Month: November 2025

  • Bakıda görüşdülər – Foto

    Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə Bakıda görüşüb.

    Median.Az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidentinin Administrasiyası “X” hesabında paylaşım edib.

    Xatırladaq ki, bu gün Türkiyə Prezidenti və Pakistan Baş naziri Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak ediblər.

  • Beynəlxalq cinayətkar aləmdə tanınmış “Cəhənnəm Necati” ilə bağlı maraqlı qərar

    Türkiyənin İzmir şəhərində saxlanılan və beynəlxalq cinayətkar aləmdə “Köln atası” və “Cəhənnəm Necati” ləqəbləri ilə tanınan Coşkun Necati Arabacı (53 yaş) ilə bağlı maraqlı hüquqi proses başa çatıb.

    Bu barədə Median.Az DHA-ya istinadən xəbər verir.

    Məlumata görə, İzmir Birinci İnstansiya Cinayət Məhkəməsinin verdiyi azadlığa buraxılma qərarından sonra İzmir Baş Prokurorluğunun etirazı nəticəsində yenidən həbs qərarı çıxarılıb.

    Bildirilir ki, “Cəhənnəm mələkləri” cinayətkar təşkilatının lideri olduğu iddia edilən Coşkun Necati Arabacı oktyabrın 7-də İzmir Menderes Hava Limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İnterpol tərəfindən də təhlükəli cinayətkar təşkilat kimi tanınan “Cəhənnəm mələkləri” üzvlərinin çirkli pulların yuyulması, xərac toplamaq, narkotik və silah qaçaqmalçılığı da daxil olmaqla, çoxsaylı qanundankənar fəaliyyətlərdə iştirak etdikləri müəyyən edilib. Arabacı İzmir Vilayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsindəki prosedurlardan sonra oktyabrın 8-də məhkəməyə göndərilib və məhkəmə tərəfindən həbs edilib.

    Qeyd edək ki, İzmir 26-cı Birinci İnstansiya Cinayət Məhkəməsi gözlənilməz bir qərarla Arabacının “cinayət törətmək məqsədilə təşkilat yaratmaq” və “ağır hallarla soyğunçuluq” ittihamları üzrə ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılması hökmünü verib. Lakin İzmir Baş Prokurorluğu bu qərara tez bir zamanda etiraz edib və bundan sonra 1-ci Ağır Cinayət Məhkəməsi azadlığa buraxılma qərarını ləğv edərək, Arabacının yenidən həbs olunmasına qərar verib.

  • Şahbaz Şərif: Qələbə Paradına şahidlik etməkdən qürur duyuram

    Prezident İlham Əliyevi və Azərbaycan xalqını tarixi Vətən müharibəsində qazandıqları qələbənin 5-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    APA xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif “X” platformasındakı paylaşımında deyib.

    O bildirib ki, Bakının möhtəşəm Qələbə Paradına şahidlik etməkdən, Azərbaycanın cəsarətini və birliyini görməkdən qürur duyur.

    “Pakistan Ordusunun nümayəndə heyətinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə bir sırada addımlamasından fəxr hissi keçirirəm.
    Qələbə Paradı çərçivəsində əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməkdən məmnun oldum. Tarixi, dərin köklərə malik qardaşlıq əlaqələrimizin genişləndirilməsi istiqamətində çox səmərəli müzakirə apardıq”, – Baş nazir əlavə edib.


  • DTX Zəfər Günü ilə bağlı videoçarx hazırladı

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb.

    Median.Az xəbər verir ki, DTX -a videonu sosial şəbəkə səhifələrində paylaşıb.

  • Üçüncü Dünya müharibəsinin anonsu verildi

    ABŞ müdafiə naziri Pit Heqset dünyadakı hazırkı vəziyyəti 1939-cu illə – İkinci Dünya müharibəsinin başlandığı dövrlə müqayisə edib.

    Median.Az xəbər verir ki, bu barədə “Forbes Breaking News” məlumat yayıb.

    “Bu, 1939-cu il və ya 1981-ci il anıdır – artan təhlükənin, gərginliyin anı. Düşmənlər toplanır, təhdidlər artır. Siz bunu hiss edirsiniz, mən də hiss edirəm. Müharibənin qarşısını almaq və ondan yayınmaq istəyiriksə – bunu hamımız istəyirik – o zaman hazır olmalıyıq”, – o bildirib.

    Heqset ABŞ-nin düşmənlərinin əllərini yanlarına salıb oturmadıqlarını vurğulayıb.

