Month: October 2025

  • Qanunsuz ov edənlər saxlanıldı

    Polis əməkdaşları tərəfindən təbiətin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    “Unikal” xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Kakalos kəndi ərazisində çöl quşlarının qanunsuz ovu ilə məşğul olan A.Əkbərov, R.Babayev və B.Məmmədov saxlanılıblar.

    Onlardan qanunsuz ovladıqları müxtəlif növ çöl quşları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq götürülüb.

    Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

  • İlham Əliyev Kopenhagendə Dik Şuf ilə görüşüb – FOTO

    Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Şuf ilə görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.


  • Əfqanıstanda internet və mobil rabitə bərpa edilib?

    Təxminən iki gün davam edən ümummilli qapatmadan sonra Əfqanıstanda internet və mobil rabitəyə çıxış bərpa olunub. Hazırda yalnız iki operator məhdud xidmət göstərir.

    Median.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, internetə çıxış baş nazir səlahiyyətlərini icra edən Həsən Axundun əmri ilə bərpa edilib.

    Rabitə kəsintisi bazar ertəsi başlayıb və vətəndaşların gündəlik fəaliyyətini pozub. “Taliban”ın sözçüsü isə əvvəlcə kəsintinin fiber-optik kabelə keçid əməliyyatı ilə bağlı olduğunu və müvəqqəti olacağını bildirib.

    “Netblocks” və “Cloudflare Radar” məlumatlarına görə, ölkədə internet 48 saatlıq tam kəsintidən sonra tədricən bərpa olunub.

  • “Bandotdel”dən əməliyyat: Həbs olunan var

    Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşları olan narkotacirlərlə əlbir olan şəxslərin tutulması istiqamətində növbəti əməliyyat keçirilib.

     
    Səbail rayonunda keçirilən əməliyyat zamanı 1979-cu il təvəllüdlü, əvvəl məhkum olunmuş Arif Yusifov yaxalanıb. Ondan 20 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb. A.Yusifovun paytaxt ərazisində narkotik vasitələrin satışını və yayılmasını təşkil edərək maddi qazanc əldə etdiyu müəyyən olunuh.
    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • ABŞ-da “şatdaun” yenidən niyə baş verdi?

    Dövlət qulluqçularının xaotik ixtisarlarından və qeyri-sabit gömrük siyasətindən sonra ABŞ yeni böhranla – büdcə böhranı ilə üzləşib. Senat heç bir maliyyələşmə qanun layihəsini qəbul edə bilmədiyindən 1 oktyabr tarixindən ABŞ-da hökumətin qismən fəaliyyəti dayandırılıb.

    Qaynarinfo xəbər verir ki, epravda.com bu barədə yazır.

    Əvvəlcə demokratların maliyyələşməni uzatma layihəsi əksəriyyət olmadığı üçün rədd edildi, daha sonra respublikaçıların təklif etdiyi layihə də lazımi səs yığmadı. Beləliklə, çərşənbə gecəsindən etibarən yüz minlərlə federal qulluqçu ödənişsiz məzuniyyətə göndərilib.

    Niyə “şatdaun” yarandı?

    ABŞ-da maliyyə ili 1 oktyabrda başlayır və həmin tarixədək federal büdcə qəbul olunmalıdır. Senatda təsdiq üçün 60 səs tələb olunur. Respublikaçılar 53 yerə sahib olduğundan ən azı 7 demokratın dəstəyinə ehtiyac vardı, amma razılıq əldə olunmadı. Əsas səbəb – sosial yardım və səhiyyə proqramları üzrə kompromisin tapılmamasıdır. Demokratlar Obamacare və Medicaid üçün kəsintilərin ləğvini tələb edir, respublikaçılar isə imtina edirlər.

