Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub.
Month: August 2025
-
Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub
Bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.İstintaq materiallarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur.“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər başa düşülür.Eləcə də həmin maddəyə əsasən, virtual aktiv ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir.Göstərilənlərə uyğun olaraq, DTX-nin həbs etdiyi B.H.R. və digərləri barədə başlanılmış cinayət işi üzrə xüsusi müsadirəni təmin etmək məqsədilə onlara məxsus olan və cinayətin predmeti olaraq aşkar edilmiş kriptovalyuta üzərinə həbs qoyulması qərara alınıb və icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldilib. -
Məktəb bazarlığı neçəyə başa gəlir? – QİYMƏTLƏR
Yay mövsümü artıq geridə qalır, valideynlər isə övladlarını yeni dərs ilinə hazırlayırlar.
Müşahidələr göstərir ki, ən çox istifadə edilən məhsul olan dəftərlərin qiymətləri vərəq sayına görə 15 qəpikdən başlayır. Belə ki, 12 vərəqli sadə dəftərlər 15 qəpiyə, daha keyfiyyətli olanlar isə 30 qəpiyə satılır. 20 vərəqli dəftərlər 25, 40 vərəqlilər isə 45 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif olunur. Təbii ki, bunlarla yanaşı, daha keyfiyyətli və brend olan, böyük ölçülü dəftərlər də var ki, onların qiymətləri də 1.6-2.2 manat arasında dəyişir.Kitab və dəftər üzləri 10-30 qəpik arası müştərilərə təqdim olunur. Qələmlərin qiymətləri isə 30 qəpikdən başlayır.
Satıcıların sözlərinə görə, bu il qiymətlərdə müəyyən artımlar olsa da, bazarda həm seçim, həm də alıcılıq gücü var. Satıcılar deyir ki, qiymətlər normaldır. Mərkəzi bazarda məktəb ləvazimatı satan sahibkarlardan biri olan Rauf bəy qiymət artımlarının ciddi olmadığını bildirib:
“Keçən ilə nisbətən dəftərlərdə və qələmlərdə cəmi 5-10 qəpik bahalaşma var. Məktəbli çantalarında isə 2-3 manat fərq müşahidə olunur. Fikrimcə, bu artım normaldır, çünki məhsulların maya dəyəri də dəyişib”.
Başqa bir satıcı, Nigar xanım isə keyfiyyət fərqlərinin qiymətlərə birbaşa təsir etdiyini bildirir:
“Ucuz çantalar 25-30 manatdan başlayır, amma keyfiyyətli brend çantalar 80-100 manata qədər qalxır. Hətta 110 manata belə çanta var. Valideynlər, əsasən, orta qiymət aralığını seçirlər. Bununla belə keyfiyyətli məhsula üz tutanlar da kifayət qədərdir”.
Dəftərlərin qiymətləri isə daha çox vərəq sayına görə dəyişir.
Satıcı Elçin bəy bununla bağlı deyir ki, sadə dəftərlər 20 qəpikdən başlayır, amma vərəqlər artdıqca qiymət də artır:
“Daha keyfiyyətli, qalın kağızlı dəftərlər 1 manatdan 1 manat 24 qəpiyə qədər yüksəlir. Keyfiyyəti daha aşağı olan dəftərlər isə daha ucuzdur. Yəni hər büdcəyə uyğun məhsullar bazarda yerini alır”.
Bəs valideynlər bu barədə nə deyir?
Valideynlər isə qiymət artımlarının ailə büdcəsinə təsir etdiyini vurğulayırlar. Üç uşağı məktəbə gedən Vüsalə xanım deyir ki, orta hesabla 100 manat xərcləyib:
“Amma bu, sadəcə dəftər-qələm, çanta və digər ləvazimatlara aiddir. Əvvəlki illərdən bilirik ki, bu ləvazimatlar ancaq bir neçə ay kifayət edir. Dərs ili boyunca əlavə xərclərimiz də olacaq”.
Digər bir valideyn, Kamran bəy əlavə vəsait tələb edən test dəftərlərinin problem yaratdığını söyləyir:
“Şagirdlərdən əlavə olaraq sinif testlərini də tələb edirlər. Qiymətləri o qədər də baha olmasa da, əlavə xərcdir”.
Nigar xanım isə qiymət artımlarına baxmayaraq, övladlarını keyfiyyətli məhsullarla təmin etməyə çalışdıqlarını deyir:
“Ucuz dəftər alsan, keyfiyyətli olmur, qələmlər də keyfiyyətsiz olanda uşaqlar rahat yaza bilmir. Ona görə məcbur qalıb nisbətən yaxşı məhsul seçirik. Düzdür, bu, büdcəyə əlavə yükdür, amma uşaqların təhsili üçün qənaət etməyə də ürəyin gəlmir”.
