Month: October 2025

  • Azərbaycan Prezidenti: “Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır”

    “Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

    Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır.

  • Bu ilin doqquz ayında moped və motosiklet qəzalarında 10 nəfər ölüb

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinə müraciət edib.

    Müraciətdə deyilir:

    “Sayı sürətlə artmaqda olan moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisələri, təəssüf ki, tez-tez insan itkisi ilə nəticələnir. Cari ilin 9 ayı ərzində bu tip nəqliyyat vasitələrinin iştirakı ilə 32 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər həyatını itirib, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu göstəricilər ikitəkərli nəqliyyat vasitələrinin idarə olunmasında sürücü intizamının qənaətbəxş olmadığını göstərir.

    Motosiklet və moped sürücülərinin nəzərinə çatdırırıq ki, bəzi sürücülər yollarda təhlükəsizlik qaydalarına əməl etmədən, təhlükəli manevrlər edərək özlərinin və digər hərəkət iştirakçılarının həyatını riskə atırlar. Təəssüf ki, belə halların çoxunda nəticə peşmançılıq və itki ilə bitir, lakin bu artıq heç bir fayda vermir. Belə məsuliyyətsiz davranışlar həm də digər hərəkət iştirakçılarında motosiklet və moped sürücüləri haqqında mənfi rəy formalaşdırır”.

    Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, motosiklet, moped və digər bu tip iki təkərli nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etməli, qeydiyyatsız və ya qoruyucu vasitəsiz hərəkət etməməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.

  • Şahmat yığmamız Ukraynanı məğlub etdi

    Şahmat üzrə Avropa çempionatı davam edir.
     
    Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığması bu gün lider Ukrayna ilə üz-üzə gəlib. 
     
    Rauf Məmmədovun yeganə qələbəsi ilə komandamız Ukraynanı məğlub edərək xalları bərabərləşdirib.

  • Benzinin sudan ucuz olduğu 6 ölkə – SİYAHI

    Yanacaq və su müasir həyat üçün vacib olan iki şeydir. Bununla belə, biz nadir hallarda hesab edirik ki, bu resursların hər ikisi pula başa gəlir, bəzən kifayət qədər bahadır.

    Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, əksər ölkələrdə su ən əlverişli əmtəələrdən biri hesab olunur, çünki onsuz insan bir gün belə yaşaya bilməz. Ancaq təəccüblüdür ki, bunun əksi olduğu yerlər var – orada benzin bir şüşə sudan daha ucuzdur.

    Bu, suyun birdən-birə “dəbdəbəyə” çevrilməsi deyil, neftin bu ölkələrdə su kimi axması və hökumətin onun dəyərini səxavətlə subsidiyalaşdırmaqla yanacağın aşağı qiymətini aktiv şəkildə saxlamasıdır. Wion altı belə ölkənin siyahısını tərtib edib.

    Liviya

    Liviyada yanacağın litri təxminən 0,03 dollar, bir şüşə suyun isə təxminən 0,45 dollardır. Bol neft ehtiyatları və dövlət subsidiyaları benzini son dərəcə ucuz edir, su isə çatışmazlıqlar və təchizat problemləri səbəbindən bahalaşır.

    Venesuela

    Venesuelada benzinin bir litri təqribən 0,02 dollar, qablaşdırılmış suyun bir litri isə təxminən 0,60 dollardır. İnanılmaz dərəcədə səxavətli subsidiyalar yanacağı faktiki olaraq pulsuz edir, lakin iqtisadi böhran və infrastrukturun pozulması suyun qiymətlərini artırır.

    Səudiyyə Ərəbistanı

    Səudiyyə Ərəbistanında yanacağın bir litri təxminən 0,58 dollara, bir litr su isə 1,20 dollara başa gələ bilər. Böyük neft ehtiyatları benzinin qiymətini aşağı saxlayır, lakin səhra şəraiti və duzsuzlaşdırma xərcləri səbəbindən suyun qiyməti baha qalır.