    ABŞ prezidenti Donald Trampın Konqres liderləri ilə son görüşü də nəticəsiz qaldı. Demokratlar məsuliyyəti respublikaçıların üzərinə ataraq “bu, onların şatdaunudur” bəyan ediblər. Tramp isə məsələni AI vasitəsilə yaradılmış “dipfeyklərlə” ictimaiyyətə təqdim edib, guya demokratlar immiqrantlara pulsuz tibbi yardım tələbi ilə büdcəni bloklayırlar.

    Nəticələr

    Təxminən 750 min federal işçi məzuniyyətə göndəriləcək. Hər günün kompensasiyası büdcəyə 400 milyon dollara başa gələcək.

    Kritik xidmətlər (ordu, FTB, CIA, hava nəzarətçiləri) işləməyə davam edəcək.

    NASA işçilərinin 83%-i məzuniyyətə göndəriləcək, FCC-nin 81%-i isə artıq fəaliyyətini dayandırıb.

    Sağlamlıq və sosial xidmətlər nazirliyində 41% kəsinti gözlənilir.

    Fərqlər və risklər

    1981-dən bəri bu, 15-ci “şatdaun”dur, amma Tramp prezidentliyi dövründə ilk dəfə deyil. 2018-ci ilin 35 günlük rekord “şatdaun”u da onun dövründə olmuşdu. İndi isə vəziyyət daha risklidir, çünki:

    ABŞ iqtisadiyyatı Trampın tarif müharibələrindən sonra daha həssas vəziyyətdədir.

    Əmək bazarında durğunluq müşahidə olunur.

    “Şatdaun” bəzi iqtisadi məlumatların toplanmasını və dərcini gecikdirə bilər.

    Ekspertlər deyirlər ki, hər həftəlik dayanma ABŞ ÜDM-ni təxminən 0,2% azaldır. Əvvəlki dəfə iqtisadiyyat 3 milyard dollar itirmişdi. Lakin bu dəfə vəziyyət daha ağır ola bilər: əgər dayanma həftələrlə uzansa, işsizlik 4,7%-ə qədər arta bilər.

    Əlavə təsirlər

    Ekologiya: EPA fəaliyyətini dayandırdığı üçün şirkətlərdən əlavə zəhərli tullantı riskləri artır.
    Aviasiya: TSA və hava nəzarətçiləri ödənişsiz işləyəcək, bu da uçuşların gecikməsinə səbəb ola bilər. Pasportların verilməsi də ləngiyəcək.

    Ekspertlərin fikrincə, qısamüddətli “şatdaun” iqtisadiyyata ciddi zərbə vurmasa da, əgər tərəflər yaxın vaxtlarda razılığa gəlməsələr, nəticələr ABŞ üçün daha ağır ola bilər.

  • Azərbaycan və Özbəkistan prezidentləri arasında məktub mübadiləsi olub

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Əziz qardaşım.

    Zati-aliləri, əvvəlcə Sizi və qardaş Azərbaycan xalqını Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının mübarək 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

    Xüsusilə qeyd etmək istərdim ki, ötən dövrdə əməkdaşlığımızın salnaməsi yaddaqalan hadisələrlə zəngin olmuş, bütün sahələrdə əlaqələr ardıcıl şəkildə inkişaf etmişdir. Əhatəli və uzunmüddətli münasibətlərimizi hərtərəfli möhkəmləndirməyə yönəlmiş hüquqi baza və səmərəli institusional mexanizmlər, çoxtərəfli formatlar yaradılmışdır.

    Şübhəsiz ki, Özbəkistan ilə Azərbaycan arasında mövcud olan ortaq qardaşlıq, bizi birləşdirən möhkəm dostluq bağları, müntəzəm xarakter almış ali səviyyəli səmərəli dialoqlarımız qardaş xalqlarımızın ümumi tərəqqisinə xidmət etməkdədir.

    Xüsusilə son illərdə dövlətlərarası münasibətlərimizin tamamilə yeni tarixi mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktik ifadəsi kimi dəyərləndirilə bilər.

