Month: October 2025

  • Azərbaycandan Bolqarıstana ixrac 34 faiz artıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Bolqarıstan arasında ümumi ticarət dövriyyəsinin həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30.5% artaraq 602.2 milyon dollara çatıb.

    Median.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Bolqarıstana 584.8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.3% artım deməkdir.

    Bolqarıstandan Azərbaycana idxal isə 17.4 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə idxalın həcmi 25 milyon 823.42 min dollar olub.

    Bu dövrdə Azərbaycandan Bolqarıstana 48 milyon 231,11 min dollar məbləğində 79 min 260,85 ton həcmində xam neft ixrac edilib.

  • “Ordu” “Lənkəran”ı üstələdi

    Azərbaycan Basketbol Liqasında V tura start verilib.

    “Unikal” xəbər verir ki, ilk oyun günündə “Ordu” “Lənkəran”la qarşılaşıb.

    B qrupunun matçında paytaxt təmsilçisi 91:76 hesablı qələbəyə sevinib. “Ordu” 10 xalla birinci, “Lənkəran” 7 xalla üçüncü pillədə qərarlaşıb.

    Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.

  • Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb

    Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd edilib.

    Bu ilin sentyabr ayında “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin imzalanması ilə Azərbaycan-BƏƏ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

    İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Parlamentlərarası münasibətlərə də toxunularaq, parlament səviyyəsində qarşılıqlı səfərlərin və hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının hərtərəfli əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib.

    Görüşdə Azərbaycan ilə BƏƏ arasında ticarət-iqtisadi, investisiya, bərpaolunan enerji, neft-qaz, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.

  • Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib

    Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 28-də Rauf Canbaxış oğlu Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətləri ilə klinikaya daxil olub.

    “Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib”, – deyə məlumatda qeyd olunub.

  • Müdafiə Nazirliyinin 57 avtomobili satışa çıxarılacaq

    Bu il dekabrın 9-da keçiriləcək hərracda müxtəlif dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılacaq.

    Median.Az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə 63 avtomobil hərracda satılacaq.

    Siyahıya əsasən, Şirvan Apellyasiya Məhkəməsinə məxsus bir avtomobil, Xarici İşlər Nazirliyinə məxsus üç avtomobil, Müdafiə Nazirliyinə (MN) məxsus 57 avtomobil, Fövqəladə Hallar Nazirliyinə (FHN) isə məxsus iki avtomobil çıxarılıb.

    Hərracda çıxarılacaq avtomobillərin ən bahalısı MN-ə məxsus xüsusi avtomobillərdir ki, onların start qiyməti 52 290 manat göstərilib. Ən ucuzu isə FHN-ə məxsus VAZ-21214 minik avtomobilidir, start qiyməti 3 000 manat təşkil edir.

  • Bağçada azyaşlıya qarşı şiddət – VİDEO

    Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, görüntülərin Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alındığı iddia olunub.

    Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan sayta bildirilib ki, görüntülərlə bağlı Tovuz RPŞ-də araşdırma aparılır.

  • Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdə dərman maddəsi aşkarlanıb

    Türkiyədən Azərbaycana idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsal etdiyi “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, ümumi sayı 4 656 ədəd olan məhsul partiyalarının (19.03.2025-19.03.2027 və 01.04.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) Azərbaycanın idxal tələblərinə, o cümlədən, qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsindən məhsul idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

  • İki il əvvəl Rusiyaya ekstradisiya edilən azərbaycanlı Ukrayna müharibəsində öldü

    Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həlak olub.

    Sərdar Süleyman oğlu Nəsirov müharibə zonasında aldığı xəsarətlərdən həyatını itirib.

    Döyüşlərdə Rusiya tərəfindən iştirak edən Sərdar Nəsirovun cənazəsi bu gün (oktyabrın 30-da) Bakıya gətirilib və Türkandakı qəbiristanlıqda dəfn ediləcək.

    Ölən şəxs əslən Naxçıvanın Sədərək qəsəbəsindəndir.

    Qeyd edək ki, 2023-cü il, dekabrın 7-də müxtəlif cinayətlərdə ittiham olunan üç şəxs Azərbaycandan Rusiyaya ekstradisiya edilib və onların arasında Sərdar Nəsirov da olub.

    Rusiya vətəndaşı olan Sərdar Süleyman oğlu Nəsirov bir qrup şəxslə əlbir olaraq, qəsdən adam öldürmə və quldurluq hərəkətləri, eləcə də digər soyğunçuluq fəaliyyətlərində ittiham olunub.

  • Nizami polisindən ƏMƏLİYYAT – İki nəfər 66 kiloqram narkotiklə tutuldu – Video

    Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə 66 kiloqram 325 qram narkotik vasitənin satışının qarşısı alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əməliyyat zamanı əvvəlcə 38 yaşlı Samir Səidov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 41 kiloqram 575 qram narkotik vasitə marixuana aşkarlanıb.

    İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən daha bir nəfər – 40 yaşlı Samil Qədiyev də saxlanılıb. Onun üzərindən, idarə etdiyi “Hyundai” markalı avtomobildən və yaşadığı evdən ümumilikdə 24 kiloqram 750 qram marixuana, eləcə də psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

    Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qanunsuz yollarla əldə etdikləri və Bakı şəhərində satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

    Faktlarla bağlı Nizami RPİ-də cinayət işləri başlanılıb, araşdırma aparılır.

    Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən fasiləsiz mübarizə davam etdirilir.

  • Ermənistan vətəndaşlarının məhkəməsində Tovuz döyüşlərindən sonra çəkilmiş videomaterial nümayiş etdirilib

    Oktyabrın 30-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyanın müraciəti əsasında 2020-ci ildə Tovuz hadisələrindən (Tovuz döyüşləri – red.) sonra lentə alınmış videomaterial tədqiq olunub. Xatırladaq ki, D.İşxanyanın vəkili oktyabrın 24-də keçirilən məhkəmə iclasında həmin videonun tədqiqi üçün vəsatətlə çıxış etmişdi.

    “Youtube” sosial şəbəkəsində 2020-ci il avqustun 28-də yerləşdirilmiş video nümayiş etdirilib. Videomaterialda Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Sərdarabadda Ermənistan hərbçiləri təltif edilir. Arayik Harutyunyanın da iştirak etdiyi tədbirdə çıxış edən Nikol Paşinyan bildirib ki, təltif olunanların hamısı iyul döyüşlərinin fəal iştirakçılarıdır.

    Dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs Arayik Harutyunyana suallar ünvanlayıb. Əvvəlcə qeyd edib ki, videoda iyul döyüşlərində iştirak edən Ermənistan hərbçiləri təltif olunur.

    “Həmin tədbirə hansı məqsədlə və hansı statusla dəvət olunmuşdunuz? 2020-ci il iyunun 19-da Ermənistan Respublikası və qondarma qurumun birgə Təhlükəsizlik Şurasının iclası keçirilib. Orada iştirakınızın məqsədi nə idi? Siz məhkəmə istintaqı zamanı bildirmisiniz ki, iyul döyüşlərinin qondarma rejimlə heç bir əlaqəsi olmayıb. Bu iclas hansı zərurətdən yaranmışdı və hansı məsələlər müzakirə edilib?”, – deyə dövlət ittihamçısı suallar verib.

    Təqsirləndirilən şəxs cavabında bildirib ki, qondarma qurumun “nümayəndələri” Ermənistan Respublikasında keçirilən bu cür tədbirlərə daim dəvət olunurdu. İclasda isə Ermənistan Respublikasının təhlükəsizlik məsələləri, ordunun hazırlıq vəziyyəti və ehtimal olunan müharibə ssenariləri müzakirə edilib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.