Month: November 2025

  • Azərbaycanda baş redaktor vəfat edib

    “Technote.az” saytının baş redaktoru Emil Nəcəfov vəfat edib.

    Məlumatı Fərid Pərdəşünas sosial şəbəkə hesabında paylaşıb.

    O qeyd edib ki, Emil Nəcəfovla 10 il ərzində birgə çalışıb.

    İlkin məlumata əsasən, 31 yaşlı Emil Nəcəfovun ölüm səbəbi hələ dəqiqləşməyib. Bildirilir ki, o, diş ağrısından əziyyət çəkirmiş və dişində yaranan infeksiyanın sepsisə səbəb olduğu ehtimal edilir.
    //oxu.az

  • Plastik əməliyyat etdirmək istəyənlərə XƏBƏRDARLIQ

    Son illər plastik və estetik əməliyyatlara müraciət edənlərin sayı artmaqdadır.

    Baku.ws-in məlumatına görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür cərrahi müdaxilələr yalnız xarici görünüşü dəyişmir, həm də insanın psixoloji və fiziki sağlamlığına ciddi təsir göstərə bilər.

    Plastik əməliyyatlar doğuşdan gələn və ya sonradan yaranan qüsurların aradan qaldırılmasına, insanın özünəinamının bərpasına və sosial həyatda daha rahat davranmasına kömək edə bilər. Məsələn, burun və ya üz formasının korreksiyası nəticəsində bəzi şəxslər özlərini daha rahat və xoşbəxt hiss etdiklərini bildirirlər.

    Həkimlərin sözlərinə görə, gözəllik arzusunda olan bəzi şəxslərdə nəticə istədikləri kimi alınmadıqda, psixoloji gərginlik, özünü dəyərsiz hiss etmə və hətta intihar meylləri yarana bilər. Xüsusilə bədən dismorfiyası (öz bədənini qüsurlu görmə sindromu) yaşayan insanlarda bu risk daha yüksəkdir.

    Qeyd edək ki, estetik əməliyyatlar zamanı bəzən sinir uclarının zədələnməsi, üz ifadəsinin dəyişməsi və hissiyat itkisi kimi fəsadlar müşahidə olunur. Bu, bərpa prosesini çətinləşdirə və uzunmüddətli narahatlıqlara səbəb ola bilər.

    Cərrahi əməliyyatlarda tətbiq edilən narkoz (ümumi anesteziya) da bəzən mənfi nəticələr doğura bilər. Xüsusilə allergik reaksiyalar, yaddaş zəifləməsi, başgicəllənmə və ya depressiv hallar narkozdan sonra müşahidə oluna bilər. Yaşı çox olan və ya xroniki xəstəlikləri olan şəxslərdə bu risk daha yüksək qiymətləndirilir.

    Həkimlər bildirirlər ki, plastik əməliyyata qərar verməzdən öncə psixoloq və ya psixiatrla məsləhətləşmək vacibdir. Əgər əməliyyat yalnız kompleks və ya sosial təsir səbəbindən planlaşdırılırsa, bu, gələcəkdə daha ciddi psixoloji problemlərə yol aça bilər.

    Plastik əməliyyatlar düzgün planlaşdırıldıqda insan həyat keyfiyyətini artıra bilər, lakin düşünülmədən atılan addımlar həm fiziki, həm də psixoloji baxımdan ağır nəticələr doğura bilər.

  • Uğursuz satışlara baxmayaraq, “iPhone Air 2” istehsalı davam edəcək

    “Apple” şirkəti alıcı marağının aşağı olması barədə xəbərlərə baxmayaraq, “iPhone Air” xəttini davam etdirmək niyyətindədir.

    Bu barədə “JP Morgan” analitiki məlumat yayıb.

    Mənbənin məlumatına görə, “Apple” artıq “iPhone Air 2” və “iPhone Air 3” modelləri üzərində işləyir. Yeni cihazların müvafiq olaraq 2026 və 2027-ci illərdə satışa çıxarılması planlaşdırılır.