    Hörmətli İlham Heydər oğlu, əminəm ki, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığımız bütün prioritet istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, logistika, energetika, sənaye, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində bundan sonra da sürətlə inkişaf edəcəkdir.

    Şübhəsiz ki, Zati-alinizlə cari ildə həm Azərbaycanda, həm də Özbəkistanda keçiriləcək bir sıra mühüm görüşlərimiz təkcə ikitərəfli münasibətlərimizin perspektivləri üzrə deyil, həm də regional tərəfdaşlığın ən aktual məsələlərə dair ətraflı fikir mübadiləsi aparmaq üçün əlverişli imkan yaradacaqdır.

    Çoxşaxəli əlaqələrimizin salnaməsindəki bu əlamətdar gün münasibətilə Zati-alinizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, son dərəcə məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, rifah və davamlı tərəqqi arzulayıram”.

    Eyni zamanda, dövlətimizin başçısı özbəkistanlı həmkarına təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Hörmətli Şavkat Miromonoviç,

    Əziz qardaşım,

    Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri mövcuddur. Ortaq soy-kök, tarix, dil, mədəniyyət, dini-mənəvi dəyərlər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin ötən dövr ərzində dinamik inkişaf edərək ali səviyyəyə – müttəfiqlik pilləsinə yüksəlməsi xüsusi məmnunluq doğurur. Keçən il imzaladığımız Müqavilə iki müstəqil, güclü, suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmiləşdirən və əbədiləşdirən mühüm tarixi sənəddir. Azərbaycan-Özbəkistan birliyinin və tərəfdaşlığının möhkəmlənməsində və bu səviyyəyə çatmasında Sizin müstəsna rolunuzu və xidmətlərinizi xüsusi vurğulamaq istərdim.

    Bu gün Özbəkistan təkcə regionda deyil, həm də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış ölkədir. Sizin qətiyyətli rəhbərliyinizlə bütün sahələrdə həyata keçirilən möhtəşəm dəyişikliklərin, sosial-iqtisadi inkişafın, ölkənin iqtisadi potensialının güclənməsinin, qlobal arenada imicinin ildən-ilə artmasının şahidi olmaqdan qardaş ölkə olaraq böyük fərəh hissi duyuruq.

    Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir.

    Özbəkistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç zaman unutmur. Sizin azad olunmuş ərazilərimizə dəfələrlə səfər etməyinizə, Füzulidə özbək xalqının böyük oğlu – Mirzə Uluqbəyin adını daşıyan məktəbin inşasına, Xankəndidə birgə tikiş müəssisəsinin yaradılmasında dəstəyinizə və ikitərəfli əlaqələrimizin dərinləşməsinə xidmət edən digər təşəbbüslərinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Biz bunu qardaş Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyin, eyni zamanda həmrəyliyimizin, qardaşlığımızın parlaq rəmzi olaraq dəyərləndiririk.

    İkitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan ilə Özbəkistan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və beynəlxalq məsələlərə ortaq baxışlarımız, ümumi məqsədlərimiz və istəklərimiz, o cümlədən üzləşdiyimiz çağırışların həlli istiqamətində bir-birimizə verdiyimiz dəstək xalqlarımızın maraqlarına, dövlətlərimizin mənafelərinə xidmət edir.

    Hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları vahid geosiyasi regiona çevrilməkdədir. Bu coğrafi müstəvidə gedən müsbət proseslərdə, əlbəttə ki, Azərbaycan ilə Özbəkistan arasında möhkəm əlaqələrin və səmərəli əməkdaşlığın mühüm rolu vardır.

    Əziz qardaşım, füsunkar ölkənizə həyata keçirdiyim hər səfərimdə mənə göstərilən xüsusi diqqət və qonaqpərvərliyi, əsl qardaşlıq münasibətini yüksək qiymətləndirir, Sizinlə mehribanlıq və səmimiyyət şəraitində keçən görüşlərimizi ən xoş təəssüratlarla xatırlayıram.