//trend.az -
ABŞ Azərbaycana 20 mlrd. dollara yaxın investisiya yatırıb

1995-ci ildən 2025-ci ilin mart ayınadək olan dövrdə ABŞ-dan Azərbaycana ümumilikdə 18,9 milyard ABŞ dolları investisiya qoyulub.
Valyuta.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.“O cümlədən neft-qaz sektoruna investisiyalar 17,4 milyard, qeyri-neft-qaz sektoruna isə 1,5 milyard ABŞ dolları təşkil edib”, – deyə nazir əlavə edib.
//APA -
“Google” okeana sərmayə yatıracaq

“Google” və tərəfdaşları okean alkaliliyi ilə karbon çıxarılmasına sərmayə yatıracaq.
Belə ki, “Google”, “Stripe”, “Shopify” və digər texnologiya şirkətlərinin yaratdığı karbon çıxarma platforması “Frontier”, geo-mühəndislik startapı “Planetary”dən 115 min 208 ton karbon çıxarma krediti alıb.Valyuta.az xəbər verir ki, müqavilənin dəyəri 31,2 milyon dollar təşkil edir.
Bu, “Frontier”in okean alkaliliyinin artırılması texnologiyasına əsaslanan ilk razılaşmasıdır. İndiyədək təşkilat əsasən birbaşa hava tutumu, biokütlədən karbon tutumu və süni hava şəraiti texnologiyalarına sərmayə edirdi.
Müqavilə karbonun hər tonunu 270 dollara qiymətləndirir. Şirkətin hesablamalarına görə, okean alkaliliyi texnologiyası ildə 1 milyard tondan çox karbon qazını atmosferdən çıxarma potensialına malikdir.
Hazırda “Planetary” maqnezium hidroksidindən istifadə edir. Substansiya çirkab su təmizləyici qurğularda və elektrik stansiyalarında okeana axıdılan suya əlavə olunur. Bu üsul həm xərcləri azaldır, həm də sahil ekosistemlərinə təsiri minimuma endirir.
Şirkət hal-hazırda iki pilot layihə həyata keçirir, biri Kanada əyaləti Yeni Şotlandiyada, digəri isə ABŞ-ın Virciniya ştatındadır.
-
Bakının hansı rayonunda daha çox yeni ev istifadəyə verilib? – SİYAHI
Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhərində istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 596 327 kvadratmetr təşkil edib.
Trend-in Bakı şəhər Statistika İdarəsinə istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 91,5% çoxdur.Bakının rayonları üzrə göstəricilərə nəzər salsaq, Binəqədi rayonunda bu ilin ilk 6 ayında 68 886 kv.metr yaşayış sahəsi (5,3 dəfə çox), Xətai rayonunda 86 817 kv.metr yaşayış sahəsi (10,2 dəfə çox), Xəzər rayonunda 143 445 kv.metr yaşayış sahəsi (57,9% çox), Qaradağ rayonunda 18 113 kv.metr yaşayış sahəsi (35,5% çox), Nərimanov rayonunda 24 008 kv.metr yaşayış sahəsi (61,3% çox), Nəsimi rayonunda 836 kv.metr yaşayış sahəsi (28,6% çox), Nizami rayonunda 17 503 kv.metr yaşayış sahəsi (10,1 dəfə çox), Pirallahı rayonunda 3 150 yaşayış sahəsi, Sabunçu rayonunda 127 480 kv.metr yaşayış sahəsi (2,7 dəfə çox), Səbail rayonunda 28 299 kv.metr yaşaış sahəsi (42,9% az), Suraxanı rayonunda 72 309 kv.metr yaşayış sahəsi (2,8% çox), Yasamal rayonunda 5 476 kv.metr (4,8 dəfə çox) yaşayış sahəsi istifadəyə verilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4,074 milyard manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz az vəsait yönəldilib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2,510 milyard manatı və ya 61,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6 faizini inşa, yenidənqurma və bərpa, 6,6 faizini əsaslı təmir, 3,5 faizini cari təmir, 3,3 faizini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
-
Vergi borcuna görə bu qurumun rəhbərinə “stop” qoyuldu
İsmayıllı rayonunda yerləşən Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYA) “9 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rəşad Kərimovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb R.Kərimovun rəhbəri olduğu qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1270960.76 AZN vergi borcunun olmasıdır.Qeyd edək ki, nizamnamə kapitalı 2.5 milyon manat olan olan “9 nömrəli Yol İstismarı” MMC-nin qanuni təmsilçisi olan R.Kərimov 2018-ci ildən sözügedən qurumun rəisi vəzifəsində çalışır.
