Hindistanın Yeni Dehli şəhərində məşhur Moğol hökmdarı Hümayunun həyat yoldaşının əmri ilə tikilmiş Hümayun türbə kompleksinin günbəzi uçub.
Bu barədə NDTV məlumat yayıb.
İnsident nəticəsində 5 nəfər ölüb. Dağıntılar altında insanlar ola bilər.
Hadisə yerinə xilasedicilər gəlib.
Qeyd edək ki, türbənin tikintisinə 1562-ci ildə başlanılıb və tikinti tam olaraq 1572-ci ildə başa çatıb. Türbə UNESCO-nun Dünya irs siyahısına daxil edilib.
2025-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 faiz artaraq 1495,9 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 757,7 milyon manat təşkil edib.
Son bir həftə ərzində Bakı, Qubadlı və İmişidə ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb, 71 750 manat ziyan dəyib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhərinin Yasamal rayonu, Vasif Əliyev küçəsi, 165 ünvanında, Qubadlı rayonu Hal kəndi və İmişli rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 750 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda aparılan təmir işləri davam etdirilir.
Agentlikdən verilən məlumata görə, əsaslı təmir işləri M2 magistralının 15-117 km-lik hissəsini əhatə edir.
Sözügedən hissədə yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Aparılan təmir işləri ilə sadalanan problemlər artıq aradan qaldırılır.
Hazırda təmir işləri yolun 97.7-ci km-dən 104.5-ci km-dək olan hissəsi üzrə icra olunur. Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq, hazırda yola yeni asfalt-beton örtüyünün hamarlayıcı qatının tikintisi işləri icra olunur.
Layihənin sonuncu mərhələsində asfalt-beton örtüyünün aşınma qatının döşənməsi və hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır.
Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizlik xidməti və ABŞ Prezidenti Donald Trampın mühafizəsinə cavabdeh olan ABŞ Gizli Xidməti Alyaskanın Ankoric şəhərində keçiriləcək liderlər sammiti ərəfəsində birgə əməliyyatlar həyata keçirir.
Bu barədə Bloomberg məlumat yayıb.
Məlumatda bildirilir ki, bu, hər iki dövlət başçısının eyni zamanda qorunmasını təmin etmək baxımından fövqəladə dərəcədə mürəkkəb və nadir rast gəlinən tapşırıqdır. Hər iki lider güclü silahlanmış mühafizəçilərlə əhatə olunduğundan, əməliyyat yalnız bir həftəlik sıx qrafik çərçivəsində böyük miqyaslı təhlükəsizlik sprintinə çevrilib.
Sammit zamanı təhlükəsizlik təminatı iki ölkənin xidmətləri tərəfindən koordinasiyalı şəkildə həyata keçiriləcək. Danışıqlar başlamazdan əvvəl tərəflər tədbirin təhlükəsizlik planını tam uyğunlaşdırmalıdır. Məsələn, əgər danışıqlar otağının girişində 10 amerikalı agent dayanacaqsa, qarşı tərəfdə eyni sayda rus agenti yerləşəcək. “Hər şey simmetrik olacaq: adam-adama, silah-silah,” – deyə mənbə qeyd edib.
Avqustun 14-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27 manat civarında dəyişib.
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
“Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.