Month: October 2025

  • İtaliya Olimpiya Oyunlarında ümumi barışıq təşəbbüsü ilə çıxış edəcək

    İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Roma qarşıdan gələn Olimpiya Oyunları zamanı dünyadakı bütün münaqişələrin müvəqqəti dondurulmasına israr edəcək.

    Bu barədə ANSA agentliyi məlumat yayıb.

    “İtaliya getdikcə daha çox sülh, inkişaf və tərəqqinin kəsişdiyi nöqtəyə çevrilir. Biz Olimpiya Oyunlarının Milanda keçiriləcəyini nəzərə alaraq, Birləşmiş Millətlər Təşkilatına bütün müharibələr, o cümlədən Ukrayna və Yaxın Şərq müharibələri üçün Olimpiya barışığı təklifini veririk”, – deyə Tayani bəyan edib.

    Qış Olimpiya Oyunları 2026-cı ildə fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina-d`Ampettso şəhərlərində keçiriləcək.

    Olimpiya barışığı Qədim Yunanıstan ənənələrindən qaynaqlanan beynəlxalq təşəbbüsdür. Antik dövrdə Olimpiya Oyunları zamanı müharibələr dayandırılırdı. Məqsəd idmançı və tamaşaçıların yarış yerlərinə təhlükəsiz gəlmələrini təmin etmək idi.

    Müasir dünyada bu təşəbbüs 1990-cı illərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dirçəldilib.

  • Gəncə sakini son anda xilas edildi

    Gəncə şəhərində intihara cəhd faktı qeydə alınıb.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Gülüstan yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü E. Abbasov yaşadığı evdə özünü asmağa cəhd edib. Onun yaxınları hadisə zamanı kişini asılı vəziyyətdə görüblər və dərhal ipi açaraq xəstəxanaya çatdırıblar.

    Hazırda 39 yaşlı E. Abbasovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Yevlaxda maşın yolu keçmək istəyən qadınları vurub öldürdü

    Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən iki qadını vurub. Piyadalar aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Hazırda onların kimlikləri dəqiqləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Heyvanlardan insanlara ən çox keçən xəstəliklər – SİYAHI

    Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar daim qlobal ictimai sağlamlıq üçün ən böyük risklərdən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatına görə, insanlarda müşahidə olunan yoluxucu xəstəliklərin təxminən 60%-i, həmçinin yeni yaranan və ya təkrar ortaya çıxan infeksiyaların 75%-i zoonoz mənşəlidir.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bu xəstəliklər təkcə insanlara deyil, həm də heyvanların sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına ciddi zərbə vurur, iqtisadi itkilərə və ticarət məhdudiyyətlərinə səbəb olur.

    Ən çox yayılmış zoonoz xəstəliklər

    Beynəlxalq məlumatlara əsasən, həm insanlarda, həm də heyvanlarda aşağıdakı zoonoz xəstəliklər daha geniş yayılıb:

    • Bakterial mənşəli xəstəliklər (qarayara, bruselyoz, vərəm, salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz);

    • Virus mənşəli xəstəliklər (quduzluq, quş qripi, Qərbi Nil qızdırması, COVID-19, Ebola);

    • Parazitar xəstəliklər (exinokokkoz, trixenellyoz, toksoplazmoz);

    • Göbələk mənşəli xəstəliklər (dermatomikoz, kandidoz və s.).

    Bu xəstəliklərə əsasən iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək risk daşıyır.

    Yoluxma yolları

    Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər:

    • Xəstə heyvanla birbaşa təmasla;

    • Çirklənmiş qida və su vasitəsilə;

    • Hava-damcı (aerogen) yolu ilə;

    • Gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə.

    Ət və süd məhsullarının düzgün emal olunmaması, az bişmiş qidanın (xüsusən çiy və ya yarıbişmiş süddən düzgün hazırlanmayan pendir-red.) qəbulu və təsərrüfatlarda gigiyenik qaydalara əməl edilməməsi də insan yoluxmasının əsas səbəblərindəndir.

    Heyvan təsərrüfatlarında risklər və nəticələr

    Zoonoz xəstəliklər heyvanlar arasında yayıldıqda məhsuldarlıq azalır, tələf halları artır, ixrac məhdudiyyətləri yaranır. Məsələn, Avropa və ABŞ-da aparılan iqtisadi təhlillərə görə, yalnız qarayara və bruselyoz xəstəlikləri kənd təsərrüfatı sektoruna hər il milyonlarla dollar zərər vurur.

    Ekspertlər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız “Vahid Sağlamlıq” (One Health) prinsipi əsasında mümkündür. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu qəbul edir və bütün sahələrdə koordinasiyalı tədbirlər tələb edir. Profilaktik tədbirlər sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik qaydalarına əməl olunması, qida təhlükəsizliyinə nəzarət, ictimai maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır.

    Zoonoz xəstəliklərə qarşı mübarizə yalnız baytarlıq deyil, həm də ictimai sağlamlıq məsələsidir. İnsan və heyvan sağlamlığı bir-birindən ayrılmazdır!

  • Güclü qasırğa Vyetnamın paytaxtını viran qoyub

    Vyetnamın paytaxtı son iki həftə ərzində ikinci dəfə fırtına ilə üzləşib. Matmo qasırğası Hanoyu bürüyüb.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Məlumata görə, Milli Meteorologiya İdarəsi tərəfindən 13 əyalətdə daşqın xəbərdarlığı da edilib.

    Xatırladaq ki, oktyabrın 2-də Vyetnamda baş verən qasırğa 36 nəfərin ölümünə, 21 nəfərin itkin düşməsinə, 147 nəfərin yaralanmasına səbəb olub. Ən azı 160 ev tamamilə dağılıb və ya su altında qalıb.

  • Ərdoğan və Orbanın Azərbaycana səfərləri başa çatdı

    Oktyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına səfərləri yekunlaşıb.

    Hər iki ali qonağın şərəfinə Qəbələ Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsi düzülüb.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Macarıstanın Baş naziri Viktor Orbanı isə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər yola salıblar.

  • İkiyaşlı körpənin əli ətçəkən maşında qaldı

    Əli ətçəkən maşında qalan ikiyaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Bildirilib ki, Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib:

    “27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub.

    Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb”.

  • Naxçıvan Ali Məhkəməsinin bir qrup şəxsi təltif edilib – SİYAHI

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxs təltif edilib.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

    Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə və məhkəmə orqanlarında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə

    Qarayev Sənan Məmməd oğlu

    Qaybalıyev Vüsal Rəhim oğlu

    “Rəşadətli əməyə görə” nişanı ilə

    Axundlu Nihad Rəşadət oğlu

    Əlizadə Turac Məhəmməd qızı

    Hüseynbəyli Məftunə Firəddin qızı

    İmanova Ayşən Natiq qızı”.

  • Ərdoğan Putinə zəng edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Rəcəb Tayyib Ərdoğan Ərdoğan Putini ad günü münasibətilə təbrik edib.

    Həmçinin telefon danışığı zamanı Türkiyə və Rusiya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.

  • Bakının iki rayonunda polis əməliyyat keçirdi: Saxlanılanlar arasında qadın da var

    Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28 350 manatlarını ələ keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar.

    Hər üç faktla bağlı araşdırma aparılır.