Month: İyul 2025

  • Prezident Gəncə Memorial Kompleksinə 10.5 milyon manat ayırdı

    Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10.5 milyon manat vəsait ayrılıb.

    Sərəncam 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədilə imzalanıb.

  • Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu ilə bağlı məhkəmə qərarı qüvvədə saxlanıldı

    Rusiyada məhkəmə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işi ilə bağlı iki ay müddətinə həbs edilən Mütvəli Şıxlinski barəsində seçilmiş həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

    Bu barədə bölgə məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib.

    “Şıxlinski və vəkili birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. İş materialları ilə tanış olan və tərəflərin fikirlərini dinləyən Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək nəzarət altında qalacaq”, – deyə məlumatda bildirilib.

    Xatırladaq ki, onun həbsinə iyulun 1-də “Baku Plaza”nın yaxınlığında baş verən hadisə səbəb olub. O zaman təhlükəsizlik qüvvələri oğlu ilə avtomobilində gedən diaspor rəhbəri Şahin Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib. Onlar “Gelandewagen”in şüşələrini sındırmağa başladıqları zaman Mütvəlinin sükanı arxasında olduğu avtomobil geriyə doğru hərəkət edib və xüsusi təyinatlını vurub.

  • Ötən ay xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb – SƏBƏB

    İyun ayı üzrə 613 müraciətçinin 567-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 46 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

    Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 16 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 6 dövlət nümunəli olmayan diplom, 5 təhsilalma forması, 4 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq (kredit sayı), 3 akkreditə olunmamış ali təhsil müəssisəsi (təhsil dövrünün bir hissəsinə münasibətdə), 3 kollec diplomu ilə bakalavriat uyğunsuzluğu, 2 ekvivalenti olmayan ixtisas, 2 akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 əhəmiyyətli fərq (kredit sayı), 1 ixtisas uyğunsuzluğu, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması və ixtisas uyğunsuzluğunu göstərmək mümkündür.

    Ölkələr üzrə Türkiyədən 155, Rusiyadan 152, Ukraynadan 144, Belarusdan 27, Birləşmiş Krallıqdan 27, Gürcüstandan 23, Polşadan 9, Amerika Birləşmiş Ştatlarından 8, İtaliyadan 6, Almaniyadan 5, Çin, İran, Macarıstan, Qazaxıstan və Qırğız respublikalarının hər birindən 4, İsveç və Litvadan 3, Avstriya, Belçika, Əlcəzair, Fransa, Norveç, Səudiyyə Ərəbistan, Yaponiya və Latviyanın hər birindən 2, həmçinin Estoniya, Hindistan, İndoneziya, İraq, İsveçrə, Mozambik , Niderland, Nigeriya, Portuqaliya, Qambiya, Rumıniya, Somali, Şri-Lanka, Sudan və Tacikistanın hər birindən isə 1 müraciət qeydə alınıb.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 139, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 31, biznesin idarə edilməsi üzrə 28, menecment üzrə 26, tibb üzrə 26 müraciət qeydə alınıb.

  • Lənkəranda sahibkar nöqsanlara görə cəzalandırıldı

    Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən fiziki şəxs İsa Raqif oğlu Valehə məxsus meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Qeyd edilib ki, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib.

    Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

  • Tailand Kambocanı yenidən atəşkəsi pozmaqda ittiham etdi

    Tailandın Xarici İşlər Nazirliyi Kamboca Silahlı Qüvvələrini sərhəddə atəşkəs rejimini növbəti dəfə pozmaqda ittiham edib.

    Bu barədə nazirliyin saytında müvafiq bəyanat yerləşdirilib.

    “2025-ci il iyulun 29-da axşam saatlarında, Tailand və Kamboca arasında atəşkəs razılaşmasının əldə olunmasından 24 saat keçməmiş, Pxu-Makuadakı (Sisaket əyaləti) Tailand hərbçilərinin mövqeləri Kamboca hərbçiləri tərəfindən atıcı silahlardan və qumbaraatanlardan istifadə etməklə hücuma məruz qalıb. Hücum 30 iyul 2025-ci il səhər saatlarına qədər davam edib”, – deyə bəyanatda bildirilib.

  • DİM-dən imtahan qaydalarını pozan şəbəkənin ifşa olunması ilə bağlı AÇIQLAMA

    “KİV-də imtahan prosesi qaydalarının pozulması ilə məşğul olan müəyyən şəbəkələrin ifşa olunduğuna, kimlərinsə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmalarına dair məlumatlar yayılır. Dövlət İmtahan Mərkəzi bütün imtahanlarda qaydaların pozulmasının qarşısının alınması, şəffaflıq üçün tədbirlər görür”.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

    Aparat rəhbəri bildirib ki, hər imtahandan sonra qayda pozuntuları barədə ictimaiyyətə məlumatlar təqdim olunur:

    “Birinci növbədə bunu abituriyentləri, valideynləri maarifləndirmək, xəbərdarlıq üçün edirik. İmtahan qaydalarını pozanlar vaxtından, yerindən asılı olmayaraq, aşkar olunduğu zaman həmin pozuntunun səviyyəsinə uyğun olaraq imtahan nəticələrinin ləğv olunmasınadək tədbirlər görülür.

    Müəyyən qayda pozuntuları var ki, hüquqi məsuliyyət yaradır və ona adekvat tədbirlərin görülməsi bizdən tələb edilir”.

    V.Misirov vurğulayıb ki, mobil “Wi-Fi” sistemi olan qurğular, mikro-qulaqlıqlar, kameralar, mikrofonlardan istifadə edən şəxslər düşünürlər ki, bu sui-istifadə yolu ilə müəyyən bal toplaya bilərlər.

