Month: November 2025

  • Filippində hərbi helikopterin qəzaya uğraması nəticəsində altı nəfər ölüb

    Filippində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub.

    Bu barədə hərbi strukturlara istinadən “ABS-CBN News” telekanalı məlumat yayıb.

    Məlumata görə, qəzaya səbəb “Kalmaegi” qasırğası olub.

    “Axtarış-xilasetmə əməliyyatları nəticəsində “Super Huey” helikopterinin (Bell UH-1Y Venom – red.) pilot və ekipaj üzvlərinə aid olduğu güman edilən altı cəsəd aşkar edilib”, – hərbçilər bildirib.

    Təyyarə təbii fəlakət zamanı yardım göstərmək üçün ölkənin qasırğadan zərər çəkmiş bölgələrinə gedən dörd helikopterdən ibarət qrupun tərkibində olub. Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır və qəzanın səbəblərini müəyyənləşdirir.

    Daha əvvəl qasırğa səbəbindən ən azı 26 nəfərin öldüyü, bir neçə yüz min insanın isə Filippinin mərkəzində evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilirdi.

  • Hansı rəng paltarın qadını daha gənc göstərir? – 6 uğurlu çalar

    Yaş artdıqca üslub təbii şəkildə dəyişir. Bu, dar top geyimlərinin yerini zərif bluzlara verməsi deməkdir. Lakin bəzən görünüşü dəyişən təkcə geyim forması deyil, həm də rəngidir. Düzgün seçilmiş rəng tonları dərinin rəngini təravətləndirir, enerjili görünüş yaradır və üz cizgilərini daha hamar və gənc göstərir. 

    “Bestlifeonline” nəşrinin məlumatına görə, stilistlər qadını cavanlaşdıran altı uğurlu rəng çalarını açıqlayıblar.

    1. Tünd mavi

    “Bəzi parlaq rənglər yaş artdıqca üzdə sərt kontrast yaradır, çünki üz cizgiləri yumşalır, saçlar ağarır”, deyə imic stilisti Elizabet Kosiç izah edib.

    Onun sözlərinə görə, qara rəng ən sərt ton hesab olunur və o, bunu tünd mavi ilə əvəz etməyi tövsiyə edir: “Tünd mavi sizin yeni neytral rənginiz ola bilər. Qaranın yerini asanlıqla tutur, çünki həm güc simvoludur, həm də etibar, sədaqət və özünəinamı ifadə edir”.

    2. Bənövşəyi

    Yaş artdıqca parlaq rənglərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. Əgər 50 yaşdan yuxarısınızsa və obrazınıza daha cəsarətli effekt qatmaq istəyirsinizsə, bir qədər bənövşəyi rəng əlavə etmək tövsiyə olunur. Bu rəng sizi aktual və dəbli göstərir, həm də aksent tonu kimi çox uğurlu sayılır.

    3. Yumşaq ağ

    Parlaq ağ rəng hər yaşda eyni effekti yaratmır. İmic məsləhətçisi Kerol Devidson qeyd edir ki, yaş artdıqca dərinin rəngi açılır və parlaq ağ ton daha sərt görünə bilər. Onun fikrincə, fil sümüyü rəngi də bəzi dəri tonlarında sarımtıl-yaşıl effekt yarada bilər.

    Çıxış yolu isə yumşaq ağ rəngdir: “Yumşaq ağ ilboyu geyim dəbinin ayrılmaz hissəsidir və bütün dəri tonlarına yaraşır”.

    4. Tünd qırmızı

    Moda eksperti Mariya Velniçeriunun sözlərinə görə, tünd qırmızı zəriflik və dəbdəbə çalarıdır. Onu həm əsas, həm də vurğu rəngi kimi geyinmək olar.

    “Hər iki halda, bordo üsluba yetkinlik və incəlik qatı verir”, deyə o bildirib.

    5. Açıq çəhrayı (rumyana ton)

    Əgər bənövşəyi və bordo rənglər sizə çox parlaq görünürsə, daha yumşaq rumyana-çəhrayı ton seçmək olar. Stil eksperti Vivyen Desürmon qeyd edir ki, bəzi yaşlı qadınlar çəhrayını çox gənc və ya qeyri-ciddi hesab etdiklərinə görə ondan uzaq dururlar, lakin bu, yanlış yanaşmadır.

    “Nazik rumyana çəhrayı rəng qadınlıq və təravət hissi yaradır, bütün dəri tonlarına yaraşır və həm gündəlik, həm də rəsmi geyimlərdə uğurla istifadə oluna bilər”, deyə Desürmon izah edib.

    6. Zeytun-yaşıl

    Son illərdə yaşıl tonlar modada əsl yüksəliş dövrü yaşayır. Elizabet Kosiç zeytun-yaşıl geyimlərə üstünlük verməyi tövsiyə edir, çünki bu rəng həm açıq, həm tünd, həm isti, həm də soyuq tonlarda təqdim olunur.

