Month: November 2025

  • Sadır Japarov İlham Əliyevi təbrik edib

    Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az AZƏRTAC-a xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Sizi və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə şəxsən öz adımdan və bütün Qırğız xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

    Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası böyük uğurlar qazanıb, beynəlxalq aləmdə layiqli yer tutub və sabit inkişaf edir.

    Əminəm ki, Qırğızıstan və Azərbaycan arasında siyasi, iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə möhkəmlənəcək və dərinləşəcəkdir.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

  • Prezident Şahbaz Şəriflə görüşdü – FOTOLAR

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.




  • Türkiyənin müdafiə naziri Azərbaycana gəlib

    Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr – Zəfər Günü tədbirlərində iştirak etmək üçün Bakıya gəlib.

    Bununla bağlı Nazirlik məlumat paylaşıb.

    Nazir Yaşar Güləri Türkiyənin Bakıdakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar.

    Məlumata görə, naziri Azərbaycana səfərində Türkiyə Baş Qərargah rəisi general Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı general Metin Tokel müşayiət edirlər.

  • Milli Qəhrəman Pəncəli Teymurovun anası: “İnanırdım ki, Prezidentimiz oğluma yüksək dəyər verəcək”

    “Oğlumun qəhrəman olduğunu bilirdim və inanırdım ki, dövlət başçısı oğluma yüksək dəyər verəcək”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu şəhid Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib.

    “Bu gün Zəfərimizin 5-ci ildönümü ilə bağlı Ali Baş Komandan İlham Əliyev bizi ikiqat sevindirdi. Allah ona cansağlığı versin. Prezidentimizə, Birinci vitse-prezidentimiz Mehriban Əliyavaya təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin”, – Vahimə Teymurova əlavə edib.

    Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Famil Teymurov deyib ki, bu gün ailəsinin sevincinin həddi-hüdudu yoxdur: “Cənab prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. 8 Noyabr – Zəfər Günü münasibətilə tədbirdə idim. Prezident İlham Əliyevin qardaşım Pəncəli Teymurovla bağlı Sərəncam imzalaması, ona Milli Qəhrəman adı verməsi barədə məlumat aldım. Xəbəri eşidəndə sevincdən gözlərim doldu. Dövlət başçısına təşəkkürümüzü bildirirəm. Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin”.

  • Ruben Amorim ən yaxşı seçildi

    Futbol üzrə İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi açıqlanıb.

    Bu barədə Premyer Liqanın rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.

    Bildirilib ki, İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim bu mükafata layiq görülüb.

    Qeyd edək ki, onun komandası oktyabr ayında “Sanderlend”i (2:0), “Liverpul”u (2:1) və “Brayton”u (4:2) məğlub edib.

  • Qaradağda erkən nikahın qarşısı alındı

    Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən erkən nikah mərasiminin qarşısı alınıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin verdiyi məlumata görə, rayon ərazisində 16 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə polisə məlumat daxil olub.

    Qaradağda erkən nikahın qarşısı alındı

    Qeyd olunub ki, məlumat dərhal araşdırılıb və görülən tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb.

    Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub. Qanunvericiliyə uyğun olaraq, mərasimin təşkil edildiyi şadlıq evinin sahibi və yetkinlik yaşına çatmayan qızın dini kəbinini kəsən şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.

    Faktla bağlı Rayon Polis İdarəsində istintaq araşdırması davam etdirilir.

    Bir daha diqqətə çatdırılır ki, qanunvericiliyinə əsasən, nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir. Bu yaş həddinə çatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandır və belə hallara yol verən şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Valideynlər, ailə böyükləri belə qanunsuz addımlardan çəkinməli, övladlarının gələcəyinə məsuliyyətlə yanaşmalıdırlar.

  • Azərbaycan QHT-ləri müharibənin qalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin tarixi missiyasını alqışlayırlar

    Bu günlərdə Azərbaycan QHT-ləri Xankəndidə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə QHT-lər dövlətimizin başçısının Azərbaycanı qələbədən-qələbəyə aparan siyasətini tam müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin tarixi missiyasını alqışlayaraq bildiriblər:

    “Bu il avqustun 8-də keçirilmiş Vaşinqton Zirvə görüşü də sübut edir ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcək. Biz Sizinlə fəxr edirik! Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş ərazi bütövlüyü və suverenliyimizi göz bəbəyi kimi qorumaq ilk növbədə vətəndaşlıq borcu, milli şərəfimizdir. Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq!”

    Müraciətdə, həmçinin Böyük Qayıdışa güclü dəstək ifadə edilir: “Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi Sizin yürütdüyünüz siyasətin təntənəsi, tarixi bəhrəsidir. İşğaldan azad olunmuş ərazilərdə – 30 il müddətində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, proses sürətlə davam etdirilir. Azərbaycan postmünaqişə bölgəsində şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə, model yaradıb”.

  • Azərbaycanın mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

    Azərbaycan mədəniyyət ictimaiyyəti 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən müraciəti təqdim edir:

    “Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Sizi təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk.

    Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlərboyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir. Vətən müharibəsi Azərbaycan üçün sadəcə, hərbi, siyasi, diplomatik qarşıdurma deyil, mənəvi arxetiplərin toqquşması – ədalət və haqsızlığın, mərhəmət və zorakılığın, həqiqət və yalanın qarşılaşdığı sınaq meydanı idi.

    Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlara “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işləri, xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir. Qısa zaman ərzində inşa edilən hava limanları, yollar, yaşayış məntəqələri və sosial layihələr müstəqil Azərbaycanın öz gücünə arxalanan inkişaf modelinin göstəricisidir. Bu, həm də müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş niyyətinin əksidir.

    İşğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpa edilməsi, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlərin bərpası bir daha sübut edir ki, Azərbaycanın qələbəsi həm də yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir. Bütün bunlar mühüm mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də milli kimliyin ifadəsi, dövlətçilik ideyalarının mədəni kodda təcəssümü, o cümlədən, dövlətin milli-mənəvi, mədəni dəyərlərə verdiyi böyük önəmin təzahürüdür.

    Azərbaycan xalqının milli-mədəni irsinin yaşadılması, dünya miqyasında tanıdılması və beynəlxalq mədəni münasibətlər sistemində yüksək səviyyədə təmsil olunması istiqamətində həyata keçirilən işlərə vediyiniz dəstəyə, göstərdiyiniz qayğı və diqqətə görə, Sizə dərin təşəkkürümüzü bildiririk.

    Möhtərəm cənab Prezident,

    Bu əlamətdar və tarixi gündə Sizi ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin möhkəmlənməsi və intibahı naminə ali və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik”.

  • Azərbaycanda növbəti torpaq hərracları elan edildi

    Dekabrın 10-da Azərbaycanın müxtəlif regionlarında 12 torpaq hərracı keçiriləcək.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

    Hərraclar Dövlət Xidmətinin Sumqayıt, Abşeron, Lənkəran, Zərdab, Qazax, Ağstafa, Şabran, İmişli və Balakən ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 12 torpaq sahəsi çıxarılacaq.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • Metro Zəfər Günü gücləndirilmiş rejimdə işləyəcək

    “Bakı Metropoliteni” QSC noyabrın 8-də keçiriləcək Zəfər Gününə həsr olunmuş hərbi parad və konsert proqramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, paytaxtın mərkəzində yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında nəzarət və növbətçilik mexanizmləri artırılacaq, sərnişin axınının tənzimlənməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

    Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə ehtiyac yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.