Month: October 2025

  • Suraxanıda 12 min manatlıq dələduzluq edən şəxs tutuldu

    Bakının Suraxanı rayonunda dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı S.Hüseynov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Araşdırmalarla məlum olub ki, o, iki nəfəri maşın satacağı vədi ilə aldadaraq ümumilikdə 12 min 300 manatlarını dələduzluq yolu ilə ələ keçirib.

    Faktlarla bağlı cinayət işi başlanıb.

  • Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar

    Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair ümumi tələblər təkmilləşdirilir.

    Bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunacaq.
    Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin ediləcək.

    Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaq məntəqələri istisna olmaqla) yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçiriləcək.

    Qanun layihəsi müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşirilməsi məqsədilə hazırlanıb və bu məqsədlə vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.

    Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, digər ərazilərdə zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir.

    Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsinin, onların quraşdırılmasının, idarə edilməsinin və saxlanılmasının vahid qurum tərəfindən təmin edilməsi bölgələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət edəcək.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunudşa qəbul edilib.
    //unikal.az

  • Bakı-Sumqayıt qatarına daş atdılar

    Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.

    Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

    Bildirilib ki, nəticədə qatarın içində sərnişinlərin olduğu 2-ci vaqonunun pəncərələrindən biri sınıb.

    Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

    Qeyd edilib ki, bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericilik əsasında cəzalandırılır.

    ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır.

  • Polis 27 avtomat aşkarladı

    Polis əməkdaşları oktyabrın 30-da respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 27 avtomat silahı aşkar edərək götürüb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, bundan əlavə 3 pulemyot və 2 tüfəng aşkarlanıb.

  • Taksi sürücüləri üçün imtahan keçiriləcək

    Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri üçün noyabrın 3-də növbəti imtahan keçirəcək.

    Bu barədə DİM-dən məlumat verilib.

    Bildirilib ki, imtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib.

    İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

    Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

    İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

    İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.

    “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.

  • Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK

    Oktyabrın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) daxili qiymətləndirmənin yeni meyarlarına dair məlumatlandırıcı görüş keçirilib.
     
    Median.Az modern.az-a istinadən xəbər verir ki, tədbirdə universitetin müxtəlif kafedralarından olan müəllimlər iştirak ediblər. Görüş zamanı daxili qiymətləndirmə prosesinin təkmilləşdirilməsi, yeni meyarların tətbiqi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi ilə bağlı ətraflı məlumat verilib.
     
    Qeyd edilib ki, AzMİU-da diferensial əməkhaqqı sistemi artıq bir neçə ildir ki, tətbiq olunur. Bu sistem müəllimlərin fəaliyyətini müxtəlif keyfiyyət göstəriciləri üzrə qiymətləndirmək, onların nəticələrini izləmək və fərqlənən əməkdaşları mükafatlandırmaq məqsədi daşıyır.
     
    Yeni meyarlar çərçivəsində diferensial əməkhaqqı üç kateqoriya üzrə nəzərdə tutulur. Müəllimlərin fəaliyyət göstəricilərinə əsasən, onların əsas maaşlarına əlavə maliyyə vəsaiti, yəni əlavə əməkhaqqı (bonus) hesablanacaq. Bu yanaşma universitetdə akademik fəaliyyətin keyfiyyətinin artırılmasına və müəllimlərin motivasiyasının gücləndirilməsinə xidmət edir.

  • Onların cəriməsi artırıldı

    Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı sanksiyalar sərtləşdirilir.
     
    Sfera.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
     
    Mövcud qanunvericiliyə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi 4 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
     
    Təklif edilən dəyişikliyə əsasən, bu cinayət cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında cərimə və ya 5 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
     

  • Bakıda mənzildə meyit tapılıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Noyabrda bəzi yerlərdə havanın temperaturu 0-a enəcək

    Bu il noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enir.

    Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

    Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə, gündüzlər 14-19 dərəcə, bəzi günlərdə 24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 28-38 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə, bəzi günlərdə 0 dərəcəyədək isti, gündüzlər 10-15 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3 şaxta, gündüzlər 7-12 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 27-34 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-6 dərəcə isti, bəzi günlərdə 4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-35 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 15-24 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə, gündüzlər 8-13 dərəcə, bəzi günlərdə 15-20 dərəcə, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 5 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə, gündüzlər 13-18 dərəcə, bəzi günlərdə 23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 25-45 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, gündüzlər 13-18 dərəcə, bəzi günlərdə 22 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 55-170 mm).

  • Стало известно количество проданных билетов на матч “Карабах” – “Челси”

    На матч “Карабах” – “Челси” продано 27 250 билетов.

    Об этом сообщил футбольный клуб “Карабах”.

    Было отмечено, что цены на стандартные билеты установлены на уровне 10, 15, 25, 35, 40, 50, 75 манатов, для VIP секторов – 200, 250, 300 и 400 манатов, а для VVIP секторов – 1 000 манатов.

    Отметим, что матч “Карабах” – “Челси” состоится 5 ноября в 21:45 на Республиканском стадионе имени Тофика Бахрамова.