Month: October 2025

  • Xolesterin səviyyəsini aşağı salmağa kömək edən 12 qida

    Xolesterin səviyyəsi ürək sağlamlığını qorumaq üçün mühüm göstəricidir. Mütəxəssislərin fikrincə, gündəlik rasionda müəyyən qidaların istifadəsi xolesterini tənzimləməyə və ürək xəstəlikləri riskini azaltmağa kömək edə bilər.

    Median.Az xəbər verir ki, “Very Well Health” nəşri xolesterini yüksək olan insanlar üçün faydalı qidaların siyahısını təqdim edib.

    1. Paxlalar (lobya, noxud, mərcimək)

    Paxlalar bitki mənşəli zülal və minerallarla yanaşı, xolesterini azaldan həll olunan liflə zəngindir. Bu liflər “pis” xolesterin kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin (LDL) səviyyəsini azaldır.

    2. Qoz-fındıq

    Qoz-fındıq sağlam yağlar, lif və antioksidantlarla zəngindir. Tədqiqatlar göstərir ki, qoz-fındıq yeyən insanlarda ürək-damar xəstəlikləri riski daha az olur. Qozda olan omega-3 yağ turşusu ürək üçün xüsusilə faydalıdır. Badam isə həm “pis” xolesterini azaldır, həm də “yaxşı” xolesterinin səviyyəsini qoruyur.

    3. Avokado

    Avokado tərkibindəki monoyumşaq yağlar və lif sayəsində LDL səviyyəsini aşağı salmağa kömək edir. Gündə bir avokado yemək xolesterin balansını yaxşılaşdırır.

    4. Yağlı balıqlar (losos, ton, skumbriya, sardina, forel)

    Bu balıqlar zülal və ürək üçün faydalı omega-3 yağ turşuları ilə zəngindir. Qaynadılmış və ya bişmiş formada yağlı balıq yemək metabolik sindrom və yüksək trigliserid riskini azalda bilər.

    5. Arpa

    Arpa bədəndə yağ və öd turşuları ilə qarşılıqlı təsirə girərək xolesterini aşağı salan beta-qlukan adlı liflərlə zəngindir. Müntəzəm arpa istifadəsi ürək xəstəlikləri riskini azaldır.

    6. Soya məhsulları

    Gündə təxminən 30 qram soya məhsulu qəbulu xolesterin səviyyəsini azaldır və ürək sağlamlığını dəstəkləyir.

    7. Qara şokolad

    Az miqdarda (70%-lik) qara şokoladın tərkibindəki flavonoidlər damar sağlamlığını yaxşılaşdırır və LDL səviyyəsini azalda bilər.

    8. Meyvələr (alma, sitrus meyvələri, giləmeyvələr)

    Bu meyvələrdəki pektin adlı lif növü xolesterinin azalmasına kömək edir. Gündə iki alma yemək ümumi xolesterin səviyyəsini aşağı sala bilər.

    9. Tərəvəzlər

    Tərəvəzlər azkalorili və liflə zəngindir, həmçinin orqanizmdə xolesterin istehsalını azaldır.

    10. Çay (yaşıl və qara)

    Çayda olan polifenollar və antioksidantlar damar divarlarını möhkəmləndirir və xolesterinin artmasının qarşısını alır.

    11. Zeytun yağı

    Xüsusilə “extra virgin” zeytun yağı monoyumşaq yağlarla zəngindir, LDL-ni azaldır və iltihabı azaldır. Kərə yağı kimi doymuş yağları zeytun yağı ilə əvəzləmək ürək üçün faydalıdır.

    12. Bitki sterinləri və stanolları ilə zəngin məhsullar

    Bu maddələr xolesterinin qana sorulmasının qarşısını alır. Onlar təbii olaraq dənli bitkilərdə, paxlalarda, meyvə və tərəvəzlərdə mövcuddur, həmçinin bəzi ərzaqlara (marqarin, pendir, apelsin şirəsi, çörək) əlavə olunur. Gündə 2 qram bu maddələrin qəbulu LDL səviyyəsini 8–10 faiz azalda bilər.

  • Ətin bişirilmə temperaturu virusların məhv olmasını təmin edir

    Ölkəmizdə heyvan kəsimi məntəqələri baytar nəzarəti altında fəaliyyətlərini davam etdirir.

    Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, heyvan kəsimindən əldə olunan ət və ət məhsullarının insan istehlakı üçün təqdim olunması prosesi dövlət baytarlıq nəzarəti ilə həyata keçirilir.

    Belə ki, kəsimə cəlb olunan iri və ya xırdabuynuzlu heyvanlar baytarlıq mütəxəssisi tərəfindən kliniki baxışdan keçirilərək, termometriya olunur və onların kəsimi barədə qərara gəlinir. Kəsimdən sonra heyvan cəmdəyi və daxili orqanların baytarlıq-sanitariya ekspertizası həyata keçirilməklə ekspertiza aktı tərtib olunur. İstehlak üçün təhlükəsiz olan ət və ət məhsullarının realizasiyası üçün müvafiq müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi) təqdim edilir.