    Küveyt

    Küveytdə bir litr benzin təxminən 0,34 dollar, bir litr suyun isə təxminən 1,50 dollar qiyməti var. Neft sərvəti və dövlət subsidiyaları yanacağı əlverişli edir, su isə duzsuzlaşdırma xərclərinə görə bahadır.

    Anqola

    Anqolada bir litr benzin təxminən 0,33 dollara, suyun isə təxminən 0,80 dollara başa gəlir. İqtisadi çətinliklərə baxmayaraq, yanacaq subsidiyaları benzinin qiymətini aşağı saxlamağa kömək edir, eyni zamanda çatdırılma və infrastruktur problemlərinə görə su xərcləri yüksəlir.

    Əlcəzair

    Əlcəzairdə bir litr yanacağın qiyməti təxminən 0,34 dollar, bir litr suyun isə təxminən 0,50 dollar qiyməti var. Neft gəlirləri hökumətə benzini subsidiyalamağa imkan verir, lakin nəqliyyat və müalicə xərcləri suyu bahalaşdırır.

  • Duzun təzyiqə təsiri: Əsas TƏHLÜKƏLƏR

    Ürək sağlamlığını qorumaq üçün qan təzyiqini mütəmadi izləmək vacibdir. Duz həm dadlandırıcı, həm də risk amilidir.

    Lent.az xarici mediaya istinadla bildirir ki, duz yalnız yeməklərin dadını artırmır, həm də konservant kimi çıxış edir. Buna görə də uzunmüddətli saxlanma müddəti olan məhsullarda və hazır yeməklərdə yüksək miqdarda olur.

    Kardioloq Xorxe Roxas Zamalloa izah edir:

    “Duz pis reputasiyaya malik olsa da, tərkibindəki natrium vacib qida maddəsidir. O, orqanizmdə maye balansını qoruyur, sinir impulslarını ötürür və əzələlərin, o cümlədən ürəyin yığılma-boşalma funksiyasına təsir edir”.

    Təzyiqə təsiri

    Yeni araşdırmalar duzun maddələr mübadiləsi və enerji balansında da rol oynadığını göstərir.

    Dietoloq Veronika Raus bildirir:

    “Həddindən artıq duz bədənin suyu saxlamağına səbəb olur. Bu da damarlardakı qan həcmini artırır, ürəyə və damar divarlarına əlavə yük yaradır və hipertoniya, ürək-damar xəstəlikləri, insult riskini yüksəldir”.

    Uzunmüddətli yüksək təzyiq (hipertoniya) “səssiz, amma güclü” risk faktoru sayılır və ürək çatışmazlığı, infarkt, insult və böyrək xəstəliklərinə gətirib çıxara bilər.

    Aşırı az duzun da ziyanı var

    Çox az miqdarda duz qəbul etmək də təhlükəlidir aşağı qan təzyiqi, başgicəllənmə, huş itirmə və nadir hallarda natrium çatışmazlığı ilə bağlı ağırlaşmalar yarada bilər.

    Nə qədər duz qəbul edilməlidir?

    ABŞ qidalanma tövsiyələrinə görə:

    Sağlam böyüklər üçün natrium norması gündə maksimum 2300 mq-dır (təxminən 1 çay qaşığı duz).

    Hipertoniya, böyrək xəstəliyi və 2-ci tip diabeti olanlar üçün bu hədd daha da aşağı olmalıdır.

    Veronika Raus qeyd edir ki:”

    “Gündəlik natrium miqdarının təxminən 1500 milliqrama endirilməsi qan təzyiqini əhəmiyyətli dərəcədə azaldır və ürək-damar xəstəliklərinin qarşısını alır”.

  • “Mercedes” faraya 10 milyon avro xərc çəkdi

    Mercedes şirkəti Avropada ən bahalı fara laboratoriyasını açıb.

