Month: September 2025

  • Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

    Yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Valideynlərin isə müzakirə etdiyi əsas məsələlərdən biri siniflərdə şagird sıxlığıdır.

    Ümumtəhsil müəssisələrində siniflərin komplektləşdirilməsi hansı meyarlara əsasən həyata keçirilir? Şagirdlərin sayına görə hansı normativlər mövcuddur?

    Modern.az-ın məlumatına görə, mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərara əsasən, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir:

    “Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda sinif mövcud şagird sayı ilə təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinif ilə birləşdirilərək komplekt siniflər təşkil olunur”. (Mənbə: “Azərbaycan müəllimi”)

  • Problemli kreditlərin həcmi açıqlandı

    2025-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artıb.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, milli valyuta ekvivalentində 30257,9 milyon manat təşkil edib.

    Ümumi kredit portfelinin 25413,3 milyon manatı və ya 84,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

    Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

    Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,7 faiz artaraq 529,4 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

  • Bakıdakı məşhur restoranda kütləvi dava: Həbs edilən var

    Bakı şəhəri, ndə yerləşən “Elux” restoranında keçirilən toy məclisində dava-dalaş edən şəxslər saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, saxlanılan şəxslərdən biri barəsində həbs qərarı verilib.

    Amma aparılan araşdırma ilə müəyyənləşib ki, dava zamanı 1982-ci ildə İmişli rayonunda anadan olmuş C.V. polisin işinə qarışaraq, onların xidməti vəzifələrinin yerinə yetirilməsinə maneçilik yaradıb.

    Məhkəmənin qərarı ilə C.V. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati həbs edilib.

  • İş adamına qarşı 170 minlik dələduzluq: “Pulu vermək üçün “Lexus”u 50 minə satdım”

    Külli miqdarda dələduzluqda ittiham olunan şəxs məhkəmə zalından azadlığa buraxılıb. Onun cinayət işi üzrə araşdırma iki il davam edib. 170 min manatlıq zərər tam ödənilib.

    Musavat.com xəbər verir ki, 65 yaşlı Elman Qasımov (soyad şərtidir) külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib.

    İttihama görə, Elman ortaq dostu vasitəsi ilə tanıdığı Azay Əsgərovdan 170 min manat pul alaraq onu aldadıb. Təxminən 6 il əvvəl Ayaz Əsgərov özünə məxsus 2 hektar torpaq sahəsinə çıxarış almaq istəyərkən aldadılıb.

    Elman vəd verib ki, həmin məbləğin qarşılığında onun torpaq sahəsinə çıxarış ala biləcək. Lakin aylar, illər keçsə də, vədinə əməl etməyib. Aldadıldığını başa düşən Ayaz Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edib. Elman pulu Qurban adlı şəxsə verdiyini deyib. Bildirib ki, bu işi Qurban vasitəsi ilə görəcəkmiş. Lakin Qurban onu aldadaraq Amerikaya gedib.

    İstintaq zamanı müəyyən edilib ki, zərərçəkmiş Ayaz Əsgərova saxta çıxarış da verilib. Elman iddia edib ki, həmin çıxarışı ona Qurban adlı şəxs göndərib.

    2023-cü ildə barəsində cinayət işi açılan Elman əvvəlcə məhkəmənin qərarı ilə həbs edilib. Sonradan məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Bir müddət istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib və həbs olunub.

    Ayaz Əsgərov ifadəsində bildirib ki, Elmana pulu hissə-hissə verib. Bir dəfə isə Elman təcili pul istədiyi üçün “Lexus” markalı avtomobilini 50 min dollara sataraq 68 min manatını ona verib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müəyyən edilib ki, Elman zərərçəkmiş tərəfə maddi ziyanı tam olaraq ödəyib.