    Məlumat üçün bildiririk ki, baytarlıq mütəxəssisi tərəfindən heyvanların ümumi kliniki vəziyyəti, kəsimdən sonra ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizası, o cümlədən laboratoriya müayinə nəticələri nəzərə alınmaqla, ət məhsulunun istehlakı barədə qərara gəlinir. Bir qayda olaraq insan sağlamlığı ilə bağlı risklər mövcud olan bütün hallarda ət məhsullarının dövriyyəsinə yol verilmir.

    Nəzərə almaq lazımdır ki, insanlar tərəfindən ətin çiy və ya yarımbişmiş halda istehlak olunması yolverilməzdir. Belə ki, ətin bişirilmə temperaturu virus və bakteriya mənşəli infeksiyaların məhv olmasını təmin etdiyindən, yaxşı bişirilmiş ət və ət məhsullarının istehlak edilməsi insan sağlamlığı üçün təhlükəsiz hesab olunur.

  • Metronun bu stansiyasında interval 5 dəqiqə azaldıldı

    Bakı metrosunun “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

    Bildirilib ki, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir.

    Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.

  • Epizootik vəziyyət nəzarətdə saxlanılır

    Ölkə ərazisinin bəzi xəstəliklərdən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Timiș kantonunda, Macarıstanın Vaş kantonunda, Xorvatiyanın Sisaçko-Moslavinska kantonunda, Mərakeşin Şərq regionunda blutanq xəstəliyi, Fransanın Burqundiya–Franş-Konte regionunda nodulyar dermatit xəstəliyi, Fransanın O-de-Frans, Pei de la Luar regionlarında, İraqın Neynəvə əyalətində, Litvanın Klayped bölgəsində, Almaniyanın Brandenburq vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

    Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Bakıda taksi sürücüsü qarət edildi

    Oktyabrın 17-də gecə saatlarında paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan bir şəxsin mobil telefonu və pul vəsaiti tanımadığı şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilib.

    Zərərçəkənin şikayəti əsasında Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 31 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • Sabaha olan hava proqnozu

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 14-16, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 9-14, gündüz 17-21, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

  • Bakıda oğurluq edən 66 yaşlı qadın saxlanıldı

    Nəsimi rayonunda yerləşən evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.

    Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Bir sevgi, bir qaçış, bir nikah: Azərbaycanlılar niyə əcnəbilərlə evlənir?

    Ədliyyə Nazirliyi bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşlarının əcnəbilərlə evlənməsi ilə bağlı statistikanı açıqlayıb. Statistikaya əsasən, Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb. Onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır. Məlumata görə, azərbaycanlılar daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb. 
    Əvəllər Azərbaycan vətəndaşlarının xaricilərlə evliliyi cəmiyyətdə birmənalı qarşılanmırdı. Xüsusi ilə də qadınların əcnəbi vətəndaşla evliliyi bölgə və kənd yerlərində qınağa səbəb olurdu. Kəndlərdə qızın xarici ilə evliliyi həmişə ata və anaya başqaxıncı olub. Amma bu gün cəmiyyətdə əcnəbi kişi ilə evlilik məsələsində vəziyyət fərqlidir. İstər bölgələrdə, istərsə də paytaxtda əcnəbi ilə ailə quran qadınlara həmkarları, qohumları belə desək, həsəd aparanlar var. Görünən odur ki, Azərbaycan qadınlarının xarici oğlana ərə getməsi səbəbsiz deyil. Sual olunur, filankəsin qızı niyə qara dərili oğlanla evləndi? Belə qadınlardan birinin Qaynarinfo-ya dediklərindən: “Ailəm rayonda yaşayırdı, çox gözəl münasibətlərimiz, sayılıb-seçilən nəslimiz var idi. Amma bir gün… Hamı kimi mən də sevib-seçdim. Ən başlıcası isə inandım. Bir də baxdım ki, hamiləyəm. Bunu oğlana deyəndə ailəsi daş atıb baş tutdu. Dedilər ki, “Bizə qarnıburnunda olan gəlin lazım deyil”. İş böyüdü, bütün kənd, rayon məndən danışmağa başladı. O qədər stress keçirdim ki, hamiləliyim sonuclandı, uşaq tələf oldu. Beləcə məni həmin evliliyə aparan səbəb qalmadı. Ondan sonra qaragünlərim başladı, nəsil, kənd, kim gəldi başqaxıncı edirdi. Atam bu utanca üzləşməmək üçün kəndən köçməyə qərar verdi. Baxdım ki, atam doğulduğu kəndi qoyub getməyə qərarlıdır, onu durdurmağın bircə yolu var idi – evdən qaçdım, Bakıya gəldim. Burada kafe və restoranlarda iş tapdım. Həmin vaxtlar işlədiyim kafeyə tez-tez qara dərili tələbələr gəlirdi. Onların biri ilə dostlaşdım. Bu münasibətlər bizi daha da yaxınlaşdırdı və bir gün dedi ki, gəl bir yerdə yaşayaq. Beləcə bu təklifə razılıq verdim. Əlacım da yox idi, hara getsəydim yaşadıqlarım məni qarabaqara izləyəcəkdi”. 
    Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əvvəl Azərbaycanda xarici oğlanla ailə quran yox idi:

