Month: October 2025

  • Bill Qeyts bəşəriyyəti məhv edəcək səbəbi açıqladı: İqlim deyil…

    “Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəyan edib ki, iqlim dəyişikliyi insanlığın məhv olmasına səbəb olmayacaq.

    Median.Az-ın məlumatına görə, 122 milyard dollar sərvətinin böyük hissəsini iqlim dəyişikliyi ilə mübarizəyə sərf edən milyarder bu dəfə hesab edir ki, dünya liderləri diqqəti başqa təhlükələrə yönəltməlidirlər. Bu barədə “Daily Mail” yazır.

    Əgər iqlim dəyişikliyi insanlığı məhv etməyəcəksə, o zaman nə edəcək? Mütəxəssislərin fikrincə, sərt həqiqət budur ki, iqlim fəlakəti baş verməmişdən çox əvvəl bəşəriyyət özünü məhv edə bilər. Dünyanın müxtəlif laboratoriyalarında yaradılan süni intellekt modelləri və ölümcül bioloji silahlar insanın öz əli ilə yaratdığı məhvedici alətlərə çevrilir. Lakin “ekzistensial risklər”i araşdıran alimlərə görə, ən böyük təhlükə hərtərəfli nüvə müharibəsi riskindən qaynaqlanır.

    Qlazqo Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti doktor Ris Krilli bildirib: “Əsas fərq zamandadır: iqlim dəyişikliyi onilliklər ərzində inkişaf edir, nüvə müharibəsi isə sivilizasiyanı bir neçə saat ərzində məhv edə bilər”.

    Bill Qeytsin COP30 öncəsi xəbərdarlığı

    Braziliyada keçiriləcək BMT-nin COP30 iqlim sammiti ərəfəsində açıq məktubla çıxış edən Bill Qeyts vurğulayıb ki, iqlim dəyişikliyi insanlıq üçün ən böyük təhlükə deyil. 70 yaşlı milyarder etiraf edib ki, iqlim dəyişiklikləri “yoxsul təbəqələrə daha çox zərər vuracaq”, lakin “apokalipsisə dair panik proqnozlar”ın əsassız olduğunu qeyd edib.

    “İnsanlar yaxın gələcəkdə Yer kürəsinin əksər bölgələrində yaşaya və inkişaf edə biləcəklər”, deyə o yazıb. Bununla belə, bir çox ekspertlər uzunmüddətli perspektivdə bəşəriyyətin “yaşayıb çiçəklənə biləcəyinə” şübhə ilə yanaşır.

    Krillinin sözlərinə görə, artıq nüvə müharibəsi ehtimalı uzaq və ya qeyri-real görünmür: “Silahlar mövcuddur, nüvə dövlətləri arasında gərginlik artır və bu dövlətlər güc tətbiq etməyə, hətta nüvə silahı ilə hədələməyə daha çox meyillidirlər. Soyuq müharibə dövründə nüvə münaqişəsinin baş verməməsi müəyyən mənada sadəcə bəxtin işi idi”.

    Araşdırmalar göstərir ki, məhdudmiqyaslı nüvə müharibəsi belə bəşəriyyətin sonu ola bilər. Partlayışlar nəticəsində yaranan yanğınlar atmosferə küllü miqdarda toz və kül buraxaraq Günəş işığının qarşısını alar və Yer kürəsini “nüvə qışı”na sürükləyə bilər. Mövcud modellərə əsasən, belə qarşıdurma qlobal temperaturu təxminən 10°C azaldaraq kənd təsərrüfatını tam çökdürəcək. Cəmi 100 nüvə başlığının istifadəsi belə iki milyard insanın aclıqdan ölməsinə səbəb ola bilər. Hal-hazırda dünyada 12 mindən çox nüvə başlığı mövcuddur.

    Bioloji silah və təsadüfi fəlakət riski

    Nüvə təhlükəsindən başqa, bəzi tədqiqatçılar süni biologiya vasitəsilə yaradılan bioloji silahların potensialından ciddi narahatdırlar. 1973-cü ildə ilk genetik modifikasiyalı bakteriyalar yaradıldıqdan sonra bəşəriyyətin ölümcül xəstəliklər istehsal etmək bacarığı davamlı şəkildə artmaqdadır.

