Month: October 2025

  • Aybəniz Haşımovanın səhhətində problem yaranıb

    Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.

    Bu barədə özü paylaşım edib.

    Sənətçi qeyd edib ki, yeriməklə bağlı çəkdiyi çətinlik səbəbindən yeddi gündür reabilitasiya mərkəzində müalicə alır:

    “Ayaqlarımın problemi 60 faiz həll olunub. Yaxın zamanda yəqin ki heç bir problemim qalmayacaq. Allah hər kəsi sağlamlıqla mükafatlandırsın”.

  • Belçika ABŞ-dən “F-35” qırıcılarının ilk partiyasını alıb

    Belçika 2018-ci ildə ABŞ-yə sifariş etdiyi ilk üç “F-35” qırıcı-bombardmançı təyyarəsini aldığını bildirib.

    Bu barədə məlumatı NATO-nun mətbuat xidməti yayıb.

    Xəbərdə deyilir: “Belçika ilk “F-35″ təyyarələrini qarşıladı. Belçika pilotları Floren aviabazasından ilk uçuşlarını həyata keçirdilər”.

    NATO-dan bildiriblər ki, bu təyyarələr Alyansın hava məkanını daha yaxşı qorumağa imkan verəcək.

    Belçika 2018-ci ildə ABŞ-yə ümumən 35 “F-35” qırıcısı sifariş edib və daha 10 belə təyyarə almağı planlaşdırır. Bunlar Belçika Hərbi Hava Qüvvələrinin cəbbəxanasındakı təxminən 200 ədəd “F-16” təyyarəsini əvəz edəcək.

    Belçika mediasının yazdığına görə, hazırda ölkədə təqribən 40 ədəd “F-16” təyyarəsi döyüşə yararlı vəziyyətdədir.

  • Vilayət Eyvazov Kollegiya iclası keçirdi

    Daxili İşlər Nazirliyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə”, “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı sahəsində görülən işlərə”, habelə cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

    İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

    Qeyd olunub ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Respublikanın 55 şəhər və rayonundan olan 6.279 vətəndaş qəbul edilərək əksəriyyətinin müraciəti yerində həll olunub, həmçinin 80.834 müraciətə baxılaraq təşəbbüskarlara hüquqları izah edilməklə yazılı cavablar verilib.

    Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər də bütövlükdə qənaətbəxş olub, əvvəlki dövrlərin müsbət təmayülləri daha da inkişaf etdirilib.

    Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 92,4 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 6,9 faiz, o cümlədən qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, informasiya texnologiyalarından istifadə edilməklə, odlu silahın tətbiqi ilə və əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən, ailə münaqişəsi zəminli və qrup halında cinayətlərin sayı azalıb. Qeyri-aşkar şəraitdə baş verən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.

    Keçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib. Axtarışa elan edilmiş şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90%-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87,7%-i açılıb.

    Qanunsuz dövriyyədən 4 ton 663 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çox narkotik vasitə çıxarılıb.

    Yol-nəqliyyat hadisələrinin sayı 126 fakt, qəzalarda ölənlərin sayı 13 nəfər, xəsarət alanların sayı isə 157 nəfər azalıb.

    “Formula-1 Azərbaycan Qran Pri”si, III MDB Oyunları, həmçinin respublika və beynəlxalq əhəmiyyətli digər kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik etibarlı və peşəkarlıqla qorunub.

    Diqqətə çatdırıb ki, daxili işlər orqanlarında xidmətin müasir tələblər səviyyəsində təşkili, əməkdaşların peşəkarlığının artırılması, təcrübəli və yüksək ixtisaslı kadr korpusunun formalaşdırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması üzrə zəruri tədbirlər davam etdirilib, gənclərin xidmətə qəbulunun təşviqi və təbliği məqsədilə ali və orta ümumtəhsil müəssisələrində mütəmadi görüşlər keçirilib.

    Gündəlikdəki məsələlər barədə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr, yol verilmiş nöqsanların aradan qaldırılması üzrə görülmüş işlər barədə məruzə edib, eyni zamanda məruzəətrafı çıxışlar dinlənilib.

    Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, fəaliyyətin effektivliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən edib.

    Əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi və bu mühüm məsələdə polisin hər zaman insanların güvən yeri olduğunu xatırladaraq ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılmasını, bütün araşdırmaların keyfiyyətlə aparılaraq qaldırılan məsələlərin qanuni və operativ həlli üçün səylərin gücləndirilməsini və tapşırılmış sahəyə məsuliyyətin daha da artırılmasını tələb edib.

    Antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, mediada və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan – internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin səmərəsinin yüksəldilməsi barədə konkret vəzifələri müəyyən edib.

    Cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdıraraq bu sahədə təbliğat işinin effektivliyinin artırılmasının, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılmasının zəruriliyini nəzərə çatdırıb.

    İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının artırılması, icra intizamının daha da yüksəldilməsi, yeni informasiya texnologiyalarının geniş şəkildə tətbiqi üçün bütün qüvvə və imkanların səfərbər olunmasını, əməliyyat işinin səmərəsinin yüksəldilməsini tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.

  • Vasif Talıbovun “Batabat”ında yoxlama: Pozuntular aşkarlandı

    Naxçıvanda məşhur “Batabat” İstirahət Mərkəzində aparılan yoxlamalar zamanı pozuntular aşkarlanıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Möhbəliyeva Böyükxanım Mirzə qızının rəhbəri olduğu “Batabat Restoranı” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) operativ vergi nəzarəti həyata keçirib.

    Restoranda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasınnda əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında – AKT-a əsasən 8000 manat maliyyə sanksiyası tətbiq edilib. Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

    Qeyd edək ki, “Batabat Restoranı” MMC-nin hazırda Naxçıvan 3 saylı Ərazi Vergilər İdarəsinə 19802.2 AZN vergi borcu var.

    Xatırladaq ki, sözügedən restoran Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. “Batabat Restoranı” MMC-nin ilk rəhbəri də sabiq sədrin yaxın qohumu Talıbov Abbas Fərəc oğlu idi.

  • Bakının məşhur kinoteatrı bərpa olunmayacaq – Tarixi abidə statusu verilmədi

    Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn “Dostluq” kinoteatrının tarixi abidə statusu almasına, həmçinin bərpa edilməsinə müsbət rəy verilməyib.

    “Report”un əldə etdiyi məlumata görə, binaya baxış keçirildikdən sonra onun qəzalı vəziyyətdə və bərpaya yararsız olduğu qənaətinə gəlinib.

    Binanın restavrasiya edilməsi istiqamətində ötən ilin dekabrında müsabiqə keçirilməsini və bu ilin martında qaliblərin açıqlandığını nəzərə alaraq “Report” Azərbaycan Memarlar İttifaqı ilə əlaqə saxlayıb.

    Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə binanın bərpası istiqamətində keçirilən müsabiqə barədə qeyd edib ki, yekun nəticədə binanın tarixi abidə kimi qiymətləndirilmədiyi görünür.

    “Biz müsabiqə yolu ilə, bir növ, ictimai rəyi, peşəkar memarları mövzuya cəlb etmişdik və nəticə belə oldu ki, bina tarixi abidə kimi qiymətləndirilmir. Təqdim olunan layihələrə baxanda aydın görünür ki, orada binanın əvvəlki forması qoruyan, olduğu kimi saxlayan layihə yoxdur. Təyinatından tutmuş görünüşünə qədər hər bir detal dəyişdirilib. Yəni təqdim olunan layihələrin heç birində bərpa elementi yox idi. Bir sözlə, qənaət budur ki, “Dostluq” kinoteatrı tarixi abidə statusuna layiq deyil”.

    Məlumat üçün qeyd edək ki, “Dostluq” kinoteatrının bərpası üçün ötən il Azərbaycan Memarlar İttifaqı tərəfindən açıq müsabiqə elan olunmuşdu. Bu ilin martında müsabiqə başa çatmış və qaliblər elan olunmuşdu.

  • Sabah bəzi rayonlara yağış yağacaq, Bakıda isə…

    Azərbaycanın bəzi yerlərində oktyabrın 18-də havanın yağmurlu keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-dən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 55-60% təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-16, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.

  • Рассматривается вопрос о членстве Рамиза Мехтиева в НАНА

    Рассматривается вопрос о членстве Рамиза Мехтиева в Национальной академии наук Азербайджана.

