Month: October 2025

  • Türkiyə-Azərbaycan Universitetinin iki illik fəaliyyətinə dair hesabat təqdim edilib

    Oktyabrın 20-də Türkiyə-Azərbaycan Universitetinin (TAU) Himayəçilər Şurasının 5-ci iclası keçirilib.
    Apa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, iclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən TAU-nun fəaliyyətində iştirak edən Türkiyənin Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ), Orta Doğu Texniki Universiteti (ODTÜ) və Azərbaycan Texniki Universitetinin rektorları iştirak ediblər.
    İclas çərçivəsində Türkiyə – Azərbaycan Universitetinin illik hesabatı, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib. İclas iştirakçıları sözügedən universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

  • Ərdoğan Körfəz ölkələrinə səfər edəcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-də başlayacaq Körfəz turuna Küveytdən start verəcək.
    Apa-nın Türkiyə bürosunun məlumatına görə, Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahla görüşdə ikitərəfli əlaqələr, Qəzzadakı humanitar vəziyyət və atəşkəs məsələləri müzakirə olunacaq.

    Səfərin ikinci dayanacağı Qətər olacaq. Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşdə də əsas mövzu Qəzza problemi olacaq.
    Səfərin sonunda Ərdoğan Oman Sultanı Heysəm bin Tariq bin Taymur Əl Səidlə iqtisadi əməkdaşlıq və regional məsələləri müzakirə edəcək.

  • Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 20-də davam etdirilib.

