Month: Sentyabr 2025

  • Tibbi sığorta ilə icra edilən doğuşların sayı açıqlandı

    2025-ci ilin ilk yarısında icbari tibbi sığorta hesabına 30 minə yaxın doğuş icra olunub.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, hamilə qadınlara göstərilən tibbi xidmətlərin mühüm bir hissəsi icbari tibbi sığorta hesabına qarşılanır. Bu xidmətlər həm ana, həm də körpənin sağlamlığını qorumaq, hamiləlik və doğuş dövründə yarana biləcək fəsadların qarşısını almaq məqsədi daşıyır.

    Hamilə qadınların hamiləliyin müxtəlif mərhələlərində müvafiq müayinələrdən keçməsi icbari tibbi sığorta ilə qarşılanır. Bu müayinələr çərçivəsində arterial təzyiqin ölçülməsi, nəbzin yoxlanılması, qan və sidik analizlərinin aparılması, qan qrupu, şəkər göstəriciləri, həmçinin hepatit B və C, sifilis və insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək) və digər zəruri müayinələr sığorta hesabına həyata keçirilir.

    Hamiləlik dövründə qadın məsləhətxanalarına, Ailə Sağlamlıq Mərkəzlərinə və ya digər ambulator tibb müəssisələrinə müraciət edən qadınlara USM, doppler müayinəsi, fol turşusunun təyini, dölün ürək döyüntülərinin izlənilməsi kimi xidmətlər də göstərilir.

    Hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilərək hamilə qadın doğuşun təşkili üçün TƏBİB-in tabeliyindəki müvafiq dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

    Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir.

    Stasionar tibbi xidmət zamanı istifadə olunan dərman, tibbi sərf, qidalanma, laborator və instrumental müayinələr, diaqnostika və müalicə tədbirləri icbari tibbi sığorta ilə qarşılanır. Bu ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına ölkə üzrə ümumilikdə 14 767 doğuş, 15 167 qeysəriyyə əməliyyatı həyata keçirilib.

    Vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması, doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi, yenidoğulmuşların tibbi nəzarətdə saxlanılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də icbari tibbi sığorta ilə əhatə olunur.

  • Sosial xərclər artdı: Hansı ayırmalar olacaq?

    “Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb. Bu həmin dövrdə 424,6 milyon manat xərc artımı deməkdir. DSMF-in xərclərindəki dəyişiklik həm 2025-ci ildə yeni sosial paketin icrası, həm də müavinət və təqaüd və eləcə də pensiya alanların sayının artması ilə bağlıdır”.

    Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu ilin ilk 8 ayında aylıq sosial müavinət alanların sayı 2025-ci ilin əvvəli ilə müqayisədə 13 min nəfər artaraq 466 min 210 nəfərə, təqaüd alanların sayı isə 4 min 244 nəfər artaraq 405 min 644 nəfərə çatıb:

    “Bu o deməkdir ki, həmin dövrdə aylıq müavinət və təqaüd alanların sayı 17.3 min nəfər çox olub. Artımlar eyni zamanda proaktiv qaydada müavinət və təqaüd alanların sayında da özünü göstərib. 2025-ci ilin yanvar-avqust ayları ərzində proaktiv qaydada 105 665 sosial müavinət və təqaüd təyin olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 minə yaxın artım deməkdir. Pensiyaçıların sayında da artımlar qeydə alınıb. 2025-ci il iyulun 1-i vəziyyətinə əsasən pensiyaçıların sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.3 min nəfərə artaraq 1103,3 minə çatıb.

    Göründüyü kimi, sosial dəstəklərdən faydalanan vətəndaşlarımızın sayındakı artımlar DSMF-in xərclərin təsirsiz ötüşməyib. Bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı. Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu baxımdan, növbəti dövrdə sosial müdafiə tədbirlərinin miqyasının daha da genişləndirilməsi fondun xərclərinə təsir göstərəcək.

    Çünki fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir. Artımlar eyni zamanda fondun proqnozlaşdırılan gəlirlərində də var. 2025-ci ildə DSMF gəlirlərinin 7 milyard 617 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir. Gəlirlərdəki artım fiskal dayanıqlıq baxımdan vacib amillərdəndir”.

  • Motosiklet daş lövhəyə çırpıldı – Sürücü öldü

    Neftçalada motosiklet daş lövhəyə çırpılıb, sürücü ölüb.

    Hadisə rayonun Aşağı Surra kəndində baş verib.

    Belə ki, 1979-cu il təvəllüdlü Ərziman Fərəcov “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə hərəkətdə olarkən idarəetməni itirib.

