Month: August 2025

  • İlham Əliyev Rumıniyanın keçmiş prezidentinin vəfatı ilə bağlı başsağlığı verib

    Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı məktubu ünvanlayıb.

    MedianAz AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Rumıniyanın keçmiş prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

    İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

    Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm”.

  • МИД Азербайджана: Баку выступает за разрешение конфликта в Грузии на основе принципа территориальной целостности

    Министерство иностранных дел Азербайджана заявило о поддержке мирного разрешения конфликта в Грузии на основе суверенитета и территориальной целостности и в рамках международно признанных границ.

    Об этом сообщил МИД на своей странице в соцсети “X”.

    “Азербайджан придает большое значение тесным партнерским и добрососедским отношениям с Грузией”, – подчеркивается в сообщении.

    Напомним, что 8 августа 2008 года Россия осуществила военную агрессию против Грузии.

  • Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq

    Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib.

    Bu barədə Nazirliyin “X” hesabında yazılıb.

    “Azərbaycan Gürcüstan ilə yaxın tərəfdaşlıq və qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir”, – deyə bildirilib.

    Xatırladaq ki, 2008-ci il avqustun 8-də Rusiya Gürcüstana hərbi müdaxilə edib.

  • Ağdamda fəaliyyət göstərən pendir sexində nöqsanlar aşkarlanıb

    Ağdam rayonu, Zəngişalı kəndində fəaliyyət göstərən Babək Kamil oğlu Bayramova məxsus pendir sexində plandankənar yoxlama keçirilib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilir ki, baxış zamanı müəssisənin döşəmə səthlərinin təmirsiz olduğu, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, təmizlik və dezinfeksiya işlərinin həyata keçirilmədiyi müəyyən olunub.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

  • Qusar Rayon Mərkəzi Xəstəxanası külli miqdarda cərimələnib – SƏBƏB

    “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs külli miqdarda cərimələnib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən xəstəxanada aparılan yoxlama zamanı bir sıra tələblərin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

    Yoxlama zamanı xəstəxananın rentgen aparatının xəstəyə verdiyi şüa dozasının yol verilən həddi aşdığı və cihazın istismara yararsız olduğu müəyyən edilib. Bundan başqa, xüsusi icazə olmadan ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət göstərən otaqlar aşkarlanıb. Ümumilikdə 9 nöqsan qeydə alınıb.

    Artıq ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət göstərən otaqların istifadəsi məhdudlaşdırılıb. Xəstəxananın nümayəndəsi məhkəmədə bildirib ki, protokol tərtib edildikdən sonra 9 pozuntudan 8-i aradan qaldırılıb. Hazırda yalnız bir pozuntu – ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət üçün xüsusi icazənin olmaması qalır. Bu məsələ ilə bağlı FHN və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi müraciət edildiyi də vurğulanıb.

    Məhkəmənin qərarı ilə Qusar Rayon Mərkəzi Xəstəxanası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi üzrə təqsirli bilinərək 12 min manat məbləğində cərimə olunub.

    Qeyd edək ki, protokol xəstəxananın sabiq baş direktoru Kamil Hacıyevin dövründə tərtib edilsə də, məhkəmə qərarı bir neçə gün əvvəl vəzifəyə təyin olunan yeni direktor İmran Qurbanovun vaxtında çıxarılıb.

  • Bakıda 9-cu sinif şagirdi qəfil vəfat etdi

    Bakıda 9-cu sinif şagirdi vəfat edib.

    Bakuplus.az-a bu barədə mərhumun yaxınları məlumat verib.

    Məlumata görə, bu gün səhər saatlarında Bakının 62 saylı məktəbin şagirdi Əmiraslanov Röyal ürəktutmasından vəfat edib.

    Onun əvvəllər səhhətində heç bir problem olmadığı bildirilir.

    Allah rəhmət eləsin!

  • Bu tarixdə gözünüz göydə olsun – Planetlərin paradı olacaq

    2025-ci ilin yanvar ayında 6 planetin iştirakı ilə böyük parad, fevral ayında isə 7 planetin qoşulduğu nadir tam planet paradı müşahidə olunmuşdu. İlin sonuncu paradı isə avqustun 10-da baş verəcək.

    Bu barədə Baku.ws-ə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Bildirilib ki, Azərbaycanda tam sıralanma 10 avqust saat 04:08-dən başlayacaq, saat 04:50-də son planet Merkuri qoşulacaq. Saat 05:46-da isə Günəş artıq üfüqdən qalxmış olacaq. Ay, Saturn, Neptun, Uran, Venera, Yupiter və Merkuri qərbdən şərqə doğru düzüləcək. Təəssüf ki, hazırda Mars səmada Günəşdən sonra mövqeləşdiyi üçün bu paradda olmayacaq. Yupiter ilə Venera səmada yaxınlaşacaqlarından, Veneranın fonunda Yupiter o qədər də parlaq görünmür. Saturn və Uran isə zəif olduqları üçün onları adi gözlə görmək mümkün deyil, kiçik teleskopla müşahidə etmək olur. Merkuri isə Günəşə çox yaxın olduğundan müşahidəsi çətinləşəcək. Avqust ayının sonunadək planetləri bir yerdə izləmək mümkün olacaq.

    Qeyd edək ki, planetlərin paradı tamamilə vizual hadisədir və parad zamanı Yer səmasında onlar ardıcıl sıralasanlar da kosmosda planetlərin konfiqurasiyası tamamilə fərqli olur. Cari konfiqurasiyanı buradan izləyə bilərsiniz.

  • İsrail havadan zərbə ilə Fələstindəki partiyalardan birinin üzvünü öldürüb

    Bu gün İsrail ordusu Livanın cənubunda avtomobilə havadan dəqiq zərbə endirib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xarici KİV-ə istinadən məlumat yayıb.

    Hücum nəticəsində Fələstin Xalq Cəbhəsinin mərkəzi komitəsinin üzvü Əbu Xəlil Vəşah və onun yoldaşlarından biri həlak olub.

    “Reuters” və Livan Milli Xəbər Agentliyinin məlumatlarına görə, avtomobil ən azı iki raketlə vurulub.

    Livan Səhiyyə Nazirliyi hücumda iki nəfərdən başqa bir neçə nəfərin də öldüyünü və ya yaralandığını bildirib.

  • Həftəsonu yağış yağacaq – XƏBƏRDARLIQ

    Şimal və qərb rayonlarından başlayaraq avqustun 10-u gündüz hava şəraitinin dəyişəcəyi, 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

    Bildirilib ki, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

    Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

  • Bərdə-Xankəndi istiqaməti üzrə avtobus reyslərinin sayı artırılır

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ötən ilin sentyabr ayında “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verdiyi Bərdə-Xankəndi müntəzəm avtobus reyslərinin sayını artırır.

    Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, avqustun 11-dən Bərdə-Xankəndi istiqaməti üzrə daha 3 reys fəaliyyətə başlayacaq. Bununla da bu istiqamətdə gün ərzində 6 reysin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən reyslər üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.

    İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə yeni reyslər üzrə avtobuslar Xankəndidən Bərdəyə saat 07:00, 11:30 və 16:30-da yola düşəcək.

    Hazırda gün ərzində 3 dəfə həyata keçirilən reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşür.

    Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.