    Təqsirləndirilən şəxsin yaşının 65 olması, ikinci qrup əlil olması, zərərçəkmişlə barışması nəzərə alınaraq yüngül cəza alıb. Hökmə əsasən, Ayaz Əsgərov barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

  • Şimali Koreyada “hamburger”, “dondurma” və “karaoke” sözləri qadağan edilib

    Şimali Koreya lideri Kim Çen In ölkədə “hamburger”, “karaoke” və “dondurma” sözlərinin istifadəsini qadağan etmək qərarına gəlib.

    “The Sun” nəşrinin yazdığına görə, bu addım həmin ifadələrin yerli ekvivalentlərlə əvəz olunması məqsədilə atılıb.

    Xüsusilə “hamburger” sözünün əvəzinə “dadzin-qoqi-qyoppan” (ikiqat çörək arasında mal əti qiyməsi), “dondurma”nın əvəzinə “esyukimo”, “karaoke” aparatlarının isə “ekran müşayiəti maşınları” adlandırılması təklif olunub.

    Məlumata əsasən, rusiyalı və çinli turistləri qəbul edən Vonsan kurortunda fəaliyyət göstərən bələdçilərə Qərbdə və Cənubi Koreyada populyar olan ingilis mənşəli sözlərdən imtina etmələri tapşırılıb. Hazırda 20-30 nəfər bələdçi intensiv təlimlərdə iştirak edərək Şimali Koreya lüğətinə uyğunlaşmağa və xarici alınma sözlərdən uzaq durmağa öyrədilir.
    //qaynar.az

  • Pentaqon Çinə qarşı gizli silahlar üçün 10,8 milyard dollar ayırdı

    Pentaqon Çini cilovlamaq üçün SHOTCALLER proqramı çərçivəsində 25 gizli silahın hazırlanmasına 10,8 milyard dollardan çox vəsait ayırıb.

    Bu barədə Pentaqon məlumat yayıb.

    Bu proqramın bir hissəsi kimi, 2026-cı ildə 1,16 milyard dollar alacaq Qabaqcıl İnnovativ Texnologiyalar təşəbbüsü var. Bu, proqramın ən böyük hissəsidir.

    Xəbər verildiyi kimi, SHOTCALLER proqramının özü uzaqmənzilli silahların yaradılmasına və kosmos, aviasiya və dəniz sistemlərinin məlumatlarının unifikasiyasına yönəlib.
    //qaynar.az

  • Vətəndaş da qazanmaq istəyir, şirkət də: Qiyməti kim təyin edir?

    Son illərdə Bakıda köhnə yaşayış binalarının sökülməsi prosesi geniş vüsət alıb. Bu proses tək şəhərin simasının yenilənməsi baxımından deyil, həm də sosial və hüquqi müstəvidə müxtəlif müzakirələrə səbəb olur. Əsas narazılıq isə söküntü zamanı sakinlərə ödənilən kompensasiyalarla bağlıdır. Mütəmadi olaraq köhnə mənzillərindən çıxarılan sakinlərlə tikinti şirkətləri arasında kompensasiya məbləği ilə bağlı ciddi fikir ayrılıqları yaranır. Bəs bu sahədə narazılıqları minimuma endirmək, prosesə şəffaflıq və ədalət gətirmək üçün hansı sistemli addımlar atıla bilər?

    Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, bu sahədə qiymətləndiricilər olmalıdır: “Qiymətləndirmə haqqında müvafiq qanunvericilik var. Dövlət sifarişi olan yerlərdə bu proses həyata keçirilir. Müstəqil qiymətləndiricilər cəlb edilir, ərazi qiymətləndirilir, kompensasiya məbləği təyin olunur. Özəl şirkətlər əsasən vəsaitə qənaət edirlər. Yaxşı olardı ki, hər bir əmlakın satın alınmasında qiymətləndirmə həyata keçirilsin. Vətəndaş narazı qalarsa, digər şirkətlərə müraciət etsin. Həm vətəndaşlar, həm də tikinti şirkəti bunda maraqlı olmalıdır”.