    “TD Cowen” şirkətinin hesabatına əsasən, “Apple” istehsal cədvəlində dəyişiklik etməyib və 2025-ci ilin üçüncü rübündə təxminən 3 milyon, dördüncü rübündə isə 7 milyon “iPhone Air” istehsal etməyi planlaşdırır.

    Bununla belə, “KeyBanc Capital” oktyabr ayında apardığı tədqiqatda “iPhone Air” modellərinə tələbatın demək olar ki, sıfır səviyyəsində olduğunu və istifadəçilərin qatlanan qurğular üçün yüksək qiymət ödəməyə hazır olmadıqlarını bildirib. Oxşar nəticələr “Nikkei Asia” nəşrində də dərc olunub; orada qeyd edilir ki, “Apple” “iPhone Air” istehsalını azaldaraq diqqəti “iPhone 17” seriyasına yönəldir.

    Analitik Min-Çi Kuo da “Apple” təchizatçılarının “iPhone Air” üçün komponent istehsalını 80 faizdən çox azaltmağı planlaşdırdıqlarını vurğulayıb.

    Ekspertlər əvvəllər qeyd ediblər ki, “iPhone Air” layihəsinin uğursuzluğuna əsas səbəblərdən biri innovativ dizaynın xeyrinə edilən texniki güzəştlər – batareyanın tutumunun azalması və kameralardan imtina kimi addımlar olub.
    //valyuta.az

  • Nazir nömrələrlə bağlı tarifləri təsdiqlədi – Foto

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflər”i təsdiq edib.

    Bu barədə nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

    Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, Qərarı qəbul edildiyi gündən 3 gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

    Qərar Reyestrin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir və 1 yanvar 2028-ci il tarixinə kimi qüvvədədir.

  • Bakının bu qəsəbəsində ət ucuzlaşdı – QİYMƏT

    Bakının Ramana qəsəbəsində ətin qiyməti ucuzlaşıb. Ötən günlərlə müqayisədə dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir.

    Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil ola “Şuşa” səhərciyində bu gündən başlayaraq, müştərilərə daha ucuz qiymətə ət təklif olunur. Hazırda şəhərcikdə 1 kiloqram dana əti 15, qoç əti 15.50, quzu əti isə 18 manata satılır. Ötən gün dana ətinin qiyməti 17 manat olub. Quzu ətinin bir kiloqramı isə 21 manatdan satılıb.

    Qəssablar müxbirimizlə söhbət zamanı ətin qiymətinin ucuzlaşmasını kəsimlə bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, bazara xeyli sayda iribuynuzlu və xırdabuynuzlu heyvan daxil olduğu üçün qiymətdə azalma baş verib.

  • Azərbaycanda bu dövlət qurumu ləğv edildi

    Naxçıvan Muxtar Respublikasında daha bir dövlət qurumu ləğv edilib.

    Modern.az-ın əldə etdiyi məlumata görə, Muxtar Respublikanın Dövlət Energetika Xidməti ləğv olunub.

    Qeyd edək ki, qurum 2017-ci ildə Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbov tərəfindən yaradılmışdı. Əsas vəzifəsi elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək idi.

    Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən Naxçıvanda elektrik enerjisi təchizatını “Azərişıq” həyata keçirəcək.

  • Həddindən artıq spirt qəbulu erkən və ağır insultlara səbəb ola bilər

    Yeni araşdırma göstərib ki, spirtli içkilərin çox miqdarda qəbulu beyində daha erkən və ağır qanaxmalarla əlaqəlidir.

    Bu barədə məlumat “The New York Times” nəşrində “Neurology” jurnalında dərc olunan elmi məqaləyə istinadla verilib.

    Bu dəfə alimlər spirtli içkilərin beyindaxili qanaxmalar – yəni ən təhlükəli və iflic riski ən yüksək insult növü ilə əlaqəsini öyrəniblər.

    Tədqiqat nəticəsində məlum olub ki, gündə üç və ya daha çox spirtli içki qəbul edən insanlar – yəni “sərxoş içənlər” – orta hesabla insultu digərlərinə nisbətən 11 il daha erkən keçiriblər. Bundan başqa, onların beyin qanaxmaları daha geniş olub və müalicəsi çətin keçib.

    Məqalədə qeyd olunur: “Bu məlumatlar spirtin birbaşa erkən və ağır qanaxmalara səbəb olduğunu tam sübut etmir, lakin onlar spirtin damar zədələnməsi və ürək-damar xəstəlikləri ilə əlaqəsini göstərən çoxsaylı tədqiqatlarla üst-üstə düşür”.

    Kaliforniya Universitetinin San-Fransisko kampusundan nevrologiya professoru Brüs Ovbiagele bildirib: “Spirtin böyük dozaları beyin hüceyrələri üçün zəhərlidir”.

    “The New York Times” qeyd edir ki, təxminən 85 faiz insult halları beyində damarların tıxanması – adətən tromblar səbəbindən – yaranan işemik insultlardır. Əksər tədqiqatlar da məhz bu növlə bağlı olub. Beyindaxili qanaxmalar isə damarların partlaması və qana beynin daxilinə axması nəticəsində baş verir.

    Araşdırmada 2003–2019-cu illər arasında Massaçusets ümumi xəstəxanasında müalicə alan 1600 beyindaxili qanaxma xəstəsinin məlumatları təhlil edilib. Spirt istifadəsi barədə məlumat xəstələrin özləri, yaxın dostları və ya ailə üzvləri tərəfindən təqdim olunub. Onların 75 faizinin beyin MRT nəticələri də analiz edilib.

    Alimlər müəyyən ediblər ki, çox spirt qəbul edən şəxslərdə qan təzyiqi daha yüksək, qanın laxtalanmasına cavabdeh hüceyrələrin sayı isə daha azdır. Bu iki amil beyində qanaxma riskini və onun ağırlıq dərəcəsini artırır.

    Tədqiqatı rəhbəri doktor Edip Gürolun sözlərinə görə, MRT nəticələri göstərib ki, çox içən insanların beyin damarları daha kövrək, sərt və keçici olur.

    “Çox spirt içənlərdə beyin qocalmasının əlamətləri – məsələn, ağ maddənin zədələnməsi – üç dəfə daha çox müşahidə olunub. Bundan əlavə, insultdan sonra onların 90 faizi müstəqil hərəkət qabiliyyətini itirib və geyinmək, yuyunmaq və ya yerimək üçün köməyə ehtiyac duyub”, deyə məqalədə vurğulanır.

    Tədqiqat həmçinin göstərib ki, gündə iki spirtli içki qəbul edən şəxslər belə, spirt qəbul etməyənlərlə müqayisədə daha gənc yaşda beyində qanaxma keçiriblər.
    //qaynar.az

  • 2025-ci ilin ən diqqətçəkən sözü açıqlandı: Mənası hər kəsi təəccübləndirdi

    Böyük Britaniyanın ən qədim lüğətlərindən biri olan “Collins Dictionary” 2025-ci ilin ən diqqətçəkən sözünü elan edib.

    Bu il “vibe coding” ifadəsi “ilin sözü” seçilib.

    “Vibe coding” ifadəsi, təbii dili kompüter koduna çevirən yeni nəsil proqramlaşdırma üsulu kimi müəyyən edilir. Bu anlayışı ilk dəfə “Tesla” şirkətinin keçmiş süni intellekt direktoru və “OpenAI” şirkətinin qurucu mühəndislərindən biri olan Andre Karpatı irəli sürüb. O, bu anlayışı belə izah edib: “Bu texnologiya insanlara o qədər intuitiv şəkildə proqramlaşdırma gücü verir ki, kodlaşdırmanı unudurlar”.

    “Collins” lüğətinin dilçiləri 24 milyard sözlük qlobal verilənlər bazasında bu ifadənin xüsusilə fevral ayından etibarən istifadəsində ciddi artım müşahidə edildiyini bildiriblər. Lüğətin rəhbəri Aleks Bikroft deyib: “Vibe coding”in ilin sözü seçilməsi texnologiyanın dili necə dəyişdirdiyini göstərir. İnsan yaradıcılığı ilə maşın zəkanı birləşəndə, kompüterlərlə ünsiyyət tərzimiz tamamilə dəyişir”.

