Month: October 2025

  • Maaşlarına görə “102”yə şikayət etdilər: Şirkət 20 min cərimələndi

    “Zəfər-44 Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, buna səbəb şirkətin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, 5 aprel 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək xeyli sayda işçi ilə əmək müqaviləsi bağlamaması və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməməsi olub.

    MMC-də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin şəxslər kafel-metlax ustası kimi Cəbrayıl rayonu, Mahmudlu kəndi ərazisində işlərin yerinə yetirilməsinə cəlb edilib.

    Şirkət rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. MMC-nin qanunsuz əməllərinin üstü isə Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə edilən şikayətdən sonra açılıb. Belə ki, işçilər əmək haqlarının verilməməsi ilə bağlı DİN-ə müraciət ediblər. Aparılan araşdırma zamanı ustaların əmək müqaviləsi olmadan işlədildiyi məlum olub.

    Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

    Qeyd edək ki, 22.05.2023-cü ildə yaradılan, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Sarxan Mətləb oğlu Əzizovdur.

  • Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüşün 2025-ci ilin dekabr ayı üçün füçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir Trua unsiyası üçün 50 dolları ötüb.

    Ticarət platformasının məlumatında belə deyilir.

    Bakı vaxtı ilə saat 16:33-ə olan məlumata görə, qiymətli metalın qiyməti 5.97% artaraq bir Trua unsiyası üçün 50.07 dollar təşkil edib. Bakı vaxtı ilə saat 16:48-də gümüşün qiymətində artım yavaşıyaraq, bir unsiya üçün 49.825 dollara (+5.46%) qədər düşüb.

    Eyni zamanda, “Comex” birjasında qızılın 2025-ci ilin dekabr ayı üçün füçerslərinin qiyməti 4 097.2 dollar (+2.42%) səviyyəsində olub.

  • Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilir ki, oktyabrın 14-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Qeyd edilib ki, görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Səkilərdə avtomobilini park edən sürücülərin NƏZƏRİNƏ!

    Daxili İşlər Nazirliyi səkilərdə avtomobilini park edən sürücülərə müraciət edib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Qeyd olunub ki, piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı polisə edilən müraciətlər əsasında profilaktik tədbirlər davam etdirilir.

    Növbəti tədbir zamanı paytaxtın Yasamal rayonunda yerləşən piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

    Qeyd edək ki, səkilərdə maşınların saxlanılması piyadaların yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə onların həyat və sağlamlığını real təhlükə altında qoyur:

    “Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl edilməlidir. Piyada səkilərində avtomobillərin saxlanılması qanun pozuntusu olmaqla bərabər sürücü intizamsızlığı kimi də qiymətləndirilir.

    Sonda bir daha nəzərə çatdırırıq ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək”.

  • Российские войска взяли под контроль два населенных пункта в Харькове и Донецке

    Российские войска взяли под контроль два населённых пункта в Харьковской области и Донецкой области Украины.

    Как сообщает Median.Az со ссылкой на “Интерфакс”, об этом сообщило Министерство обороны России.

    Согласно сообщению, под контроль взяты населённые пункты Боровская Андреевка в Харьковской области и Московское в Донецкой области.

  • Rusiya hərbçiləri Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya hərbçiləri Ukraynanın Xarkov vilayətində və Donetskdə iki yaşayış məntəqəsini nəzarət altına alıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Xəbərə görə, Xarkov vilayətində Borovskaya Andreyevka və Donetskdə Moskovskoe yaşayış məntəqələri nəzarətə götürülüb.

  • İlham Əliyev və Nikol Paşinyan Şarm əl-Şeyxdə görüşdülər – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Şarm əl-Şeyxdə ayaqüstü görüş keçiriblər.

    Görüş bu şəhərdə keçiriləcək Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.

    Görüşdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak edib.



  • Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

    Oktyabrın 13-17 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

    Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.

  • Bakıda daha bir marşrutun avtobusları YENİLƏNİR: İNTERVAL AZALDILIR

    Oktyabrın 14-dən paytaxtın Sabunçu dəmiryol stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) və metronun “Dərnəgül” stansiyası ilə əlaqələndirən 93 nömrəli marşrut xəttinə 10 müasir və ekoloji cəhətdən təmiz avtobus cəlb olunur.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, marşrut üzrə hərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək.

    Avtobuslarda ödəniş nağdsız qaydada, 60 qəpik olacaq.

    Qeyd edək ki, 93 nömrəli marşrut xəttində hərəkət intervalı 20-25 dəqiqə təşkil edirdi.

    Xatırladaq ki, bundan əvvəl paytaxtın Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrini metronun “Həzi Aslanov” stansiyası ilə əlaqələndirən 104 nömrəli marşrut avtobusları da yenilənib.

  • İrandan PUA ilə Azərbaycana narkotik keçirmək istədilər

    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

    Oktyabr ayının 10-da dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

    Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 660 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.