Month: August 2025

  • Naxçıvanın elektrik şəbəkəsi yenidən qurulacaq – SƏRƏNCAM

    Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Elektrik enerjisi sisteminin, o cümlədən paylayıcı elektrik şəbəkəsinin müasirləşdirilməsi və innovativ texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

    Son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən ardıcıl islahatlar enerji sisteminin idarə edilməsi və inkişafı fəlsəfəsində keyfiyyət dəyişikliyinə zəmin yaratmış, elektrik enerjisi ilə istehlakçıların daha etibarlı, davamlı, təhlükəsiz və səmərəli təchizatına xidmət etmişdir.

    Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da iqtisadi inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər, öz növbəsində, kommunal infrastrukturun, o cümlədən paylayıcı elektrik şəbəkəsinin keyfiyyətinin yüksəldilməsini, əhalinin fasiləsiz və təhlükəsiz enerjiyə çıxışını əsas prioritetlərdən birinə çevirir”.

    Sərəncamla “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib.

    Sərəncama əsasən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etsin və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Nazirlər Kabineti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə növbəti illərdə dövlət büdcəsi layihələrində tələb olunan maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

  • Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

    Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əlavə olunacaq.

    Bu, Prezident İlham Əliyevin “Polis haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

    Dəyişikliyə əsasən, polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi və həmin orqanlar tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək.

    Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

  • Cinayət işinin başlanmasının rədd edilməsinə dair yeni hal MÜƏYYƏNLƏŞİB

    Cinayət işinin başlanmasının rədd edilməsinə dair yeni hal müəyyənləşir.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə edilən yeni – 212.5-ci maddədə əksini tapıb.

    Məcəlləyə əsasən, icraatında mülki iş, kommersiya və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə, bu barədə Mülki Prosessual Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Göndərilmiş xüsusi qərardad və ya materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərar olduqda, həmin məsələ bu Məcəllənin 212.4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həll ediləcək.

    Qeyd edək ki, Cinayət-Prosessual Məcəllənin 212.4.1-ci maddəsinə əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.

  • Oğuzda insanlara BALTA İLƏ HÜCUM EDƏN şəxs xəstəxanaya yerləşdirildi

    Oğuz rayonunun Padar kəndində insanlara hücum edən ruhi xəstə müalicə müəssisəsinə yerləşdirilib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, R.Səmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

  • Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi

    Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, təkrar və xeyli miqdarda dələduzluqda ittiham edilərək 2021-ci ildə dövlətlərarası axtarışa verilmiş Tacikistan vətəndaşı, 1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Təqsirləndirilən Rano Şaripova cari ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

  • Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldılar

    Avqustun 5-də Cəbrayıl rayonunun Minbaşılı kəndi ərazisində otlaq sahədə baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

    Bildirilib ki, araşdırmalarla 50 hektar ərazinin yanması ilə nəticələnən hadisənin Elçin Abdullayev, Elşən Nağılı, Fariz Məmmədli, Rəvan Mirzəyev, Fərid Məmmədli, Fariz Əlişov, Əhəd Əhədov və Sadiq Həsənov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılıblar.

    Hazırda faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

  • Zibil atmaq adı ilə evdən qaçan qız TAPILDI

    Avqustun 2-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdən qaçan 16 yaşlı qızın yeri müəyyən olunub.

    Oxu.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Sumqayıt şəhərində yaşayan 16 yaşlı yeniyetmənin yeri polis əməkdaşları tərəfindən müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.

    Xatırladaq ki, hadisə ilə bağlı Baku TV-yə danışan itkin düşmüş qızın anası Günel Xəlilovanın sözlərinə görə, övladı evdən zibil atmaq adı ilə çıxıbmış.

  • Ağcabədi polisindən ƏMƏLİYYAT: Üç nəfər tutuldu, ikisi qardaşdır – Video

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, onlardan 10 kiloqrama yaxın marixuana və 4 kiloqramdan artıq həșiş aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ana və azyaşlı övladını avtomobil vuraraq öldürüb

    Avqustun 2-də saat 23 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev tərəfindən idarə olunan VAZ-21074 markalı, 90-CL-577 dövlət qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.

    Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

  • Tanınmış şirkətdə 2 milyonluq yeyinti – 3 qadına cinayət işi açılıb

    “Silk Row Travel” turizm şirkətinin üç xanım əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, E.Zeynalova, L.Resetova və M.Yusubova vəzifə cinayətlərində ittiham olunurlar.

    Onların işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. E.Zeynalova və L.Resetovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Yusubovaya isə 313-cü maddə ilə ittiham irəli sürülüb. Cinayət nəticəsində şirkətə 2 milyon manatlıq maddi ziyan dəyib. Prokurorluq həmin məbləğin 1 milyon manatını ilkin istintaq mərhələsində ödətdirib.

    Təqsirləndirilən şəxslər isə həbsdə deyil. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Elan olunmuş ittihamların sanksiyasında 14 ilə kimi həbs var. Amma dəymiş ziyanın ödənilməsi yaxında başlayacaq məhkəmə araşdırmasında yumşaldıcı hal hesab edilə bilər.

    Qeyd edək ki, “Silk Row Travel” ölkənin aparıcı turizm şirkətlərindən biridir.