    Apa xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
    Əvvəlcə təqsirləndirilən Davit İşxanyan müraciət edərək əlavə iki materialın məhkəmədə sübut kimi tədqiq olunmasını xahiş edib.
    Məhkəməyə sədrlik edən Zeynal Ağayev bildirib ki, qeyd olunan materiallar təqsirləndirilən şəxsin özü və ya müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunacağı təqdirdə sübut qismində tədqiq olunmasına baxılacaq.
    D.İşxanyan bu barədə danışmaq üçün müdafiəçisi ilə fasilə zamanı konfidensial qaydada görüşmək istədiyini bildirib. Sədrlik edən buna razılıq verib.
    Təqsirləndirilən David Babayan da bir neçə hadisəyə dair sənədin cinayət işinə əlavə edilərək sübut qismində tədqiq olunmasını məhkəmədən xahiş edib.
    Sədrlik edən təqsirləndirilən şəxsə sözügedən hadisələrə dair sənədlərin məhkəməyə təqdim edildikdən sonra tədqiq olunma məsələsinə baxılacağını bildirib.
    Təqsirləndirilən şəxs Arkadi Qukasyan çıxış edərək tədqiq olunan sənədlərə fikirlərini ümumi şəkildə bildirib, eləcə də tədqiq olunmuş bəzi sənədlər və orada göstərilən xüsusatlarla razılaşmadığını deyib.
    Ardınca məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan olunub.
    Elan olunan ifadəyə əsasən, zərərçəkmiş Şakir Albalıyev bildirib ki, o, 1992-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Öz evi və əmlakı Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşib. 1993-cü il avqustun 25-də Ermənistan silahlı qüvvələri onun xidmət etdiyi batalyonu mühasirəyə alaraq güclü atəşə tutublar. Həmin ərəfədə Ermənistan silahlı qüvvələri Cəbrayıl rayonunun bir sıra kəndlərini, o cümlədən yaşadığı Dağ Tumas kəndini və valideynlərinin yaşadığı Pirəsəd kəndini işğal edərək yandırıblar.
    Onunla birgə Müşviq, Alməmməd, Məzahir Məmmədov, Məzahir Cəbrayılov və daha adların xatırlaya bilmədiyi bir neçə şəxs Dağ Tumas kəndində olarkən Əliyev Məhəmməd Hümmət oğlunun və Bənövşə adlı bir qoca qadının evlərinin qabağında Ermənistan silahlı qüvvələri tərəfindən güllənmiş meyitlərini görüblər.
    Ş.Albalıyev avqustun 26-da Cəbrayıl rayonunun Sofulu kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. O, əsirlikdə döyülüb, ağır işgəncələrə məruz qalıb. 1993-cü il avqustun 28-də əsirlikdən qaçıb.
    Zərərçəkmiş şəxs Elşən Nuhiyevin elan olunan ifadəsinə əsasən, 1993-cü il iyulun 2-də Füzuli rayonunun Gorazıllı kəndində babasının evində olarkən atası Arif, anası Məxmər, qardaşı Rövşən, əmisi Vaqif, əmisinin arvadı Raisə, qızı Sevil, Sevda, əmisi Balay, əmisinin arvadı Raisə, dayısı Marks, nənələri Tamaşa və Maya ilə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülərək Xocavənd rayonuna, daha sonra Xankəndi Şəhər Uşaq Xəstəxanasına aparılıb. Həmin gün atası Arifi, əmisi Vaqifi, Balayı və dayısı Marksı onlardan ayırıb Şuşa həbsxanasına aparıblar. Xankəndi şəhərində onlardan başqa Laçın, Abşeron, Kəlbəcər rayonlarından olan müxtəlif şəxslər də saxlanılıblar.
    Bundan başqa, Xankəndi şəhərində uşaq xəstəxanasında Kamo adlı, eləcə də digər erməni nəzarətçilər onlara müxtəlif növ işgəncələr veriblər. Orada 4 ay 5 gün saxlanıldıqdan sonra 1993-cü ilin noyabr ayının əvvəllərində Ağdam rayonunun Qərvənd kəndi ərazisində girovluqdan azad olub.
    Təxminən 1 ay sonra anası Məxmər azad edilib. Atası Arif isə onlardan əvvəl azad olub. Atasından öyrənib ki, əmisi Vaqif girovluqda mütəmadi döyülüb, verilmiş ağır işgəncələr nəticəsində ölüb.
    Elan olunan digər ifadəyə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Mehriban Kərimova bildirib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il aprelin 8-də yaşadığı Kəlbəcər rayonunun Ağdaban kəndinə silahlı hücum edərək çoxsaylı şəxsi qəsdən öldürüb, bir neçə şəxsə müxtəlif ağır bədən xəsarətləri yetirib. Onu, atası Sovet Kərimovu, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Quliyevanı və sonuncunun övladları Zülfiyyə Quliyevanı və Samir Quliyevi girov götürüblər. Anası Qəməri isə həmin gün avtomatdan atəş açaraq öldürüblər.
    Ermənistan silahlı qüvvələrinin hərbçiləri kənddəki evləri yaşayışın olub-olmadığına məhəl qoymadan yandırıb, yolda gördükləri dinc sakinləri odlu silahlardan atəş açaraq qətlə yetirirdilər.
    Atası ilə birlikdə bu vəhşiliyin canlı şahidi olub, gözünün önündə həmkəndlilərinin vəhşicəsinə qətlə yetirildiyini görüb.
    M.Kərimova bildirib ki, Ermənistan hərbçilərinin evləri talan etməsini, qiymətli əşyaları, heyvanları oğurlamasını yol getdikcə müşahidə edib.
    İfadəsində, həmçinin göstərib ki, girov götürüldükdən sonra onlar kəndin mərkəzində yaşlı bir qadının evinə aparılıblar. Evə daxil olanda təxminən 6 yaşında Ülviyyə adlı uşağın yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb. Məlum olub ki, Ülviyyə atası Camalın belində olarkən Ermənistan hərbçiləri atəş açaraq ikisini birlikdə qətlə yetirib. Bundan başqa, həmin vaxt orada olan Tural adlı kənd sakinini əlləri bağlı halda ot tayasına tərəf aparıblar. Oraya çatdıqda arxadan avtomat silahla atəş açıb onu vurublar, sonra isə ot tayasını yandırıb Turalı alovun içərisində atıblar və o, yanaraq ölüb.
    Sonradan eşidib ki, Turalın anasını da ağzından avtomatla atəş açaraq öldürüblər.
    O, ifadəsində, həmçinin bildirib ki, hücum zamanı Ermənistan silahlı qüvvələri onun dayısı, Aşıq Şəmşirin nəvəsi Qurbanov Qulu Şabər oğlunu tonqalda diri-diri yandırıblar. Bundan başqa Aşıq Şəmşirin qohumları Bəkir, Zeynəb, Qulu, Qara və digər doğmaları da Ermənistan hərbçiləri tərəfindən öldürülüblər. Onlardan bəzilərini isə evlərində ailə üzvləri ilə birlikdə yandırıblar.
    M.Kərimova bir ay sonra girovluqdan azad olunub.
    Elan olunan digər ifadəyə əsasən, zərərçəkmiş Bəhram İbrahimovun hüquqi varisi Sakit Feyzullayev bildirib ki, 2020-ci il oktyabrın 7-də övladının Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərkən şəhid olması xəbərini eşidib.
    Zərərçəkmiş Murad Mahmudovun hüquqi varisi Mahir Mahmudovun elan olunan ifadəsinə əsasən övladı 2020-ci il oktyabrın 10-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olub.
    Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Vüqar Süleymanov, Taleh Nəbiyev, Tacəddin Kərimov, Ayxan Camalzadə, Vurğun Əbilov, Faiq Səfərov və başqalarının ifadələrinə əsasən onlar müxtəlif vaxtlarda mina və digər sursatların partlaması nəticəsində xəsarətlər alıblar.
    Nabat Bağırova, Səlminə Əliyeva, Məhəmməd Mahmudov, Hikmət Abdullayev, Valeh Həsənov, Rəfail Bayramov, Samir Əlizadə, Zaməddin Həsənov, Əli Ağalarov, Azər Məmmədov, Ziyəddin Mirzəyev, Fuad İbrahimli, Dəyanət Əliyev, Dilqəm Səfərov, İlqar Fərəcov, Urfan Əzizov, Yunis Quliyev, Vahid Dadaşov, Ceyhun Rzaquliyev, İbrahim Əliyev, Nicar Əlizadə, Sadiq Əhmədov, Nazir İmranzadə, İsaq Dəmirov, Nihad Quliyev və digər zərərçəkmiş şəxslərin də ifadələri elan edilib.
    Məhkəmə prosesi oktyabrın 23-də davam etdiriləcək.
    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ – FOTO