    O, yolun kənarında olan daş lövhəyə çırpılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Paytaxtın 22 nömrəli marşrutunun avtobusları yenilənir

    Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

    Bu barədə Median.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilib ki, sentyabrın 30-dan sərnişinlərin xidmətinə veriləcək 10 ədəd “King Long” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

    İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.

  • Bulvar İdarəsinin sabiq sədrinin məhkəməsi: Öz istədiyim rüsumu necə təyin edə bilərəm?

    Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayev ifadə verib.

    O deyib ki, Hesablama Palatası aktı ona göstərmədən Bulvar İdarəsində 3,7 milyon manat mənimsəmə faktı taparaq Baş Prokurorluğa göndərib:

    “Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi isə cinayət işi başlayandan sonra 6 iş günü ərzində məni həbs edib”.

    İlqar Mustafayevin sözlərinə görə, Hesablama Palatasının aktında ona iradlar yazılıb:

    “Köhnə bulvar ərazisində 4 restoranın çırkab suları 1,8 kvadrat nasosa quraşdırılıb və bununla da 2600 manat enerjiyə artıq pul xərclənib. Necə hesab edirsiniz, mən çirkab sularını bulvara axıdılmasına icazə verməli idim. Bulvar İdarəsində olan bir çox tikintilərə, iaşə obyektlərinin layihə-smeta sənədlərinin hazırlanmasına və ekspertizasına təxminən 91 min manat pul xərclənib ki, bu artıq xərcdir. Bildirirəm ki, bu xidməti göstərən Fövqəladə Hallar Nazirliyinin müəssisə və təşkilatlarıdır ki, onların da qiymətləri rəsmi müəyyən edilir, mən bunu necə dəyişib öz istədiyim rüsumu təyin edə bilərəm?”.

    Onun sözlərinə görə, 2016-cı ildən 2024-cü ilə qədər, yəni 8 il Bulvar İdarəsinə rəhbərlik edib:

    “İttiham aktına əsasən, onun ilk 2 ilində 8 milyon, qalan altı ilində isə 4 milyon pul mənimsəmişəm. İttihamda göstərilib ki, Bulvar İdarəsində fəaliyyət göstərən bütün atraksionlardan, ticarət köşklərindən və obyektlərdən yığılan pulları işçilər və sahibkarlar İdarənin əməkdaşlarına, onlar da yuxarı əməkdaşlara və ierarxiya üzrə son nəticədə mənə veriblər, guya, mən isə həmin pulları mənimsəmişəm”.

    İlqar Mustafayev deyib ki, dəniz gəzintisi xidmətlərinin göstərilməsi ilə əlaqədar Şəfəq və Mirvari gəmilərində bilet satışından əldə edilmiş gəlirin mənimsənilməsinə dair Hesablama Palatası möhürsüz, imzasız elektron poçt vasitəsilə gələn Dövlət Dəniz və Liman Agentliyinin sədrinin müşavirinin göndərdiyi cədvələ əsaslanaraq hesablama aparıb:

    “Hesablamaya görə, 2018-ci ildə 173 min nəfər, 2019-cu ildə 133 680 nəfər, 2020-ci ildə 13 min nəfər, 2021-ci ildə 62 min nəfər, 2022-ci ildə isə 48 min nəfər gəmilərdə sərnişin olub. İndi mənə maraqlıdır ki, 2020-ci ildən 2022-ci ilə qədər ölkədə pandemiya olub. Bulvar ərazisi rəsmi olaraq bağlı olub, pandemiyanın ən sərt vaxtları isə 2021-ci il olub, hansı ki, insanlar evdən bayıra sms icazə ilə çıxırdılar. Necə oldu ki, 2021-ci ildə 62 min nəfər gəmidə səyahətə çıxıb”.

    Təqsirləndirilən şəxs əlavə edib ki, ittiham aktında Maraşpark dondurma köşklərinin sahibi İsrafil Bascılın Dənizkənarı Bulvar İdarəsinə 2019-2023-cü illər ərzində 736 min 500 manat pul ödədiyi göstərilib:

    “Müstəntiq də onun öz əl yazısı ilə yazdığı vərəqi sübut kimi götürüb və məni mənimsəmədə ittiham edib”.

    Daha sonra İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli məhkəməyə bir neçə vəsatət təqdim edib. O, vəsatətinin birində Dənizkənarı Bulvar İdarəsindən müəyyən hesabatların əldə edilməsini xahiş edib.

    Məhkəmə vəsatəti təmin edib.

    Növbəti proses oktyabrın 20-nə təyin olunub.

    Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.

    Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

    İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

    İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.
    //report

  • Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başa çatıb

    Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən “Məharət – 2025” kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, təlim zamanı qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması məqsədilə xususi əməliyyatın planlaşdırılması, eləcə də modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən praktiki fəaliyyətlər icra edilib.

