Month: November 2025

  • Yük maşınını geriyə sürərkən 75 yaşlı qadını vurub öldürdü

    Şərur rayonunda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb.

    Hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb.

    Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi “MAZ” markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.

    Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Alyaskada güclü zəlzələ oldu

    Alyaskada 6,0 bal gücündə zəlzələ baş verib.

    Təkanlar Susitnadan 12 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 69,4 kilometr dərinlikdə yerləşib.

    Sunami təhlükəsi yoxdur. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

  • 16 manat sığorta ödənişi bütün işsizlərə aid deyil – Deputat açıqladı

    “”Tibbi sığorta haqqında” qanuna edilmiş müvafiq dəyişikliklərdən sonra artıq qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcəklər. Əmək müqaviləsi, VÖEN-i olmadan fəaliyyət göstərən, kənd təsərrüfatında qeydiyyatsız olaraq çalışaraq gəlir əldə edən şəxslər qeyri-formal məşğul şəxslər hesab olunurlar”.

    Bunu “Unikal”a açıqlamasında deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, bu şəxslər ya öz əmək fəaliyyətlərini leqallaşdırmalı və yaxud qeyri-formal məşğul şəxslər kimi icbari tibbi sığorta haqqını özləri ödəməlidirlər:

    “İcbari tibbi sığorta haqqı ödəniləcək məbləğ aylıq təxminən 16 manatdır. Hər ayın müəyyən edilmiş günündə icbari tibbi sığorta haqqı olan 16 manat ödənilməlidir. Zamanında ödənilmədikdə 10% cərimə nəzərdə tutulub. Burada məqsəd həm əhalinin leqal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaq, həm də gəlir əldə edən şəxslərin ödənişlərinin özləri tərəfindən həyata keçirilməsini tənzimləməkdən ibarətdir. Burada işsiz kimi qeydiyyatda olan şəxslər istisnadır. Yəni, gəlir əldə etməyən, işsiz olan və müvafiq dövlət qurumunda qeydiyyatda olan şəxsin icbari tibbi sığorta haqqı yenə də dövlət tərəfindən ödənilir”.

    Deputat qeyd edib ki, İcbari Tibbi Sığorta Fonduna dövlət tərəfindən bir çox əhali qrupunun icbari tibbi sığorta haqları ödənilir: “18 yaşa qədər olan uşaqlar, 23 yaşa qədər bakalavr təhsili alan tələbələr, sağlamlıq imkanları məhdud olan şəxslər və bütün növ pensiya, müvaniət alan şəxslərin hər biri dövlət tərəfindən sığorta olunmuş sayılır. Bu şəxslərin sığorta ödənişləri dövlət büdcəsinin vəsaitləri hesabına İcbari Tibbi Sığorta Fonduna ödənilir. Bunun üçün Azərbaycan Respublikasının dövlət büdcəsində vəsait nəzərdə tutulub. Qeyri-formal məşğul şəxslər İcbari Tibbi Sığorta Fonduna ödənişi könüllü edir. Ödəniş etmədikdə İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına sığorta olunmuş hesab olunmur. Buna görə tibbi xidmətləri icbari tibbi sığorta hesabına deyil, öz vəsaiti hesabına alır”.

  • Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə veriləcək? – AÇIQLAMA

    “Dünyasını dəyişən şəxsin pensiya kapitalının istifadəsi məsələsi müzakirə edilən məsələlərdəndir”.

    Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında bu istiqamətdə həmkarları tərəfindən təkliflər təqdim olunub:

    “Təkliflərin bir qismi həmin kapitalın 30%-nin vərəsəyə verilməsi ilə bağlı idi. Pensiya kapitalından daha səmərəli istifadə olunması və dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının bir hissəsinin vərəsəsinə transfer edilməsi məqsədəuyğun hesab olunur. Təbii ki, bu istiqamətdə fiskal qiymətləndirmə aparılmasına ehtiyac var. Maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra bu istiqamətdə qərarların verilməsi mümkündür. Bütün hallarda bununla bağlı təkliflər təqdim edilib”.

    Deputat qeyd edib ki, bu sahəyə aid qurumlar tərəfindən qiymətləndirmə aparıldıqdan sonra hansı qərarın veriləcəyi ilə bağlı aydınlıq yaranacaq: “Bir sıra ölkələrin, eləcə də Sinqapurun təcrübəsini nəzərə alsaq, pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının verilməsi, xüsusilə dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının vərəsəsinə transfer imkanlarının yaradılması məqsədəuyğundur. Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığını qorumaq şərtilə qiymətləndirmənin aparılması və ona uyğun qərar verilməsini məqsədəuyğun hesab edirik”.

