Month: August 2025

  • Azərbaycan Prezidenti Yamaykanın baş nazirini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab baş nazir, Yamaykanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Bu il Azərbaycan ilə Yamayka diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 4 hərbçi xəsarət alıb

    Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
    Faktla bağlı araşdırma aparılır.

  • KİV: Tramp Rusiyanın kölgə donanmasına qarşı sanksiyalar hazırlayır

    Donald Tramp administrasiyası Rusiya Prezidenti Vladimir Putinin cümə gününə qədər Ukraynada hərbi əməliyyatları dayandırmağa razı olmadığı təqdirdə Rusiya tankerlərinin kölgə donanmasına qarşı yeni sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

    Bu barədə Ağ Evdəki daxili müzakirələrlə tanış olan mənbələrə istinadən “Financial Times” yazıb.

    Söhbət Trampın yanvarda hakimiyyətə qayıtmasından sonra ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının ilk potensial genişləndirilməsindən gedir. Xüsusilə, Qərbin neft ixracına qoyulan məhdudiyyətlərindən yan keçmək üçün Moskvanın istifadə etdiyi gəmilərin qara siyahısı müzakirə edilir.

    “Kpler” analitikasına görə, siyahılara 115 tanker əlavə edildikdən sonra onların nəql etdiyi Rusiya neftinin həcmi təxminən 4 dəfə – ayda 48 milyon bareldən 13 milyona qədər azalıb.

    Rəsmilərin fikrincə, sanksiyalara baxılması Putinin atəşkəslə razılaşmaqdan imtina etməsi ilə bağlı Trampın qıcıqlanmasının artması ilə bağlıdır. Bu həftənin əvvəlində ABŞ Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla gələcək addımları müzakirə edib. “Rusiyaya qarşı sanksiyalardan danışdıq. Onların iqtisadiyyatı çökür və buna görə də bu təhdidlərə diqqətlə cavab verirlər”, – Zelenski bildirib.
    //report

  • Bu ölkədə metroda telefonu söndürmək QADAĞANDIR

    Sankt-Peterburq metrosunda təhlükəsizlik tədbirləri gücləndirilib.

    Median.Az
    “Bakupost”a istinadən xəbər verir ki, indi sərnişinlərdən telefon və digər qurğularını girişdə işə salmaq xahiş olunur. Mühafizəçilər qurğuların içini yoxlamır, sadəcə onların həqiqətən də telefon və ya noutbuk olduğuna əmin olurlar. Metal detektor çərçivələri və rentgen aparatı əvvəlki qaydada işləməkdə davam edir.

    Qeyd edək ki, oxşar tədbirlər Moskva metrosunda 2025-ci ilin martından tətbiq olunub. Lakin sərnişinlərin diqqətini yalnız indi cəlb edib. Ekspertlər bildirirlər ki, telefonun batareyası bitdikdə sərnişinlər problem yaşayır, çünki metroda cihazları doldurmaq üçün imkan yoxdur. Bununla yanaşı, istidən qorunmaq üçün şəhər rəhbərliyi bəzi stansiyalarda sərnişinlərə pulsuz su paylamağa başlayıb.

  • “EuroHome” bazarının 60 min manata yaxın vergi borcu var

    “EuroHome” tikinti materialları bazarının 60 min manata yaxın vergi borcu yaranıb.

    “Eurohome” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 55281.36 AZN vergi borcu var.

    Bir neçə ay əvvəl şirkətin direktoru Ağayev Ramiz Ağahüseyn oğlu qanuni təmsilçilikdən gedib və onu İbrahimov Niyazi Kamal oğlu əvəzləyib.
    Uzun illər “EuroHome”un direktoru Samir Məmmədov olub. O, ötən ilin fevral ayında şirkətin qanuni təmsilçiliyindən getdikdən sonra yerini Ramiz Ağayev tutub.

    Qeyd edək ki, “EuroHome” ticarət mərkəzi 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. 2019 və 2020-ci illərdə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarlara ciddi ziyan dəyib. Bu günədək bəzi sahibkarlar bazar rəhbərliyindən onlara dəyən zərərlə bağlı sığorta pullarını ala bilməyiblər.

    Xatırladaq ki, “EuroHome” tikinti materialları bazarının sahibi biznesmen Azay Möhnətovdur. İş adamı həmçinin, “AF Holdinq” Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir.