    Süni intellekt texnologiyalarının inkişafı belə virus və bakteriyaların hazırlanmasını asanlaşdırır, bu isə onları terror təşkilatları və ya “nizo dövlətlər” üçün əlçatan edir. Hətta laboratoriyadan təsadüfi sızma belə, bəşəriyyətin tarixində görünməmiş miqyasda pandemiyaya səbəb ola bilər.

    İqlim dəyişikliyi ekzistensial risk kimi

    Qeyts iqlim dəyişikliyinin insanlığı məhv etməyəcəyinə inansa da, bir çox alimlər bu fikirlə razılaşmır. Kembric Universitetinin Ekzistensial Risklər üzrə Mərkəzindən doktor Cey Bird bildirib: “Elə bir realist ssenari yoxdur ki, bütün insanlar istidən ölsün və ya dəniz səviyyəsinin qalxması nəticəsində məhv olsun. Amma iqlim dəyişikliyi bizi dolayı yolla öldürə bilər – siyasi sabitliyi pozmaqla, üçüncü dünya müharibəsinə və ya qlobal iqtisadi çökməyə səbəb olmaqla”ə.

    Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişiklikləri artıq quraqlıqları, daşqınları və fırtınaları gücləndirir, resurs çatışmazlığı yaradır və kütləvi miqrasiyaya səbəb olur. Bu proseslər geosiyasi sabitliyi sarsıdaraq yeni münaqişələrə yol aça bilər. İqlim böhranı, xüsusən nüvə dövlətləri arasında gərginliyi artırmaqla, təsadüfi və ya səhv nəticəsində yaranan fəlakətlərin riskini çoxaldır.

    Doktor Ris Krillinin sözlərinə görə, məhz buna görə iqlim dəyişikliyini insanlıq üçün ekzistensial təhlükə kimi qəbul etmək tamamilə əsaslıdır.

  • Azərbaycanda avtomobillərdə çipli nömrələr ləğv olunub – RƏSMİ

    Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur.

    Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb.

    Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.
    Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.

  • Dəfn olunan itkin-şəhidin anası: İndi rahat ölə bilərəm

    Bu gün Şirvan şəhərində dəfn olunan itkin-şəhid Cəmil Rəhimovun anası Pəri Rəhimova 33 illik həsrətinə son qoyulduğunu bildirib.

    P.Rəhimova “Report”un Aran bürosuna açıqlamasında bildirib ki, artıq gözü arxada qalmadan rahat ölə bilər.

    “33 ildir Cəmilimin yolunu gözləyirdim. Axır ki, balam gəldi, yanımdadır. İndi rahat ölə bilərəm. Həmişə başqa şəhid valideynlərinə deyərdim ki, siz bəxtəvərsiniz, heç olmasa balanızın qəbri var. Heç olmasa gedib məzarını ziyarət edə bilirsiniz. Amma mənim gedəcəyim bir məzar belə yox idi. İndi mənim də oğlumun qəbrini ziyarət edəcəyim məzarı var”, – itkin-şəhidin anası qeyd edib.

    Qeyd edək ki, Cəmil Nizami oğlu Rəhimov 1969-cu il iyunun 5-də Sabirabad rayonunun Cəngən kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb. O, bu gün Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn edilib.

  • Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb

    Gürcüstanın infrastruktur nazirinin keçmiş müavini Koba Qabuniya saxlanılıb.

    APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.

    Qabuniya vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

    Məlumata əsasən, keçmiş infrastruktur naziri İrakli Karseladzenin evində axtarış aparılıb.

    Qeyd edək ki, bu günlərdə Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondunun icraçı direktoru Davit Tabidze də eyni ittihamla saxlanılıb. Qabuniya fondun kuratoru olub.

    Xatırladaq ki, Karseladze regional inkişaf və infrastruktur naziri postunu 2021-ci ilin fevralından tutub. O, rəhbərlik etdiyi nazirliyin iki müstəqil quruma bölünməsindən sonra infrastruktur naziri təyin olunub, bu ilin aprelin 24-də vəzifəsini tərk edib.

  • Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadıldı

    Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin üç ay müddətinə uzadılması haqqında qanunlar imzalayıb.

    Median.Az xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat yayıb.

    “Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin 5 noyabr 2025-ci il tarixindən etibarən 90 gün müddətinə uzadılması haqqında qanunlar imzalayıb”, – məlumatda bildirilir.

  • Saray qəsəbəsində sürücülər arasında insident: biri həbs olundu

    Abşeron rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

    Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 8-də rayonun Saray qəsəbəsində baş verib.

    Mingəçevir şəhər sakini, 1994-cü il təvəllüdlü Xalid həmin gün saat 15 radələrində Saray qəsəbəsi, Duzgölu kənarında ailə üzvləri ilə birlikdə idarə etdiyi “Toyoto Prius” markalı avtomobili ilə hərəkətdə olarkən “VAZ 2105” markalı maşının sürücüsü Səfərin qəza şəraiti yaratdığına görə ailə üzvlərinin qorxmasını bəhanə edib və zərərçəkmiş şəxsin avtomobilini saxlatdırıb.

    Bu zaman o, Səfər ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı özündən fiziki cəhətdən zəif və ahıl yaşlı zərərçəkmiş şəxsin sifət nahiyəsindən qəsdən yumruqla bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 8-də, təxminən günorta saatlarında Duz gölünün kənarında avtomobillə hərəkətdə olarkən zərərçəkmiş şəxsin idarə etdiyi avtomobillə onun qarşısına keçib və qəza şəraiti yaradaraq, ötmə əməliyyatı həyata keçirib: “Mən qarşıdan gələn avtomobillə toqquşmamaq üçün sükanı sağa döndərdim. Həmin zaman avtomobilində olan həyat yoldaşım və azyaşlı oğlumun n başı qapıya dəyərək, əzildi. Bundan əsəb keçirdim və avtomobilini saxladım, digər avtomobildə oturaq halda olan sürücüyə yaxınlaşdım. İlk olaraq şillə ilə onun sifət nahiyəsindən vurdum. Daha sonra isə avtomobilinin kapotunu yumruqla bir dəfə vurdum. Daha sonra öz avtomobilimə əyləşərək oradan getdim”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, hadisənin baş verməsində özümü təqsirli bilərəm: “Hadisədən sonra dəfələrlə qohumlarım, qardaşım və özüm həmin şəxsdən üzr istəmişik. Əməlimdən peşman olduğumu zərərçəkmişə bildirmişəm və ona müəyyən maddi dəstək göstərmək istəmişəm. Lakin zərərçəkmiş şəxs üzrxaqlığı və maddi yardımı qəbul etməyib. Mənimlə barışmayacağını bildirib”.

    İş üzrə zərərçəkmiş Səfərin sözlərinə görə, avqustun 8-də “VAZ 2105” markalı avtomobillə Duz gölü kənarındakı yolda hərəkətdə olarkən qarşısında olan “Toyoto Prius” markalı avtomobili ötmək istəyib: “Həmin avtomobili keçdikdən bir qədər sonra həmin sürücü qarşıma keçərək məni dayandırdı. Bundan sonra adını bildiyim Xalid mənə məxsus avtomobilə tərəf gəldi və mənə “bu necə maşın sürməkdir?” ifadəsini işlətdi. Sonra pəncərədən sifət nahiyəmə bir neçə dəfə yumruqla, sol qulaq nahiyəmə və ağız nahiyəmə xəsarət yetirdi. Həmin xəsarətlər nəticəsində mənim həm protezim, həm də əlimdə olan telefonum sındı. Xəsarət almama səbəb olan hərəkətlərlə kifayətlənməyən həmin şəxs maşınımı təpiklə vuraraq zədələdi. Bundan sonra avtomobilinə minərək, oranı tərk etdi. Mən ilk olaraq baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim. Daha sonra isə Saray Polis bölməsinə gedərək, şikayət ərizəsi yazdım. Hadisə nəticəsində mənə 10 min manat məbləğində maddi ziyan dəyib. Mənə vurulmuş maddi və mənəvi zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçiyəm”.

    Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxması qadağan olunub.