    135 metr uzunluğu, 8 metr eni olan binada faraların sınaqdan çıxarılması üçün mümkün bütün yol rejimlərini yaratmaq mümkündür: qar, yağış, qaranlıq, duman, yola qəflətən çıxan piyadalar və sair.
    ərazidə həmçinin müxtəlif ölkələri imitasiya edən 80 kilometrlik yol da salınıb. Bu ərazi işıq cihazlarını sərt dağ serpantinlərində də yoxlamağa imkan verir, dağıdılmış Afrika yollarında da.

    Laboratoriyanın hazırlanmasına 10 milyon avrodan (20 milyon manat) çox vəsait sərf olunub.
    //avtosfer.az

  • “TikTok” mübahisəsi qanla bitdi – TƏFƏRRÜAT

    Bakıda 1999-cu il təvəllüdlü Azər “TikTok” sosial şəbəkəsində təhqiredici paylaşıma görə tanışı Elçini (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Masallı rayon sakini Azər bu il aprelin 28-də zərərçəkmiş şəxsə “WhatsApp” mobil tətbiqindən zəng edib və “TikTok” sosial şəbəkəsində onu təhqir etdiyinə görə məsələni aydınlaşdırmaq üçün görüşmək istədiyini bildirib.

    O, zərərçəkmiş şəxsin yaşadığı yerin ünvanını öyrənib və həmin gün saat 22 radələrində onunla Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində görüşüb, birlikdə Biləcəri qəsəbəsində yerləşən evinə gedib. Orada Elçindən hansı səbəbdən təhqirə yol verdiyini soruşub. Elçin onu təhqir etmədiyini, “TikTok” sosial şəbəkəsində olan yazışmanı göstərməsini bildirib. Azər bu yazışmanı sildiyini deyib.

    Daha sonra onlar birlikdə yaxınlıqda yerləşən marketə gediblər. Oradan siqaret alaraq zərərçəkmiş şəxsin yaşadığı evin qarşısına qayıdıblar. Azər Elçindən ayrılaraq yaşadığı rayona gedəcəyini deyib. Zərərçəkmiş də öz evinə gedib.

    Ancaq Azər söhbət zamanı zərərçəkmiş şəxsin ondan üzr istəməməsinə görə daim üzərində gəzdirdiyi bıçaqla onu öldürmək qərarına gəlib. Təxminən bir saat sonra geri qayıdıb.

    O, aprelin 29-da gecə saat bir radələrində zərərçəkmiş şəxsin kirayədə yaşadığı mənzilə girib və yataq otağında arxası evin giriş qapısına tərəf vəziyyətdə paltarlarını soyunan Elçinə yaxınlaşaraq qəflətən kürək tərəfindən zərbə vurub.

    Elçin özünü müdafiə etmək üçün ona tərəf çevrilən zaman yenə də bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş aldığı xəsarətlərin təsirindən halsız vəziyyətə düşərək döşəməyə yıxılıb. Azər hərəkətlərini davam etdirərək onun bədəninin müxtəlif nahiyələrinə yenə də zərbələr vurub. Elçinin döşəmədə hərəkətsiz qaldığını, müqavimət göstərmədiyini və nəfəsinin gəlmədiyini görüb. Onun öldüyünü düşünərək evdən çıxıb.

    Bundan sonra Azər Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edib və törətdiyi cinayət hadisəsi barədə məlumat verib. Zərərçəkənə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

    İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

    İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, zərərçəkmiş şəxsi “TikTok” sosial şəbəkəsində tanıyıb:

    “Mən sosial şəbəkədə şəklimi paylaşdım, zərərçəkmiş şəkilimin aşağısından ünvanıma nalayiq ifadələr işlətdi. Onunla telefon zəngi vasitəsilə danışdığım zaman qazi olduğumu öyrəndi, ünvanıma nalayiq ifadə işlətmək fikri olmadığını, yazdıqlarının səhvən şəklimin aşağısına düşdüyünü bildirdi. Daha sonra evinin yaxınlığında zərərçəkmiş şəxslə görüşdüm. Birlikdə siqaret alaraq geri döndükdə səhhətimdə problem olduğuna görə məni öz evinə dəvət etdi, məni taksi ilə evimə göndərəcəyini dedi. Həmin vaxt üzərimdə bıçaq olmayıb”.

    Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişə iki bıçaq zərbəsi vurduğunu xatırlayır:

    “Daha sonra polisə zəng etdim. Hadisə vaxtı üzərimdə bıçaq olmayıb. Polis əməkdaşları məni hadisə yerindən apardılar. Polis əməkdaşları gələndə maşında oturmuşdum. Təcili tibbi yardıma və polisə özüm zəng etmişəm. Maştağada 3-4 ay müddətində, Masallı və Lənkəranda xəstəxanalarda psixoloji vəziyyətimlə bağlı müalicə almışam”.

    Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Rusiyaya 2 manatdan, Səudiyyə Ərəbistanına 24 manatdan satmışıq

    Azərbaycan bir sıra ölkələrə badımcan (təzə və ya soyudulmuş) ixrac edib.

    Cari ilin ilk 7 ayında da Azərbaycandan xaricə 27,27 ton badımcan ixrac olunub.

    İxrac əsasən Rusiya və Səudiyyə Ərəbistanına olub.

    Belə ki, həcmcə ən çox 26,33 ton məhsul Rusiyaya ixrac olunub. Bu ixracdan əldə olunan gəlirlər 27,81 min ABŞ dolları təşkil edib. Nəticədə Rusiyaya satılan 1 kiloqram sözügedən məhsulun dəyəri 1,50 dollar və ya 2,56 manat təşkil edib.

    Səudiyyə Ərəbistanına isə 13,35 min ABŞ dolları dəyərində 0,94 ton məhsul ixrac olunub. Bu ölkəyə satılan 1 kiloqram badımcanın qiyməti 14,20 dollar və ya 24,14 manat təşkil edib.

  • Bu şəxslərə 1600 manat verilir

    ​​​​Cəza çəkməkdən azad edilmiş, yəni azadlıqdan məhrumetmə cəzasını başa vurmuş və tibbi, sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən müavinət verilir.

    Median.Az Mətbuat.az-a istinadla xəbər verir ki, bu hüquq Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, həmçinin digər ölkələrin penitensiar müəssisələrində cəza çəkib üç ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıdan vətəndaşlara şamil olunur.

    Müavinət yalnız penitensiar müəssisə tərəfindən verilmiş cəza çəkməkdən azad edilməsi barədə arayış təqdim olunduqda təyin edilir. Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli, yəni 1600 manat təşkil edir.

    Sosial müavinət almaq hüququ olan şəxslərə bu ödəniş müraciət edildiyi tarixdən əvvəlki ən çoxu üç il üçün verilə bilər. Bu addım cəza çəkməkdən azad edilmiş şəxslərin sağlamlığının bərpasına və cəmiyyətə yenidən uyğunlaşmasına dəstək məqsədi daşıyır.

  • Səmanın veteranları: 1960-cı illərin döyüş təyyarələri – Azərbaycanda da var

    Aviatekologiyada böyük tərəqqiyə baxmayaraq, 1960-cı illərin bir neçə klassik ikinci nəsil qırıcı təyyarəsi bu gün də bəzi ölkələrin silahlanmasında qalmaqdadır.

    Qaynarinfo “Wionews”a istinadən xəbər verir ki, buna əsas səbəblər iqtisadi məhdudiyyətlər, sınanmış texnologiyalara sədaqət və böyük xərclər çəkmədən döyüş qabiliyyətini qorumaq istəyidir.

