Month: October 2025

  • Oktyabrın sonunda yalnız bir bürcü UĞUR GÖZLƏYİR

    Məşhur astroloqlar bildirib ki, odlu Şirlər oktyabr ayının sonunda xoşbəxt bir dövr yaşayacaqlar.

    Median.Az xəbər verir ki, bu müddət ərzində Şirlərin bir çox şəxsi görüşləri və səfərləri olacaq.
     
    Üstəlik, öyrənmək üçün imkanlar yaranacaq və yaxınlarınız bütün səylərinizi dəstəkləyəcəklər.

    Ayın sonunda yaxınlarınıza diqqətli olun və dostlarınızla bağlı işlərə laqeyd yanaşmayın. (lent.az)

  • İsraildə son iki ildə ilk dəfə fövqəladə vəziyyət ləğv edildi

    İsrailin müdafiə naziri İsrael Kats iki ildən sonra ilk dəfə ölkənin cənubunda fövqəladə vəziyyətin ləğv olunduğunu elan edib.

    Bu barədə Median.Az “The Times of Israel”ə istinadən xəbər verir.

    Nazir qeyd edib ki, qərar İsrailin cənubundakı yeni təhlükəsizlik reallığını əks etdirir. O əlavə edib ki, buna İsrail qoşunlarının son iki ildə HƏMAS-a qarşı qətiyyətli hərəkətləri sayəsində nail olunub.

    Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra ölkə hökuməti fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət yalnız İsrailin cənubu ilə məhdudlaşdırılıb.

    Bu il oktyabrın 8-də ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın razılığa gəldiyini elan edib.

  • COVID-19 qayıdır: Türkiyədə “Frankenşteyn” variantı aşkarlandı

    COVID-19 pandemiyası qlobal miqyasda yenidən şiddətlənib.

    Median.Az xəbər verir ki, bu barədə “Haber Global”a danışan türkiyəli pulmonoloq Şevket Özkaya məlumat verib.

    O, son həftələrdə ölkə daxilində tənəffüs yolları yoluxucu xəstəliklərdə əhəmiyyətli dərəcədə artım olduğunu bildirib. Həkim vətəndaşları diqqətli olmağa çağıraraq qeyd edib ki, qrip, COVID-19 və digər virusların eyni vaxtda baş qaldırması cəmiyyətdə “üçqat epidemiya” effekti yaradır.

    Özkaya “Frankenşteyn” adlanan yeni COVID-19 ştamının Türkiyədə də müşahidə olunduğunu bildirərək, əlavə edib ki, hazırkı xəstələr arasında kritik və ya həyati təhlükə yaradan heç bir hal yoxdur.

  • Bu dərmanlar pulsuz veriləcək

    Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə illik məruzəsində sağlamlığın qorunması hüququnun effektiv təmin olunması məqsədilə icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsi, həmin zərfə daxil olan xidmətlər çərçivəsində ambulator müalicə alan şəxslərə yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması üçün zəruri tədbirlərin görülməsi təklif edilib.

    Median.Az xəbər verir ki, irəli sürülmüş təklif əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədilə dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib.

    Belə ki, yeni qaydalar vətəndaşların ambulator şəraitdə (evdə) istifadə olunan əlçatan dərmanların icbari tibbi sığorta hesabına təmin edilməsi ilə bağlı mexanizmin normativ çərçivəsini müəyyən edir. Qaydalarda dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib.

    Bu yenilik dərman təminatı sisteminin hüquqi və inzibati əsaslarının formalaşdırılması istiqamətində atılan mühüm addımdır.

  • “Zəfər” şahmat turniri keçirildi – Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİRK), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib.

    Median.Az xəbər verir ki, turnirin məqsədi tələbə idman hərəkatını gücləndirmək, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq, gənclərdə strateji düşüncə və komanda bacarıqlarını inkişaf etdirmək, Zəfər Günü münasibətilə milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.
    Bakı İdman Sarayında keçirilən tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    AHİK-in sədr müavini Musa Mirzəyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclər siyasətinin uğurlu icrasından bəhs edib, bu cür tədbirlərin gənclərin intellektual inkişafına, komanda bacarıqlarının formalaşmasına önəmli töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
    Sonra beynəlxalq dərəcəli hakim Fikrət Sideifzadə iştirakçıları turnirin qaydaları ilə tanış edib və yarışa start verilib. Yarışda 14 ali təhsil müəssisəsindən kişi və qadınlar ayrı olmaqla ümumilikdə 28 komanda iştirak edib. Turnir Rapid şahmat qaydalarına əsasən, İsveçrə sistemi üzrə 7 turda keçirilib.
    Yarışın nəticələrinə əsasən, qadınlar arasında I yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, II yeri Azərbaycan Dillər Universiteti, III yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları tutub. Kişilər arasında isə I yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, II yeri Bakı Ali Neft Məktəbi, III yeri Bakı Dövlət Universitetinin komandaları qazanıb.
    Qalib komandalar kubok, medal, fəxri fərmanla təltif olunub, hədiyyələr verilib


