Month: Sentyabr 2025

  • Kobaxidze sərt danışdı: “Heç kimə imkan verməyəcəyik!”

    “Biz heç kimə Gürcüstanda hər hansı inqilabi planı həyata keçirməyə imkan verməyəcəyik. Necə ki, son 13 ildə uğursuz inqilab cəhdləri olub, bu il də belə olacaq”.

    Median.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

    Hökumət başçısı qeyd edib ki, xarici kəşfiyyat orqanları sınanmış üsullarla işləyirlər.

    “Bu işin məqsədi Gürcüstanda inqilabi prosesləri stimullaşdırmaqdır. Təbii ki, biz heç kimə Gürcüstanda hər hansı inqilabi planı uğurla həyata keçirməyə imkan verməyəcəyik” – deyə, Baş nazir bildirib.//azxeber.az

  • Azərbaycanda uşaqların suallarına cavab verəcək chatbot hazırlanır

    Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların suallarına cavab verəcək chatbot hazırlanır.

    Median.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Emrullayev məlumat verib.

    Nazir bildirib ki, hazırlanacaq sistem bütün dərslikləri öyrənəcək və xüsusilə Azərbaycan tarixi, Azərbaycan dili və digər əsas fənlər üzrə şagirdlərə dəstək verəcək.

    E.Emrullayev əlavə edib ki, yeni strategiyada 2027-2030-cu illər üçün təhsil proqramlarında süni intellektin tətbiqi xüsusi diqqət mərkəzində olacaq:

    “Həmçinin layihə çərçivəsində ekoloji və iqlim dəyişiklikləri ilə bağlı fənlər üzrə dərsliklər də hazırlanacaq. Məqsəd hər mövzuda yalnız bir dərslik hazırlamaq deyil, əksinə, mövzuya uyğun fərqli sahələr üzrə intelektual və tədris dəstəyini təmin etməkdir”.//APA

  • Naxçıvan aeroportuna direktor təyin edildi

    Naxçıvan Beynəlxalq Hava Limanına direktor təyin edilib.

    Hava limanı direktorunun müavini Salman Məmmədli bu vəzifəyə təyinat alıb.

  • Daha bir şirkət rəhbərinə “stop” qoyuldu

    “Portan Təminat Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) xüsusi ilə külli miqdarda vergi borcu var.

    Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1368345.33 AZN-dir.

    Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynli Eşqin Cahangir oğlunun ölkədən çıxışına da məhdudiyyət qoyulub.

    Şirkətin hüquqi ünvanı Bakı Şəhəri Yasamal Rayonu, Mirəli Seyidov, Ev.33, M.10-da yerləşir.

  • Azərbaycanda məktblərlə bağlı şad xəbər – Oktyabrın 1-dən..

    Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq.

    Median.Az xəbər verir ki, bunu “Report”a elm və təhsil naziri Emin Əmrullayev deyib.

    Onun sözlərinə görə, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.

    Nazir vurğulayıb ki, bu, dövlət və özəl sektorun birgə təşəbbüsü kimi həyata keçirilir:

    “Biz prioritet olaraq şəhərin mərkəzində yerləşən məktəbləri və daha çox təsir göstərə biləcək məktəbləri cəlb etməyə çalışırıq. Layihə pilot səviyyəsindədir və məqsəd uşaqların məktəbə təhlükəsiz və rahat daşınmasını təmin etməkdir”.

    E. Əmrullayev əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur: “Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq”.

    Nazir qeyd edib ki, bu layihə təhsil və nəqliyyat sahəsində innovativ yanaşmanın bir nümunəsi olacaq və gələcəkdə daha geniş tətbiq edilə bilər.

  • 207 nömrəli orta məktəbdə noutbuk oğurluğu

    Bakının Nərimanov rayonunda fəaliyyət göstərən Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə oğurluq hadisəsi baş verib.

    Qaynarinfo xəbər verir ki, məktəbdən “Dynabook” markalı noutbuk oğurlnaıb.

    Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri cinayət işi başlanıb. Həmçinin barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Tural Musayevin sədrliyi ilə baxılıb. Məhkəmədə hadisəni törətməkdə təqsirləndirilən Rəşadət adlı şəxs verilmiş ittiham üzrə özünü tam təqsirli bilib.

    Onun ifadəsindən məlum olub ki, məktəbdə oğurluq etməmişdən əvvəl kirayə qaldığı evin televizorunu satıb. Daha sonra isə 207 nömrəli məktəbdə oğurluq etmək qərarına gəlib. O, məktəbə pəncərədən daxil olub. Oğurladığı kompüteri isə 300 manata satıb.