    2025-ci ilin digər diqqətçəkən sözləri

    “Collins” siyahısında rəqəmsal dövrün ruhunu və dəyişən həyat tərzini əks etdirən bir sıra yeni anlayışlar da yer alıb. Onlardan bəziləri bunlardır:

    * Biohacking: Bədən funksiyalarını dəyişdirərək sağlamlığı artırmaq məqsədi daşıyan bioloji müdaxilələr.

    * Clanker: “Star Wars: The Clone Wars” serialında populyarlaşan, süni intellekt və robotlar üçün işlədilən təhqiramiz ifadə.

    * Glaze: Sosial şəbəkələrdə birini saxta və ya abartılı şəkildə tərifləmək mənasında istifadə olunur.

    * Aura farming: “Influencer”lər arasında məşhur olan, cazibədar şəxsiyyət və xarizma imici yaratma sənəti.

    * Broligarchy: Texnologiya dünyasındakı güclü kişi rəhbərləri təsvir edən yumoristik anlayış.

    HENRY: “High Earner, Not Rich Yet” ifadəsinin qısaltması — yüksək gəlirli, lakin hələ varlı olmayan şəxslər.

    * Coolcation: Sərin iqlimə malik bölgələrdə keçirilən istirahət növü.

    * Taskmasking: İş yerində məhsuldar görünmək davranışı.

    * Micro-retirement: Qısa “mini təqaüd” fasilələri ilə şəxsi maraqlara yönəlmək.

    Rəqəmsal dövrdə dilin təkamülü

    “Collins” lüğətinin qiymətləndirməsinə görə, “vibe coding” yalnız texnoloji yeniliyi deyil, həm də süni intellekt ilə insan dilinin birləşdiyi yeni bir dövrü simvollaşdırır. Bu ilin seçilən sözləri bir daha göstərir ki, rəqəmsal çağda dil, iş mədəniyyəti və sosial media misilsiz sürətlə dəyişir.
    //qaynar.az

  • Evlərini kirayə verənlərdən vergi tutulması necə tənzimlənəcək?

    Evlərini kirayə verən şəxslərdən vergi tutulacaq. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Qanuna görə, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

    Əmlak eksperti Ramil Osmanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu qərarın məqsədi vergidən yayınan və evlərini kirayə verən vətəndaşların prosesə təşviq etməkdir:

    “Məqsəd onları bu prosesə cəlb etməkdir. Əvəllər mənzillərini kirayə verən fiziki şəxslər üçün 14% idi. İndi həmin faiz dərəcəsi 14%-dən 10%-ə endirilib. Bu, müsbət addımdır. Amma nəzərə almaq lazımdır ki, buna hər hansı bir formada nəzarət imkanları olacaqmı? Yəni, proses necə aparılacaq ki, evlərini kirayə verən mülkiyyətçilər vergisini ödəyə bilsin. Bundan əlavə, həmin nəzarətdən sonra evlərini kirayə verən mülkiyyətçilər prosesə cəlb oluna biləcək, ya yox. Bu artıq başqa bir məsələnin mövzusudur”.

    Ramil Osmanlı əlavə edib ki, burada əsas məqsəd maksimum nəticə əldə etməkdir:

    “İlkin illərdə ola bilər ki, 5-10% artımlar olar. Amma sonrakı illərdə nəzarəti artırmaqla, bu cür təşviq addımları sürətləndirməklə və başqa yeni mexanizmlər tətbiq etməklə mülkiyyətçiləri, o cümlədən mənzillərini kirayə verən şəxsləri tam şəkildə prosesə cəlb etmək olacaq. Çünki vergi qanunvericiliyində vergidən yayınmağa, bəyan edilməməsinə görə cərimə və sanksiyalar nəzərdə tutulur və bunu aşkar etdikdə bununla bağlı müxtəlif addımlar atıla bilər”.