    Как сообщает Report, об этом заявил журналистам президент Национальной академии наук Азербайджана (НАНА) Иса Габиббейли.

    Рассматривается вопрос о членстве Рамиза Мехтиева в НАНА

    “Мы также глубоко сожалеем о последних событиях. После вынесения решения суда этот вопрос будет рассмотрен, и по нему будет принято соответствующее решение”, – отметил он.

  • Ramiz Mehdiyevin AMEA-da üzvlüyü ilə bağlı məsələyə baxılacaq

    “Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında üzvlüyü məsələsinə baxılır”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

    Ramiz Mehdiyevin AMEA-da üzvlüyü ilə bağlı məsələyə baxılacaq

    “Biz də son hadisələrə çox təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq, ona uyğun qərar veriləcək”, – o qeyd edib.

  • Bu tarixdən heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq

    Sağlamlaşdırma tədbirləri səbəbindən oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, Azərbaycanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Buna görə də, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.

    Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə AQTA bir sıra zəruri tədbirlər görür. Baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.

    “Heyvan bazarlarının sahibləri bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görəcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”, – məlumatda qeyd olunub.

  • 7 ildir öz uşağı bilirdi, qardaşı imiş – Bir analizlə həyatı dəyişdi

    Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla üzləşib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, beynəlxalq şirkətlərdən birinə işə qəbul olunan Ramin Həsənov (ad-soyadlar şərti) tibbi müayinə zamanı həyatını dəyişəcək həqiqəti öyrənib.

    Paytaxt sakini 8 il əvvəl ailə qurub, həmin nikahdan 7 yaşlı oğlu olduğunu düşünüb. İki il əvvəl isə ər-arvad arasındakı nikah pozulub. Həmin vaxtdan bəri Ramin məhkəmə qərarına uyğun olaraq uşağı üçün müntəzəm olaraq aliment ödəyib.

    Lakin işə qəbul prosesi zamanı keçirilən tibbi yoxlama Ramində suallar yaradıb. Belə ki, analizlərin nəticəsi olaraq ona ata ola bilməsinin mümkünsüz olduğu deyilib. Eşitdiyindən şoka düşən Ramin əvvəlcə nəticənin səhv ola biləcəyini fikirləşib, belə bir şeyə inanmadığını israr edib.

    Lakin atalığın müəyyən edilməsi üçün keçirilən DNT analizi də ilkin nəticəni təsdiq edib. Məlum olub ki, azyaşlının atası Ramin deyil.

    Daha bir dəhşətli məqam isə həkimin yazdığı rəydən sonra üzə çıxıb. Belə ki, mütəxəssislər DNT analizinin oxşarlığını müəyyən etdikdən sonra Raminin birinci dərəcəli qohumlarından şübhələnməyə başlayıblar. Onun qardaşı olmadığı üçün atası Rizvan məcburi analizə cəlb edilib. Və uşağın atasının da elə Rizvan olduğu təsdiqlənib.

    Məhkəmə araşdırması zamanı həm Raminin 64 yaşlı atası, həm də keçmiş arvadı həqiqəti etiraf ediblər. Qayınata və gəlin 8 il əvvəl bir məclisdən sonra sərxoş vəziyyətdə olduqlarını, aralarında həmin gecə cinsi əlaqə baş verdiyini deyiblər. Onlar iddia ediblər ki, bu hadisə yalnız bir dəfə baş verib və sonralar təkrarlanmayıb.

    Lakin qonşular da əvvəldən qayınata-gəlinin sevgi münasibətlərindən şübhələniblərmiş. Davam etdirilən araşdırmaların nəticəsində o da üzə çıxıb ki, qadınla kişi bir neçə dəfə rayonlara birgə gəzməyə gediblər.

    Tibbi ekspertizanın nəticələri və etirafedici ifadələr əsasında fakt rəsmi şəkildə təsdiqlənib. Raminin öz övladı kimi bildiyi uşaq qardaşı kimi tanınıb.

    Məhkəmənin qərarı ilə Raminin iki il ərzində ödədiyi aliment məbləği ona qaytarılıb. Bundan əlavə, aliment ödəmə öhdəliyi uşağın bioloji atasının üzərinə qoyulub.