    Məktəbin direktor müavini bildirib ki, oğurluq nəticəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri Üzrə Təhsil İdarəsinə 1138 manat ziyan dəyib. Ziyanın 1000 manata yaxın hissəsi ödənilib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun saxlanıldığı 1 gün müddət 2 günə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 9 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Gələcəkdə dolu daha dağıdıcı olacaq: Alimlər səbəbləri açıqıadı

    Dolu – qəfil, səsli və çox vaxt dağıdıcı bir hadisədir. Bir neçə dəqiqəlik güclü dolu yağışı məhsulu məhv edə, pəncərələri sındıra və avtomobillərdə, evlərdə ciddi izlər qoya bilər. Avropa bu təhlükəni yaxşı tanıyır, amma iqlim dəyişikliyi fonunda gələcəkdə vəziyyət dəyişə bilər.

    Qaynarinfo xəbər verir ki, “Earth” portalının yazdığına görə, iqlimin isinməsi nəticəsində güclü dolu tufanları daha nadir baş verəcək, lakin yağan dolunun ölçüsü və ziyanı daha böyük olacaq. Dolu, güclü yuxarı hava axınlarında formalaşır. İsinmə həmin zonanı daha yuxarıya qaldırır, orada isə hava axınları zəifləyir və dənəciklər yerə düşənə qədər böyüməyə az vaxt tapır. Buna baxmayaraq, bəzi hallarda onlar yerə kifayət qədər iri ölçüdə çata bilirlər.

    NyuKassel Universiteti, Böyük Britaniya Meteorologiya İdarəsi və Bristol Universitetindən alimlər “Nature Communications” jurnalında dərc olunan araşdırmada yüksək dəqiqlikli iqlim modellərindən istifadə ediblər. Nəticələrə görə, Avropanın böyük hissəsində güclü dolu tufanlarının sayı azalacaq. Ancaq baş verən hallarda dolu əvvəlkindən iri olacaq.

    Proses regionlara görə fərqlənir. Britaniya adaları və Şimali Avropa risk baxımından aşağı qalacaq, Mərkəzi Avropada da azalma gözlənilir. Lakin Cənubi Avropada tropik tipli “isti tufanlar” müşahidə oluna bilər. Bu zaman donma səviyyəsi daha yuxarıda yerləşsə də, iri dolu dənəcikləri yenə də yerə çatır. İtaliya və İspaniya fermerləri belə yeni mövsümi təhlükələrlə üz-üzə qala bilərlər.

    Araşdırmanın rəhbəri, NyuKassel Universitetindən doktor Abdulla Kahraman deyib:

    “Əldə etdiyimiz nəticələr göstərir ki, iqlim dəyişikliyinin güclü tufanlara təsiri əvvəlki düşünüləndən daha mürəkkəbdir. Yüksək dəqiqlikli modellər əvvəlki araşdırmalardan fərqli nəticələr ortaya qoyur. Cəmiyyət daha nadir, lakin çox dağıdıcı lokal hadisələrə hazır olmalıdır”.

    Böyük Britaniyadan professor Lizzi Kendon isə əlavə edib:

    “Bu nəticələr çox narahatedicidir. Avropada tropik tipli dolu tufanlarına hazır olmaq lazımdır, çünki iri dolu kütlələri fəlakətli dağıntılar törədə bilər”.

  • Xalq artisti Ramiz Quliyev reanimasiyaya yerləşdirildi

    Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

    Bu barədə APA-ya onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

    Onun sözlərinə görə, Ramiz Quliyev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti əvvəlkindən nisbətən daha yaxşıdır.

    “Atamın vəziyyəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət etdim. Sağ olsunlar, müalicəni öz üzərlərinə götürdülər. Hazırda vəziyyəti nisbətən stabildir”, – deyə Əyyub Quliyev bildirib.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə elektrik enerjisinin verilişində FASİLƏLƏR olacaq

    Kəngərli rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

    Bu barədə “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.

    Belə ki, 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında cari təmir işləri aparılacaq.

    Bununla əlaqədar, “Qıvraq” yarımstansiyasından qidalanan 35 kilovoltluq “Qarabağlar” hava elektrik verilişi xəttində də texniki işlər görüləcək. Nəticədə, sabah saat 11:30-dan 12:30-a qədər Qıvraq qəsəbəsi və ətraf kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

    Qeyd olunur ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların aparılması çərçivəsində müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.

  • İdman zallarında qəfil infarktın səbəbi nədir? – Həkimdən AÇIQLAMA

    “Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır”.

    Bunu Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.

    O bildirib ki, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir:

    “Bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur. Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır. İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır.

    Üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir”.

    R. Mahmudov bildirib ki, bütün bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır:

    -İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test).

    -Enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq.

    -İdman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq.

    -Şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçmək.

    Nəticə olaraq, idman sağlamlıq üçündür, amma yanlış yanaşma ilə qəfil təhlükəyə çevrilə bilər. Sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır.