Month: August 2025

  • Bakıda və bəzi bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK – Sarı xəbərdarlıq

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 8-i axşamdan 11-i gündüzədək küləkli hava gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İmişli, Beyləqan, Zərdab, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlı, Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

  • Azərbaycanlı turist Tailandda meyvə satıcısı ilə mübahisə zamanı bıçaqlanıb

    Azərbaycanlı turist Orxan Məmmədzadə Tailandın Patonq şəhərində bıçaqlanıb.

    Bu barədə məlumatı “The Phuket News” yayıb.

    Hadisə Patonqda yerləşən “The Royal Paradise” hotelinin qarşısında baş verib. Yerli meyvə satıcısı ilə Orxan Məmmədzadə arasında başlanan mübahisə sonda fiziki qarşıdurmaya çevrilib və 33 yaşlı azərbaycanlı qarın boşluğuna bıçaq zərbəsi alıb.

    Satıcının polisə verdiyi ifadəyə görə, alıcı 60 bat (təxminən 3.4 manat) ödəməkdən imtina edib, bu isə qarşılıqlı gərginliyə və daha sonra insidentə səbəb olub.

    Məmmədzadə dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti və xəsarətlərin ağırlığı barədə hələlik ətraflı məlumat verilmir.

    Faktla bağlı istintaq başlanıb, hadisənin detalları araşdırılır.

  • Bakı istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, həbs olunmuş şəxs Ramil Mərdan oğlu Talıblıya qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd kartofun içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • “Tibbi təhsili yoxdur, lakin həkimdir” – Onkoginekoloq Turanə Nəsibovadan şikayət

    “Atlas Medical Center”də fəaliyyət göstərən onkoginekoloq Turanə Nəsibovanın tibbi təhsili olmadığı iddia olunub.

    Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə qeyd edilib.

    Bildirilib ki, sözügedən şəxsin tibbi fəaliyyət göstərə bilməsi üçün nəinki ali, heç orta ixtisas təhsili də yoxdur.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Səhiyyə Nazirliyinin “Tibb kadrlarının vahid reyestri”ndə əks olunur. Sözügedən reyestrdə Turanə Nəsibova ilə bağlı hər hansı məlumat yer almır.

    Onkoginekoloq Turanə Nəsibova və “Atlas Medical Center” ilə əlaqə saxlamağa çalışsaq da, telefonumuza cavab verən olmadı.

  • Kamçatkada vulkan püskürməsi: İki kənd külə qərq oldu

    Kamçatkada Klyuçevskaya Sopka vulkanının püskürməsi nəticəsində iki kənd külə qərq olub.

    Bu barədə “Amur Mash” “Telegram” kanalı məlumat verib.

    Məlumata görə, Klyuçi və Ust-Kamçatsk kəndləri vulkandan cəmi bir neçə onlarla kilometr aralıda yerləşir.

    Yerli sakinlərin bildirdiyinə görə, ətrafda o qədər tefra (piroklastik süxurlar, vulkan partlayışları zamanı yaranan, maqma və digər materialların havaya atılması nəticəsində meydana gələn süxurlardır. Tərkibinə görə müxtəlif ölçüdə və formada, tüstü, toz və parçalar şəklində olur – red.) var ki, üzərində rəsm çəkmək olur. Göydən tozcuqlar yağmağa davam edir. İnsanlara fərdi mühafizə vasitələri verilir.

    Qeyd edilir ki, nəhəng vulkan 12 kilometr uzunluğunda tüstü sütunu buraxıb, şleyf Komandor adalarına qədər çatıb. Hər şey alimlərin proqnozlaşdırdığı kimi gedir, belə ki, artıq sabah (9 avqust) ən təhlükəli mərhələ başlaya bilər – Boqdanoviç buzlağından partlayış buxarları və palçıq axınları magistral yolu yuya bilər.

    Xatırladaq ki, daha əvvəl “Kamçatka vulkanları” təbiət parkları şəbəkəsinin “Telegram” kanalı Kamçatkada Klyuçevski vulkanının cənub-qərb yamacı ilə axan lava axınının Boqdanoviç buzlağına doğru hərəkət etdiyini yazmışdı. Uzunluğu bir kilometrdən çox olan axın isə yarımadanın ən böyük buzlaqlarından birini əridə və bu da Studyonaya çayının yatağında sel axınına səbəb ola bilər.

  • Erməni əsirliyində olmuş azərbaycanlı: “Narkotik maddələr qəbul edib, bizə işgəncə verirdilər”

    Avqustun 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib.

    İdris Mirzəyev əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanıldığını deyib. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağbulaq kəndində (Xocavənd rayonu – red.) donuz və toyuq fermaları tikintisi işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, o cümlədən başında butulka sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib, bu səbəbdən axsayır.

    “Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər”, – deyə o bildirib.

    Həbib Əliyev isə 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən, döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü söyləyib. Yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev Əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın 8-də əsirlikdən azad olunub.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Metroda dünyaya gələn uşaq və ananın fotosu – FOTO

    Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub

    Bu barədə TƏBİB məlumat yayıb.

    Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

    Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.


  • Yaponiyanın Kirişima şəhərində ən yüksək beşinci səviyyəli təxliyə elan edildi

    Yaponiyanın Kirişima şəhərində güclü yağışlar səbəbindən 122.4 min nəfər üçün yüksəksəviyyəli təxliyə elan edilib.

    Bu barədə “NHK” telekanalı məlumat verib.

    Ölkənin cənubunda, Kaqoşima prefekturasında yerləşən Kirişima şəhərində güclü yağışlar səbəbindən “xüsusi xəbərdarlıq” rejimi tətbiq edilib. Əlverişsiz hava şəraiti səbəbindən artıq iki nəfərin xəsarət aldığı məlum olub. Səlahiyyətlilər suyun səviyyəsinin yüksək olması səbəbindən bir çox ərazilərdə çay daşqınları təhlükəsi barədə xəbərdarlıq ediblər.

    Sinoptiklərin məlumatına görə, 12 saat ərzində Kirişimanın bir sıra ərazilərində 1.5 aylıq normada – 495 mm yağıntı düşüb. Güclü yağışlar fonunda şəhərdə “fövqəladə təhlükəsizlik təminatı” ifadəsi altında 5-ci səviyyəli təxliyə elan edilib.

  • İranda qatar relsdən çıxdı: Onlarla yaralı var – Video

    İranda bu gün səhər saatlarında Tehran-Kerman sərnişin qatarı Zərənd şəhəri yaxınlığında relsdən çıxaraq aşıb.

    “Azad İran” “Telegram” kanalı “Mehr News”a istinadən xəbər verir ki, İran Qızıl Aypara Təşkilatının rəhbəri Babək Mahmudi qəza nəticəsində 30 nəfərin yaralandığını bildirib.

    Zərənd şəhərinin başçısı Seyid Rza Hüseyni Nejadın sözlərinə görə, digər sərnişinlər avtobuslarla yola davam ediblər.

    Məlumata görə, qatarda 450 sərnişin olub.

  • Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs barəsində qərar verildi

    Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən Mərdan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, avqustun 5-də Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılmışdı.

    O, polis əməkdaşları tərəfindən saxlanılmışdı.