Month: November 2025

  • Azərbaycanda alim vəfat etdi

    Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

    Median.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının müdiri, riyazi kibernetika sahəsinin tanınmış nümayəndəsi, “Şöhrət” ordenli alim, riyaziyyat elmləri doktoru, professor Kamil Bayraməli oğlu Mənsimov 13 noyabr 2025-ci ildə vəfat edib.

    Kamil Mənsimov 1950-ci ildə Biləsuvarda anadan olub, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirib. O, uzun illər Azərbaycan MEA Kibernetika İnstitutu və Bakı Dövlət Universitetində çalışıb, riyazi kibernetika və optimal idarəetmə sahəsində fundamental tədqiqatlar aparıb.

    Professor mürəkkəb dinamik sistemlərdə optimallıq üçün ikinci tərtib zəruri şərtlərin verilməsi, yeni idarəetmə üsullarının işlənməsi və müxtəlif tip sistemlərdə məxsusi idarələrin tədqiqi ilə elmi məktəb formalaşdırıb. Onun rəhbərliyi ilə onlarla mühüm elmi nəticə əldə olunub, 325 elmi əsər, o cümlədən 5 monoqrafiya nəşr edilib. Alim 12 fəlsəfə doktoru yetişdirib.

    Elmə verdiyi töhfələrə görə Kamil Mənsimov Prezident İlham Əliyevin sərəncamları ilə “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub.

  • Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər

    Slovakiyanın baş naziri Robert Fitso ilə yuxarı sinif şagirdləri arasında keçirilən görüş zamanı şagirdlər zalı tərk ediblər.

    Median.Az xəbər verir ki, buna səbəb Fitsonun Ukrayna münaqişəsi ilə bağlı fikirləri olub.

    O bildirib ki, Aİ Ukraynadakı müharibənin davamı üçün 140 milyard avro ayıracaq və buna etiraz edib.

    Gənclər onun bu fikirləri ilə razılaşmadıqda isə belə cavab verib: “Əgər siz qara köynəklərdə özünüzü belə qəhrəman hesab edir və müharibəni bu qədər dəstəkləyirsinizsə, onda ora gedin”.

  • Bakıda yaşayış binasında yanğın – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Median.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində yaşayış binasının damında ümumi sahəsi 7kv.m. olan liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam örtüyünün taxta atmaları 30kv.m. sahədə yan yanıb.

    Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

  • Ürəkləri dağlayan həmin – Fotolar

    Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həlak olub.

    Həlak olan əsgərlərdən 19-u bu gün doğma şəhərlərində keçirilən mərasimlərlə torpağa tapşırılıb. Yalnız şəhid pilot Gökhan Korkmazın dəfn mərasimi noyabrın 15-i İstanbulda keçiriləcək.
    Median.Az Türkiyə KİV-ə istinadən cənazə mərasimlərindən fotoları təqdim edir:

  • Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb

    Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb.

    Median.Az xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

    O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib.

    Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.

    Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

  • Gürcüstanda plastik qab-qacaq qadağan olunur

    Gürcüstanda qida məhsulları üçün nəzərdə tutulan plastik qab-qacaq qadağan olunacaq.

    Median.Az xəbər verir ki, bu barədə qərarı Gürcüstan hökuməti ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü əsasında qəbul edib.

    2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, plastik çəngəl, bıçaq, qaşıq, çöplər, boşqab, konteynerlər, stəkanların və onlar üçün qapaqların istehsalı (ixrac üçün nəzərdə tutulan istehsaldan başqa), idxalı və satışa çıxarılması qadağan ediləcək.

    Qərarın qüvvəyə minmə tarixindən 6 ay sonra ictimai iaşə müəssisələri üçün istehlakçılara istifadəyə hazır qida məhsulunu plastikdən olan konteyner və stəkanlarda çatdırılmasına qadağa tətbiq olunacaq.

  • Zavodda həlak olan şəxs ehtiyatda olan zabit imiş

    Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Qəza nəticəsində müəssisənin əməkdaşı Adil Balaş oğlu İsmayılov həlak olub.

    Median.Az “Qaynarinfo”ya istinadən bildirir ki, qəza nəticəsində ölən Adil İsmayılov Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb.

    1969-cu il 3 sentyabrda Yardımlı rayonunun Arus kəndində anadan olan mərhum 1993-1994-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdərə və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib.

    1994-2010-cu illərdə Daxili Qoşunlarda xidmət edib. Xidmət müddətində Xidmətdə fərqlənmə döş nişanı, Qüsursuz Xidmətə görə medalın I, II, III dərəcələri və Yubiley medalları ilə təltif olunub.

    2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin birində Mühəndis-sınaqçı, daha sonra Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb.

    44 günlük Vətən müharibəsi zamanı MSN istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə mükafatlandırılıb.

    Ailəlidir, 3 övladı var.

  • “9990” və “7770” nömrələri ilə bağlı yayılan iddialara DİN-dən reaksiya

    Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb. 

    Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

  • “Avtoş”luq edib pul səpmişdilər, həbs olundular – Video

    Qubada toykarvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Bu haqda “Qafqazinfo”ya DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

    Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.
    Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.

  • Ceki Çanın ölüm xəbəri ilə bağlı AÇIQLAMA

    71 yaşlı Ceki Çan bazar ertəsi axşamı ölümü ilə bağlı şayiələrin mərkəzinə düşüb. Facebook və digər sosial şəbəkələrdə onun vəfat etdiyini iddia edən yalan paylaşımlar yayılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, saxta paylaşımlar Ceki Çanın xəstəxana otağında olduğunu göstərən süni intellekt ilə yaradılan foto və yanlış doğum–ölüm tarixləri ilə müşayiət olunub. Postlardan birində belə yazılıb:

    “Bu gün dünya kinematoqrafiyasının ən dəyərli insanı, aktyor, böyük kung-fu ustası, yoluxucu gülüşü ilə milyonların sevimlisi Ceki Çan dünyasını dəyişdi”.

    İronik olaraq, süni intellekt tətbiqi Grok istifadəçilərin suallarına cavab verərək vəziyyəti aydınlaşdırıb:

    “Xeyr, bu, feykdir. Ceki Çan sağ və sağlamdır. 2025-ci il noyabrın 11-də tədbirdə iştirak edib. O, filmlərdə və reklam layihələrində fəal olaraq fəaliyyətini davam etdirir. Ölüm xəbərləri sosial şəbəkələrdə yayılan saxta paylaşımlardan qaynaqlanıb”.

    Bir çox sosial şəbəkə istifadəçiləri qəzəblərini ifadə ediblər:

    “Facebook”da belə yalan paylaşım görəndə az qaldım inanım ki, Ceki Çan doğrudan da ölüb”.

    Bu, 2025-ci ildə Ceki Çan haqqında yayılan ilk “ölüm xəbəri” deyil. Daha əvvəl onun həyat yoldaşı Coan Lin tərəfindən guya təsdiqləndiyi iddia olunan oxşar xəbər də yayılmışdı. Həmin foto da süni intellektlə yaradılmış saxta təsvir çıxmışdı.