    Bundan başqa, onun həmin müddət ərzində saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı evi tərk etməməsi tapşırılıb.

    Əlavə olaraq ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi vəzifə öhdəliyi qoyulub.

    Həmçinin ona kütləvi və digər tədbirlər təşkil etməsi və ya belə tədbirlərdə iştirak etməsi qadağan edilib.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

    Protestə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. İşi araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, dövlət ittihamçısının protesti təmin olunub və Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib.

    Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbs edilib.
    Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Psixoloqdan xəbərdarlıq: “Yeniyetməni susdurmaq deyil, dinləmək lazımdır”

    “Doğulduğumuz gündən müəyyən yaş dövrlərindən, periodlardan keçirik, hər birində fərqli duyğular yaşayır, yeni kəşflər edirik. Kiçik yaşlardan başlayaraq övladımıza olan münasibətimizdə diqqətli olsaq iləri yaşlardakı keçidləri daha rahat keçməsinə yardımçı ola bilərik”.

    Bunu psixoloq Gövhər Məmmədova açıqlamasında bildirib.

    O əlavə edib ki, yeniyetməlik dövrü çətin keçən periodlardan biridir:

    “Çünki bu dövrdə düşüncələrlə yanaşı hormonal dəyişikliklər də baş verir, dolayı yolla aqressiv davranışlar artır yeniyetmə hislərini, əsəblərini idarə etməkdə çətinlik çəkir, ətrafdakı hadisələrdən daha tez qıcıqlanır, üsyankarlıq edir. Hətta bəzən çox basqı edildikdə zorakılıq, intihar hallarına da rast gəlinir. Yaxşı olar ki, valideynlər yeniyetmələrə qarşı daha təmkinli, qayğılı münasibət göstərsinlər. Fərqli fikirlərinə qarşı çıxaraq deyil onları dinləyərək, onları başa düşdüklərinə inandıraraq, onları narahat etməyəcək şəkildə nəzarəti əldən verməməklə qadağaları minimuma endirməyə cəhd göstərsinlər”.

    Psixoloq diqqətə çatdırıb ki, yeniyetmələrin dostları ilə görüşmək, tək qalmaq, özünü isbat etmək kimi istəklərinə laqeyd yanaşılmamalıdır:

    “Bu gün hansısa yeniyetmə yaxud gənc bir başqasının həyatına qəsd etməyə cəhd edirsə deməli bu bu gün yaranmiş duyğu deyil illərin üst üstə yığılmış fəsadlarıdır. Təbii ki burada yalnız valideynlərin deyil artıq ətraf mühitin də rolu böyükdür, məktəb müəllimləri də daxil olmaqla. Unutmamalıyıq ki, valideyn, tərbiyəçi, müəllim olaraq ən əsas vəzifələrimizdən biri uşaqları sevgi və güvən əksikliyi olmadan böyütməkdir”.

  • Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib

    Bakıda həyat yoldaşına zor tətbiq edilməsi faktı ilə bağlı polis tərəfindən saxlanılan şəxs həbs olunub.

    Median.Az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində saxlanılan Tamerlan Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılıb.

    Qeyd edək ki, sosial şəbəkələrdə kişinin qadına zorakılıq göstərməsini əks etdirən görüntülər yayılıb. Kadrlarda qadının saçlarının qırxıldığı və onun təhqir edildiyi əks olunur.//apa

  • Beyləqanda yol qəzasında dörd nəfər xəsarət alıb – FOTO – YENİLƏNİB

    Oktyabrın 30-da saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    TƏBİB-dən APA-ya verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub: “1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir”.

  • Пашинян встретился во Франции с Макроном – ОБНОВЛЕНО

    Во время встречи премьер-министра Армении Никола Пашиняна с президентом Франции Эммануэлем Макроном стороны обменялись мнениями о перспективах сотрудничества между двумя странами, а также обсудили вопросы установления мира между Азербайджаном и Арменией, реализацию регионально значимого «Маршрута Трампа» и открытие других коммуникаций.

    Как сообщает AПA со ссылкой на армянские СМИ, Пашинян проинформировал французского президента о ходе работ, проводимых в этом направлении.