    O bildirib ki, bu hallar aşkarlanıb və hüquq-mühafizə orqanlarına müraciət edilib:

    “Artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər. Bizə vacib olan məsələ bu işin təşkilatçılarıdır. Həmin şəbəkə ifşa olunub. Onlar istintaqa cəlb ediliblər. Prosesin nəticələri barədə istintaq başa çatdıqdan sonra DİM tərəfindən ətraflı məlumat veriləcək”, – deyə o qeyd edib.

  • Tülin yumruğa görə cəzalandırıldı – Elektron qolbaq taxılacaq

    Xuliqanlıqda ittiham olunan kikboksçu Tulin Ələkbərovanın mühakiməsi başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm açıqlanıb.

    Tulin kafelərdən birində mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunub. Zərərçəkmişin şikayəti əsasında kikboksçu cinayət məsuliyyətinə cəlb edilib.

    Bu əməlinə görə Tulinə 2 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yumşaldıcı hallar vəziyyəti dəyişib.

    Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb. Tulinə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə cihazın işləkliyinə nəzarət və digər qaydalara əməl etmək öhdəliyi qoyulub.

  • Polşada azərbaycanlı tələbəyə HÜCUM: “Səfirliyə zəng etdim, heç kim cavab vermədi”

    “Bir neçə saat əvvəl Polşanın Varşava şəhərində, evimdən təxminən 500 metr məsafədə durduğumuz yerdə 10-15 nəfərlik irqçi bir qrup qəfil üstümüzə gəlib gözyaşardıcı qaz sıxdı. Hadisə zamanı gözümüzü aça bilmədik, nəfəs almaqda çətinlik çəkdik. Hücum edən şəxslər hadisədən sonra qaçıb getdilər. Daha sonra polis və təcili yardım gəldi”.

    Bunu Polşada yaşayan azərbaycanlı tələbə İbrahim Talışınski sosial şəbəkədə paylaşıb.

    Onun sözlərinə görə, ambulans əməkdaşları onları xəstəxanaya aparmayıb və səbəb olaraq bildiriblər ki, gözyaşardıcı qaz hücumuna görə yalnız ilkin tibbi yardım göstərirlər:

    “Bir qədər özümüzə gəldikdən sonra Türkiyə vətəndaşı olan dostum dərhal ölkəsinin səfirliyinə zəng etdi və cavab aldı. Ardınca ümumdünya Türkiyə vətəndaşları üçün olan qaynar xətti yığdı və oradan da dərhal cavab verildi. Təxminən 10 dəqiqədən sonra yanımızdakı polisə zəng gəldi və bizimlə qışqıra-qışqıra danışan polislər həddindən artıq sakitləşdilər. Sanki vəziyyəti ört-basdır etmək istəyirdilər”.

    “Təbii ki, polşalılarla bağlı şikayətləri müvafiq qurumlara bildirəcəyik. Amma mənim əsas şikayətim Azərbaycandakı qurumlarla bağlıdır. Mən 22 yaşlı tələbəyəm və belə ciddi bir hadisə yaşamağıma baxmayaraq, cavab verməyəcəyini hələ zəng etməmişdən əvvəl bildiyim, amma yenə də bir ümidlə Polşadakı Azərbaycan səfirliyinə zəng etdim. Lakin heç kim cavab vermədi. Dedim bəlkə bizdə də “ümumdünya azərbaycanlıları üçün bir qaynar xətt” var. İnternetdə axtardım, yalnız Azərbaycan nömrəsi qeyd olunmuşdu. Əziyyət çəkib “roaming” açdım, zəng etdim, yenə də cavab verən olmadı”, – deyə şikayətçi bildirib.

    Zərərçəkən bu hadisədən sonra ciddi sağlamlıq problemi yaşadığını qeyd edib:

    “Xəstəxanada mənə bildirdilər ki, yeddi faiz görmə qabiliyyətini birdəfəlik itirmişəm”.

    Qeyd edək ki, Azərbaycanın Polşadakı səfirliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

  • Astarada 55 yaşlı qadın qətlə yetirildi – Gəlini şübhəli bilinir (Yenilənib)

    İyulun 29-da gecə saatlarında Astaranın Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirildiyi məlum olub.

    Rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən, X.Manafovanın gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.

    Qeyd edilib ki, hadisə ailə münaqişəsi nəticəsində baş verib. İlkin məlumatlara görə, mübahisə zamanı R.İmanova qayınanasını kəsici alətlə qətlə yetirib.

    * * * * *

    Astara rayonunda qadın xəstəxanada vəfat edib.

    Hadisə rayonun Kakalos kəndində baş verib.

    Belə ki, həmin kənd sakini, 55 yaşlı Xalidə Manafova kəsilmiş xəsarətlə Astara Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

    Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hazırda hadisənin başvermə səbəbi və şəraiti araşdırılır.

    Meyit müayinə olunması üçün morqa təhvil verilib.

  • Şamaxıda şərab zavodunda YANĞIN

    Şamaxı rayonunda yanğın hadisəsi baş verib.

    Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 116-cı kilometrliyində ümumi sahəsi 4 500 m² olan fəaliyyət göstərməyən şərab zavodunun dam örtüyünün yanar konstruksiyaları 1 500 m² sahədə və içərisində həcmi 20 ton olan taxtadan ibarət 10 ədəd çəllək yanıb.

    Bildirilib ki, zavodun və çəlləklərin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.