    Əminəm ki, bir-birinə qırılmaz tellərlə bağlı olan qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, müttəfiqliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Makron Albaniyanın baş nazirinə zarafatla sillə vurdu – VİDEO

    Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl Albaniyanın baş naziri Edi Rama Azərbaycan və Fransa liderləri İlham Əliyev və Emmanuel Makronla söhbət edib.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı Ramanın Makronla etdiyi zarafat diqqət çəkib.

    Belə ki, o, zarafatla Makrona, “Siz məni və İlham Əliyevi təbrik etmədiniz. Tramp aramızdakı “münaqişə”yə son qoydu”, – deyib.

    Bunun fonunda Makron Albaniyanın baş nazirinin üzünə zarafatla sillə vurub və gedib. Görüntü dünya mediasında gündəm olub.

  • Daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edilir

    Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşası davam etdirilir.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Yeni keçid Pirşağı–Xırdalan–Novxanı–M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 19.5-ci kilometrliyində tikilir.

    Keçid iki giriş-çıxışdan ibarət olub, ümumi uzunluğu 59.8 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin isə eni 2 metr olacaq. Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir. Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq. Hazırda keçidin dayaqlarının tikintisi davam edir. Yeni keçid, inşa olunduğu ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

  • Zərərçəkmiş şəxs Levon Mnatsakanyanı tanıyıb: “Başıma yumruqla, avtomatın qundağı ilə vururdu”

    Bakı Hərbi Məhkəməsində oktyabrın 2-də Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş şəxs İlham Məmmədov ifadə verib.

    O, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən, posta gedən zaman Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. İ.Məmmədov deyib ki, həmin vaxt silahsız olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyublar. İ.Məmmədov bildirib ki, onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. O, həmin zabitin adını sonradan öyrəndiyini, onun adının Levon olduğunu deyib.

    Zərərçəkmiş şəxs dövlət ittihamçılarının suallarına cavabında təqsirləndirilən şəxs Levon Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib və deyib: “O, başıma yumruqla, sonra isə avtomatın qundağı ilə vururdu. Məni səngərin üstünə çıxarıb avtomatla atəş açdı. Həmin vaxt arxam Azərbaycan Ordusunun mövqelərinə tərəfə idi. Elə yerdə durmağa məcbur etmişdi ki, bizimkilər bilmədən məni vura bilərdilər. Sonra məni məcburi olaraq minalı ərazilərdə gəzdirdilər”.

    İ.Məmmədov Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində bir həftə saxlanılıb. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

    Zərərçəkmiş müdafiə tərəfinin suallarına cavabında əsir götürülənə qədər L. Mnatsakanyanı əvvəllər tanımadığını, həmin vaxt vəzifəsini bilmədiyini söyləyib. “Ancaq həmin vaxt ona olan münasibətə görə təxmin edirəm ki, vəzifəsi qərargah rəisi idi”.

    O, Levon Mnatsakanyanın suallarına cavabında 1973-cü ildə anadan olduğunu, əsir götürülən zaman baş leytenant rütbəsində olduğunu bildirib. Zərərçəkmiş deyib: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərkən zabit rütbəsi verdilər. Orada hərbi kafedra var idi”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Xırdabuynuzlu heyvanlar Kəlbəcərdən Ermənistana keçdi

    Azərbaycana məxsus xırdabuynuzlu heyvanlar Ermənistan tərəfinə keçib.

    Bu barədə erməni KİV yazıb.

    Məlumata görə, qoyun sürüsü Kəlbəcər rayonu ərazisindən Geqarkunik rayonunun Sotk kəndinə daxil olub.

    “Sürü var, kifayət qədər çoxdur. Başqa təfərrüatlar məlum deyil”, – deyə qeyd olunub.
    //unikal.az