-
Bu tələbələrə ayda 350 manat veriləcək
Azərbaycanda ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb və artıq nəticələr məlumdur. Bu il keçirilən qəbul imtahanlarında 5 mindən çox abituriyent 600-dən çox bal toplayıb. Onlardan bəziləri universitetə qəbul ola bilməyib.
Modern.az-ın məlumatına görə, bu il də ən yüksək bal toplayan abituyentlərə Prezident təqaüdü veriləcək.2001-ci ildə imzalanan sərəncama əsasən, Prezident təqaüdü Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbəyə verilir.
Bu il Prezident İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünün məbləği 275 manatdan 350 manata qaldırılıb.
Təqaüdlərin kimlərə verilməsi ilə bağlı hər il sentyabr ayında sərəncam imzalanır.
Qeyd edək ki, Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.
-
“Ağrı içində yaşamaq istəmirəm” – “Harri Potter”in ulduzundan səs-küylü etiraf
Britaniyalı aktrisa, BAFTA mükafatı laureatı, “Harri Potter” film seriyasında professor Sprout obrazı ilə tanınan sənətçi Miriam Marqolis qocalığın çətinliklərindən və sağlamlığı ilə bağlı etdiyi səhvlərdən danışıb.
Qaynarinfo-nun məlumatına görə, 84 yaşlı aktrisa “Weekend Magazine”ə müsahibəsində etiraf edib ki, demək olar heç vaxt idmanla məşğul olmayıb və indi gəzinti üçün xüsusi dəstəkçi alətdən – “xodunok”dan istifadə etməli olur:“Bədənimi yarıyolda qoydum. Ona qayğı göstərmədim. Mənə görə idman vaxt itkisi idi, halbuki ömrü uzadır. Mən axmaqlıq etdim”.
Marqolis məşhurlar arasında arıqlamaq üçün geniş yayılan “Ozempic” preparatından istifadəni də qəti şəkildə rədd edib və əksinə, televiziyada qida reklamlarının qadağan olunmasına çağırıb:
“Bu preparat diabet xəstələri üçündür. Biz xəstələr üçün nəzərdə tutulan dərmanları qəbul etməməliyik”.
Köməkli ölümlə bağlı düşüncələri
Aktrisa açıq şəkildə bildirib ki, əgər bir gün müstəqil yaşamaq imkanını itirsə, həyatına köməkli şəkildə (evtanaziya) son qoyulmasını istəyə bilər:
“Getdikcə zəifləyib ağrı və alçaldılma içində əriyib getmək istəmirəm. Əgər şüurumu və ya danışmaq qabiliyyətimi itirsəm, məni buraxmalarını xahiş edərdim. Çünki mən özüm olaraq qalmaq istəyirəm”.
Uzun illərdən gələn sağlamlıq problemləri
Marqolis daha əvvəl də sağlamlıqla bağlı problemlərindən danışıb. 2017-ci ildə osteoporozdan qorxduğunu, 2023-cü ildə isə onurğa kanalının daralması (spinal stenoz) səbəbindən hərəkət imkanlarının məhdudlaşdığını açıqlamışdı. Onun şirniyyata olan həvəsi və intizam çatışmazlığı da özünü pis hiss etməsinə gətirib çıxardığını etiraf edib.
Kino karyerası
Miriam Marqolis özünün parlaq xarakter aktorluğu ilə tanınır. O, “Romeo və Cülyetta”, “Mulen Ruş!”, “Missis Harris Parisə gedir” kimi filmlərdə çəkilib. Dünya şöhrətini isə “Harri Potter” filmlərindəki professor Sprout obrazı qazandırıb.
Aktrisa teatr və televiziya sahəsində də geniş fəaliyyət göstərib. 2023-cü ildə isə “Vogue” jurnalının cəsarətli fotosessiyasında yalnız qab-qacaq və desertlərlə örtünərək poza verib, həmin vaxt da bədənini sevmədiyini etiraf etmişdi.
Qeyd edək ki, aktrisa bir müddət əvvəl “Harri Potter”in böyümüş pərəstişkarlarını tənqid edərək, “artıq böyüməyin və sehrbazlıq dünyasından çıxmağın vaxtıdır” sözləri ilə də gündəmə gəlmişdi.