  • “Xanımıma o qədər əziyyət vermişəm ki…”

    “Mən öləndən sonra heç kim mənə yas saxlamasın, qəbirüstümə gəlməsin. Kim məni istəyirsə, oturub Allaha dua etsin ki, onun günahını bağışla, iki rükət də namaz qılsın”.

    Median.Az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov “Rəngarəng” verilişində deyib. İfaçı vəsiyyətini açıqlayıb. O bildirib ki, yasına və dəfn mərasiminə insanların gəlməsini istəmir. 

    Meyxanaçı xanımından da danışıb: “Birinci mən dünyamı dəyişim. Xanıma o qədər əziyyət vermişik ki… O qədər əziyyətimizi çəkib, hörmətimizi saxlayıb ki… Mən ölüm, xanım yaşasın. Ölüm mənim üçün xoşbəxtlikdir. Xoşbəxt olmaq istəyirsənsə, ölməlisən. Xoşbəxt olmaq istəyirsənsə, birinci addım ölümdür”. //Axşam.az

  • Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə – Hökm oxundu

    Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    Median.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.
    Təqsirləndirilən Abdulla Əliyev son sözündə əməlindən peşman olduğunu söyləyib.

    Vəkilin vəsatəti təmin olunmayıb və hökm oxunub.
    Hökmə əsasən Abdulla Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib.
    Qeyd edək ki, A.Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

    O, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb. İş materiallarında yazılır ki, Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb. Bu məqsədlə Abdulla ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb. Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.

  • Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

    Ordubad-Culfa magistral yolunda qəza baş verib, sürücü ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Culfa rayonu Camaldın kəndində qeydə alınıb.

    Qəza zamanı Culfa şəhər sakini G. Nəcəfovanın idarə etdiyi “KIA” markalı avtomobillə Babək rayon Vayxır kənd sakini R. Məmmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub.

    Qəza nəticəsində G. Nəcəfova hadisə yerində ölüb.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

  • Mehdiyev dövləti bu 50 nəfərlə “idarə edəcəkmiş” – ŞOK SİYAHI

    Xəbər verildiyi kimi, bu gün Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəməsi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub göndərməsi yayılıb.
     
    Sözügedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun fəaliyyətinə – qanunvericilik, icra, məhkəmə – nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən – təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimləri – ibarət Dövlət Şurasının həyara keçirəcəyi qeyd edilir. “Dövlət Şurası” üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılması və “qurum”a Dövlət Şurası sədrinin rəhbərlik edəcəyi iddia edilir.
     
    Median.Az xəbər verir ki, Teleqraf R.Mehdiyevin məktubunda sözügedən 50 nəfərlik “Dövlət Şurası üzvləri” arasında tanınmış müxalifət partiyalarının nümayəndələri, eyni zamanda, AXCP və Müsavat partiyalarının rəhbərliyində təmsil olunan şəxslərin adlarının olduğu haqda mənbələrə istinadla məlumat yayıb.
     
    Həmin siyahı dəqiqləşdirilir. Yaxın vaxtlarda siyahı təqdim olunacaq…

  • Süni İntellekt üzrə Milli Mərkəz yaradırlar

    İran parlamenti ölkədə Süni İntellekt üzrə Milli Mərkəzin yaradılmasına dair qanun layihəsini təsdiqləyib. Yeni qurum ölkə Prezidentinin nəzarəti altında fəaliyyət göstərəcək.

    Median.Az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb..

    Bildirilib ki, yaradılacaq mərkəz İslam Respublikasında süni intellekt ekosistemlərinin inkişafını milli resurslardan istifadə etməklə koordinasiya edəcək.

    Yeni qurumun Katibliyi dövlət strukturları arasında əməkdaşlığı təmin edəcək və süni intellekt sahəsində milli strategiyanın həyata keçirilməsinə nəzarət edəcək. Mərkəzin rəhbəri İran Prezidenti tərəfindən təyin olunacaq.

    Qeyd edək ki, Tehranda bu addım süni intellektin idarə olunmasının institusional səviyyəyə qaldırılması və texnologiyaların milli siyasətə inteqrasiya olunması baxımından mühüm addım kimi qiymətləndirilir.