    Bu gün Fransanın paytaxtı Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyası (COP10) fəaliyyətə başlayıb.

    Gənclər və İdman Nazirliyindən Sfera.az-ya verilən məlumata görə, tədbirin ilk hissəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
     
    Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyasının (COP10) sədri seçilib.

    Xatırladaq ki, Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri, 2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 9-cu sessiyasının (COP9) sədr müavini seçilib.

  • Hazırlığa apardığı məktəbliyə qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edildi

    Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.
     
    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayonu ərazisində “BYD” markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən edilib və o saxlanılıb.
     
    E.Oruczadə müvafiq qərarla həbs olunub.

  • Naxçıvanda minlərlə turist öz evində qalıb – QƏRİBƏ STATİSTİKA

    Naxçıvana gələn turistlərlə bağlı maraqlı və ən önəmlisi, detallı rəsmi statistika açıqlanıb. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 58 min 348 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % azdır.
     
    Median..Az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli özünün sosial media hesabında paylaşıb.
     
    O qeyd edib ki, hesabat dövründə Naxçıvanda xarici turist, yəni 27 min 355 nəfər özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə qalıb. Bu, 1 il əvvələ nisbətən 14,05 % azdır:
     
    “Qohumların və dostların evində qalanların sayı 26 min 831 nəfər olub ki, bu da illik müqayisədə 30,6 % azdır.
     
    “Naxçıvana bu ilin ilk 8 ayında 58 min 348 nəfər xarici vətəndaş TURİST olaraq gəlib. Və bunlardan 54 min 186 nəfəri ya öz evində, ya öz ailəsinə məxsus, ya da yaxın qohum və dostlarının evində qalıblar. Bəs yerdə qalanı? Gəlin hesabatın ardına baxaq.
     