    Ramil Osmanlı hesab edir ki, prosesin özündə vətəndaşlar maraqlı olmalıdırlar:

    “Çalışmalıdırlar ki, mənzillərini kirayə verərkən gələcəkdə vergi baxımından məsuliyyətdən yayınmamaq və digər hüquqi proseduru icra etmək üçün sənədləri rəsmiləşdirsinlər. Amma proses hansı formada gedəcək, onu biz bacaracağıq, ya bacarmayacağıq, bunu növbəti ilin ilk yarım ili bitdikdən sonra biləcəyik. Ondan sonra nəticələrlə bağlı konkret fikir bildirə biləcəyik”.

  • “Eurohome”un arxasında da Mehdiyev şəbəkəsi dayanıb? – Mağazası kül olan sahibkardan ilginc iddia

    Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra onun biznes imperiyası ilə bağlı mediada müxtəlif məlumatlar dərc olunur.

    “Qaynarinfo” xəbər verir ki, bu məlumatlardan Ramiz Mehdiyevin uzun illər səlahiyyətlərindən istifadə edərək iqtisadi imperiya qurduğu aydın olur. Bu imperiyaya maliyyə təsisatlarından tutmuş tikinti şirkətlərinə qədər müxtəlif biznes strukturlar daxildir.

    Son günlərdə məşhur tikinti materialları bazarı “Eurohome”un Ramiz Mehdiyevin himayəsində olduğu iddia olunub. Bu iddianı vaxtilə həmin bazarda icarə müqaviləsi əsasında mağaza işlədən sahibkar Rafiq Ocaqverdiyev irəli sürüb.

    Rafiq Ocaqverdiyev bir müddət əvvəl “Eurohome”un sahibi Azay Möhnətovu ona çatacaq kompensasiyanı ödəməkdən yayınmaqda ittiham edib. Sahibkarın sözlərinə görə, 2019-cu ildə “Eurohome”da baş verən yanğın zamanı ona 200 000 manat ziyan dəyib. Həmin vaxt Azay Möhnətov ziyan çəkən icarədarlara kompensasiya ödəyəcəyini vəd etsə də, Rafiq Ocaqverdiyevə hələ də ödəniş edilməyib.

    O, məsələ ilə bağlı Prezident Administrasiyasına və ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. Artıq Baş Prokurorluq onun müraciətini nəzarətə götürüb.

    Rafiq Ocaqverdiyev əməkdaşımızla söhbətində bildirib ki, müraciətini göndərdikdən bir neçə gün sonra Baş Prokurorluqdan ona zəng edilib və müraciətin araşdırılacağı bildirilib: “Mən inanıram ki, araşdırma müsbət yekunlaşacaq. Başqa cür olması da mümkün deyil. Mənə ziyan dəyib. Dövlət səviyyəsində Azay Möhnətovdan zərər çəkən icarədarlara kompensasiya ödənilməsi tələb edilib. Azay Möhnətov isə hay-küy düşməsin deyə, bizi müxtəlif vədlərlə aldadıb”.

    Sahibkarın sözlərinə görə, Azay Möhnətovun açıq-aşkar qanun pozuntusuna yol verməsi təsadüfi deyil: “Eurohome” Ticarət Mərkəzi Ramiz Mehdiyevin nəzarətindədir. Onun kürəkəni İlham Əliyev uzun illər Ramiz Mehdiyevin dəstəyi ilə bazara himayədarlıq edib. Hətta mən bilən, Ramiz Mehdiyevin kürəkəni ilə Azay Möhnətovun Rusiyada şərikli biznesi də var. Yəni, Azay Möhnətov bu adamlara güvənərək bizi acınacaqlı duruma salıb. Amma artıq Mehdiyevlərin dövranı deyil. O, cinayət məsuliyyətinə cəlb edilib. İnanıram ki, bundan sonra Azay Möhnətovla da bağlı araşdırmalar başlanacaq və bizim də hüquqlarımız bərpa olunacaq”.

    Rafiq Ocaqverdiyevin iddiaları ilə bağlı Azay Möhnətovun mövqeyini öyrənmək mümkün olmayıb.

    Mediada yayılan məlumatlara görə, “Eurohome”un əsl sahibi Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyevdir. Bildirilir ki, o, Ramiz Mehdiyevin əmisi oğludur.