Month: August 2025

  • İsti hava dalğası zəifləyir – Bu tarixdən hava mülayimləşəcək

    Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir.
     
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
     
    Həftənin sonu, gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
     
    Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu 9-10-11-də 27-29 ° isti olacaq.
     
    Qeyd edək ki, beynəlxalq təcrübədə havanın gündəlik maksimum temperaturunun orta aylıq maksimum temperaturdan 5 dərəcə və daha yüksək olduğu müddət 5 gün və daha çox davam edərsə bu meteoroloji hadisə isti hava dalğası adlanır.

  • Bakı üzrə 20 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub

    “Bakı şəhəri üzrə 20 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova deyib.

    “Bundan əlavə, 2025-2026-cı il üzrə məktəbəqədər hazırlıq üçün beş yaşı tamam olan uşaqlar qeydiyyatdan keçə bilər. Yəni, 2020-ci il yanvarın 1-dən dekabrın 31-dək doğulan uşaqlar məktəbəqədər hazırlıq üzrə qeydiyyatdan keçə bilərlər. Valideynlər sentyabrın 1-dən 30-a kimi sənədlərini təhsil müəssisələrinə təqdim etməlidirlər”, – deyə S.İsmayılova bildirib.

  • Çində torpaq sürüşməsi baş verdi: ölənlər var

    Çinin Guangdong əyalətinin paytaxtı Quanqdouda güclü yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində 2 nəfərin cəsədi tapılıb.

    China Daily qəzetinin yaydığı məlumata görə, bəzi bölgələrdə baş verən sürüşmələr zamanı ümumilikdə 14 nəfər torpaq altında qalıb. Onlardan 7-si yaralı şəkildə xilas edilib və xəstəxanada müalicə olunur.
    Hazırda 5 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir. Yerli hakimiyyət hadisə ilə bağlı araşdırma aparır.

    /azxeber

     

  • Akif Həsənov: “Oğluma 100 minlik saat, yarım milyon manatlıq rəsmlər almışdım”

    “Qazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Akif Həsənovun bağ evini qarət edib, daha sonra yandırmaqda ittiham olunan bağbanın məhkəməsi başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

    İstintaq materiallarında yazılıb ki, ötən ilin qışında Akif Həsənovun Şüvəlan qəsəbəsində yerləşən bağ evində yanğın olub. Yanğın söndürüldükdən sonra evə baxış zamanı içində qiymətli əşyaların olduğu seyfin oğurlandığı məlum olub.

    Araşdırma nəticəsində evin bağbanı – 29 yaşlı Əkbər Bəşirli şübhəli şəxs kimi tutulub. Onun evi qarət etməsini ört-basdır etmək üçün yanğın törətdiyi qənaətinə gəlinib. Bağban ittihamla qismən razılaşıb. O, evi yandırdığını boynuna almasa da, bəzi qiymətli əşyaları ələ keçirib satdığını etiraf edib.

    Keçmiş məmur özü də məhkəmədə ifadə verib. O, hadisə nəticəsində yarım milyon manatlıq qiymətli əşyalarının oğurlandığını deyib. Həmçinin evini də bağbanın yandırdığından əmin olduğunu bildirib:

    “Bahalı əşyaları, qızılları evdəki seyfdə saxlayırdım. 2022-ci ildə dəyəri 70 min manatdan çox olan “Breguet” və “Audemars Piguet” markalı dəri kəmərli saatlar yoxa çıxdı.

    Həmin saatlar sadəcə qiymətinə görə deyil, yubileydə bağışlandığı üçün xatirə kimi mənə çox dəyərli idi. Oğluma 25 illik yubileyinə “Audemars Piguet” markalı (qiyməti 100 min manata yaxın – red.) bahalı saat hədiyyə etmişdim. Həmin saatlar artıq istehsaldan çıxarılıb, tapılmır. Ötən ilin yanvarında oğlum Bakıya gəlmişdi. Bir gün oğlum saatının evdə itdiyini dedi. Amma bu barədə polisə xəbər vermədik. Bir müddət sonra da evdə yanğın baş verdi. Yanğın söndürüləndən sonra isə evdəki qızıl-zinət əşyaları və pulun oğurlandığının şahidi olduq. Sonra məlum oldu ki, ev qəsdən yandırılıb. Hər tərəfə benzin səpilibmiş. Sonda bütün olanların arxasından bağban çıxdı”.

    Zərərçəkmiş onu da əlavə edib ki, məşhur rəssamların əl işlərinin həvəskarı olaraq orijinal rəsm əsərləri alıbmış. Yanğın zamanı onlar da məhv olub. Rəsm əsərlərinin indiki dəyəri elə yarım milyon manata yaxındır: “Hamısını 15 il əvvəl almışdım. Evdə 4-5 belə rəsm əsəri vardı. Araşdırsaq, elə onların bugünkü bazar qiyməti yarım milyon manata yaxındır. Sadəcə Əkbərə yazığım gəldiyi üçün bu əsərlərin məhv edilməsini maddi zərər kimi nəzərə almadım”.

    Hökmə əsasən, Əkbər Bəşirli oğurluqda, əmlakı qəsdən məhv etməkdə, rəsmi sənədləri, möhür və ya ştampları məhv etməkdə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib. Bağbana vurduğu ziyana görə 450 min manatlıq mülki iddia da təmin edilib.

  • İlham Əliyev ABŞ-də işgüzar səfərdədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gəlib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.

  • Selami Şahin xəstəxanaya yerləşdirildi

    Türkiyə musiqisinin sevilən səslərindən Selami Şahin təcili olaraq xəstəxanaya yerləşdirilib.

    O, tətil üçün yollandığı İzmirin Çeşmə rayonunda yıxılaraq xəsarət alıb.

    Bildirilir ki, 77 yaşlı sənətkar yıxılma nəticəsində sağ qolundan zədə alıb.

    Bundan sonra o, Çeşmə Dövlət Xəstəxanasına çatdırılıb və ilkin tibbi müdaxilə həyata keçirilib.
    //azxeber

  • Ermənistanla Azərbaycan sülh sazişi imzalaya bilər – “Euronews”

    ABŞ Prezidenti Donald Tramp bu həftə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərini iki ölkə arasında çoxdan gözlənilən sülh sazişini irəli apara biləcək görüş üçün qəbul edəcək.
     
    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Euronews” yazıb.
     
    “Azərbaycan və Ermənistan liderləri avqustun 8-də Vaşinqtonda keçiriləcək sülh sammiti üçün ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırlaşırlar ki, bu da iki ölkə arasında çoxdan gözlənilən sülh sazişini irəli apara bilər. Təxminən 40 illik şiddətli münaqişədən sonra Bakı və İrəvan, nəhayət, regionda sülhü təmin edə bilər”, – məqalədə deyilir.
     
    Media orqanı hesab edir ki, bu, həm də Trampın özünü və ABŞ-ni qlobal münaqişələrin həllində əsas aktor kimi təsdiqləmək üçün genişmiqyaslı səylərini gücləndirəcək.
     
    “Euronews” qeyd edir ki, Zəngəzur dəhlizi iki ölkə arasında əsas məsələ olaraq qalır:
     
    “İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Əbu-Dabidə ilk rəsmi ikitərəfli görüş keçirib. Liderlər iki ölkə arasında sülh müqaviləsinin təfərrüatlarını yekunlaşdırmaq və təxminən 40 illik münaqişədən sonra münasibət qurmaq niyyətindədirlər.
    Sülh danışıqlarının gündəmindəki kritik məsələ Zəngəzur dəhlizidir. Bu, Azərbaycanın materik hissəsini onun Ermənistan ərazisindən keçməklə Bakının müttəfiqi Türkiyə ilə həmsərhəd olan anklavı (Naxçıvan) ilə birləşdirmək üçün nəzərdə tutulmuş nəqliyyat marşrutudur.
    Dəhliz Azərbaycan üçün ərazisinin bir hissəsi olan Naxçıvanla birbaşa quru əlaqə təklif edir, Türkiyə ilə əlaqələri gücləndirir və infrastruktur diplomatiyası vasitəsilə müharibədən sonrakı uğurlarını möhkəmləndirir.
    Bu, Azərbaycanın qlobal miqyasda mühüm nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirərdi. Amma Azərbaycan üçüncü tərəfin iştirakını istəməzdi, ABŞ, Avropa və Rusiyanın iştirakı olmadan onun Bakının nəzarəti altında olmasına üstünlük verərdi.
    İrəvan üçün Zəngəzur dəhlizi daha geniş ticarət şəbəkələrinə inteqrasiya, çökmüş iqtisadiyyatını şaxələndirmək və xarici investisiya cəlb etmək imkanı verəcək. Bu, geosiyasi baxımdan da Ermənistana qonşuları ilə münasibətləri normallaşdırmağa kömək edərdi”.
     
    “Euronews” yazır ki, 43 kilometrlik dəhliz təkcə Azərbaycan və Ermənistan üçün strateji əhəmiyyət kəsb etmir, bunun bütün region və onun hüdudlarından kənarda geosiyasi vəziyyətə təsiri və nəticələri olacaq:
     
    “Bir neçə həftə əvvəl ABŞ Azərbaycan, Türkiyə, Avropa və Asiya arasında yük və sərnişin axınını asanlaşdıran fasiləsiz quru marşrutu yaradan Zəngəzur dəhlizinin idarə edilməsini təklif edib.
     
    Ankara da dəhlizi əhəmiyyətli enerji və ticarət mərkəzi olmaq ambisiyalarında kritik halqa kimi görür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun əvvəlində jurnalistlərə dəhlizin önəmini şərh edib. Dəhliz Türkiyənin təsirini genişləndirə və ABŞ-yə İran sərhədlərində mövcudluğunu təmin etmək imkanı yarada bilər”.
     
    Rusiyaya gəlincə, təhlildə vurğulanır ki, Ukrayna bataqlığına ilişən Moskva onilliklərdən sonra Cənubi Qafqazda öz təsirini tədricən itirir:
     
    “Azərbaycan 2023-cü ilin sentyabrında Ermənistanla onilliklər boyu davam edən və Kremlin mərkəzi aktoru olduğu münaqişənin ardınca, ildırım çaxdıran hərbi kampaniyadan sonra Qarabağ bölgəsinə tam nəzarəti bərpa edib. Təxminən iki il sonra İrəvan və Bakı Rusiyadan uzaqlaşaraq, yaxın vaxtlara qədər sonu görünməyən qanlı münaqişədən sonra sülh sazişi mətni üzərində razılaşaraq və münasibətlərini normallaşdıraraq tarix yazdı. Moskva isə həm Bakı, həm də İrəvanla əməkdaşlığı bərpa etməyə çalışır, “vasitəçilik” təklif edir və İrəvana qarşı dezinformasiya kampaniyaları aparır.
     
    Rusiyanın Bakı ilə əlaqələrini bərpa etmək cəhdləri dekabrda Qazaxıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması və göyərtəsində olan 67 nəfərdən 38-nin həlak olması ilə tamamilə məhv edilib.
     
    “Euronews”un eksklüziv olaraq verdiyi məlumata görə, insidentlə bağlı aparılmış araşdırmalar zamanı məlum olub ki, “Azərbaycan Hava Yolları”na məxsus 8243 saylı reys Rusiyanın Qroznı səmasında Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və elektron müharibə ilə idarəolunmaz hala salınıb.
     
    Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə bəyan edib ki, ölkəsi bununla bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmağa hazırlaşır. Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk vilayətində rus silahlıları tərəfindən vurulan Malayziya aviaşirkətinin “Boeing” işi ilə bağlı təhqiqata toxunan Əliyev deyib ki, Bakı nə qədər lazımdırsa, gözləməyə hazırdır”.
     
    “Euronews” xatırladır ki, ötən ay Azərbaycan və Rusiya arasında daha bir nadir eskalasiya baş verib:
     
    “Moskvanın Yekaterinburqdakı azərbaycanlı icmasına qarşı keçirdiyi reydlərdən sonra Bakıda Rusiyanın dövlət xəbər agentliyi “Sputnik”in icraçı direktoru və baş redaktoru saxlanılıb.
     
    Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi reyd zamanı iki nəfər ölüb, daha 50 nəfər saxlanılıb”.
     
    Nəşr Azərbaycan və Ermənistanı “Rusiyanın keçmiş müttəfiqləri” adlandırıb.
     
    Mənbə İranla bağlı Tehranın Cənubi Qafqazda baş verənlərin tam kənarında qaldığını qeyd edib.

  • Zaqatalada 69 yaşlı kişi su anbarında boğulub

    Zaqatalada 69 yaşlı kişi su anbarında boğulub.

    Hadisə rayonun Kəpənəkçi kəndi ərazisində baş verib.

    Rayonun Qarıdax kənd sakini, 1956-cı il təvəllüdlü İmran Musa oğlu İsayev Alazan çayının ətrafında salınmış su anbarına düşüb. Onkoloji xəstə olan İ.İsayev su anbarında boğulub.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Sabah bu ərazilərə yağış yağacaq – PROQNOZ

    Azərbaycanda avqustun 8-də havanın 41 dərəcə isti olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-28 isti, gündüz 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

  • Ermənistan təxribatından zərər çəkmiş azərbaycanlı: “Əsir götürüldükdən sonra güllələndim”

    Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şərif Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd istiqamətində yaralanaraq əsir götürüldüyünü bildirib.

    O, əsirlikdə döyüldüyünü, yaraları sıxılmaqla və başqa üsullarla işgəncələrə məruz qaldığını deyib.

    Zərərçəkmiş şəxs bildirib ki, əsir götürüldükdən sonra başqa yerə, – sonradan öyrəndiyinə görə, İrəvan şəhərinə aparılıb. Qeyd edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından yaralanıbmış. Əsir götürüldükdən sonra erməni hərbçilər rus və erməni dillərində sözlər deyərək ondan təkrarlanmasını istəyiblər. Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə nahiyəsindən güllələnib.

    Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında bildirib ki, əsir götürülməzdən əvvəl dörd nəfər hərbçi yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbçi yoldaşı yaralanıb. Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbçi Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən “yoxlama vuruşu” ilə qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.

    O, təqsirləndirilən şəxs Davit İşxanyanın suallarına cavabında Azərbaycana qaytarıldıqdan sonra Gəncədə klinikada əməliyyat olunduğunu söyləyib.

    2020-ci il dekabrın 15-də Azərbaycana qaytarılıb.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.