Month: October 2025

  • İlham Əliyevlə Nikol Paşinyan Kopenhagendə görüşdülər – FOTO

    Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

    Görüş “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində keçirilib.


  • Prezident Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimində

    Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
    Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.

  • Snapchat köhnə postların saxlanmasını ödənişli edir

    Snapchat platformadakı köhnə foto və videoların saxlanılmasını ödənişli edəcək.

    Valyuta.az xarici mənbələrə istinadən xəbər verir ki, istifadəçilər platformada 5 GB-dan artıq yaddaş tələb edən postlarını saxlamaq üçün ödəniş etməlidirlər.

    “Dəyişikliklər bizə yaddaş üçün daha yaxşı yatırım etməyə icazə verəcək”- şirkət rəsmi postunda açıqlayıb.

  • Bu çaylarda təhlükəli kimyəvi maddələr aşkarlandı – Marketlərdən yığışdırılır

    2025-ci ilin ilk səkkiz ayında Rusiyada aparılan yoxlamalar zamanı 111 tondan çox pestisidlərlə çirklənmiş çay aşkarlanıb.

    Məlumatı “İzvestiya” qəzeti yayıb.

    Mütəxəssislər 57 mindən artıq çay nümunəsini analiz ediblər. “Tess”, “Greenfield”, “Rus Tea Company”, “Zolotaya Çaşa”, “Beseda” kimi tanınmış brendlərdə təhlükəli kimyəvi maddələr tapılıb. Araşdırmalar nəticəsində ölkənin yeddi böyük istehsalçısının məhsullarında pozuntular müəyyən edilib: Universal Food Technologies, Orimi, RChK-Trading, United Tea Company, Shennong, Symphony və Ryazan Çay Qablaşdırma Fabriki.

    İctimai İstehlakçı Təşəbbüsünün rəhbəri Oleq Pavlov məsələ ilə bağlı Baş Prokurorluq və hökumətə müraciət edərək, qanun pozucularının məsuliyyətə cəlb olunmasını tələb edib. Pestisidlərin insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı vurğulanır. Rospotrebnadzor isə təhlükəli məhsulların artıq dövriyyədən çıxarıldığını açıqlayıb.
    //Milli.az

  • Bakıda məktəblər birləşdirildi

    Bakı şəhərində yerləşən iki məktəb birləşdirilib.

    Median.Az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki,Bakı şəhəri 25 nömrəli tam orta ümumtəhsil məktəbinin Humanitar fənlər təmayüllü məktəb-liseylə birləşdirilməsi tədrisin daha səmərəli təşkili, idarəetmənin və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.

    Birləşdirilmə zamanı təhsilalanların və təhsilverənlərin mənafeyinin qorunması, həmçinin öncül təcrübənin tətbiqi diqqət mərkəzində saxlanılan əsas amillərdəndir. Proses çərçivəsində heç bir ixtisar və məhdudlaşdırma nəzərdə tutulmur.

    Yeni dərs ili ərəfəsində məktəbin kollektivi və valideynlərlə görüşlərdə bütün bu məqamlar və qanunauyğun proseslər bir daha diqqətə çatdırılıb. Görüş iştirakçılarının mütləq əksəriyyəti yeniliyi razılıqla qarşılayıb, aparılan islahatları müsbət dəyərləndirib.

  • MN korpusunun sabiq maliyyə xidmət rəisinə hökm oxundu

    Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namiq Mirzəyev son söz deyib.

    Daha sonra hökm elan olunub. Məhkəmənin hökmü ilə Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd olunub ki, N.Mirzəyev dövlətə vurduğu ziyandan 343 min 810 manatını ödəyib.

    O, 6 milyonluq mənimsəmədə təqsirli hesab edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkəcək.

    Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nin vəsatəti əsasında həbs edilib.
    Təqsirləndirilən Namiq Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur.

  • “Dərnəgül” bazarının arxasında evlər sökülür – Nə qədər pul veriləcək?

    Bakının Nərimanov rayonunda, Dərnəgül tikinti bazarının arxasında şəhərsalma işlərinin ən böyük mərhələlərindən biri başlayır. Şahmar Ələkbərov küçəsində yarım əsrdən artıq yaşı olan yaşayış evlərinin sökülməsi nəzərdə tutulub.

    Bu barədə Haqqın.az saytının hazırladığı reportajda deyilir.

    Dar küçələr, sıx dolu evlər, seyrək iki mərtəbəli binalar və evdə tikilmiş əlavələr – bütün bunlar tezliklə yox olacaq. Bazarın özünün köçürülməsi barədə xəbərdən sonra, gözlənilən söküntü sakinlər arasında əsas mövzuya çevrilib.

    Binaların fasadlarında işarələr peyda olub – mütəxəssislər lazer avadanlığından istifadə etməklə təkcə əsas konstruksiyalarda deyil, həm də bütün yardımçı tikililərdə, o cümlədən çox vaxt düz həyətlərdə yerləşən yardımçı tikililərdə, hamam və mətbəxdə ölçmə aparmağa başlayıblar. Sakinlər prosesi yaxından izləyirlər, lakin etiraf edirlər ki, onlar hələ heç bir dəqiq söküntü tarixləri və ya kompensasiya məbləğləri barədə məlumat verilməyib.

    Bu ərazidəki demək olar ki, bütün evlərin rəsmi sənədi yoxdur. Yerli sakinlərdən biri haqqin.az-a bildirib ki, o, qırx ildən artıqdır ki, burada yaşayır, lakin hələ də mənzil hüququnu qeydiyyatdan keçirə bilməyib. Onun qonşularının çoxu eyni sözü deyir.

    Sakinlərin çoxlu sualları var. Qiymətləndirmə meyarları məsələsi xüsusilə aktualdır: insanlar hər kvadratmetrin dəyərinin necə hesablanacağı, sənədsiz tikililərin necə nəzərə alınacağı və kompensasiyanın hətta bir ailənin minimum mənzil ehtiyaclarını ödəməyə kifayət edib-etməməsinə konkret kimin qərar verəcəyi ilə maraqlanır. Cəmi 35 kvadratmetrlik evi olan bir yaşlı kişi deyir ki, o, gözlənilən ödəniş məbləğini öyrənmək üçün bir neçə dəfə cəhd edib, lakin heç vaxt dəqiq cavab ala bilməyib.

    Bu ərazinin sakinlərinin əksəriyyəti köçürülmə xəbərini ümidlə qarşılayır ki, bu da son kompensasiya məbləğindən birbaşa asılıdır. İnsanlar layiqli şəraitdə yeni həyata başlamaq imkanı verilərsə, getməyə hazır olduqlarını deyirlər.

    Ərazidə Dövlət Əmlak Xidmətinin əməkdaşları, konkret olaraq Kadastr və Daşınmaz Əmlakın Reyestri İdarəsinin nümayəndələri işləyir. Mütəxəssislərdən biri təsdiqləyib ki, həqiqətən də ölçmələr aparılır və binanın qeydiyyatı artıq başlayıb. Həmin şəxs izah edib ki, onlara gələcək ödənişlərin təfərrüatlarını sakinlərlə müzakirə etmək səlahiyyəti yoxdur.

    “Dərnəgül” bazarının arxasındakı yaşayış massivinin, eləcə də bazarın özünün sökülməsi irimiqyaslı şəhərin yenidən qurulması proqramının tərkib hissəsidir. Bu təşəbbüsü Baş Nazir Əli Əsədov təsdiqləyib. Sərəncam çərçivəsində Bakı şəhərində strateji əhəmiyyətli sosial-iqtisadi inkişaf layihələrinin dəstəklənməsi üçün xüsusi işçi qrupu yaradılıb.

    Proqramın birinci mərhələsi Böyükşor gölünün ətrafını, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasındakı ərazini və Heydər Əliyev adına Neft Emalı Zavoduna bitişik əraziləri əhatə edir. Layihələr sərmayələrin cəlb edilməsini və biznes üçün əlverişli mühitin yaradılmasını nəzərdə tutan dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

    Dərnəgül gələcək yenidənqurmanın əsas məqamlarından biri hesab olunur. Dəqiq dəyişikliklər bütün mərhələlər başa çatdıqdan sonra aydın olacaq.

  • Lerikdə qanunsuz onlayn qumar oynayan şəxslər saxlanıldı

    Profilaktik tədbirlərə baxmayaraq müxtəlif sayt və sosial şəbəkələrdə təşkil edilən qanunsuz onlayn qumar və mərc oyunları ilə məşğul olanlara rast gəlinməkdədir.

    DİN-dən bildirilib ki, Lerikdə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Pin-up”, “Pinco”, “1Win” adlı onlayn qumar oyunları oynayan 5 nəfər Lerik rayon sakini – İ.Qafarov, O.Heybətzadə, N.Məmmədov, C.Xosrovov, N.Mirzəyev müəyyən edilərək saxlanılıblar.

    Onlardan bəziləri hətta valideynləri və digər ailə üzvlərinin adına olan bank kartları vasitəsilə ödəniş edərək qanunsuz mərc oyunlarına qoşulublar.
    Həmin şəxslərin hər biri barəsində məsuliyyət tədbirləri görülüb.

    Qeyd edək ki, ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunları ilə məşğul olmaq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı həm də kibercinayətin qurbanı olmaq, şəxsi məlumatların və maddi vəsaitin itirilməsi risklərini də yaradır.

  • Başqasının evində yaşayan neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb?

    Bugünədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 196 ailə (702 nəfər) köçürülüb.

    Bu barədə Trend-in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir:

    “İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür”.

    Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.

  • 44 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub

    Cari il ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri üzrə 44 milyon manat dəyərində qiymətləndirilən əmlakın üzərinə həbs qoyulub.

    Bu barədə Baş prokuror Kamran Əliyevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd edilib.

    Bildirilib ki, aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar üzrə vurulmuş maddi ziyandan 22 milyon 860 min manat, həmçinin qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 4 milyon 411 min manat vəsaitin ödənilməsinə nail olunub.

    Eləcə də 44 milyon 384 min manat dəyərində qiymətləndirilən əmlakın üzərinə həbs qoyulub.