  • Abşeronda bu ərazilərdə metan qazı tapıldı, araşdırmalara başlanıldı

    Abşeron rayonu, Məmmədli qəsəbəsi, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qaz sızması müşayiət olunmuş və bu barədə məlumat daxil olduqdan dərhal sonra ilkin olaraq Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib.

    FHN-dən verilən məlumata görə, Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılmış və metan qazı (CH4) aşkar edilmişdir. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılmışdır.

    Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. İşçi qrup tərəfindən aşkar olunan qazın mənbəyinin və tərkibinin müəyyən edilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə hazırda ərazidə kompleks işlər həyata keçirilir. Qısa müddətdə araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.

    Məsələ nəzarətdə saxlanılmaqla, gedişatı barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

  • Ərdoğanla görüşən Papadan ilk açıqlama

    Türkiyə torpaqları mədəniyyətlərin, ənənələrin və müxtəlif fikirlərin yaxınlaşmasının ümumi inkişaf üçün əsas ola biləcəyini xatırladan bir məkandır.

    Bunu Roma Papası XIV Leo Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aparılmış danışıqların yekununa dair çıxışında söyləyib.

    Ankaradakı Milli Kitabxananın binasında toplaşanlara müraciət edən Roma Katolik Kilsəsinin rəhbəri Türkiyə hakimiyyətinin ölkə sakinlərinin müxtəlifliyinə böyük önəm verdiyini qeyd edib.

    “İstanbuldakı asma körpülər Asiya ilə Avropanı, Şərqlə Qərbi birləşdirən təkcə arteriya deyil, həm də Türkiyənin birliyinin rəmzi, ölkənin xüsusi missiyasının göstəricisidir”, – deyə Papa bildirib və Türkiyədə yaşayan xristianları “Türkiyə mədəniyyətinin bir parçası” adlandırıb.

    Eyni zamanda o vurğulayıb ki, bu gün bəşəriyyət getdikcə daha çox qütbləşir və radikal baxışlar insanları bir-birindən uzaqlaşdırır.

    Roma Papası ailə dəyərlərinin əhəmiyyətinə toxunaraq ailəni “ictimai həyatın hüceyrəsi” adlandırıb və bildirib ki, “Türkiyədə ailə institutunun əhəmiyyəti bir çox ölkələrdən daha çox dərk edilir və dilə gətirilir”.

    Roma Katolik Kilsəsinin rəhbəri “sülhün bütün bəşəriyyət üçün vacib” olduğunu xüsusi qeyd edib. Bununla yanaşı, Papa üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı narahatlığını ifadə edərək, “bəşəriyyətin gələcəyinə təhlükə yaranmasına yol verilməməsinə” çağırıb.

  • Ukrayna səfirliyi Putinin Bişkek səfəri üçün “kamuflyaj” edildi – Video

    Rusiya prezidenti Vladimir Putinin Bişkek səfərindən əvvəl Ukrayna səfirliyi ilə bir-birinin qarşısında yerləşən Qırğızıstan prezident iqamətgahı arasında böyük bir LED ekran quraşdırılıb.

    Bunu ilk olaraq ukraynalı jurnalist Qriqori Pırlik qeyd edib. Ekran elə quraşdırılıb ki, Putinin 27 noyabrda ziyarət etdiyi iqamətgahdan səfirlik binası və Ukrayna bayrağı görünməsin.

    Rusiya prezidentinin səfəri zamanı ekranda Rusiya bayrağı əks olunub.

  • “Tesla” strategiyasını dəyişir

    “Tesla” Hindistanda zəif satışlar fonunda strategiyasını dəyişir.

    “Tesla” Hindistanda satışların gözləniləndən aşağı olması fonunda ölkədə fəaliyyət strategiyasını yeniləyir. Şirkət Gurqraam şəhərində özünün ən böyük satış və xidmət mərkəzini açıb. Mərkəz şou-rum, şarj stansiyası və satış sonrası xidmətləri özündə birləşdirir.

    “Tesla” iyuldan bəri Hindistanda cəmi 100-dən bir qədər çox avtomobil sata bilib. İyul-sentyabr dövründə qəbul edilən 600-ə yaxın sifarişin çox az hissəsi real satışa çevrilib. Rəqiblər – BMW, BYD və Mercedes-Benz – isə eyni dövrdə daha yüksək satışlar əldə edib.

    Mənbələrə görə, “Tesla” ölkədə satışları artırmaq üçün üç istiqamətə fokuslanır:
    – daha çox şarj stansiyasının quraşdırılması,
    – EV ekosisteminin gücləndirilməsi,
    – müştəri təcrübəsinin yaxşılaşdırılması.

