Month: August 2025

  • Samuxda qadağan olunmuş 100 tona yaxın pestisid zərərsizləşdirilib

    Samux rayonu ərazisində 100 tona yaxın istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınması həyata keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilmək məqsədilə xüsusi nəqliyyat vasitəsi ilə “Cəngi pestisid poliqonu”na yola salınıb.

    Növbəti mərhələdə bu pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək.

    İcra olunan tədbirlər növbəti mərhələdə Füzuli və İmişli rayonlarında yerləşən təhlükə potensiallı obyektlərdə də davam etdiriləcək, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq.

  • Metroda QR-kodla ödənişlərdə problem yaşanır

    Bakı metropolitenində QR-kodla ödənişlərdə problem yaşanıb.

    Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

    Sakinlərin sözlərinə görə, hazırda QR-kod ödənişlərdə yaşanan problemə görə metronun “28 May” stansiyasının girişində sıxlıq müşahidə edilir.

    Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

  • Официальное заявление в связи с массовой гибелью рыбы в охотничьем хозяйстве в Билясуваре

    В охотничьем хозяйстве “Махмудчала”, расположенном в Билясуварском районе, зафиксирована массовая гибель рыбы.

    Об этом Report сообщили местные жители, передает Oxu.Az.

    По их словам, на протяжении нескольких дней резкое снижение уровня воды на территории хозяйства стало причиной массовой гибели рыбы.

    В Министерстве сельского хозяйства заявили, что массовая гибель рыбы произошла из-за открытия плотины, расположенной перед Сальян-Муганским передаточным коллектором.

    Так был восстановлен сброс воды из коллектора в Каспийское море.

    “В результате, из-за разницы уровня воды между охотничьим хозяйством “Махмудчала” и коллектором, вода поступает обратно в коллектор. При этом рыба перемещается вместе с водой в направлении коллектора, что может частично сопровождаться ее гибелью”, – отмечено в информации.

  • Biləsuvardakı ovçuluq təsərrüfatında balıqların kütləvi ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

    Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb.

    Bu barədə “Report”a sakinlər məlumat verib.

    Onların sözlərinə görə, bir neçə gündür ki, sözügedən təsərrüfat ərazisində suyun səviyyəsinin kəskin azalması balıqların kütləvi tələfatına səbəb olub.

    Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatına səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub.

    Belə ki, bu səbəbdən kollektorun suyunun Xəzər dənizinə axıdılması bərpa olunub.

    “Nəticədə Mahmudçala ovçuluq təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə, kollektor istiqamətinə suyun geri axını baş verir. Bu proses zamanı su ilə birlikdə bəzi balıqların da kollektor istiqamətində hərəkət etməsi və qismən tələf olması halları müşahidə edilə bilər”, – deyə məlumatda vurğulanıb.

  • Emoməli Rəhmon İlham Əliyevə təbrik məktubu göndərdi

    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Ermənistan Respublikası ilə iki ölkə arasında möhkəm sülhə nail olunmasına yol açan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizi və dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

    Bu tarixi hadisəni alqışlayır, böhranların və münaqişələrin həllində yeganə vasitə olan sülh dialoqunun əhəmiyyətini vurğulayırıq.

    Əminik ki, əldə olunan razılaşmalar mehriban qonşuluq münasibətlərinin inkişafına zəruri əsas yaradacaq, eyni zamanda, Qafqazda sabitliyin və təhlükəsizliyin əsaslarının möhkəmlənməsinə və konstruktiv regionlararası əməkdaşlığın genişlənməsinə kömək edəcəkdir.

    Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

  • Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun tarixi dəyişdi

    Daxili işlər naziri Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun vaxtı dəyişib.

    Bu barədə DİN-dən bildirilib.

    Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən avqustun 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi avqustun 29-a dəyişdirilib.

  • “Prava”sız mikroavtobus sürdü, həbs edildi – VİDEO

    Qanunsuz sərnişindaşıma həyata keçirən və yol polisinin nəzarətindən yayınmaq məqsədilə müxtəlif istiqamətlərdə torpaq yollarla hərəkət edərək daşıdığı sərnişinlərin həyatını təhlükə altına qoyan sürücü YPX əməkdaşları tərəfindən müəyyən edilərək stasionar postda saxlanılmışdır.

    Yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Əliyev Azər Bəhram oğlunun törətdiyi qayda pozuntuları ilə yanaşı, nəqliyyat vasitəsini idarə etmək hüququnun da olmadığı müəyyən edilmiş və barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir.

    Məhkəmənin qərarı ilə A.Əliyev 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

    Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə xatırladır ki, qanunsuz sərnişindaşıma və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sükan arxasına keçmək, yollarda qəza riskini dəfələrlə artırır və insan həyatını ciddi təhlükəyə məruz qoyur. Qaydaları pozmayın, təhlükəsizliyə məsuliyyətlə yanaşın.

