər”.

    Məlumatlara əsasən, 1980-ci ildə küçədə yalnız yeriyənlərin faizi 67% idi, bu göstərici 2010-cu ildə 68%-ə qalxıb. Digər insan qruplarına qoşulanların faizi isə 5,5%-dən 2%-ə enib. Bu da göstərir ki, insanlar artıq tanımadığı şəxslərlə qarşılıqlı əlaqə yaratmaqdan çəkinirlər.

    Telefonlar və texnologiya təsir göstərir

    Alimlər bu dəyişimin əsas səbəblərindən biri kimi mobil texnologiyaların yayılmasını göstərirlər. Əgər 1980-ci illərdə insanlar küçədə təsadüfən rastlaşıb söhbət edirdilərsə, bu gün hər şey bir mesajla planlaşdırılır. Ratti bunu belə izah edir:

    “Uaytın çəkdiyi görüntülərdə insanlar bir-birinə baxır, söhbətə başlayırdı. İndi isə təsadüf anlayışı demək olar ki, yox olub”.

    Sosial həyat açıq məkanlardan qapalı məkanlara keçib

    Tədqiqat həm də göstərib ki, sosiallaşma daha çox qapalı məkanlara – kafelərə, restoranlara və alış-veriş mərkəzlərinə köçüb. 1980-ci illərdə bu tip məkanlar bu qədər çox deyildi, insanlar daha çox küçədə, skamyada oturaraq vaxt keçirirdilər.

    Planlaşdırma üçün bələdçi rolunda

    Yale Universitetindən tədqiqatçı Arianna Salazar-Miranda bildirir ki, bu məlumatlar gələcəyin şəhərlərini planlaşdırmaq üçün olduqca dəyərlidir:

    “Rəqəmsal dövrdə artan qütbləşmə ilə mübarizə aparmaq üçün ictimai məkanlar indi daha önəmlidir. Bu məkanları daha inklüziv və yaşanılır hala gətirmək, birlikdə yaşamağın yollarını yenidən qurmağa kömək edə bilər”.

    Son nəticə: Məsələ təkcə sürət deyil

    Alimlər vurğulayırlar ki, bu dəyişikliklər sadəcə yerimə sürətinin artması ilə məhdudlaşmır. Memarlıq trendləri, texnoloji alışqanlıqlar, təhlükəsizlik hissi və mədəni fərqlər birlikdə nəzərə alındıqda, bu dəyişikliyin şəhər həyatında dərin bir dönüşüm yaratdığı görünür.
    //qaynar.az

  • Azərbaycanın güllə atıcısı Avropa çempionatında gümüş medal qazanıb

    Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Avropa çempionatında 25 metr məsafəyə mərkəzi hədəfə atəş yarışında gümüş medal qazanıb.

    “Report” xəbər verir ki, yarışın 6 raundu üzrə Lunyov ümumilikdə 583 xal və 26 daxili onluq (hədəfin mərkəzinə ən yaxın dəqiq atışlar) toplayıb.

    Bu nəticə ilə o, yalnız Ukrayna təmsilçisi Pavlo Korostylovdan geri qalıb. Hər iki idmançı eyni xal toplasa da, sonuncu seriyada göstərilən üstünlük qızıl medalın taleyini müəyyənləşdirib.

  • Bərdədə bir nəfər çayda boğulub

    Bərdə rayonunda bir nəfər çayda boğulub.

    Hadisə rayonun Xanərəb kəndindəki Çaylaq adlanan ərazidə baş verib.

    Sakinlərin bildirdiyinə görə, çayda boğulan şəxs kənd sakini Nihad Əliqulu oğlu Rüstəmovdur.

    Hazırda meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb

    Rusiyanın Ukraynanın Kramatorsk şəhərində (Donetsk vilayəti) yaşayış binasına zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

    Bunu Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.

    “Kramatorskda ən azı bir nəfər həlak olub, 11 nəfər isə yaralanıb. Rusların beşmərtəbəli binaya zərbə endirməsi nəticəsində binanın yarısı tamamilə dağılıb. Yaralılardan birinin vəziyyəti ağırdır”, – V.Filaşkin qeyd edib.

    Onun sözlərinə görə, hadisə yerində fövqəladə hallar üzrə yardım xidmətləri işləyir. Xilasetmə işləri davam edir.