    Qeyd edək ki, 1981-ci ildə ABŞ Polşada tətbiq olunan hərbi vəziyyətə cavab olaraq SSRİ-yə qarşı sərt sanksiyalar tətbiq etmişdi. ABŞ müdafiə nazirinin bu açıqlamasının Ukraynada müharibəni davam etdirən Rusiyaya qarşı yeni sərt sanksiyaların anonsu olduğu ehtimal olunur.

  • Cüdoçumuz VI İslam Həmrəyliyi oyunlarının finalına yüksəlib

    Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

    Median.Az xəbər verir ki, o, yarımfinalda Qazaxıstan idmançısı Diana Burkeyevanı “yuko” xalı ilə məğlub edib.

    Bu nəticə ilə cüdoçu ən azı gümüş medalı təmin edib. K.Əliyevanın finaldakı rəqibi Tuğçe Beder (Türkiyə) olacaq.

    Qeyd edək ki, bu cüdoçular V İslamiadanın finalında da qarşılaşmışdılar.

  • Vətən müharibəsində ermənilərin vurduğu PUA-mız necə geriyə QAYITDI?

    Müharibələrin qaydaları dəyişib.

    Artıq səssiz uçuşlar və saniyələr içində qərar verən texnikalar müharibənin gedişini dəyişə bilər.

    “Orbitor-3” Pilotsuz Uçuş Aparatı (PUA) Vətən Müharibəsi zamanı düşmən hədəflərini vurub və zərbələrə məruz qalıb.

    Lakin o bu zərbələrdən sonra geri qayıtmağı bacarıb.

    O öz missiyasını tamamlaya bilib.

    Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

  • Bakıda hərbi paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika – SİYAHI

    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı nümayiş etdirilən texnikalar Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirir.

    Median.Az Azərtaca istinadən xəbər verir ki, paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olunub.

    Bu müxtəliflik ordunun eyni zamanda həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir.

    Xüsusi təyinatlı avtomobil texnikası və zirehli nəqliyyat vasitələri

    Keçiddə təqdim olunan üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarəolunan “SPIKE-ER” (İ-AR) raketləri, 120 millimetrlik “SPEAR” minaatanları quraşdırılmış, “SandCat-Stomer” zirehli idarəetmə, çevik hərəkət avtomobilləri göstərir ki, Azərbaycan Ordusu əməliyyatlarda çeviklik və mobilitetə böyük əhəmiyyət verir. Silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, silahlanmaya yeni qəbul edilmiş “COBRA-II” zirehli tibbi təxliyə avtomobilləri, “Land Rover-110” xüsusi təyinatlı patrul avtomobilləri, “SKİF” – “COBRA” üzərində yerləşdirilmiş tank əleyhinə idarə olunan raket kompleksi, BTR-82A zirehli transportyorları, “PDM-3” – Piyadaların Döyüş Maşınları, “T-72M1” və “T-90S” tankları Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlılığını və strateji üstünlüyünün açıq nümayişidir.

    Hava Hücumundan Müdafiə (HHM) sistemləri

    Paradda Azərbaycan Ordusuna məxsus Hava Hücumundan Müdafiə vasitələri qürurla nümayiş etdirilib. Nümayişdə “S-125 TM” zenit-raket kompleksi, “BUK-MB” və “BUK-MB2K” zenit-raket kompleksi, “İLDIRIM-8” zenit-raket kompleksi, “S-300”- “FAVORİT” uzaqmənzilli zenit-raket kompleksi, “TOR-2M” zenit-raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş yerli müdafiə sənayesinin məhsulu “VİKİNQ” Hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit-qurğusu, silahlanmaya yeni qəbul edilmiş “HQ-9” (EYC KÜ-9) uzaqmənzilli zenit-raket kompleksi Azərbaycanın hava məkanının çoxsəviyyəli, etibarlı və döyüş şəraitinə davamlı müdafiə qabiliyyətinin təcəssümüdür.

    Pilotsuz uçuş aparatları (PUA) və insansız sistemlər

    Azadlıq meydanındakı hərbi paradda İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları (PUA) və digər insansız vasitələri də təqdim edilib. Paradda nümayiş etdirilən “Orbiter-1KM” zərbə PUA-sı, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat PUA-ları, “Aerostar” taktiki-kəşfiyyat PUA-sı, “Bayraktar-TB2” silahlı kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş “Hero-120” (HİRO) sərbəst uçan döyüş sursatları, “Sky Striker” (Strayker) sərbəst uçan döyüş sursatları, “Orbiter-5” taktiki-kəşfiyyat PUAsı, “Harop” zərbə tipli PUA-sı, “Hermes-450” taktiki-kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş KAYRA – kamikadze tipli suüstü dəniz vasitəsi Ordumuzun həm kəşfiyyat-zərbə, həm də dəniz və sahə əməliyyatlarında yeni taktiki imkanlar qazandığını göstərir. Marauder və Matador tipli mina əleyhinə zirehli nəqliyyat vasitələri də Ordumuzun texnoloji üstünlüyünün parlaq simvoludur.

