Month: İyul 2025

  • Rüşvət almaqda ittiham olunan fransız iş adamı Anass Derraz: Fərhad Əhmədovdan 200 min dollar avans almışdım

    Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı tamamlanmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə Anass Derraz sərbəst ifadəsini verib.

    O qeyd edib ki, Azərbaycana bizneslə əlaqədər gəlibmiş:

    “Fərhad Əhmədovla 2018-ci ildən tanışam. Həmin ilin noyabrında Fərhad Əhmədovun ofisindən mənimlə əlaqəyə girdilər. Onun boşanma məsələsi var idi. Mənimlə əlaqəyə keçməzdən əvvəl London məhkəməsi qərar vermişdi ki, Fərhad Əhmədovun bütün əmlaklarına həbs qoyulsun. O mənimlə bir əmlakla bağlı əlaqəyə girmişdi, xüsüsilə Dubayda olan yaxtası ilə bağlı idi. Həmin əmlak 500 milyon dollar qiymətləndirilmişdi. Dubayda əlaqələrimə, belə işləri rahatlıqla həll etdiyimə görə, “xüsusi bacarığıma” görə hamı məni tanıyırdı”.

    A.Derraz hüquqşünas, eləcə də hüquqi şirkəti olmadığı halda Fərhad Əhmədovla gəminin həbsdən azad olunması üçün hüquqi müqavilə imzalayıb:

    “Müqavilə ona görə imzaladıq ki, göstərdiyim xidmətlər hüquqi və qanuni şəkildə görünsün. Müqavilədə göstərilmişdi ki, bu xidmətə görə nəticəsindən asılı olmayaraq, aldığım avans kimi verilən məbləğ geri qaytarılmır. Çünki bu işə vaxt sərf etmişdik. Tam pulu almaq üçün isə zəmanət verirdik ki, iş uğurla həll olunacaq. Mənim hesabıma avans olaraq pul köçürüldü, lakin əsas məbləğ köçürülmədi”.

    Təqsirləndirilən şəxs deyib ki, Fərhad Əhmədovdan aldığı avansın məbləği 200 min dollar olub: “Həmin məbləğ mənə ödənilib. Əgər yaxtanın üzərinə qoyulan həbs qaldırılsaydı, 2 milyon dollar ödəməli idi. Digər iştirakçı Benalla isə Makronun administrasiyasından çıxdıqdan sonra onun barəsində Fransa prokurorluğunda araşdırma aparılıb”.

    Növbəti proses sentyabrın 11-də davam edəcək.

    İttihama görə, Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

    Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa, tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.

    Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.

    Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dolları, gəminin üzərindən həbs qaldırılandan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.

    F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb.

    Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət almasında köməklik etmədə ittiham olunur.

    Qeyd edək ki, A.Derraz 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır. O, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkət Dubayda qeydiyyatdan keçib.

    DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) – külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, istintaq tərəfindən Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benallanın beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub.

    İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

    İnterpolun Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbərini “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.
    //report

  • Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq – AYLIQ PROQNOZ

    Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

    Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27 dərəcə, gündüzlər 29-34 dərəcə, bəzi günlərdə 38-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-8 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 23-28 dərəcə, gündüzlər 30-35 dərəcə, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-10 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 15-20 dərəcə, gündüzlər 27-32 dərəcə, bəzi günlərdə 35-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-55 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə, gündüzlər 25-30 dərəcə, bəzi günlərdə 33-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-37 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə, gündüzlər 29-34 dərəcə, bəzi günlərində 37-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-27 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə, gündüzlər 28-33 dərəcə, bəzi günlərdə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 27-116 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27 dərəcə, gündüzlər 30-35 dərəcə, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-22 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə, gündüzlər 30-35 dərəcə, bəzi günlərdə 37-39 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-83 mm).

  • “Ferrari” rəhbəri ilə müqavilənin müddətini uzadıb

    “Formula 1” komandası “Ferrari” rəhbəri, fransalı Frederik Vassyorla müqavilə müddətini uzadıb.

    Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

    Müqavilənin dəqiq müddəti açıqlanmır, lakin çoxillik olduğu bildirilir.

    Qeyd edək ki, 57 yaşlı F.Vassyor 2023-cü ildən komandaya rəhbərlik edir.

  • Azərbaycanın I Liqa təmsilçisi iki futbolçusu ilə vidalaşıb

    Azərbaycanın I Liqa təmsilçisi “Difai” iki futbolçusu ilə vidalaşıb.

    Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

    Klub Murad Şirinov və Seymur Rəhimovla yolları ayırıb.

  • Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək

    Ermənistanın polis qvardiyası antiterror əməliyyatları keçirmək üçün xüsusi texnika – BTR-80 zirehli döyüş maşınları və BRDM-2 kəşfiyyat-patrul maşını ilə təchiz ediləcək.

    Müvafiq qərar hökumətin iclasında qəbul edilib.

    Bildirilib ki, texnika, həmçinin hərbi vəziyyət elan edilə biləcək ərazilərdə hərbi əməliyyatlar üçün istifadə olunacaq.

    Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

    Qeyd edək ki, 2024-cü ildən Ermənistanda polis qvardiyası daxili qoşunları əvəz edib.

  • Avqustun 1-nə olan hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

  • Myanmada fövqəladə vəziyyət ləğv edilib

    Myanmada 2021-ci ildən ölkədə qüvvədə olan fövqəladə vəziyyətin ləğv edildiyi açıqlanıb.

    Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, bu addım ölkədə dekabr ayında parlament seçkilərinin keçirilməsinə hazırlıq məqsədi daşıyır.

    Xatırladaq ki, 2021-ci il fevralın 1-də Myanma ordusunun əsas zəmanətçisi olduğu konstitusiyanın maddəsinə əsasən, hərbçilər mülki hökuməti devirib. Onlar 2020-ci ilin noyabrında keçirilmiş parlament seçkilərində “Demokratiya uğrunda Milli Liqa” partiyasının xeyrinə kütləvi saxtakarlıq edildiyini bəyan ediblər. İnsan hüquqları müdafiəçilərinin məlumatına görə, 6 mindən çox insan həlak olub.

  • Bu ilin altı ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü ölüb

    Bu ilin 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü ölüb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, yollarda aparılan müşahidələr zamanı bəzi moped və motosiklet sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı qeydə alınıb.

    Təkcə cari ilin ilk 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü həyatını itirib, 23 nəfər isə ağır xəsarət alıb. Eyni zamanda onların törətdikləri qayda pozuntuları səbəbindən təqsiri olmayan 30-dan çox digər hərəkət iştirakçısı ağır xəsarət alıb və ya dünyasını dəyişib.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha moped və motosiklet sürücülərini qanunla müəyyən edilmiş qaydalara ciddi əməl etməyə, hərəkət zamanı məsuliyyətli davranaraq nəinki öz, həm də digər insanların həyatını təhlükəyə atmamağa çağırır.

  • Azərbaycan tomat ixracından gəlirini 9 %-ə yaxın artırıb

    Bu ilin yanvar-iyun aylarında Azərbaycan 149 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyul sayında bildirilir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

    Təkcə iyunda isə Azərbaycan 35,2 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 24,2 % çoxdur.

    6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

  • Xaçmazda kişi avtomobil idarə edən zaman ürəktutmasından ölüb

    Xaçmazda avtomobil daş səkiyə çırpılıb.

    Yunusov Rövkət Qurban oğlu idarə etdiyi “QAZ 3302” markalı, 40-BH-723 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Xaçmaz-Quba yolunun 1-ci kilometrində hərəkətdə olarkən ürəktutmasından vəfat edib.

    O, sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.

    Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.