    MiQ-21: Şərq blokunun “uzunömürlü” döyüşçüsü

    1950-ci illərin sonunda istehsalına başlanan MiQ-21, tarixdə ən çox sayda buraxılmış səsdən sürətli qırıcıdır. 2025-ci ilə olan məlumata görə, bu təyyarənin müxtəlif versiyaları hələ də bir sıra ölkələrdə – o cümlədən Anqolada, Azərbaycanda, Banqladeşdə və Çində istismar olunur. Bu dövlətlərdə MiQ-21 əsasən patrul, təlim və lokal hava müdafiəsi məqsədləri üçün istifadə edilir. Hindistanda isə bu model 60 ildən çox xidmətdə olub və yalnız 2025-ci ilin sentyabrında silahlanmadan çıxarılıb.

    Northrop F-5: Sadə, amma effektiv

    1960-cı illərdə hazırlanmış yüngül səsdən sürətli F-5 qırıcısı bu gün təxminən 20 dövlətin arsenalındadır. Bəhreyn, Botsvana, Braziliya, Çili, Honduras və İran bu təyyarənin müasirləşdirilmiş versiyalarından hələ də istifadə edən ölkələr arasındadır. Aşağı istismar xərcləri, manevr qabiliyyəti və ehtiyat hissələrinin əlçatanlığı F-5-i məhdud büdcəli ordular üçün cəlbedici edir.

    F-4 “Phantom II”: köhnə döyüşçü hələ təslim olmayıb

    1960-cı illərdə istehsalına başlanmış F-4 “Phantom II” bu gün də bir neçə ölkənin hava qüvvələrində xidmət edir. 2025-ci ilə qədər bu modelin ən çox istifadəçisi İran olaraq qalır (60-dan çox təyyarə). Həmçinin Türkiyə və Yunanıstan da F-4-ləri modernləşdirilmiş elektronika ilə təchiz edib hava döyüşü, zərbə və kəşfiyyat tapşırıqları üçün istifadə edir.

    F-104 “Starfighter”: hərbi xidmətdən mülki səmaya

    Əksər ölkələr F-104-ü silahlanmadan çıxarsa da, bəzi mülki təşkilatlar bu təyyarələrdən hələ də ixtisaslaşmış uçuşlar və eksperimental proqramlar üçün istifadə edir. “Starfighter” hələ də təsirli uçuş xüsusiyyətlərini nümayiş etdirir, lakin onun hərbi rolu artıq məhduddur.

    Niyə bu “yaşlı” təyyarələr hələ də uçur?

    1. İqtisadi səbəblər. Müasir döyüş təyyarələrinin alınması bir çox ölkə üçün çox baha başa gəlir. Mövcud parkın saxlanması və modernləşdirilməsi daha sərfəli sayılır.

    2. Sadəlik və etibarlılıq. Bu modellərin konstruktor və sistemləri daha sadədir, texniki personal isə onlarla işləməkdə çoxillik təcrübəyə malikdir.

    3. Ehtiyat hissələrinin əlçatanlığı. Populyar modellər üçün bazarda bol miqdarda ehtiyat hissəsi və mütəxəssis tapmaq mümkündür.

    4. Taktiki uyğunluq. Bəzi bölgələrdə hava məkanının patrulu və ya məhdud döyüş tapşırıqları üçün bu klassik təyyarələr hələ də səmərəli hesab olunur.

    Hazırda qlobal tendensiya yeni nəsil, azradar görünürlüklü və şəbəkə əsaslı döyüş sistemləri ilə inteqrasiya olunmuş platformalara yönəlib. Lakin yaxın perspektivdə bir sıra ölkələr köhnə qırıcılarını aviyonika, silahlanma və rabitə sistemləri baxımından yeniləyərək onların xidmət müddətini bir qədər də uzatmağa çalışacaq. Uzunmüddətli dövrdə isə bu “veteranlar” tədricən ehtiyat və ya mülki istifadəyə keçəcək.