Month: October 2025

  • İllik 4 milyon alacaq

    İspaniyalı baş məşqçi Rafael Benitez Yunanıstanın “Panatinaykos” klubunun baş məşqçisi təyin edilib.

    Median.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

    Bildirilib ki, 65 yaşlı mütəxəssis Yunanıstan Super Liqasında illik 4 milyon avro maaş alacaq ki, bu da ölkə futbolu üçün rekord göstəricidir. Tanınmış mütəxəssis artıq məşqçilər qərargahı ilə birlikdə Afinaya gəlib və onun təyinatı barədə rəsmi açıqlamanın bu həftə ərzində veriləcəyi gözlənilir.

    Qeyd olunur ki, klub rəhbərliyi Benitezdən “Panatinaykos”u 2010-cu ildən bəri qazana bilmədiyi Yunanıstan çempionluğuna çatdırmağı və komandanın Avropa turnirlərində mövqelərini gücləndirməsini hədəfləyir.

    Xatırladaq ki, o, daha əvvəl “Real Madrid”, “Liverpool”, “Valensiya”, “Napoli”, “İnter”, “Everton” və “Nyukasl” kimi klublarda çalışıb. Onun son iş yeri 2023-2024 mövsümündə İspaniyanın “Selta” komandası olub.

  • Artan qiymət, dəyişməyən keyfiyyət: Metroda qatarlar niyə gecikir?

    Son vaxtlar metroda gedişhaqqının artırılmasına rəğmən keyfiyyətin daha da pisləşməsi ictimaiyyətdə ciddi narahatlıq doğurub. İnsanlar haqlı olaraq sual edirlər: əgər gedişhaqqı artıbsa, xidmətin keyfiyyəti niyə eyni yerdədir, hətta geriləyir?

    Havanın hələ də isti keçdiyini nəzərə alsaq, metro vaqonları sanki buxar otağını xatırladır. Havalandırma sistemi ya zəif işləyir, ya da ümumiyyətlə hiss olunmur. Üstəlik qatarlar gecikirsə, bu, vəziyyəti daha da xaotikləşdirir.

    Məhz ötən gün metronun “Qara Qarayev” stansiyasında səhər saatlarında qatarın təxminən 8 dəqiqəyə yaxın stansiyaya gəlməməsi də sakinlərin narazılığına səbəb olub.

    Sərnişinlərin evdən işə, işdən isə evə tələsdiyi, qatarda insan selinin olduğu vaxtda, qapıları bağlanan qatarın 2-3 dəqiqə sonra hərəkət etməsi də narazılıq yaradan məqamdır.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qatarların stansiyalarda 2-3 dəqiqə gözləməsinə münasibət bildirib.

    “Bizdə ən ağır sahə “Dərnəgül”-“Nizami” sahəsi hesab olunur, çünki metronun “Nizami” stansiyası ilə “İnşaatçılar” stansiyası arasındakı xətdə xüsusi maililik var. Buna 60 millik maililik deyirik. Metroda normalda 40 millik maililik ola bilir. Bu da hündürlüyün qalxma bucağı ilə əlaqədardır, 60 mil olduğu üçün xüsusi zona sayılır. Məsələn, “Nizami” stansiyasını qatar tərk etməmiş “Elmlər Akademiyası” stansiyasını qatar tərk etmir. Qatar hansısa stansiyada 30 saniyə gözləyirsə, digərində də 30 saniyə gözləməlidir. Buna birbaşa hərəkətə sistem icazə vermir. 2-3 dəqiqəlik gözləmə bununla əlaqədar ola bilər. Metronun “Qara Qarayev” stansiyasında baş verən gecikmənin səbəbi ilə bağlı araşdırıldıqdan sonra nəsə demək olar, çünki həmin stansiyada bu qədər gecikmənin olması gözlənilən deyil”.

    O, həmçinin qeyd edib ki, interval azaldıldıqdan sonra kondisaner olmayan qatarların xəttə olması mümkündür:

    “Zəmanətli qatarlar var, onun müdaxiləsini istehsalçı şirkət edə bilər. İntervalın azaldılması o deməkdir ki, biz o qatarlardan bir-iki dövrə istifadə etməliyik. Kondisanerli qatarlar isə 12-20 saat xətdə olur. Bu vaxt kondisanerdə hər hansı problem yaşanıbsa, qatar öz dövriyyəsini tamamlamamış xətdən çıxarılmır. Ehtiyat qatar buraxılır, tənzimləmə aparılır, qatar reysdən çıxarılmağa hazırlanır. Bəzən isə həmin qatarların xətdə saxlanma məcburiyyəti yaranır. Bu da müvəqqətidir, 6 yeni qatar gəlib, onlar xəttə buraxılanda vəziyyət daha da tənzimlənəcək. Habelə gələn ildən xətlərin ayrılması işlərinə də başlanacaq. Bu iki ayrı xətt olacaq. Məsələn, “Dərnəgül” stansiyasında problem yaranarsa, bunun “Əhmədli” stansiyasına, “İçərişəhər” stansiyasına heç bir aidiyyəti olmayacaq”. (oxu.az)

  • Oğuzda kafedə tək qalan oğlan qolunu kəsdi, həbs olundu

    Oğuzda kafedə insident törədən gənc həbs olunub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisindəki kafelərdən birində qeydə alınıb.
    Burada dostları ilə yeyib-içən 21 yaşlı Tural Abbaszadə (adı və soyadı şərtidir) sərxoş halda naməlum səbəbdən əsəbiləşərək, boşqabı sındırıb və nəticədə qolu kəsilib.

    Hadisə yerinə gələn polis əməkdaşları Turalı şöbəyə aparıblar.

    Tural Abbaszadə ifadəsində bildirib ki, həmin gün həddən artıq sərxoş olub:
    “Dostlarımla kafedə spirtli içki qəbul etdik. Sonra uşaqlar siqaret çəkmək üçün bayıra çıxdılar. Mən tək qaldım. Bu zaman içkinin təsiri altında olduğum üçün əsəbiləşib əlimi masaya çırpdım. Nəticədə boşqab sındı və qolum kəsildi. Qolumdan qan axırdı. Bundan sonra ünvansız uca səslə söyüşlər söydüm. Polis əməkdaşları gələndə isə onların tələbinə tabe olmadım, xidməti avtomobilə minəndən sonra düşüb qaçmağa cəhd etdim. Amma məni yenə tutaraq, maşına mindirdilər. Sərxoş olduğumdan özümdə deyildim, buna görə də məhkəmədən qanunla güzəşt olunmasını xahiş edirəm”.
    Bu əməlinə görə, Tural barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.
    Oğuz Rayon Məhkəməsində hakim Emin Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə Tural Abbaszadə barəsində 15 gün müddətinə inzibati həbs cəzası verilib.

  • Zelenski Starmerlə görüşdü

    Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə Dauninq Stritdə ikitərəfli görüş keçirib.

    Görüş zamanı K. Starmer Ukraynaya qarşı Rusiya hücumlarının qarşısını almaq istiqamətində mütləq öhdəlik daşıdıqlarını bildirib. O, Zelenskinin qətiyyəti və cəsarətini yüksək qiymətləndirib, lakin qeyd edib ki, Putin danışıqlara başlamaq istəmir.

    K. Starmer əlavə edib ki, bu həftə Rusiyanın neft və qaz sektoruna qarşı təzyiqlərin artırılması mümkündür və artıq böyük irəliləyişlər əldə olunub. Britaniya hökumət başçısı bildirib ki, Böyük Britaniya Ukraynanın ən yaxın müttəfiqi və tərəfdaşıdır. O əlavə edib ki, xüsusilə uzaqmənzilli silahlar və təhlükəsizlik təminatları sahəsində hələ görüləcək işlər qalır.

  • Azərbaycanlı jurnalist Rusiyada “xarici agent” elan edildi

    Azərbaycanlı jurnalist və şərqşünas Ruslan Süleymanovun adı Rusiyada “xarici agentlər”in reyestrinə əlavə edilib.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

    Onunla yanaşı, rusiyalı jurnalistlər İrina Novik və Nino Rosebaşvili, həmçinin Dmitri Çernışevski də “xarici agent” elan olunublar.

    Nazirlik qeyd edib ki, onlar Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatlar tərəfindən materialların yaradılmasında və yayılmasında iştirak ediblər.

    Xatırladaq ki, 30 yaşlı Ruslan Süleymanovun atası azərbaycanlı, anası ukraynalıdır. O, Ukrayna münaqişəsi başladıqdan sonra TASS-dan ayrılıb və hazırda Bakıda yaşayır.//oxu.az

  • Qəzza üçün xüsusi beynəlxalq komissiya yaradılacaq

    Xüsusi beynəlxalq komissiya Qəzza zolağının yenidən qurulmasının maliyyələşdirilməsinə və həyata keçirilməsinə nəzarət edəcək.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS Qahirədə keçirilən danışıqların yekunlarına dair məlumat yayıb.