    Raket və artilleriya sistemləri

    Paradda nümayiş etdirilən Raket və Artilleriya Silahlarının kolonu isə olduqca qürurvericidir. Belə ki, 120 millimetrlik “Vena” özüyeriyən minaatan qurğusu, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik “Akasiya” özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik “Msta-S” özüyeriyən artilleriya qurğusu, 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğusu, 220 millimetrlik TOS-1A “Odsaçan” yaylım atəşli reaktiv sistemi, “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket sistemi, 152 millimetrlik “Dana” özüyeriyən artilleriya sistemi, silahlanmaya yeni qəbul edilmiş 155 millimetrlik uzunmənzilli “NORA” və 155 millimetrlik uzunmənzilli “DİTA” özüyeriyən artilleriya sistemi, 122 millimetrlik RM-70/85 yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik “ACCULAR” (AKULAR) idarə olunan yaylım atəşli reaktiv sistemi, 160 millimetrlik “QRAD-LAR” yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, “Qasırğa” taktiki raket kompleksi – TRLG-230A, 300 millimetrlik uzunmənzilli TRG-300 taktiki raket sistemi, 300 millimetrlik iriçaplı “Smerç” yaylım atəşli reaktiv sistemi, 306 millimetrlik “EKSTRA” taktiki raket kompleksi, 301 millimetrlik “POLONEZ” əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 370 millimetrlik yüksək dəqiqlikli “Predator Hawk” (HOUK) Əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş beşinci nəsil İCEBREAKER (Aysbreker) qanadlı raket kompleksi, həmçinin 624 millimetrlik “LORA” əməliyyat-taktiki raket kompleksi izləyənlərə üçün qürurverici anlar bəxş edib.

    Dəniz qüvvələri, sahil mühafizəsi və Aviasiya komponenti

    Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə aviasiya nümayiş uçuşları isə izləyicilər üçün unudulmaz olub. Parad çərçivəsində uçan Mİ-17 döyüş-nəqliyyat helikopterləri Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyıb, Mİ-17 helikopteri Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirib. Həmçinin uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş Mİ-17 döyüş-nəqliyyat helikopterləri, MFİ-17 təlim təyyarələri, L-39 təlim təyyarələri, İL-76 hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J yük təyyarələri, silahlanmaya yeni qəbul edilmiş JF-17 (Cİ EF) çoxməqsədli qırıcı təyyarələr, Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən F-16 çoxməqsədli qırıcı təyyarələr, modernizasiya olunmuş SU-25-Laçın hücum təyyarələri iftixar dolu hislər yaşadıb. SU-25 hücum təyyarələri isə Azərbaycan Bayrağının rənglərini paytaxt səmasında canlandırıb.

    Paradda, həmçinin Xəzər dənizində döyüş gəmiləri və katerlər də nümayiş etdirilib. Bu, Azərbaycanın region sularında suverenlik və strateji nəzarət qabiliyyətinin sarsılmaz gücünü göstərir.

  • Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət iştirak edib

    Bu gün Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət, 100-dən çox texnika iştirak edib.

    Median.Az
    xəbər verir ki, hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib.

    Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də parada 12 gəmi paradda nümayiş üçün cəlb olunub.//report.az

  • Tehranda içməli suya məhdudiyyət tətbiq olundu

    İranda su böhranının dərinləşməsi fonunda Tehranda içməli suyun verilişinə məhdudiyyətlər tətbiq edilir.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Məlumata görə, paytaxtın bir sıra ərazilərində suyun verilişi gecə saatlarından səhərə qədər tam dayandırılır.

    Rəsmi qurumlar hələlik bununla bağlı açıqlama verməsələr də, yerli mənbələr məhdudiyyətlərin bir neçə gündür davam etdiyini bildirirlər.

    İran məhkəmə sisteminə bağlı “Mizan” agentliyi də rəsmilərin dəfələrlə təkzib etməsinə baxmayaraq, Tehranda suyun kvota ilə paylanmasına start verildiyini yazıb.

    “Həft-e Sobh” qəzeti isə məlumat verib ki, paytaxtın bəzi bölgələrində içməli su gecələr 5-6 saat ərzində xəbərdarlıq edilmədən kəsilir.

    Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yayılmayıb.