    Azərbaycan Müdafiə Nazirliyi ilə Özbəkistan Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

    Sonda “Məharət – 2025” kompüter dəstəkli birgə komanda-qərargah təlimində fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

  • Elza Seyidcahan dələduzluqla bağlı zərərçəkən kimi tanındığı məhkəmədə ifadə verib

    Bir neçə nəfərin qızıllarını mənimsəməkdə təqsirləndirilən Fərid Abuzərli və Xəyal Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

    Belə ki, zərərçəkənlər arasında olan tanınmış müğənni Elza Seyidcahan (Qasımova) bildirib ki, bəzi problemlərinə görə lombarda müraciət edib:

    “Məni oraya anam aparıb. Bəzi problemlərimiz var idi. Anamın, özümün, rəfiqəmin qızıllarını həmin lombarda qoyaraq 8 min 500 manat pul götürdük. Sonra pulları ödədik. Rəfiqəmin qızıllarını qaytamalı idim. Onlar mənə dedi ki, qızıllar 1 həftə sonra veriləcək. Beləliklə, 1 həftə, sonra isə 3 ay keçdi. Mən də məcbur qalıb polisə müraciət etdim. Gördüm ki, zərərçəkən ancaq mən deyiləm. Mənə dəymiş ziyan ödənilməyib. Lombardın bütün işçilərindən şikayətçiyəm. Onlar bu işi bilirdilərsə, bizə deməliydilər. Anam da zərərçəkəndir. Növbəti proseslərdə iştirak edəcək”.

    İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyib.

    Növbəti proses noyabrın 3-nə təyin edilib.

    Qeyd edək ki, cinayət işi üzrə 31 nəfər zərərçəkən qismində tanınıb. Onların arasında tanınmış müğənni Elza Seyidcahan da var. İttiham edilən tərəf girov olaraq götürdüyü qızıl zinət əşyalarını və onların geri verilməsi üçün müştərilərin ödədiyi pul vəsaitini mənimsəməkdə ittiham olunurlar.

    Belə ki, “Nizami” metrostansiyasının yaxınlığında Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardın əksər müştəriləri borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər. Qızıllarını ala bilməyən insanlar Polis Bölməsinə şikayət ediblər.

    Çox sayda insan “Lombard Xəyal” olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib. Onlar bildirib ki, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb.

    Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə külli-miqdarda törədildiksə) 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3,2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

  • Azərbaycanda ayaqqabı istehsalı 7 % artıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 574 min cüt ayaqqabı istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.

    Sentyabrın 1-nə ölkədə 125,5 min cüt hazır məhsul ehtiyatı olub.

    2024-cü ildə Azərbaycanda 1 milyon 41 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 39 % çoxdur.

  • Məhkəmə Saakaşvili ilə bağlı qərar verib, 9 milyon lari dövlətə ödənməlidir

    Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı qərar qəbul edib.

    Məhkəmə Maliyyə Nazirliyinin iddiasını təmin edərək dövlət büdcəsindən mənimsənildiyi deyilən 9 milyon larinin (3 milyon 330 min dollar) geri qaytarılmasına qərar verib.

    Qərara əsasən, Saakaşvili və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Teimuraz Janaşiya dövlətə ümumilikdə 9 milyon lari ödəməlidirlər.

    Xatırladaq ki, hər iki şəxs Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci və üçüncü bəndləri ilə – “vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, qrup halında böyük məbləğdə vəsaitin qanunsuz mənimsənilməsi” ittihamı üzrə məhkum olunmuşdu. Bu iş üzrə Saakaşviliyə 8 il həbs cəzası, Janaşiyaya isə 300 min lari (106 min dollar) cərimə kəsilmişdi.

    Daha sonra dövlət onların əleyhinə məşhur “Pincaklar işi” çərçivəsində məhkəməyə mülki iddia qaldırmış və büdcəyə dəymiş ziyanın ödənilməsini tələb etmişdi.
    //report

  • Simonyan 44 günlük müharibə ilə bağlı hesabatı sessiya gündəliyinə daxil etməkdən imtina edib

    Ermənistan parlamentinin sədri Alen Simonyan sentyabrın 30-da başlayacaq parlamentin qarşıdan gələn sessiyasının gündəliyinə 44 günlük müharibə ilə bağlı komissiyanın hesabatını daxil etməkdən imtina edib.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    O, imtinasını komissiya işinin nəticələrinin dərc olunması üçün qanunla nəzərdə tutulmuş bütün müddətlərin keçdiyini və parlamentin reqlamentinə görə sənədi sessiya gündəliyinə daxil etmək hüququnun olmadığını bildirməklə izah edib.

    Komissiya 2022-ci ilin fevralında hakim çoxluğun (Vətəndaş Müqaviləsi fraksiyası) təşəbbüsü ilə yaradılıb.