    E.Azadov bildirdi ki, əvvəl bu məsələdə hər rayonun rəhbərliyi sərəncamı özü verirdi. İcra Hakimiyyəti vətəndaşla şirkət arasında tənzimləyici idi. Bu, sonradan ləğv edildi. Artıq tənzimləyici mexanizm mövcud deyil: “Qanun deyir ki, vətəndaşı razı salmalısan. Razılaşma olmadıqda, məhkəməyə müraciət edilir. Bəzən olur ki, vətəndaş ödənilən məbləğə eyni ərazidən əmlak ala bilmir. Problemlər buradan qaynaqlanır. Çox az hallarda vətəndaşlar sui-istifadə hallarına yol verirlər. Bu zaman məhkəmə tikinti şirkətinin xeyrinə qərar qəbul edir. Amma tikinti şirkətləri qanunu daha çox pozurlar. Kim köçmək istəmir, onları narahat etməyə başlayırlar. Bu hallar daha çox fərdi yaşayış evlərinin söküntüsü zamanı baş verir. Qanunsuz tikili olanda vətəndaşlar daha çox təzyiq altında qalırlar”.

    Ekspert bildirir ki, vətəndaşlara evləri sökülməzdən ən azı altı ay öncə yazılı bildiriş gəlməlidir. Bütün danışıqlar yazılı şəkildə aparılmalıdır: “Yaxşı olar ki, prosesə hüquqşünas cəlb etsinlər. Şirkətlə heç bir şifahi danışıq aparmasınlar”.

    Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da deyir ki, prosedurlara görə dövlət sifarişi olduqda, tender elan edilir, qalib gələn qiymətləndirmə şirkəti bir kvadratmetrin bazar dəyərini müəyyən edir: “Vətəndaşın əmlakının sahəsinə uyğun kompensasiya ödənilir. Əgər tikinti ilə məşğul olan sahibkar insaflıdırsa, heç bir problem baş vermir. Əks halda vətəndaş problemlə üzləşir. Tələb qoyulmalıdır ki, sövdələşmə sahibkarla vətəndaş arasında olduqda belə, kompensasiya məbləği qiymətləndirici şirkət tərəfindən təyin edilməlidir”.

    V.Orucun fikrincə, hər bir halda qanun vətəndaşın rahatlığını üstün tutmalıdır: “Bəzən vətəndaşın mənzili kiçik olduqda, təklif olunan kompensasiya ilə ev ala bilmir. Bu zaman məsələ məhkəməyə qədər gedir. Belə hallar yaşanmaması üçün müəyyən normativ sənədlər qəbul edilməlidir. Vətəndaşa yaşayış imkanları yaradılmalıdır”.

    Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov isə düşünür ki, bəzi hallarda vətəndaşlar yaranan imkandan sui-istifadə edirlər: “Bizdə əmlakın toxunulmazlığı əsas götürülür. Bu zaman əmlak sahibi istədiyi məbləği təyin edir. Qanunvericilik də vətəndaşın iddiası yönündə çıxış edir. Sahibkar bütün mənzil sahibləri ilə razılığa gələ bilir. Bir neçə nəfər qeyri-real tələb irəli sürür. Beləliklə, inşaat uzanır, digər evi sökülən vətəndaşlar uzun müddət kirayələrdə qalmalı olurlar”.

    F.Xəlilovun fikrincə, vətəndaşla şirkət arasındakı razılaşma qanuniləşməlidir: “Hazırda tikinti şirkətləri sakinlərə təklif edirlər ki, mənzilin sahəsi nə qədərdirsə, 20 faiz artıq mənzillə təmin edirik. Yaxud, bazar qiyməti ilə kompensasiya məbləği təklif olunur. Bu zaman vətəndaşlar narazılıq edirlər. O səbəbdən bu addım qanuniləşməlidir. Vətəndaşın evi necə hesablanıbsa, həmin ərazidə 20 faiz artıq sahə verilməklə, yeni mənzillə təmin olunmalıdır. Bu, məcburi həyata keçirilməlidir. Əgər əksər vətəndaşla razılıq əldə edilirsə, bir neçə şəxs etiraz edirsə, məcburi yol tətbiq edilməlidir”.

    Hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, əmlak vətəndaşın mülkiyyətidir. Mülkiyyət də toxunulmazdır. Heç kim mülkiyyət hüququndan məhrum edilə bilməz: “Əmlak yalnız dövlət ehtiyacları üçün məcburi geri alına bilər. Bu zaman əmlakın bazar dəyəri müəyyənləşdirilərək qabaqcadan ödənilməklə mülkiyyət hüququna xitam verilir. Qeyri-dövlət ehtiyacları üçün məcburi satınalma nəzərdə tutulmayıb. Söküntülər də bu kateqoriyaya daxildir. Qanunvericiliyə görə, vətəndaşdan əmlakı məcburi alına bilməz. Yalnız qarşılıqlı razılıq olmalıdır. Məcburiyyət olmadığı üçün vətəndaş istədiyi qiyməti təyin edir. Vətəndaş görür ki, tənzimləmə yoxdur, ümid edir ki, daha çox qazana bilər”.

    Hüquqşünasın fikrincə, bu məsələ ilə bağlı qanunvericilikdəki boşluqlar aradan qalxmalıdır: “Dövlət bu məsələləri tənzimləməlidir”.

    Mənbə: “Kaspi” qəzeti

  • “28 May”dan “Nizami”yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?

    Xatırladaq ki, bir müddət öncə “Cəfər Cabbarlı-Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıyla əlaqədar “28 May” stansiyasından qatarların “Dərnəgül” istiqamətində hərəkətinə məhdudiyyət qoyulacağını xəbər vermişdik.

    Buna görə də “Dərnəgül” – “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin “Həzi Aslanov” – “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq.

    Tədris ilinin başlanmasıyla əlaqədar metrodan istifadə edənlərin sayı artdığı üçün ictimaiyyətə maraqlıdır ki, sözügedən inşaat işləri nə vaxt başlayacaq?

    “Bakı Metropoliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, işlərin başlanması 2026-cı ilin əvvəlində nəzərdə tutulub. Ondan əvvəl isə hazırlıq işləri başlayacaq.

    Bəs “Nizami”yə gedənlər üçün hansı imkanlar yaradılacaq?

    Bəxtiyar Məmmədov qeyd edib ki, sərnişinlərin “Nizami” stansiyasına gedişi yerüstü formada təşkil olunacaq.

    “Bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə intensiv iş aparılır. İnşaat işlərinin başlanmasına yaxın zamanda ictimaiyyətə məlumat veriləcək”.

    Bəzi fikirlərə görə, “Nizami”yə gediş üçün ödənişsiz avtobuslar təşkil oluna bilər. Bu iddialar doğrudur?

    “Bu məsələlərin ictimaiyyətə açıqlanacaq detalı hələki yoxdur. Yerüstü istiqamətdə imkanlar yaradılacaq”, deyə qurum rəsmisi bildirib.

  • “İmişli” qələbəyə sevinə bilmədi – Texniki məğlubiyyət veriləcək

    Misli Premyer Liqasının IV turunda “Sumqayıt”ı məğlub edən “İmişli” komandasına texniki məğlubiyyət veriləcək.

    Buna “Sumqayıt”la oyunda adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub. Belə ki, İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb.

    Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı “İmişli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

  • Gürcüstanın sabiq müdafiə naziri ilə bağlı həbs qərarı verildi

    Gürcüstanın keçmiş müdafiə naziri Xuanşer Burçuladzenin barəsində həbs qətimkan tədbiri seçib.

    Bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar verib.

    Qeyd edək ki, Burçuladze sentyabrın 11-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.