    “Biz mühafizəkar cəmiyyətdə yaşayırdıq, ictimai qınaq böyük idi. Uşaqlar əsgər gedəndə deyirdilər ki, xidmətdən sonra vətənə dön, başqa millətin nümayəndəsi ilə ailə qurma, gələrsən öz millətinlə ailə qurarsan və s. kimi bir yanaşma var idi. Azərbaycan qlobal dünyaya açıldı, açıq cəmiyyətə inteqrasiya etdi xarici ölkələrə gediş-gəliş, seriallar, kliplər və s. bütün bunlar insanları düşüncəsində dəyişdi.  İctimai qınaq zəiflədi, insanlar ailə qurmaq qərarlarında sərbəst seçim etməyə başladılar. Əvvəl Azərbaycan  qadını xarici oğlanla ailə qurmazdı. Amma bu gün edilən təklifə dərhal “hə”  deyir. Səbəbləri var. Qızın nişanı qayıdır, yaxud da ailə qurur, evlilik həyatı qaydasında olmayan kimi boşanmağa qərar verir. Azərbaycan cəmiyyətində belə qadınlarla ailə qurmaq bir qədər qəribə qarşılanır. Qızlar da fikirləşir ki, əgər cəmiyyət mənim ikinci dəfə ailə qurmağımı pis qarşılayırsa, o zaman xarici vətəndaşla da ailə quraram. Xarici vətəndaş qadını sorğulamır, nişanlı, yaxud ərdə olub-olmayıb, niyə boşanıb deyə. Ona görə də qadın əcnəbiyə gedir”.

    Sosioloq bu gün Azərbaycan kişilərinin də əcnəbi qadınlarla ailə qurmasının müxtəlif səbəbləri olduğunu xatırladıb: 

    “Kişilər çox vaxt işləmək üçün üz tutduğu ölkədə daimi yaşamaq kimi məqsədlərlə ailə qururlar. Belə olanda onlara həmin ölkədə dəyib-dolaşan olmur”.

    Üzeyir Şəfiyev hər bir halda bunun yaxşı bir tendensiya olmadığını diqqətə çatdırıb:

    “Yaxşı olardı ki, öz vətəndaşlarımızla ailə qursunlar. Bu genefond təhlükəsizliyi baxımından bizi sığortalamış olar, həm də bütövlükdə Azərbaycanın ailə dəyərlərini, ailə institutunu qoruyub saxlayardı”.

  • В Азербайджане на учете состоит более 18 тыс. человек с раком молочной железы

    В настоящее время в Азербайджане на учете состоит 18 639 человек с диагнозом рака молочной железы.

    Об этом в ответ на запрос Report сообщил главврач Национального центра онкологии Азад Керимли.

    По его словам, 8 082 пациента, у которых ранее был диагностирован рак груди, живут пять и более лет.

    “В прошлом году рак молочной железы был выявлен у 2 876 человек. Из них в 610 случаях он был диагностирован во время профилактического осмотра. У 1309 человек болезнь была обнаружена на первой и второй стадиях, у 878 – на третьей стадии, а у 487 человек – на четвертой стадии”, – сказал Керимли.

    Напомним, что октябрь – Всемирный месяц борьбы с раком молочной железы.

  • Azərbaycanda süd vəzi xərçəngi xəstələrinin sayı açıqlanıb

    Hazırda Azərbaycanda süd vəzisinin xərçəngi diaqnozu ilə 18 min 639 nəfər qeydiyyatdadır.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda süd vəzisinin xərçəngi diaqnozu qoyulmuş 8 min 82 nəfər beş il və daha çox yaşayan insanlardır.

    “Ötən il 2 876 nəfərin ilkin diaqnozda süd vəzisinin xərçəngi olduğu qeydə alınıb. Bunlardan 610-u profilaktik baxış zamanı aşkarlanıb. 2024-cü ildə 1309 nəfərdə birinci və ikinci mərhələdə, 878-də üçüncü mərhələdə, 487 nəfərdə isə dördüncü mərhələdə süd vəzi xərçəngi aşkarlanıb”, – baş həkim vurğulayıb.

    Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.