Month: October 2025

  • Füzuli Şəhəri Günü tədbirləri atəşfəşanlıqla başa çatdı

    2023-cü ildə Böyük Qayıdışın ünvanlarından biri də Füzuli şəhəri oldu. Bir zamanlar xarabalığa çevrilən şəhər indi yenidən dirçələrək həyatın canlandığı məkana çevrilib. Artıq Füzuliyə qayıdan ailələr Füzuli Şəhəri Gününü də öz doğma yurdlarında qeyd edirlər.

    Füzuli şəhərində Füzuli Şəhəri Günü münasibətilə keçirilən silsilə tədbirlər atəşfəşanlıqla yekunlaşıb.

    Qeyd edək ki, Füzuli Şəhəri Günü münasibətilə bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Uşaqlar üçün Füzuli Dövlət Dram Teatrı tərəfindən “Çəkməli pişik” tamaşasının nümayişi olub.

    Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır. Səhnə əsərinin əsas ideyası heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaqdır.

    Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Zəfərin ruhu” adlı fotosərgi və təsviri sənət üzrə ustad dərsləri keçirilib.

    Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Vətən müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunub “Zəfərin ruhu” adlı sərgi təkcə Qələbənin xatirəsi deyil, eyni zamanda, Azərbaycanın yenilməzliyinin, iradəsinin və Qarabağın sürətlə bərpa olunmasının canlı mesajıdır. Füzuli şəhərinin azad edilməsi tarixi Qələbəmizin ən şanlı səhifələrindən biri kimi bu gün Böyük Qayıdış Konsepsiyasının ən parlaq nümunələrindən birinə çevrilib. Sərginin məhz bu qəhrəman şəhərdə keçirilməsi həm şəhidlərimizin ruhuna ehtiram, həm də doğma torpaqlarına qayıdan xalqımızın qürur hissinin təcəssümüdür.

    Tədbir çərçivəsində uşaqlar üçün rəsm ustad dərsləri təşkil olunub. Təcrübəli müəllimlər balaca iştirakçılara rənglərin dili ilə Zəfər mövzusunu necə ifadə etməyin yollarını göstəriblər. Bu ustad dərsləri uşaqlara həm rəssamlıq biliklərini inkişaf etdirməyə, həm də tarixi hadisələrə öz bədii münasibətlərini bildirməyə imkan yaradır.

    Daha sonra isə Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı olub. Qala konsertdə incəsənət xadimlərinin iştirakı ilə ifalar səsləndirilib. Həmçinin rəqqasların çıxışları izlənilib. Balaca fidanlar musiqi sədaları altında rəqsə qoşulublar. Həmçinin yeniyetmə idmançılar meydanda məharətlərini göstəriblər.

    Tədbirlərin yekununda isə şəhər mərkəzində atəşfəşanlıq olub. Səmaya çox sayda fişənglər atılıb.

    Qeyd edək ki, Füzuli şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də işğaldan azad edilib. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 17 Oktyabr – Füzuli Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.

  • Yekaterinburqda Azərbaycan diasporunun üzvləri barədə qərar verildi

    Yekaterinburqun (Rusiya) Verx-İsetski rayon məhkəməsi illər öncə baş vermiş qətldə təqsirləndirilən Azərbaycan vətəndaşlarının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.

    Bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin birgə mətbuat xidmətləri məlumat yayıb.

    “Məhkəmənin 16 və 17 oktyabr 2025-ci il tarixli hökmləri ilə Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Onların hamısının həbsi dekabrın 29-dək davam edəcək”, – məhkəmədən bildirilib.

  • Bakıda məmur küçədə QARƏT OLUNDU

    Bakıda məmur küçədə qarət olunub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunun Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb.

    Maliyyə Nazirliyində mühasib işləyən şəxs sərxoş halda mağazaların birinin yanındakı oturacaqda yatıb. Bu zaman 37 yaşlı Malik Əsədov (ad və soyad şərtidir) onun yatdığını görüb və 3000 manatlıq “iPhone 14 pro max” markalı telefonunu, həmçinin arxa cibindən 100 manat pulu götürüb.

    Zərərçəkənin sözlərinə görə, oğurlanan telefonun içərisində məxfi sənədlər olub və bu hadisəyə görə ona töhmət verilib.

    Təqsirləndirilən şəxs isə bildirib ki, oğurladığı 3000 manatlıq “iPhone”u metronun “20 Yanvar” stansiyası yaxınlığında 300 manata satıb.

    Faktla bağlı Malik Əsədov barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci (oğurluq zərərçəkmişin cibindən, üzərindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla götürüldükdə) maddəsi ilə cinayət işi açılıb.

    Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən iclasda verilən qərara əsasən təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb.

    Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb.

    Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.

    Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, İkinci Katolik Kilsənin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

    Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

    Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, İkinci Katolik Kilsənin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə təşəkkürünü bildirib.

    Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana səfərə dəvət edib.











  • Özbəkistana uçan təyyarə Bakıda təcili eniş etdi

    “Uzbekistan Airways” aviaşirkətinə məxsus, İstanbul–Ürgənc marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən, Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu göndərib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

    Airbus A320 tipli təyyarə yerli vaxtla saat 17:26-da Bakı aeroportunda uğurla eniş edib.

    Dərhal sonra tibbi xidmət heyət hadisə yerinə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib.

    Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün fövqəladə və təxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdir və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq standartlara uyğun prosedurlar həyata keçirir.

  • Şahdağa qar yağır – FAKTİKİ HAVA

    Oktyabrın 17-si saat 18:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

    Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Qəbələ, İsmayıllı, Altıağac, Quba, Xaçmaz, Şabran, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış, Şahdağda qar yağır. Bakıda və Abşeron yarımadasında isə çiskinli hava müşahidə olunur.

    Daşkəsən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Altıağac, Qusar, Qrız, Göyçayda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

  • Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi təsdiqlənib

    “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə” və “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi” təsdiq edilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Fərmana əsasən, Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

    Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi:

    Komissiyanın sədri

    Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

    Komissiyanın üzvləri:

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

    Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

    Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.

  • Azərbaycanın Bəhreyndə səfirliyi təsis edilib

    Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanunu imzalayıb.

    Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

  • Bu ünvanlarda avtobus zolaqlarında minib-düşmə yeri yaradıldı

    Daha 5 ünvanda minib-düşmə yeri yaradılıb.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, Yasamalın A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının, 2 nömrəli Bakı Baza Tibb Kollecinin, “Kontakt Home” və “İrşad Telecom”un qarşısında, eləcə də Cəfər Cabbarlı küçəsində “Amber Hotel”in qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

    Qeyd edilib ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

  • “BY Yusko” və “Beethoven” mağazalarında oğurluq

    Bakıda fəaliyyət göstərən “BY Yusko” və “Beethoven” mağazalarında oğlurluq baş verib.

    Qaynarinfo xəbər verir ki, “BY Yusko” mağazasından 2005 manatlıq kişi geyimləri və ziynət əşyaları, “Beethoven” mağazasından isə 6000 manat pul oğurlanıb.

    Hər iki mağazasının qapısının kilidi vintaçan vasitəsi ilə açılıb. Hüquq-mühafizə orqanlarına edilən müraciətdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

    Saxlanılan şəxslərdən biri yetkinlik yaşına çatmayıb. Onlara Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətiimkan tədbiri seçilib.

    Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən biri 5 il 5 ay müddətinə, digəri isə 4 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.