    “Qəzzanın yenidən qurulmasının maliyyələşdirilməsinə və həyata keçirilməsinə nəzarət etmək üçün xüsusi beynəlxalq komissiya yaradılacaq”, – onlar bildiriblər.
    HƏMAS əlavə edib ki, anklavda hakimiyyət müstəqil texnokratlardan təşkil olunmuş Fələstin komitəsinə veriləcək. Komitə beynəlxalq təşkilatlar və ərəb dövlətlərinin nümayəndələri ilə koordinasiya əsasında Zolaq sakinlərinin əsas ehtiyaclarının ödənilməsinə cavabdeh olacaq.

  • Mask robot ordusu yaradır

    İlon Mask “Tesla” üçün bir milyon humanoid robot istehsalını planlaşdırır. 

    Median.Az xəbər verir ki, amerikalı milyarder İlon Mask “Tesla” şirkətinin gələcəkdə bir milyon “Optimus” humanoid robot istehsal etməyi planlaşdırdığını açıqlayıb.

    Mask bildirib ki, “Optimus” robotunun prototipi 2026-cı ilin fevral və ya mart ayına qədər hazır olacaq, tammiqyaslı istehsata isə gələn ilin sonunda başlanacaq. Şirkətin hədəfi uzunmüddətli perspektivdə milyonluq robot ordusu yaratmaqdır. 

  • İtaliya Ukraynaya 12-ci hərbi yardım paketini hazırlayır

    İtaliya Ukraynaya 12-ci hərbi yardım paketini hazırlayır. Yardıma SAMP/T raketləri və sursatlar daxil olacaq.

    Apa xəbər verir ki, bu barədə “bloomberg“ məlumat yayıb.

    İtaliya hökuməti, hərbi əməliyyatların başlanğıcından bəri Ukraynaya təxminən 3 milyard avro dəyərində silah və texnika göndərib. Bu hərbi yardıma, o cümlədən, iki SAMP/T zenit raket batareyası daxildir.
    Bundan əlavə, Rimin planları arasında NATO-nun ABŞ istehsalı Patriot sistemlərinin alınması təşəbbüsünə qoşulmaq da var və bu əməliyyat Avropa vəsaitləri hesabına həyata keçiriləcək.

  • Qayınanasının sözləri Dilarə Əliyevanı kövrəltdi – VİDEO

    Əməkdar artist Dilarə Əliyeva “Qonaqcanlı” proqramında qonaq olub.

    Median.Az xəbər verir ki, aktrisanı ad günü münasibəti ilə təbrik etmək üçün efirə qayınanası, Xalq artisti Elmira İsmayılova da qoşulub.

    “Dilarə, gözəl balam, səni təbrik edirəm, Alalh sənə uzun ömür, xoşbəxtlik versin. Həmişə olduğun kimi ol. Necə ki, mənim ürəyimdə yer tapmısan. Sən mənim qəlbimdəsən. Min yaşayasan, balalarınla, öz işlərinlə, yaradıcılığınla, uğurlarınla xoşbəxt olasan. Ürəyim arxayındır. Fəxr edirəm ki, bu cür gözəl gəlinim var” deyə, o, bildirib.

    Dilarə Əliyeva həmin sözlrədən sonra kövrəlib.//Axşam.az 

  • “Azercell”dən yayılan xəbərlərlə bağlı – Açıqlama

    “Azercell” KİV-də işçini elektrik cərəyanı vurması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

    Median.Az xəbər verir ki, açıqlamada deyilir:
    “Bir sıra mediada “Azercell əməkdaşını iş başında elektrik cərəyanı vurdu” başlıqlı xəbərlə bağlı bildiririk ki, sözügedən məlumat dəqiqliyi əks etdirmir.

    Hadisə nəticəsində xəsarət alan şəxs “Azercell Telekom” MMC-nin deyil, şirkətə xidmət göstərən podratçı təşkilatın əməkdaşıdır.

    “Azercell” hadisədən dərhal sonra məsələni diqqətə almış, aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı dəstəyin göstərilməsi istiqamətində zəruri tədbirləri görmüşdür.

    Şirkət insan təhlükəsizliyini hər zaman prioritet sayır, əmək və texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilməsinə xüsusi diqqət yetirir”.