Month: September 2025

  • Bakıda azyaşlı qız səkkiz gündür itkin düşüb

    Bakıda azyaşlı qız itkin düşüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan 10 yaşlı Sokhilə Nugayeva sentyabrın 5-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

    Bu barədə onun anası polisə müraciətində bildirib.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Kassadan pul oğurladı, 160 saatlıq cəzalandırıldı

    Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 27 ünvanında yerləşən mağazanın kassasından pul oğurlayan 61 yaşlı şəxsə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1964-cü ildə Tərtərdə anadan olmuş F.Ə. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş açılıb və məhkəmədə baxılıb.

    Məlum olub ki, F.Ə. kassirin başının müştərilərə qarışmasından istifadə edərək kassadan 90 manat məbləğində pul oğurlayıb.

    Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirib ki, əməlindən çox peşman olub. Maddi vəziyyəti ağır olduğu, dərman almağa pulu olmadığı üçün bu əmələ əl atıb. O qeyd edib ki, hazırda dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Ancaq gələcəkdə ödəməyə çalışacaq.

    Məhkəmənin qərarı ilə F.Ə. barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunub.

  • Yeni tədris ilində 2,2 milyon nəfər təhsil alacaq

    Sentyabrın 15-də Azərbaycanda təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.

    Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.

    Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.

    Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.

    Qeyd edək ki, 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.

    Məqsəd şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin gücləndirilməsi, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızın qət etdiyi tarixi yol haqqında şagirdlərin biliklərinin artırılmasıdır. Eyni zamanda, dövlət rəmzlərinə, azərbaycançılıq ideologiyasına və milli-mənəvi dəyərlərə sadiqliyin möhkəmləndirilməsi də əsas məqsədlər sırasındadır.

  • On beş min manata yaxın dələduzluq: İki nəfər saxlanıldı

    Bakının Nəsimi rayonunda iki nəfər polisə müraciət edərək ümumilikdə 14 560 manatlarının dələduzluq yolu ilə ələ keçirilməsini bildiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdizadə və 22 yaşlı P.Seyidmalıyev müəyyən olunaraq saxlanılıblar.

    Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Bir nəfərin 3 500 manatını dələduzluq yolu ilə ələ keçirən Quba rayon sakini, 31 yaşlı A.Qədirov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Xocalı rayonu Daşbulaq kəndinə ilk köç karvanı yola salınıb

    “Böyük Qayıdış” Proqramına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonunun daha bir yaşayış məntəqəsinə, Daşbulaq kəndinə əhalinin köç prosesi həyata keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə (67 nəfər) köçürülür.

    Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Qeyd edək ki, bu, Xocalının Daşbulaq kəndinə ilk köçdür.

  • Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini işğal edib

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini işğal edib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovskda Novonikolayevka yaşayış məntəqəsini ələ keçiriblər.

  • Azərbaycanın U-15 millisi Monteneqro ilə iki oyun keçirəcək

    15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

    Median.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçlar yığmanın Bakıdakı hazırlıq prosesi ərəfəsində baş tutacaq.

    Qarşılaşmaların sentyabrın 16-da və 18-də Binə stadionunda təşkili nəzərdə tutulur. Hər iki oyun saat 16:00-da start götürəcək.

  • Qayıq batdı – 100-dən çox insan öldü

    Konqoda qayığın batması nəticəsində 100-dən çox insan ölüb, 146 nəfər isə itkin düşüb.

    Konqo Demokratik Respublikasının Pasankusu rayonundan keçən çayda baş vermiş hadisədə qurbanların çoxu tələbələrdir. Hadisəyə səbəb kimi normadan artıq yüklənmə və qayığın gecə vaxtı hərəkət etməsi göstərilir.

    Qeyd olunur ki, bu, bir həftə ərzində ikinci hadisədir.

  • Toy karvanında qaydaları pozan sürücülər saxlanıldı

    Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan “Chevrolet” markalı avtomobilin sürücüsü Daşqın Həsənov, “Jaguar” markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, “Renault” markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və “Kia” markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.

    Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

  • Pakistanda hərbi konvoya hücum: Çox sayda əsgər həlak olub

    Pakistanın Cənubi Vəziristan bölgəsində əsgərləri daşıyan hərbi maşın silahlı hücuma məruz qalıb.

    Median.Az-ın Khaama.com nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin təhlükəsizlik xidmətindən məlumat verilib.

    Məlumata görə, hücum nəticəsində ən azı 12 pakistanlı əsgər həlak olub.

    Hadisəyə görə məsuliyyəti “Təhrik-i-Taliban Pakistan” (TTP) qruplaşması öz üzərinə götürüb.

    Qruplaşmanın yaraqlıları silahları ələ keçiriblər ki, bu da onların Əfqanıstan sərhədi boyunca yenidən dirçəlməsi qorxusunu artırıb.

    Pakistan əsgərlərindən biri yaraqlıların hücumdan sonra hərbi maşın və silah-sursatı ələ keçirdiklərini təsdiqləyib.

    Analitiklər qeyd edirlər ki, hökumətin qəbilələrin yaşadığı ərazilərdə antiterror əməliyyatlarının gücləndirildiyini bəyan etməsinə baxmayaraq, qruplaşma son aylarda hücumlarını artırıb.