Month: August 2025

  • Tibb bacılarını söydü – Həbs olundu

    Ağdam Rayon Təcili Tibbi Yardım stansiyasının xanım əməkdaşlarını söyən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 1994-cü il təvəllüdlü A.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmədə baxılıb.

    Məlum olub ki, A.B-nin anası xəstə imiş və avqustun 7-si günorta saatlarında Ağdam rayonunun Evoğlu kəndindəki evə təcili tibbi yardım çağrılıb, xəstəyə iynə vurulub.

    Saat 20.00 radələrində A.B.-nın anasının vəziyyəti yenidən pisləşib və o, evdə olmadığı üçün qardaşı təcili yardım çağırıb. Sonradan qardaşı ona zəng vuraraq, həkim gəlmədiyini deyib. A.B. Ağdam Rayon Təcili Tibbi Yardım stansiyasının 103 xidmətinə zəng vurararaq, oradakı xanım tibb bacılarını söyüb.

    8 avqust tarixində saxlanılan A.B. məhkəmənin hökmü ilə 10 günlük həbs olunub.

  • Skuterə görə xanım sərnişini söydü – “Bolt” sürücüsü həbs edildi

    Bakıda xanım müştərini söyərək təhqir edən “Bolt” taksi sürücüsü inzibati qaydada həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Leyla adlı sərnişinin BYD markalı avtomobilə minməsi ilə başlayıb.

    Leyla “Bolt” tətbiqi vasitəsilə taksi sifariş edib. Sifarişə uyğun olaraq ünvana 1997-ci il təvəllüdlü, Bakıda anadan olmuş C.V. adlı sürücü gəlib. Müştəri uşağının skuterini avtomobilin yük yerinə yerləşdirib və arxa oturacaqda əyləşib.

    Sürücü skuteri yükləyərkən avtomobilin cızıldığını iddia edərək sərnişini aparmaqdan imtina edib və əsəbi şəkildə maşından düşməsini tələb edib. Müştəri isə heç bir ziyan vurmadığını və sifarişin ünvana çatdırılmalı olduğunu bildirib.

    Daha sonra hər iki tərəf avtomobildən düşüb və aralarında mübahisə yaranıb. C.V. küçədə, insanların gözü qarşısında nalayiq ifadələr işlədərək sərnişini təhqir edib. Leylanın sözlərinə görə, ətrafdakı şəxslər sürücünü ondan uzaqlaşdırmasaydı, fiziki zorakılığa da əl ata bilərdi. Zərərçəkmiş qadın sürücüdən şikayətçi olub və barəsində ciddi tədbir görülməsini istəyib.

    Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (“Xırda xuliqanlıq”) üzrə təqsirli bilinərək, 5 gün inzibati həbs cəzası alıb.

  • Azərbaycan təbii qazı Suriyanın Homs vilayətinə çatıb

    Azərbaycan təbii qazı Suriyanın mərkəzində yerləşən Homs əyalətindəki Cender qaz elektrik stansiyasına çatdırılıb.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Məlumata görə, növbəti mərhələdə qaz Cender stansiyasından paytaxt Dəməşq yaxınlığındakı Nasiriyyə və Təşrin istilik elektrik stansiyalarına yönəldiləcək.

    Suriyanın energetika nazirinin müavini Qayyas Diyab bildirib ki, maksimum gündəlik qaz nəqletmə gücü 3.4 milyon kubmetr olan boru kəməri hazırda gündə 1.4 milyon kubmetr qaz ötürür ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verir.

    Xatırladaq ki, Türkiyədən Suriyaya ilk təbii qaz axını avqustun 2-də başlayıb. Azərbaycan qazı Türkiyə-Suriya təbii qaz boru ləməri ilə Kilis vasitəsilə nəql edilib.

  • Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə ABŞ səfərini müzakirə etdi

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.

    Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Özbəkistanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində tarixi nailiyyətlər münasibətilə səmimi təbriklərini çatdırıb.

    İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə əhəmiyyətli töhfə olduğu diqqətə çatdırılıb.

    Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları müzakirə olunub.

  • Federasiya prezidenti bıçaqlanaraq ÖLDÜRÜLDÜ

    Rusiyanın Altay diyarının MMA Federasiyasının prezidenti Aleksey Kalbukov Tyunqur kəndində fərdi evdə keçirilən toy mərasimi zamanı qətlə yetirilib.
     
    Median.Az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “thevoicemag.ru” saytı məlumat yayıb.
     
    Məclis zamanı Kalbukov 74 yaşlı kişi ilə münaqişə edib. Təqaüdçü ayağa qalxaraq funksionerin sinəsindən bıçaq zərbəsi endirib. Kalbukov hadisə yerində ölüb. Qatil polis tərəfindən saxlanılıb.
     
    Aleksey Kalbukov bu gün dəfn edilib.

  • Tirana Azərbaycan və Ermənistanın dialoqu seçmək qərarını yüksək qiymətləndirir

    Albaniya ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması istiqamətində atılan tarixi mərhələni alqışlayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşılan məlumatında deyilir.

    Bəyanatda qeyd olunur ki, Tirana hər iki ölkənin fikir ayrılığı əvəzinə dialoqu seçmək qərarını yüksək qiymətləndirir və bu qərar onilliklərlə davam edən münaqişələrə son qoymağa və münasibətlərin tam normallaşmasına zəmin yaradıb.

  • ABŞ-ın bu şəhərləri su altında qalacaq

    Alimlərin proqnozlarına görə, 2050-ci ilə qədər ABŞ-da bir çox sahil şəhərləri və təbiət parkları su altında qalacaq.

    Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Amerika alimlərinin müstəqil təşkilatı “Climate Central”ın dərc etdiyi hesabata əsasən Luiziana, Corciya, Florida və Nyu-York ştatlarının bir neçə böyük şəhəri yax

    Yaxın 25-30 ildə illik daşqınlar səviyyəsindən aşağı olacaq və bu, minlərlə insanın həyatını riskə atacaq.

    Long-Aylend, Atlantik- Siti, Yeni Orlean və San-Xose hətta alimlərin ən optimist hesablamalarına görə təhlükə zonasındadır.

    Bundan başqa, Nyu-Yorkda Azadlıq heykəlinin dayandığı ada da 25 ildən sonra su altında qalacaq. Florida Everqleyds milli parkını və Birləşmiş Ştatlarda yerləşən digər təbiət qoruqlarını da eyni aqibət gözləyir. Alimlərin fikrincə, Meksika körfəzi və Şərq sahili boyunca sahilyanı ərazilər dəniz səviyyəsinin sahil xəttini yuması ilə ölçüləri kiçiləcək.

    Məyusedici nəticələr, digər məsələlərlə yanaşı, böyük daşqınların proqnozlarını verən və ətraf mühitin çirklənməsinin iqlimə təsirini qiymətləndirən İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) 2021-ci il hesabatı əsasında qəbul edilib.

  • Moskvadan Vaşinqton sazişinə – MÜNASİBƏT

    Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır”.
     
    Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton sazişini şərh edərkən deyib.
     
    “Biz regional təhlükəsizlik üçün bu əsas məqsədə nail olmağa töhfə verən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Cənubi Qafqaz respublikalarının rəhbərlərinin Vaşinqtonda görüşü müsbət qiymətə layiqdir. Ümid edirik ki, bu addım sülh gündəminin irəliləməsinə kömək edəcək.
     
    İki ölkə arasında barışıq regional kontekstdə inteqrasiya olunmalı və maraqlar balansına və tərəflərin və qonşu dövlətlərin prioritetlərinə qeyd-şərtsiz hörmətə əsaslanmalıdır”, – deyə Zaxarova qeyd edib.

  • İspaniyada təyyarə qəzası: Ölənlər var

    İspaniyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər həlak olub.

    Bu barədə “Cadena SER” radiostansiyası məlumat yayıb.

    Məlumata görə, insident Valensiya muxtar əyalətində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər qəzadan sonra yaranan alovu söndürüblər.

    Qəzanın səbəbləri məlum deyil. Mülki Qvardiya hadisə ilə bağlı araşdırma aparacaq.

  • Bu ərazidə pensiya ödənişi başa çatdırıldı

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının pensiya ödənişi başa çatdırılıb.
     
    Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
     
    Bildirilib ki, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.