Month: November 2025

  • Dünya ulduzu “Qalatasaray”dan GEDİR

    “Qalatasaray”ın yeni transferi İlkay Gündoğanla bağlı gözlənilməz iddialar gündəmə gəlib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu təcrübəli yarımmüdafiəçi üçün ciddi təklif hazırlayır.
     
    Bildirilir ki, klub Gündoğana yüksək səviyyəli müqavilə təklif etməyə hazırlaşır.

    Xatırladaq ki, 35 yaşlı futbolçu mövsümün əvvəlində “Qalatasaray”la 2027-ci ilə qədər müqavilə imzalayıb.

    Məlumata görə, “Əl-Əhli” artıq Gündoğanın transferi üçün rəsmi addımlar atmağa başlayıb və ulduz futbolçuya mükafatlı şərtlər təqdim etməyi planlaşdırır.

    İlkay Gündoğan cari mövsümdə “Qalatasaray”ın heyətində 7 rəsmi qarşılaşmada iştirak edib, bu müddətdə 1 qol və 1 assistlə yadda qalıb.

  • Yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Avtomobil yollarında vəziyyət açıqlanıb.

    Median.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 15-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.

  • 10 ayda metanol istehsalının həcmi açıqlanıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 403,8 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin 10 ayı ilə müqayisədə 4,2 % azdır.

    Bu il noyabrın 1-nə 41,3 min ton hazır məhsul qalığı yaranıb.

    Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi – “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

  • Peşəkar Futbol Liqasından “Karvan-Yevlax” klubuna ŞAD XƏBƏR

    “Karvan-Yevlax” klubu oyunlarını öz meydanında keçirə biləcək.

    Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

    Bildirilib ki, klub tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib.

    Noyabrın 4-də keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.

    “Karvan-Yevlax” klubu Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

  • Altay Göyüşov Baş Prokurorluğa çağırıldı

    Altay Göyüşov Baş Prokurorluğa çağırılıb.

    Bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.

    Qeyd olunub ki, təqsirləndirilən Göyüşov Altay Rəşid oğlu bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

  • Azərbaycan hərbi gücdə Ermənistanı 30 pillə qabaqladı

    Dünyanın ən güclü orduları siyahısında Azərbaycan 60-cı yerdə qərarlaşıb.

    “Unikal” xəbər verir ki, bu barədə “Global Firepower” reytinqində qeyd olunub.

    Reytinq 145 ölkənin silahlı qüvvələrini 60 indikator, o cümlədən texnika və şəxsi heyətin sayı, habelə maliyyə vəziyyəti, resursların mövcudluğu və digər amillər üzrə müqayisə edir.

    Güc təkcə ölkənin silahlı qüvvələrinin böyüklüyü ilə deyil, həm də onun aktivləri ilə müəyyən edilir: gəmilər, təyyarələr, müdafiə büdcəsi və təbii ehtiyatlara (neft, kömür) çıxış.

    ABŞ ən böyük müdafiə büdcəsi və geniş hərbi-texniki arsenalı sayəsində növbəti dəfə birinci yeri tutub. Güclü artilleriya və çoxsaylı raket sistemləri ilə seçilən Rusiya ikinci, dəniz qüvvələrinə görə isə Çin üçüncü yeri tutub.

    Hindistan reytinqdə dördüncü, Cənubi Koreya isə beşinci yerdə qərarlaşıb. Böyük Britaniya altıncı, Fransa yeddinci, Yaponiya səkkizinci, Türkiyə doqquz və İtaliya onuncu yerdədir.

    Qonşu ölkələr arasında Gürcüstan 94-cü, Ermənistan 90-cı, İran isə 16-cı yerdə qərarlaşıb.

  • “Zeytun Park” MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ

    “ZEYTUN PARK” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin MMC-nin icarəsində olan paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən bazarda müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

    Eyni zamanda Cəmiyyətin direktoru Kamal Hüseyn oğlu Səfərov barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimə edilib.

  • ABŞ-da yaşayan Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırılıb

    ABŞ-də yaşayan və həmin ölkədə Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev Azərbaycanın Baş Prokurorluğuna çağırılıb.

    Bu barədə İctimai Televiziya məlumat yayıb.

    Belə ki, hazırda ABŞ-də yaşayan 1952-ci il təvəllüdlü Vaqif Allahverdiyev, həmin ölkədə adı Viktor Aleksandr kimi təqdim edilən şəxs barəsində Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

    “Vaqif Allahverdiyevə izah edilir ki, bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir”, – bildirişdə qeyd olunub.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    7. “20 Yanvar” dairəsində;

    8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

    10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    13. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    17. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    18. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;

    19. Mətbuat prospekti, “Mikayıl Müşfiq” dairəsi istiqamətində;

    20. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • “Bitcoin”in qiyməti 95 min dolların altına düşdü

    “Bitcoin”in qiyməti 2025-ci il mayın 6-dan bəri ilk dəfə 95 min dollardan da az olub.

    Bu barədə TASS “Binance” platformasına istinadən məlumat yayıb.

    Bakı vaxtı ilə saat 16:41-ə olan məlumata görə, “Bitcoin” 7.97% ucuzlaşaraq 94.863 min dollar səviyyəsində olub.

    Bakı vaxtı ilə saat 16:45 üçün “Bitcoin”in qiyməti 94.9 min dollar (-8.01%) təşkil edib.