    “Dərinin, saçın və gözlərin tonuna ən uyğun olan zeytun-yaşıl çaları seçin və onu, məsələn, parlaq qırmızı kimi vurğu rənglə birləşdirin”, deyə stilist məsləhət görür.

    Nəticə: Düzgün rəng seçimi təkcə dəbdə qalmağın deyil, həm də cavan görünməyin açarıdır. Bu altı ton geyimə təravət, yumşaqlıq və zəriflik qatır.
    //qaynar.az

  • DİN “Qarabağ” – “Çelsi” oyununa qanunsuz bilet satan şəxslərə qarşı ƏMƏLİYYAT KEÇİRDİ (Video)

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ” – “Çelsi” futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib.

    DİN-dən verilən məlumata görə, biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar.

    Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər. Saxlanılan şəxslər barəsində qanunamüvafiq tədbir görülüb, əməliyyatlar davam etdirilir.

    “Ölkəmizdə bundan sonra da keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli idman turnirlərini canlı izləmək istəyən vətəndaşlara bir daha müraciət edərək biletləri yalnız rəsmi satış nöqtələrindən əldə etməyi tövsiyə edirik. Bildiririk ki, sosial şəbəkələrdə müxtəlif səhifələr və digər qeyri-qanuni mənbələrdən bilet alan şəxslər dələduzluq halları ilə üzləşə bilərlər”, – deyə məlumatda bildirilib.

  • Zəfər Günü bu şəhərlərdə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək

    Azərbaycanın müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Hərbi qulluqçular noyabrın 6-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

    Bakı şəhəri üzrə:

    * Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;

    * Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;

    * “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;

    Sumqayıt şəhəri üzrə:

    Dənizkənarı Bulvar ərazisi;

    Naxçıvan şəhəri üzrə:

    Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən “Zəfər Parkı”nadək;

    Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə və prospektləri.

  • Скончался директор Физулинского драмтеатра

    Скончался директор Физулинского государственного драматического театра, заслуженный работник культуры Вагиф Велиев.

    Об этом Oxu.Az сообщил его сын Сабухи Вагифоглу.

    “Его самочувствие было хорошим. Сегодня мы привезли его домой, но у него внезапно остановилось сердце”, – сказал С.Вагифоглу.

  • Vaqif Vəliyev vəfat etdi

    Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat etdi.

    Bunu Oxu.Az-a açıqlamasında onun oğlu Səbuhi Vaqifoğlu deyib.

    “Vəziyyəti yaxşı idi. Bu gün evə gətirmişdik. Qəfil ürəyi dayandı”, – deyə S.Vaqifoğlu bildirib.

  • “Qarabağ” “Çelsi”nin qarşısını necə alacaq? – Qurban Qurbanovdan açıqlama

    “Biz bu günə qədər əldə etdiyimiz uğurları mövcud oyun sistemimizə görə qazanmışıq”.

    Bunu “Qarabağ” – “Çelsi” oyunundan əvvəl mətbuat konfransında Oxu.Az-ın jurnalistinin “Çelsi”yə qarşı müdafiəyəmeyilli oyun görə bilərik?” sualına cavabında “Qarabağ”in baş məşqçisi Qurban Qurbanov deyib.

    O bildirib ki, müdafiəyəmeyilli oyunla hansısa matçda uğur qazanmaq olar, lakin məncə bu sistemlə uzunmüddətli uğur qazanmaq mümkün deyil:

    “Mən müdafiəyəmeyilli futbolu xoşlamıram. Hansısa oyunda müdafiəyəmeyilli oyun qurmaq olar. Lakin “Çelsi”nin qarşısını almaq üçün beşli müdafiə xətti ilə oynamaq barədə düşünməmişəm. Amma oyunun gedişatında müəyyən taktiki dəyişiklik edə bilərik”.

    Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

  • Gələn il manatın məzənnəsi necə olacaq?

    “2026-cı ilin büdcə müzakirələri zamanı, hər il olduğu kimi, bu il də çox maraqlı fikirlər səsləndirilir. Hazırkı mərhələdə ictimaiyyət üçün ən diqqətçəkən mövzulardan biri manatın gələnilki məzənnə perspektividir”.

    Bunu iqtisadçı Eldəniz Əmirov bildirib.

    Onun sözlərinə görə, Mərkəzi Bank rəhbərinin çıxışları göstərir ki, növbəti ildə də manatın məzənnə sabitliyi qorunacaq:

    “Deməli, qiymət sabitliyi və makroiqtisadi balansın təmin edilməsi prioritet olaraq qalır. MB rəhbəri xüsusi olaraq vurğulayıb ki, 2026-cı ildə pul siyasətinin əsas məqsədi inflyasiyanı hədəf diapazonunda saxlamaqdır. Pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək və məzənnə sabitliyi növbəti il də qiymət sabitliyinin əsası olacaq”.