    Maraqlı detal: ən az turist mehmanxana və mehmanxana tipli obyektlərdə qalıb – cəmi 1191 nəfər. Bu, illik müqayisədə 34,6% azdır.
     
    Deməli, Naxçıvana 8 ayda cəmi 1191 nəfər əsl turist, xarici vətəndaş gəlib. Bu da aya 148 nəfər, günə təxminən 5 nəfər turist edir. Digər gələnlər isə Türkiyə, Rusiya və başqa ölkələri pasportunu almış naxçıvanlılardır, onlara da “turist” deyirlər” – ekspert bildirib.//sfera.az

  • Bakıda iş adamı narkotiklə SAXLANILDI

    Bakıdan İstanbula təyyarə ilə uçmaq istəyən iş adamı Heydər Əliyev Beynəlxalq Aeroportunda narkotiklə saxlanılıb.
     
    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş Əliyusif Xəlilovun Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
     
    Məlum olub ki, Əliyusif Xəlilov qanuni təmsilçisi olduğu şirkətin Türkiyənin İstanbul şəhərində filialı olduğu üçün sözügedən ölkəyə gedirmiş. Psixotrop maddə olan metamfetamindən istifadə edən iş adamı üzərində Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq məqsədilə həmin vasitəni gizlədib.
     
    O, çətinləşdirən üsullardan istifadə etməklə psixotrop maddənin 1.408 qramını sellofan bükümdə qablaşdıraraq eynək qabının içərisində çiyin çantasına, 0.357 qramını isə kassa qəbzinə bükərək əynindəki açıq qəhvəyi rəngli gödəkçənin cibinə yerləşdirib.
     
    Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Əliyusif Xəlilov məhkəmədə əməlindən peşman olduğunu bildirərək barəsində təyin ediləcək cəzanın şərti tətbiq edilməsini xahiş edib. Məhkəmənin hökmü ilə Əliyusif Xəlilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə, özəl sahədə rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

  • Sabah bu ərazilərdə qaz olmayacaq

    Kənd Ramanı” qaz xətti üzərində klapanın quraşdırılması və Xəzər rayonu, Binə Sovxoz yaşayış sahəsi və Məscid küçəsi ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və siyirtmənin quraşdırılması işləri ilə əlaqədar, 21.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılması planlaşdırılır.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. 

    Bildirilib ki, təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Ramanı qəsəbəsinin, C.Cabbarlı, Ə.Haqverdiyev, V. Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin, Xəzər rayonu üzrə isə Binə sovxoz yaşayış sahəsinin, Məscid və Ə.İsazadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

  • Füzulidə körpə ölü doğulub

    Füzulidə doğuş zamanı uşaq ölü doğulub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, rayonun İkinci Qayıdış qəsəbə sakini, 1997-ci il təvəllüdlü Nərmin Qəhrəman qızı Mehtizadənin ağrıları olduğundan yaxınları onu Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırıblar.

    Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7.5 ay olması və doğulacaq qız uşağının ana bətnində ölü olması səbəbilə dölün ana bətnindən xaric olunması qərarı verilib.

    Hazırda ananın səhhəti vəziyyətə uyğun qiymətləndirilir.

  • “Mənə qalan qızım oldu…” – Xalq artisti

    Afaqla 10-lar” proqramının növbəti buraxılışı Xalq artisti Aygün Kazımovanın bir müddət əvvəl işıq üzü görən “Best of Aygun – All stars” albomuna həsr edilib.

    Median.Az xəbər verir ki, pop diva albomda yer alan sənətçilərlə bağlı fikirlərini bölüşüb.

    Kazımovanın mahnılarını oxuyanlar arasında qızı İlqarə Kazımova da yer alıb. O, “Karie qlaza” mahnısını səsləndirib.

    A.Kazımova qızı haqda fikirlərini bölüşərək “Mənim ifama oxşayan, janrıma yaxın olan qızım oldu. Mənə qalan qızım oldu. Tamaşaçılar da bunu vurğuladı. Qızımın ifasını gördünüz” sözlərini deyib.//OLAY