    //Qaynarinfo

  • Blogerlər reklamlardan nə qədər qazanır?

    Son dövrlər sosial şəbəkələrdə blogerlərin müxtəlif məhsul və xidmətləri reklam etməsi geniş yayılıb. İzləyici sayı çox olan blogerlər brendlər üçün təsirli reklam vasitəsinə çevrilib. Şirkətlər bu blogerlərlə əməkdaşlıq edərək məhsullarını daha geniş auditoriyaya çatdırmağa çalışır. Bu əməkdaşlıq hər iki tərəf üçün qazanc rolunu oynayır. Maraqlıdır, blogerlər reklamlardan nə qədər qazanır?

    Median.Az Apa-ya istinadən bəzi blogerlərin reklam üçün müəyyən etdikləri qiymətləri təqdim edir.

    Aynişan Quliyeva – Story qiyməti – 2500 AZN, post qiyməti 5000-dir.

    Aysun İsmayılova – Story -1500 manat, post 5000 manat

    Fatimə Əhmədova – Story qiyməti -1000-1500 arası, reels videosu 3500 manatdır.

    Asya İsmayılova – Story -1500 manat, video reels 3500 manatdır.

  • “ChatGPT” istifadəçilərinə fasilə verməyi xatırladacaq

    Hazırda dünyanın ən populyar tətbiqlərindən biri olan “ChatGPT” məktəbdən iş həyatına qədər müxtəlif sahələrdə istifadə olunur. Lakin texnologiyadan düzgün və balanslı istifadə etməyin vacibliyi də dəfələrlə vurğulanıb.

    Valyuta.az xəbər verir ki, “OpenAI” şirkəti süni intellekt əsaslı platforması olan “ChatGPT”yə uzun müddətli və intensiv istifadəyə qarşı yönəlmiş yeni funksionallıq əlavə edib.

    Yeni xüsusiyyət sosial media platformalarının təhlükəsizlik tədbirlərinə bənzəyir. Məsələn, istifadəçi uzun müddət fasiləsiz şəkildə platformada aktiv olduqda sistem tərəfindən belə bir mesaj göndəriləcək: “Bir müddətdir söhbətdəsiniz. Fasilə vermək üçün yaxşı bir zaman ola bilərmi?”

    Bu funksiya süni intellektlə uzun saatlar keçirən istifadəçilərin sağlam balansı qorumasına yardım etməyi hədəfləyir. Qeyd olunub ki, fasilə vermək məcburi deyil – istifadəçi istəsə davam edə bilər.

    Bundan əlavə, “OpenAI” bəzi həssas mövzularda cavabların daha neytral və düşünməyə təşviq edən şəkildə təqdim olunacağını da bildirib. Məsələn, istifadəçi şəxsi münasibətlərinə dair qəti qərar soruşduqda ChatGPT artıq birmənalı “bəli” və ya “xeyr” cavabı verməyəcək, əvəzində düşünməyə və qərarı özü verməyə yönəldən cavablar təqdim edəcək.

  • Məktəblər 12 illik olmalıdır, yoxsa inkişaf olmayacaq – EKSPERT

    Dünyanın inkişaf etmiş ölkələrində ali təhsil müəssisələrinə qəbul üçün namizədlərdən minimum 12 illik orta təhsil tələb olunur. Bu qayda Harvard, Stanford, Oksford, Kembric, Sidney Universiteti və digər nüfuzlu ali məktəblərin qəbul şərtlərində açıq şəkildə əksini tapır. Azərbaycanda isə orta məktəb təhsili hazırda 11 illik formatda təşkil olunduğundan, bu, ölkə vətəndaşlarının birbaşa olaraq həmin universitetlərə qəbul imkanlarını məhdudlaşdırır.

    Nəticədə, beynəlxalq təhsil almaq istəyən azərbaycanlı gənclərin əhəmiyyətli bir qismi əlavə bir il oxumaq məqsədilə Türkiyə və ya digər ölkələrə üz tutur. Bu isə zaman itkisi ilə yanaşı, ailələr üçün əlavə maddi yük yaradır.

    Məhz bu səbəbdən Azərbaycanın ümumi təhsil sistemində 12 illik modelə keçid məsələsi bütövlükdə ölkənin qlobal rəqabətə hazırlığının əsas göstəricilərindən biri kimi gündəmə gəlir.

    Median.Az xəbər verir ki, Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan orta təhsil sistemi beynəlxalq standartlardan geri qalır və bu, ölkə gənclərinin dünya səviyyəli ali təhsil müəssisələrinə birbaşa qəbul imkanlarını məhdudlaşdırır.

    Ekspert qeyd edir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, orta təhsil üç mərhələdən – ibtidai (I–IV sinif), ümumi orta (V–IX sinif) və tam orta (X–XI sinif) ibarətdir. Məktəbəqədər hazırlıq isə qanunvericilikdə hələ də məcburi deyil və bu mərhələ 12 illik beynəlxalq modelin yerini tuta bilmir.

    Kamran Əsədov statistik məlumatlara əsaslanaraq əlavə edir ki, Azərbaycan 11 illik sistemlə yalnız keçmiş postsovet ölkələri sırasında qalır:

    “Avropa İttifaqının 27 üzvündən 25-də, həmçinin OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı- red) ölkələrinin 90 faizində məktəblər 12 illik təhsil sisteminə keçib. Bu, şagirdin biliyinin daha dərindən formalaşması, universitetə daha yetkin və hazırlıqlı şəkildə daxil olması deməkdir”.

    Ekspertin sözlərinə görə, Azərbaycan son illərdə məktəbəqədər təhsilin əhatəsini artırmağa çalışsa da, bu tədbirlər struktur dəyişikliyi üçün kifayət deyil:

    “2023-cü ildə məktəbəqədər hazırlıq qruplarının sayı 1864-ə çatdırılıb və 81 mindən çox uşaq bu mərhələyə cəlb olunub. Lakin bu göstəricilər sadəcə statistik artımdır. Əgər məqsəd real islahatdırsa, bu yanaşma yetərli deyil”.

    Kamran Əsədov hesab edir ki, Elm və Təhsil Nazirliyi bu sahədə ardıcıl plan ortaya qoymur:

    “12 illik təhsil sistemi ilə bağlı nə konseptual sənəd var, nə qanunvericilik təşəbbüsü, nə də ictimai müzakirələr. Hazırlanan strategiyalar ya ümumidir, ya da texniki dəyişikliklərlə məhdudlaşır. Halbuki bu məsələ Azərbaycanın beynəlxalq təhsil sisteminə inteqrasiyası üçün həyati əhəmiyyət daşıyır”.

    Ekspert hesab edir ki, 12 illik sistemin tətbiqi azərbaycanlı abituriyentlərin dünya universitetlərinə qəbul şanslarını artırmaqla yanaşı, onların tənqidi düşüncə, akademik yazı və araşdırma bacarıqlarını da inkişaf etdirə bilər:

    “Əlavə bir il ərzində “pre-university year” (universitetdən əvvəlki il-red) modeli ilə xüsusi proqram hazırlanaraq, gənclərin SAT, IELTS kimi imtahanlara və universitet mühitinə adaptasiyası təmin oluna bilər. Bu, keyfiyyətin yüksəldilməsi deməkdir”.

    K.Əsədov qeyd edir ki, yalnız ibtidai sinfin müddətini artırmaqla və ya məktəbəqədər təhsili genişləndirməklə problem həll olunmayacaq:

    “Bu məsələni köklü həll etmək üçün hüquqi islahatlara, yeni dərs proqramlarına, müəllim hazırlığına və infrastrukturun yenilənməsinə ehtiyac var. Siyasi iradə olmadan isə bu dəyişiklik baş verməyəcək”.

    “Dünya artıq 12 illik sistemə keçidi çoxdan reallaşdırıb. Azərbaycan isə bu qərarı ya təxirə salır, ya da diqqəti xırda dəyişikliklərlə yayındırır. Nazirlik islahat deyir, amma əslində status-kvonu qoruyur. 12 illik təhsil sistemi bizim üçün sadəcə texniki dəyişiklik deyil, həm də gələcəyin rəqabətinə hazır vətəndaş formalaşdırmaq üçün strateji addımdır. Əks halda, gənclərimiz başqa ölkələrə üz tutmağa, həm vaxt, həm də resurs itirməyə davam edəcəklər. Bu isə yalnız təhsil deyil, insan kapitalı itkisi deməkdir”- deyə Kamran Əsədov sonda qeyd edib.

  • “ChatGPT”nin aktiv istifadəçi sayı artıb

    “OpenAI”nın yaratdığı süni intellekt platforması “ChatGPT” bu həftə həftəlik aktiv istifadəçi sayısını 700 milyona çatdırmaq üzrədir.

    Mart ayında bu göstərici 500 milyon idi ki, bu da cəmi bir neçə ayda 40 faizlik artım deməkdir. Keçən ilin eyni dövrü ilə müqayisədə isə bu rəqəm dörd dəfə artıb.

    “OpenAI”nin yüksək rütbəli nümayəndəsi Nik Törlinin paylaşdığı məlumata görə, hər gün milyonlarla fərdi istifadəçi və komandalar “ChatGPT”dən öyrənmək, ideya yaratmaq və mürəkkəb problemləri həll etmək məqsədilə aktiv şəkildə istifadə edir. Xüsusilə məzmun istehsalı, proqram təminatı hazırlanması, təhsil və planlaşdırma sahələrində platformanın populyarlığı sürətlə artır.

    Sürətli artım səbəbi kimi isə onlardan biri “GPT-4o” modelinin təqdim etdiyi çoxmodlu istifadə imkanlarının olması göstərilir. İstifadəçilər indi yalnız mətn deyil, həm də səs və görüntü vasitəsilə platforma ilə qarşılıqlı əlaqə qura bilirlər. Bundan əlavə, mobil tətbiqlər vasitəsilə daha əlçatan olan xidmət, həm fərdi, həm də korporativ istifadəçilər üçün nəzərdə tutulmuş “Team” və “Enterprise” paketləri ilə funksional imkanlarını daha da genişləndirib.

    “OpenAI” “ChatGPT”ni təkcə fərdi istifadəçilər üçün deyil, həm də qlobal miqyasda rəqəmsal köməkçiyə çevirməyi hədəfləyir. Yeni versiyalar, tətbiq inteqrasiyaları və fərdiləşdirilmiş funksiyalar sayəsində şirkətin yaxın gələcək üçün 1 milyard həftəlik istifadəçi hədəfi artıq real görünür.

    Qeyd edək ki, süni intellekt sahəsində növbəti inqilab olaraq qiymətləndirilən “GPT-5” modelinin də bu ay ərzində ictimaiyyətə təqdim olunacağı gözlənilir.
    //valyuta.az

  • “iPhone 17” seriyası nə vaxt təqdim olunacaq?

    “Apple” şirkətinin növbəti güclü modeli olan “iPhone 17” seriyasının təqdimatına sayılı günlər qalır. Şirkətin əvvəlki illərdə tətbiq etdiyi təqdimat cədvəlinə əsasən, “iPhone 17” seriyasının da sentyabrın ikinci həftəsində təqdim olunacağı demək olar ki, dəqiqdir. Yeni seriyada dörd fərqli modelin təqdim ediləcəyi gözlənilir: “iPhone 17”, “iPhone 17 Air”, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max”.

    “Apple” son illərdə hər ilin sentyabr ayında keçirdiyi təqdimat tədbirləri ilə istifadəçiləri buna alışdırıb. Xüsusilə 2021-ci ildən etibarən sentyabrın ikinci həftəsi “Apple” üçün demək olar ki, ənənəyə çevrilib. Bu səbəbdən “iPhone 17” seriyasının da 9–12 sentyabr 2025 tarixləri arasında təqdim olunması ehtimal olunur.

    Valyuta.az son 5 ilin “iPhone” təqdimat tarixlərini təqdim edir:

    “iPhone 12” – 13 oktyabr 2020 (pandemiya səbəbindən gecikmişdi)

    “iPhone 13” – 14 sentyabr 2021

    “iPhone 14” – 7 sentyabr 2022

    “iPhone 15” – 12 sentyabr 2023

    “iPhone 16” – 9 sentyabr 2024

    Bu siyahıdan da göründüyü kimi, “Apple” pandemiyadan sonra təqdimatlarını sentyabrın ikinci həftəsinin çərşənbə axşamı günü keçirir. Bu il də şirkətin rəsmi açıqlama verməməsinə baxmayaraq, 9–12 sentyabr tarixləri arasında təqdimat olacağı texnoloji ictimaiyyət tərəfindən real ehtimal kimi qəbul olunur.

    Yeni modellərin texniki xüsusiyyətləri və dizayn detalları ilə bağlı məlumatlar yaxın günlərdə açıqlanacağı gözlənilir.