    İqtisadçı bildirib ki, vətəndaş üçün də ən həssas məsələ manatın dəyəridir:

    “Əməkhaqqı, pensiya, gündəlik gəlir və xərclər hamısı manatla formalaşır. İndiki şəraitdə manatın dollar qarşısında sabit saxlanılması həm inflyasiyanın nəzarətdə qalması, həm də insanların real gəlirlərinin qorunması üçün ən doğru yoldur. Bu yanaşmanın iqtisadi əsası varmı? Təqdim edilən proqnozlara görə var. 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında təxminən 3 milyard manat profisit gözlənilir. Bu profisit, eyni zamanda, valyuta bazarında sabitliyi dəstəkləyən mühüm amillərdən biridir. Bir sözlə, 2026-cı ilə dair mənzərə sabitdir. Mərkəzi Bank üçün əsas prioritetlər yenə də qiymət sabitliyi, manatın dəyərinin qorunması və maliyyə sabitliyinin təmin edilməsidir. Bu yanaşma həm bazarda inamı gücləndirir, həm də manatının alıcılıq qabiliyyətini müdafiə edir”.

  • Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda sürət həddi endirildi

    Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

    Qeyd edilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • “Dediyim hər şeyi etməlisən” – Lökbatanda 18 yaşlı oğlanın qonşusunu qətlə yetirməsinin TƏFƏRRÜATI (Video)

    Qanlı cinayət hadisəsi 2024-cü il martın 6-da Lökbatan qəsəbəsi, “Qobu Park-1” Yaşayış Kompleksində baş verib.

    Məzahir Bayramov aralarında yaranan mübahisə zamanı 28 yaşlı İlham Haqverdiyevə bıçaqla xəsarətlər yetirib. Sonuncu aldığı xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

    Məzahir Bayramov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsində bildirib ki, İlham Haqverdiyev qonşuluğunda yaşayıb və özündən 10 yaş böyük olub. Hadisədən 4-5 ay əvvəl məhəllədə olanda İlham dostları ilə sərxoş vəziyyətdə gələrək ona çiyin atıb. Bu hərəkətinin səbəbini soruşduqda İlham cavab olaraq “nə edirəm, yaxşı edirəm” deyib. O, İlhama içkili olduğunu, düzgün hərəkət etmədiyini izah etməyə çalışanda qonşusu üzünə yumruq atıb.

    Buna baxmayaraq, özünü təmkinlə aparıb, İlhama içkili olduğunu və sabah söhbət etmələrini bildirsə də, sonuncu indi danışacaqlarını deyib. Məzahiri “Toyota” markalı avtomobilinə mindirərək maşını Qobu kənd istiqamətində sürüb. Maşında mübahisə ediblər. Sonra məhəlləyə qayıdıblar. Evdə ailə üzvlərinə hadisə barədə heç nə danışmayıb.

    Məzahir növbəti gün İlhamla görüşdükdə o, ötən axşam içkili olduğundan düzgün hərəkət etmədiyini bildirərək ondan üzr istəyib. O isə İlhamdan bir də belə hərəkət etməməsini xahiş edib, bununla da söhbət qurtarıb.

    Bu hadisədən sonra dəfələrlə rastlaşıblar, aralarında ədavət olmayıb. Martın 6-da məhəllədə uşaqlarla tonqal qalayıb, xeyli söhbət ediblər.

    Sonra marketə gedərək özünə spirtli içki alıb və aşağı məhəlləyə doğru gedib. Orada İlhamla dostu Nihad onu görüb, öz aralarında gülüşməyə başlayıblar və kafeyə daxil olublar. O da onların arxasınca obyektə girib. Bir neçə dəqiqə sonra İlham Məzahirə yaxınlaşaraq içkili olduğunu və onun dediyi hər şeyi etməli olduğunu bildirib. Məzahir İlhamla Nihadın onu uşaqların yanında “sındırdıqları” üçün ağlamağa başlayıb. Nihad onun sinəsindən arxaya itələyərək onlara heç kimin söz deyə bilməyəcəyini bildirib. Məzahir oradan aralandıqdan sonra atası Elşən Bayramova İlhamla Nihadın onu hədələməsi haqqında mesaj yazıb. Atası və dayısı oğlu Cəsur Həsənov yanına gəliblər. Məzahir atasından telefonu alaraq Nihada zəng edib. Harada olduğunu soruşanda sonuncu ona sərt cavab verib. Bunu eşidən atası telefonu əlindən alaraq özü Nihadla danışmağa başlayıb, ona düzgün hərəkət etmədiyini izah etməyə çalışıb.

    Telefonu Nihaddan alan İlham nalayiq ifadələr işlətdikdə Məzahir qaçaraq kafenin qarşısına gəlib. Atasıgil də onun arxasınca gəliblər. Kafenin qarşısına çatan kimi ünvanına söyüş söyən İlhamın ürəyinə bıçaqla zərbələr endirib.

    Məhkəmə iclasında Məzahir Bayramov ittiham üzrə özünü təqsirli bilib. Şahidlər onun ifadəsinin əksinə ifadə veriblər. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.

    Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Bayramov Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.

    Daha ətraflı Baku Tv-nin videomaterialında: