Month: July 2025

  • “E-Şikayət”ə 3 minə yaxın müraciət daxil olub

    Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 2023-cü ilin noyabr ayında yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası artmaqdadır.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, 2025-ci ilin yanvar ayından iyul ayının 1-nə qədər olan məlumata görə, “E-Şikayət” platformasına 2 883 müraciət daxil olub. Bu da gün ərzində orta hesabla 15 müraciət deməkdir. Həmin müraciətlərdən 2423-ü (84,02%) telekommunikasiya, 460-ı (15,98%) isə poçt rabitəsi sahəsi ilə bağlı olub. I yarımildə “E-Şikayət” sisteminə daxil olan şikayətlərin 95,46%-i cavablandırılıb.

    Telekommunikasiya sahəsində (ümumilikdə 4 sahə – “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)”, “Mobil internet”, “Mobil rabitə” və “Telefon rabitəsi”), 93 operator və provayderin şəxsi kabinetinə şikayətlər daxil olub. Şikayətlərin 61,16%-i sabit internet xidmətlərini əhatə edir. Mobil rabitə barəsində olan şikayətlər 18,16%, telefon rabitəsi barədə olan şikayətlər 17,50% və mobil internet barəsində olan şikayətlər isə 3,18% təşkil edir.

    Şikayətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılıb. “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)” üzrə ən geniş yayılmış “Xidmətin işləməməsi ilə bağlı” şikayətlərdir. Bu xarakteristikaya malik şikayətlər ümumi şikayətlərin 19,44%-ni əhatə edir. İkinci yerdə 11,64%-lə “Xidmətin keyfiyyəti ilə bağlı” şikayətlərdir. “Əməkdaşlardan və ya xidmətdən narazılıq” alt kateqoriyası üzrə şikayətlərin həcmi 10,32%-ə bərabər olmaqla ilk üçlüyü tamamlayır. Bu 3 xarakteristika üzrə daxil olan şikayətlər internet telekommunikasiya xidmətləri üzrə ümumi şikayətlərin 41,39%-ni təşkil edir.

    Platforma üzərindən daxil olan şikayətlərin çoxluğuna görə “Mobil rabitə” kateqoriyası ikinci yerdə qərarlaşıb. Belə ki, vətəndaş şikayətləri daha çox “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (9,33%), “Operator dəyişdirmə (nömrədaşıma)” (2,19%), və “Tariflərlə bağlı şikayət” (1,73%) alt kateqoriyalarını əhatə edir.

    “Telefon rabitəsi” sahəsi üzrə “Xidmətin işləməməsi ilə bağlı” (9,37%), “İnfrastrukturla əlaqədar” (1,57%) və “Tariflərlə bağlı” (1,49%) alt kateqoriyaları bu kateqoriya şikayətlərinin ilk üçlüyünü təşkil edir.

    “Mobil internet” sahəsi üzrə şikayətlərdə “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (0,78%), “Tariflərlə bağlı” (0,78%) və “Xidmətin işləməməsi ilə bağlı” (0,41%) alt kateqoriyaları ilk 3 yeri tutur.

    Şikayətlərin coğrafiyasına gəldikdə, 56,02% müraciət Bakı şəhərindən edilib. Eyni zamanda Abşeron – Xırdalan üzrə şikayətlərin payı 5,86%, Sumqayıt şəhəri üzrə 3,71%, Lənkəran rayonu üzrə 2,91%, Gəncə şəhəri üzrə isə 2,71% təşkil edib. Belə ki, Agentliyə daxil olan şikayətlərin ümumilikdə 71,21%-i bu 5 ərazi vahidinin payına düşüb. Digər şəhər və rayonlar üzrə müraciətlər isə ümumi şikayətlərin 28,79%-ni təşkil edir.

    2024-cü ilin aprel ayından etibarən “E-Şikayət” sistemi vasitəsilə poçt (karqo) rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna da başlanıb. Son 6 ayda bu istiqamətdə 460 müraciət daxil olub. Həmin müraciətlərin 86,96%-i sürətli poçt rabitəsi xidmətləri üzrə, 13,04%-i isə universal poçt rabitəsi xidmətləri üzrə olub.

    Müraciətlərin təhlili onu göstərir ki, “E-Şikayət” sisteminə daha çox kişilər müraciət edir. Belə ki, ümumi şikayətlərin 77,35%-i kişilər, 22,65%-i isə qadınlar tərəfindən edilib.

    “E-Şikayət” üzərindən daxil olan şikayətçilərin gender bölgüsü haqqında da məlumat əhatə olunur. Belə ki, ümumi şikayətlərin 77,35%-i kişilər, 22,65%-i isə qadınlar tərəfindən edilib. Həmçinin telekommunikasiya sahəsində edilən şikayətlərin 82,71%-i kişilərə, 17,29%-i qadınlara məxsusdur. Poçt rabitəsi sahəsindəki şikayətlərə diqqət etsək görərik ki, burada qadınlar daha çox müraciət edir. Belə ki, qeyd edilən sahədə müraciət edənlərin 49,13%-i kişi olduğu halda 50,87% şikayətçi qadındır.

    Ötən ilin noyabrında “E-Şikayət” sisteminin mobil tətbiqi istifadəyə verilib və 2025-ci ilin yanvar ayından iyul ayının 1-nə qədər olan məlumata görə, abunəçilərin ümumi şikayətlərinin 388-i, yaxud 13,46%-i bu üsulla müraciət edib. Mobil tətbiq üzərindən daxil olan müraciətlərin 90,98%-i telekommunikasiya, 9,02%-i isə poçt rabitəsi ilə bağlı olub. Mobil tətbiq vasitəsilə şikayət edənlərin 89,43%-i kişi, 10,57%-i isə qadınlardır.

    Qeyd edək ki, internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin də təklifləri nəzərə alınmaqla təkmilləşdirilən “E-Şikayət” platformasında hər bir operator və provayderin şəxsi kabineti mövcuddur. İstehlakçılardan daxil olan şikayətlər birbaşa operator və provayderlərin şəxsi kabinetlərində əks olunur. Agentlik isə xidmət üzərindən prosesləri izləmək, təhlil etmək və müvafiq tədbirlər görmək imkanı əldə edir.

    2023-cü ilin oktyabr ayında operator və provayderlər, 2024-cü ilin mart ayında isə poçt (karqo) rabitəsi operatorları tərəfindən xidmətdən istifadənin effektivliyinin artırılması üçün “E-Şikayət” elektron xidməti üzrə təlimlər keçirilib. Eyni zamanda “E-Şikayət” sistemi üzrə operator, provayderlər və poçt rabitəsi operatorları üçün təlimatlar hazırlanıb. İstehlakçılardan operator və provayderlərə ünvanlanmış şikayətlərin son statusunu izləmək üçün agentlik tərəfindən onlayn rejimdə mütəmadi yenilənən şikayətlərin izləmə sistemi qurulub.

  • Çin-Qırğızıstan-Özbəkistan marşrutu üzrə ilk yük qatarı yola salınıb

    Çərşənbə günü, iyulun 17-də Çin-Qırğızıstan-Özbəkistan multimodal beynəlxalq yükdaşıma marşrutu üzrə dəmir yolu və avtomobil nəqliyyatı ilə qarışıq yükdaşıma formatında fəaliyyət göstərən əyalətdə ilk qatar Hubey əyalətinin (mərkəzi Çin) Vuhan şəhərindəki stansiyadan yola salınıb.

    Median.Az Sinxua agentliyinə istinadla xəbər verir ki, ərzaq və digər mallarla yüklənmiş qatarın Sincan-Uyğur Muxtar Bölgəsində (Çin şimal-qərbində) Kaşğara çatması, burada konteynerlərin yük maşınlarına daşınaraq İrkeştan keçid məntəqəsindən keçməklə Çindən çıxması, daha sonra isə Özbəkistanın paytaxtı Daşkəndə çatdırılması gözlənilir.

    Son illərdə Hubey əyaləti ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi tədricən artıb. 2021-ci ildə Çin Dəmir Yolları Korporasiyasının Yuhan filialı Yuhan-Almatı marşrutu üzrə ilk yük qatarını yola salıb. Bu ilin aprel ayında Yuhandan Mərkəzi Asiyaya yük qatarları aylıq 440-a qədər standart konteyner-TEU, iyirmi fut ekvivalent vahid və 7500 tondan çox yükdaşıma qabiliyyətini təmin edən müntəzəm marşrutlara daxil edilib.

    Beynəlxalq nəqliyyat və logistika şirkəti “Hubei Railway Corporation”ın rəsmisi Çjan Linin sözlərinə görə, yeni logistika sxemi sayəsində əyalətin məhsulları Mərkəzi Asiya ölkələrindəki müştərilərə daha tez çata biləcək. Yeni logistika sxemi daşıma və sığorta xərclərini 30 faiz, yüklərin çatdırılması müddətini isə təxminən 20 gündən 10 günə qədər azaldacaq.

    Çin rəsmiləri bildirirlər ki, yeni yükdaşıma marşrutunun işə salınması nəqliyyat prosedurlarının optimallaşdırılması, logistika şəbəkəsinin genişləndirilməsi və yüksəksəmərəli beynəlxalq logistika dəhlizlərinin yaradılması üçün maraqlı tərəflərlə gələcək birgə iş üçün əlverişli imkan olacaq.

  • Parklanma qiymətləri illik olacaq? – VACİB AÇIQLAMA

    Bakıda avtomobil sahiblərinin narazılıq mövzusuna çevrilən “park etmə haqqı” məsələsi ilə bağlı yeni təkliflər gündəmə gəlir. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu haqqın aylıq və ya gündəlik deyil, texniki baxış kimi illik ödənişə çevrilməsi təklif olunur.

    Bəs bu ideya nə dərəcədə realdır?

    Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Konkret.az”a açıqlamasında bildirib ki, Azərbaycanda “park etmə haqqı”nın aylıq və ya gündəlik deyil, texniki baxış kimi illik ödəniş formasına keçirilməsi hazırda mümkün deyil.

    Ekspertin sözlərinə görə, parklanma qiymətləri yerindən asılı olaraq dəyişir və bu səbəbdən illik ödəniş mexanizmini tətbiq etmək çətindir:

    “Parklanma fərqli yerlərdə fərqli qiymətədir. İnsan öncədən təxmin edə bilməz ki, ildə nə qədər və harada avtomobilini park edəcək. Ona görə də illik ödənişin müəyyənləşdirilməsi real görünmür.”

    Mustafayev qeyd edib ki, park yerlərinin pullu olması bəzi sürücülər tərəfindən narazılıqla qarşılanıb, lakin məqsəd əlavə gəlir toplamaq deyil, boş parklanma yerlərinin təşkilidir.

    “Əvvəllər bir vətəndaş avtomobilini səhərdən axşama qədər eyni yerdə saxlayır, qarşılığında qeyri-leqal çalışan şəxsə cüzi məbləğ verirdi. Nəticədə isə başqa bir vətəndaş qısa müddətli iş üçün yer tapa bilmirdi. İndi isə sürücülər düşünür ki, minimum xərclə maşını park etsinlər. Bu da əlavə yerlərin yaranmasına səbəb olur.”

    Ekspert əlavə edib ki, bəzi ərazilərdə yer tapmaq çətin olduğu üçün qiymətlər artırılmalıdır:

    “Boş olmayan yerlərdə qiymətləri qaldırmaq lazımdır ki, sürücülər çox pul ödəməmək üçün o yerlərdə maşını uzun müddət saxlamasınlar. Bu halda daha çox sürücü üçün yer açılar və parklanma nizamlanar.”

  • Gəncədə 43 yaşlı qadın bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, şəhər sakinin 1982-ci il təvəllüdlü A. İbrahimova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat edilib. Hadisənin hansı şəraitdə baş veridiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  • Pezeşkiyan keyfiyyətiz yanacağa görə Təbrizə taksi ilə gedib

    İran prezidenti Məsud Pezeşkiyanın rəhbərlik etdiyi nümayəndə heyəti Təbrizə gedərkən yolda qalıb.

    Bu barədə prezident administrasiyasının rəsmisi Mustafa Mövləvi bildirib.

    Onun sözlərinə görə, Tehrandan Təbriz istiqamətində hərəkət edən və içində ölkə başçısının da olduğu avtomobil karvanı yolda yanacaqdoldurma məntəqəsinə (YDM) daxil olub. YDM-də rəsmi avtomobillərə verilən yanacaq sulu olub və səbəbdən avtomobillərdə nasazlıq əmələ gəlib.

    Bundan sonra Pezeşkiyan və onu müşayiət edən rəsmilər yoluna taksi ilə davam edib.

    Araşdırmalaran sonra məlum olub ki, sözügedən YDM yanacağa su qatırmış və müvafiq qurumlara sürücülərdən bu tipi şikayət daxil olurmuş.

  • Ramana sakininin aldığı çörəyin içindən yad cisim çıxdı – VİDEO

    Sabunçu rayonu, Ramana qəsəbə sakini aldığı çörəyin içindən qara, yad cisim çıxdığını iddia edib.

    Vətəndaş Hüseyn Hacıyev oxu.az-a bildirib ki, həmin çörəyi Ramana qəsəbəsindəki marketlərdən birində alıb:
     
    “Məhsul Bakıxanov çörək zavoduna məxsus şirkətin istehsalıdır. Çörəyi kəsəndə içindən qara rəngdə, bərk olmayan naməlum cisim çıxdı. Üstəlik, çörəkdən pis qoxu gəlirdi”.
     
    Onun sözlərinə görə, bu, ilk dəfə baş vermir və əvvəllər də oxşar hallarla qarşılaşıb.

    Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, hadisə qurumun Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb:

    “Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb”.
     
    “İstehlakçılardan xahiş edirik ki, qida məhsulları ilə bağlı uyğunsuzluqla rastlaşdıqda agentliyin “1003” qaynar xəttinə zəng vuraraq və ya “E-Qidam” mobil tətbiqi vasitəsilə məlumat versinlər”, – deyə cavabda qeyd edilib.

  • 5 yaşlı Xocalı qurbanının məzarı açıldı – VİDEO

    Şəhidlər xiyabanında Xocalıda qətlə yetirilən və kimliyi bilinməyən 5 yaşlı qızın məzarı açılıb.

    Bununla bağlı AZTV süjet hazırlayıb.

    Bildirilib ki, aidiyyəti qurumlar qətlə yetirilən həmin qızın kimliyini bilmək üçün araşdırmalar aparır.

    Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə aparılan araşdırmalar zamanı 27 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlarda 187 nəfərə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanaraq çıxarılıb və 59 nəfərin kimliyi müəyyənləşdirilərək dəfn edilib.

    Lakin itkin olaraq qeydə alınan 4 000 nəfərin taleyi hələ də nagüman olaraq qalır.

  • “Atlant”ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı

    Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə şahid qismində Şahin Tapdıqov ifadə verib.

    O bildirib ki, Nofəl Hacıyevi tanısa da, Talış Məhəmmədovu tanımayıb.

    Onun sözlərinə görə zərərçəkmiş Fərhad Zəkriyevi və digər şəxsləri tanımayıb: “Mən 2018-ci ildə şirkətdən 110 kvadrat mənzil almışdım. Sonra imkanım olmadı, geri qaytarmaq üçün müraciət etdim. Əvvəlcə Nofəl müəllim bunun mümkün olmadığını dedi. Amma sonradan məni çağıraraq pulumu geri qaytardı. Mən evi heç kimə satmamışam. Mənzili qaytarmışam, Nofəl müəllim də mənə 95 min manat ödəniş edib. Mən müqaviləni geri qaytardım, pulu götürərək getdim. Mənə pul lazım idi, ona görə də evi geri qaytarmaq qərarına gəldim. Çünki pula ehtiyacım var idi, borca düşmüşdüm”.

    Hakimlər heyətinin səsləndirdiyi sənədlərdən məlum olur ki, şirkət həmin mənzili 2018-ci ilin may ayında həmin mənzili Fərhad Zəkriyevə 154 min manata satıb. Bir mənzil bir ayın içində iki nəfərə müxtəlif qiymətlərə satılıb. Sonra mənzil daha bir nəfərə satılıb. Bu zərərçəkmiş Məmmədəli İsmayılovdur.

    Ş. Tapdıqov məhkəmədə deyib ki, həmin şəxs onun evinə gəlib, özünü prokurorluq işçisi kimi təqdim edib, onların arasında mübahisə yaranıb. M. İsmayılov deyib ki, mənzili Ş. Tapdıqovdan 98 min manata alıb. Amma Tapdıqov israrla mənzili həmin şəxsə satmadığını, şirkətə geri qaytardığını deyib. Bu zaman onların arasında mübahisə yaranıb. Onlar bir-birini ittiham ediblər.

    Sonra zərərçəkmiş Hüseyn Əliyev tərəfindən Nofəl Hacıyevə qarşı qaldırılan mülki iddia elan olunub.

    O, ümumilikdə 90 min manat mülki iddia qeyd edib. Hakimlər heyəti mülki iddianı icraata qəbul ediblər. Hakim zərərçəkmiş Bayram Yusibovun nümayəndəsinin diqqətinə çatdırıb ki, müdafiə tərəfi onun dindirilməsini istəyib. Hakim həmin şəxsin məhkəmədə hazırda iştirak etmədiyi, gölməsəz məcburi gətirilmə qərarı çıxarıla bilər. Nümayəndə qeyd edib ki, B. Yusibovun vəziyyəti yaxşı deyil, bu səbəbdən məhkəmədə iştirak edə bilmir. Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov isə zərərçəkmişin səhəti ilə bağlı heç bir problem yoxdur. Vəkili həmin şəxsin məcburi qaydada məhkəməyə gətirilməsini istəyib. Məhkəmə zərərçəkmiş B. Yusibovun və digər bir neçə şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilib. Növbəti proses iyulun 24-də davam edəcək. Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur. İttihama görə, vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub. Cinayət işi çərçivəsində “Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. “Atlant”ın sahibi Tahir Qədəşovdur. Məhkəmədə onun da məsuliyyətə cəlb olunması tələb edilmişdi. Bu vəsatət hələlik baxılmamış qalır. “Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir.

  • Özünü polis kimi təqdim etdi, 5250 manat mənimsədi

    Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq cinayətinə yol verməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Rahib adlı həmin şəxs Xəzər Baxşəliyev adlı vətəndaş barəsindəki cinayət işinə xitam verilməsinə köməklik göstərəcəyi barədə onun yaxınları ilə danışıb. Onları inandırıb ki, polis işçisidir və bu problemi həll edə bilər. Bunun müqabilində o, Xəzər Baxşəliyevin yaxınlarından 5250 manat pul alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib.

    Qarşı tərəfə aldanıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. Rahib saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Rahib məhkəmə özünü verilmiş ittiham üzrə təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 günə hesabı ilə verilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Захарова: Делегация РФ готова прибыть в Стамбул для третьего раунда переговоров

    Россия готова к переговорам с Украиной в Стамбуле.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявила на брифинге официальный представитель МИД России Мария Захарова.

    “Российская делегация готова прибыть в Стамбул для проведения третьего раунда переговоров (с украинской стороной – ред.)”, – сказала дипломат.