    Hindistanda yüksək vergilər və zəif infrastruktur elektrikli avtomobillərin yayılmasını ləngidir. “Tesla”nın Model Y avtomobili bahalı hesab olunsa da, şirkət dörd il ərzində yanacaq və servis xərclərinə görə 2 milyon rupi qənaət mümkünlüyünü vurğulayır.

    “Tesla” bu çətinlikləri qlobal satış zəifləməsi fonunda yaşayır. Şirkətin oktyabr açıqlamasına görə, rekord gəlirə baxmayaraq, xalis mənfəət 37% azalıb.

    Elon Musk hələlik Hindistanda yerli istehsal açmağa maraq göstərmir və idxal strategiyasını davam etdirir.

  • Gəncə sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR

    Gəncə şəhərinin küçə işıqlandırma infrastrukturunun yenilənməsi və daha səmərəli idarə olunması məqsədilə yeni tender elan edilib.

    Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərdə küçə lampasının ağıllı idarəetmə sisteminə qoşulmasını həyata keçirəcək.

    Layihənin ümumi dəyəri 2,26 milyon manat təşkil edir. Tender çərçivəsində fərdi küçə lampası nəzarətçiləri, elektrik xətti üzərindən PLC kommunikasiya modulyatorları, mərkəzi idarəetmə bloku, enerji təchizatı və qoruma avadanlıqları, həmçinin işıq sensorlarının alınması nəzərdə tutulur.

    Layihənin icrası Gəncədə işıqlandırmanın səmərəliliyini artıracaq, enerji qənaəti yaradacaq, nasazlıqların daha tez aşkar olunmasına və şəhərin “ağıllı infrastruktur” sisteminə uyğunlaşdırılmasına imkan verəcək.

  • Kişilərdə ürək çatışmazlığı riskini 2,5 dəfə artıran səbəb açıqlandı

    London Universitet Kollecinin alimləri karotid arteriyaların sadə ultrasəs müayinəsinin kişilərdə ürək çatışmazlığı üçün iki dəfə çox risk faktorunu aşkar edə biləcəyini aşkar ediblər.

    Tədqiqatın nəticələri Amerika Ürək Assosiasiyasının (AHA) Jurnalında dərc edilib.

    Tədqiqatda 2010-2012-ci illər arasında karotid arteriyalarının ultrasəs müayinəsindən keçmiş 71-92 yaş arası 1600-dən çox kişi iştirak edib. Bu prosedur təxminən 15-30 dəqiqə çəkir və arteriyaların elastikliyini qiymətləndirir: ultrasəs dalğaları arteriyalardan əks olunur və əks-səda tezliyindəki dəyişikliklər yağ çöküntüləri səbəbindən lümenin daraldığını göstərir. Bu məlumatlardan istifadə edərək, tədqiqatçılar ən çox və ən az elastik karotid arteriyalara malik kişilər qruplarını müəyyən edib və növbəti altı il ərzində ürək çatışmazlığı risklər ilə müqayisə aparıblar.

    Yaş, çəki, siqaret çəkmə və əvvəlki ürək tutması nəzərə alındıqdan sonra belə, ən sərt karotid arteriyalara malik kişilərdə ürək çatışmazlığı riski daha elastik damarlara malik kişilərə nisbətən 2,5 dəfə yüksəkdir. Alimlərin fikrincə, arterial elastikliyin azalması o deməkdir ki, qan axdıqda damarlar daha az genişlənir, bu da ürək əzələsinə təzyiqi və stressi artırır və nəticədə ürək çatışmazlığına səbəb olur.

    Karotid arteriya ultrasəsi uzun müddətdir ki, mini-insultların təsirləri də daxil olmaqla, beyin-damar qəzalarını diaqnoz etmək üçün istifadə olunur və insult yarada biləcək yağ çöküntülərinin yığılmasını aşkar etməyə kömək edir. Yeni məlumatlar göstərir ki, eyni metod simptomsuz şəxslərdə ürək çatışmazlığı riskinin erkən göstəricisi kimi xidmət edə bilər.

    Tədqiqatçılar qeyd edirlər ki, ultrasəs müayinəsi yaşlı xəstələrdə damar sağlamlığını qiymətləndirmək üçün ilkin tibbi yardımda istifadə edilə bilən sadə, ucuz və əlçatan bir üsuldur. Lakin, tədqiqat yalnız kişiləri əhatə etdiyindən, tapıntılar qadınları da əhatə edən nümunələrdə təsdiq tələb edir.
    //qaynar.az