  • Bakıda TIR-la minik maşını qəza törətdi

    Bakıda TIR-la minik maşını toqquşub.

    Bu barədə məlumat və görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, hadisə Hökməli yolunda qeydə alınıb.

    Qəza nəticəsində TIR yoldan çıxıb. Həmçinin yol kənarına əkilmiş ağaclar aşıb.

    Hadisə yerindən kadrları təqdim edirik:

  • 27 min manata aldığı torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb

    Bakı şəhər sakini Yasəmən Şəmil qızı Abbasova Yeni Ramana qəsəbəsində 27 min manata aldığı torpaq sahəsinin sonradan kənd təsərrüfatı təyinatlı olduğunu öyrənib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Y.Abbasovanın sözlərinə görə, 2021-ci ildən etibarən Amil və Anar adlı maklerlər ödənişi geri qaytaracaqları vədi ilə onu aldadırlar.

    Şikayətçi bildirib ki, artıq 4 ildən çoxdur pulunu geri ala bilmir:

    “2021-ci ilin yanvarında Yeni Ramana qəsəbəsi, sosial evlərin yanında mənə 27 000 manata 6 sot torpaq satıblar. Pulu Amil adlı maklerə vermişik. Qiyməti danışanda və torpağın yerini göstərəndə isə Anar adlı şəxs də orada olub. Bizə torpağın satılması ilə bağlı etibarnamə verdilər. O vaxt mən həmin ərazidə ev tikmək istəyirdim. Suraxanı Rayon İcra Hakimiyyətinə gedəndə isə bizə dedilər ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlıdır, bu torpaqda ev tikmək olmaz. O vaxtdan biz Anar və Amildən pulumuzu almağa çalışırıq, amma ödədiyimiz vəsaiti geri qaytarmırlar. Bildirirlər ki, torpaq satılandan sonra bizim ödənişi qaytaracaqlar. Bir ildən çoxdur ki, Yeni Ramanada olan əksər torpaqlar kimi, mənim aldığım ərazi də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb”.

    Yasəmən Abbasovanın ittiham etdiyi Amin Quliyev açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq gedir:

    “O torpaq kənd təsərrüfatı təyinatlıdır deyə, əvəzinə Türkan qəsəbəsində torpaq ayrılıb. Mən makler işləyirdim, Anar Hüseynovla birlikdə onun torpağını satmışıq. Sonra həmin torpaqlarda problem çıxıb deyə xanıma yenidən torpaq ayrılıb. Bu gün, ya sabah həmin torpağın sənədi götürülməlidir. Bizdə təkcə o xanım yox, təqribən 50 belə iş var. Ona görə bizim işimiz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir. Anar Hüseynov mənə deyib ki, bu məsələ bir-iki günə həllini tapacaq. Ödənişin geri qaytarılması ilə bağlı isə heç bir məlumat yoxdur”.

    Amin Quliyevin barəsində bəhs etdiyi Anar Hüseynov əvvəlcə Amini tanıdığını bildirsə də, sonradan fikrini dəyişdi:

    “Amini tanıyıram, onu isə (şikayətçi Yasəmən Abbasovadan bəhs edir – red.) tanımıram. Mən makler deyiləm, idmanla məşğul oluram. Soyadım isə Hüseynov yox, Həsənovdur. Amin bəyi də tanımıram. Mənim korrupsiyada heç bir işim yoxdur”.

    Məlumat üçün bildirək ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Artıq iş üzrə ilkin araşdırma da başa çatıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

  • Yolda dava zamanı həmkəndlisini döyərək öldürməkdə ittiham edilən şəxsə hökm oxunub

    Beyləqanda yolda dava zamanı həmkəndlisini döyərək öldürməkdə təqsirləndirilən Seyidağa Rüstəmlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Seyidağa Rüstəmli 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən il oktyabrın 11-də baş verib. İttihama görə, Seyidağa Rüstəmli içkili halda ictimai asayişi pozaraq avtomobil yolunu bağlayıb və sürücülərlə mübahisə edib. Bunun qarşısını almaq üçün Ramil Kərimov Seyidağaya yaxınlaşıb və onu ərazidən uzaqlaşdırmağa çalışıb. Bu zaman Ramil Kərimovla Seyidağa Rüstəmli arasında mübahisə yaranıb. Seyidağa Ramilin sinə, üz və baş nahiyələrinə yumruq vurub. Ramil Kərimov bundan sonra xəstəxanaya yerləşdirilib və oktyabrın 22-də orada vəfat edib.

    Təqsirləndirilən Seyidağa Rüstəmliyə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, zərərçəkmişin ölümünə səbəb olma), 221.2.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham edilib.